Modern.az

Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur

Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur

19 Dekabr 2018, 16:02

Dekabrın 19-da Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur keçirilib. Mediatur zamanı jurnalistlərə idarənin fəaliyyət sahələri üzrə cari ildə görülən işlər, həyata keçirilmiş yeniliklər və digər aidiyyəti məsələlər barədə məlumat verilib.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlərin göstərilməsi ilə məşğuldur.

Jurnalistlərə cari ildə nostrifikasiya prosedurunda həyata keçirilmiş yeniliklər və istifadə rahatlığı məqsədilə edilmiş dəyişikliklər, eləcə də vətəndaşların sözügedən sahədə maarifləndirilməsi istiqamətində görülmüş mühüm işlər barədə ətraflı məlumat verilib.  Qeyd edilib ki, nostrifikasiya üçün sənədlərin elektron qaydada rahat şəkildə təqdim olunması məqsədilə www.ani.edu.gov.az internet səhifəsində müvafiq “Müraciət qaydaları” bölməsi yaradılıb, tələb olunan sənədlər barədə ətraflı məlumat yerləşdirilib. Eləcə də vətəndaşları ən çox maraqlandıran sualları özündə əks etdirən “Mütəmadi verilən suallar” bölməsi istifadəyə verilib.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, il ərzində nostrifikasiya ilə əlaqədar Təhsil Nazirliyinə 3570 müraciət daxil olub. Müraciətçilərin əksəriyyətini MDB-nin müxtəlif ölkələrində (Rusiya Federasiyası, Ukrayna və s.) və Türkiyə Respublikasında təhsil alanlar, digər əhəmiyyətli hissəsini isə Avropa və Asiya ölkələrinin ali təhsil müəssisələrinin məzunları təşkil edir.

Eyni zamanda cari ildə akkreditasiya sahəsində görülmüş işlər, ölkədə ali təhsilin keyfiyyətinin təmin olunmasında akkreditasiyanın önəmli rolu və digər əlaqəli məsələlər haqqında məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “2017-2018-ci tədris ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi qrafiki”nə uyğun olaraq 8 ali təhsil müəssisəsinin akkreditasiyası keçirilib, “2018-2019-cu tədris ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi qrafiki”nə əsasən isə 12 ali təhsil müəssisəsinin akkreditasiyasının keçirilməsinə başlanılıb.

Daha sonra idarə rəhbərliyi tərəfindən media nümayəndələrini maraqlandıran digər suallar cavablandırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir