20 mart 2019, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Ölümsüzlüyə qovuşan ömür - Xanım deputat Ziya Bünyadovdan YAZDI
Ölümsüzlüyə qovuşan ömür - Xanım deputat Ziya Bünyadovdan YAZDI
21.12.2018, 10:49

Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından Ziya Bünyadovun əsərləri əvəzsizdir.
Heydər Əliyev

 

Sovet İttifaqı Qəhrəmanı, Dövlət mükafatı laureatı, Azərbaycan şərqşünaslıq və tarix elminin korifeyi akademik Ziya Musa oğlu Bünyadovun həyat və yaradıcılığı parlaq bir ömrün güzgüsü olaraq zəngin yaradıcılıq və qəhrəmanlıq yolunu əks etdirir.

O, öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınmış, geniş oxucu kütlələrinin rəğbətini və məhəbbətini qazanmışdır.

Ziya Musa oğlu Bünyadov 21 dekabr 1923-cü ildə Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olmuşdur. O, on altı yaşında ikən Göyçay şəhərində orta məktəbi bitirmiş və Bakı Hərbi Piyadalar Məktəbinə daxil olmaq üçün yaşını iki il artırmışdır.

Hərbi məktəbi bitirdikdən sonra (1941) leytenant Z.M.Bünyadov Böyük Vətən müharibəsi cəbhələrində vuruşmuş, Ukrayna, Moldova, Qafqaz, Belorus, Polşa və Berlin şəhəri uğrunda döyüşlərdə fəal iştirak etmişdir. İki dəfə yaralanmış və kontuziya almışdır. Hərbi tapşırığı yerinə yetirərkən göstərdiyi şücaətə, qəhrəmanlıq və igidliyə görə 27 fevral 1945-ci ildə Z.M.Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

Sonra bir il Berlin şəhərinin Pankov rayonunun komendant köməkçisi olan gənc zabit Z.Bünyadov şəhərin təsərrüfat və mədəni həyatının bərpa edilməsində fəal iştirak etmişdir. Keçmiş ADR hökuməti Ziya Bünyadovun xidmətini yüksək qiymətləndirərək onu «Vaffenbrudersaft», «Artur Bekker» qızıl medalları ilə fəxri çekist adı ilə təltif etmişdir.

1946-cı ildə Sovet Ordusu sıralarından tərxis olunduqdan sonra Z.M.Bünyadov N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına daxil olmuşdur. Tələbəlik illərində görkəmli Sovet ərəbşünası prof. Y.A.Belyayev onun müəllimi olmuşdur. Böyük şərqşünasla yaxınlıq Ziya Bünyadovun sonrakı fəaliyyətində, onun ərəbşünas və mediyevist kimi formalaşmasında həlledici rol oynamışdır. 1954-cü ildə Y.A.Belyayevin rəhbərlik etdiyi kafedrada Z.M.Bünyadov ilk tədqiqat işi olan «Afrikada İtaliya imperializmi» adlı namizədlik dissertasiyasını müvəffəqqiyyətlə başa çatdıraraq uğurla müdafiə etmişdir.

1954-cü ildə Z.M.Bünyadov Bakıya qayıtmış və Azərbaycan EA Tarix İnstitutunda böyük elmi işçi vəzifəsinə qəbul edilmişdir.

Z.M.Bünyadov 1958-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi olmuşdur. 1964-1981-ci illərdə Z.M.Bünyadov Yaxın və Orta Şərq Xalqları İnstitutunun (Şərqşünaslıq İnstitutu o vaxt belə adlanıb – G.B) Şərqin orta əsrlər tarixi şöbəsinə rəhbərlik etmiş, 1981-1986-cı illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində işləmişdir.

Ziya Bünyadovun elmi yaradıcılığı iki istiqamətdə inkişaf etmişdir: Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi və Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair orta əsr müəlliflərin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri.

1964-cü ildə Z.M.Bünyadov tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün «Azərbaycan VII-IX əsrlərdə» mövzusunda dissertasiya müdafiə etmişdir. 1965-ci ildə Ali Attestasiya Komissiyası ona professor adı vermişdir.

1965-ci ildə çap olunan «Azərbaycan VII-IX əsrlərdə» kitabı Z.M.Bünyadova Azərbaycanın orta əsrlər tarixi üzrə ciddi tədqiqatçı və mütəxəssis şöhrəti qazandırmışdır. Bu, Azərbaycan tarixinin Ərəb xilafəti dövrünə dair Sovet tarixşünaslığında yazılmış ilk tədqiqat əsəri idi. Burada geniş şəkildə tədqiqata cəlb olunmuş ərəb, fars, türk, erməni, gürcü mənbələrinin, o vaxtadək məlum olmayan və çətin əldə edilən yazılı abidələrin dərin tədqiqi və təhlili sayəsində ərəb işğalı ərəfəsində və xilafət dövründə Azərbaycanın sosial-iqtisadi və siyasi həyatı hərtərəfli təhlil olunmuş, Azərbaycanın orta əsrlər tarixinə dair bir sıra mühüm problemlər ətraflı şəkildə araşdırılaraq öz həllini tapmışdır. Əsərdə xilafətə qarşı xalq kütlələrinin mübarizəsinə xüsusi yer verilmiş, Babəkin başçılıq etdiyi xürrəmilər hərəkatı geniş şəkildə işıqlandırılmışdır.

1967-ci ildə Z.M.Bünyadov Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 1970-ci ildə «Azərbaycan SSRİ Elmlər Akademiyasının xəbərləri. İctimai elmlər seriyası (tarix, fəlsəfə və hüquq seriyası)» jurnalının baş redaktoru təyin olunmuşdur.

1978-ci ildə Z.M.Bünyadov «Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)» adlı monoqrafiyasını nəşr etdirmişdir. Alimin çoxillik əməyinin məhsulu olan bu sanballı tədqiqat işində səlcuq dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafı araşdırılmışdır. Kitabda Azərbaycanın o dövrdəki siyasi tarixi məsələləri ilə yanaşı XII əsrin ikinci yarısı – XIII əsrin birinci rübündə Orta Şərqin feodal sülalələrinə mənsub hökmdarların qurduğu dövlətlərin, o cümlədən, Azərbaycan Eldəniz Atabəyləri dövlətinin dövrün siyasi və mədəni həyatında mühüm rol oynadığı göstərilmişdir. Əsərdə həmçinin o dövrdə Qafqazda siyasi şəraiti xarakterizə edən bir çox qiymətli və ilk dəfə elmi dövriyyəyə daxil edilmiş materiallar yerləşdirilmişdir. Z.M.Bünyadov öz monoqrafiyasında Azərbaycanın və qonşu ölkələrin orta əsr tarixinə dair bir sıra problemlərin gələcək həlli, kifayət qədər öyrənilməmiş məsələlərin tədqiqi üçün böyük əhəmiyyət kəsb edən əsaslı elmi nəticələr əldə etmiş, bununla da feodalizm dövrü tarixinin başlıca problemlərinin, Şərqdə feodalizmin inkişafının ümumi qanunauyğunluqları və fərdi xüsusiyyətləri kimi mühüm nəzəri məsələlərin həllinə böyük töhfə vermişdir.

Görkəmli alimin «Azərbaycan Atabəylər dövləti» əsəri ölkəmizin və qonşu ölkələrin tarixinin çox az öyrənilən dövrünün araşdırılmasında mühüm mərhələ olduğuna görə elmi ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilmişdir. Əsər 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.

1982-ci ildə Z.M.Bünyadov Azərbaycan SSRİ Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Elə həmin ildə türk xalqları tarixinin öyrənilməsində böyük xidmətlərinə görə Türk Tarix Qurumunun müxbir üzvü seçilmişdir.

1986-cı ilin yanvarından 1988-ci ilin mayınadək Z.M.Bünyadov Azərbaycan SSRİ Şərqşünaslıq İnstitutunun Şərqin orta əsrlər tarixi şöbəsinin müdiri vəzifəsində işləmişdir.

1986-cı ildə Moskvada «Nauka» nəşriyyatı tərəfindən alimin «Xarəzmşahlar-Anuştəginlər dövləti 1097-1231-ci illər» adlı monoqrafiyası nəşr edilmişdir.

1988-ci ilin mayında Z.M.Bünyadov Aral dənizinin xilas etmə komitəsinin tərkibinə daxil edilmişdir. Həmin ildə Urgənc (Xarəzm) şəhərinin 340 illiyinin bayram edilməsi ilə əlaqədar olaraq şəhərin tarixi və ədəbiyyatının öyrənilməsi sahəsində xidmətlərinə və Aral dənizinin ekoloji probleminin həll edilməsinə böyük kömək göstərdiyinə görə Z.M.Bünyadova yeni təsis olunmuş «Urgənc şəhərinin fəxri vətəndaşı»adı verilmişdir.

Ziya Bünyadov 1988-ci ilin mayında 1990-cı ilədək Azərbaycan SSRİ EA Şərqşünaslıq İnstitutunun direktoru olmuşdur. 1988-ci ilin oktyabrında türk xalqları tarixinin öyrənilməsində xidmətlərinə görə Türk Tarix Qurumunun fəxri üzvü, 1990-cı ilin iyununda isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilmişdir. 1992-ci ilin oktyabrından ömrünün sonuna qədər yenidən Şərqşünaslıq İnstitutuna rəhbərlik etmişdir.

Müxtəlif illərdə akademik çeşidli Şərq mənbələrinin şərhli tərcümələrini nəşr etdirmişdir: Mxitar Qoş. Alban salnaməsi. B., 1960; Abidələrin xülasəsi və qüdrətli hökmdarların möcüzələri. Ərəb dilindən şərhli tərcümə. M., «Nauka», 1971 (rus d.). 1992-ci ildə Azərbaycan dilində nəşr edilib; Şihabəddin Məhəmməd ən-Nəsəvi. Sirat əs-sultan Cəlal əd-Din Mankburnı. Ərəb dilindən şərhli tərcümə. Bakı, «Elm», 1973. Kitab 1996-cı ildə «Lukoyl» neft şirkətinin sponsorluğu ilə yenidən nəşr edilib; Sədrəddin Əli əl-Hüseyni. Əxbər əd-daulət əs-səlcukiyyə. Ərəb dilindən şərhli tərcümə. M., «Nauka», 1980; Əbu Məhəmməd Əhməd ibn Ə`sam əl-Kufi. Kitab əl-futuh. VII-XI əsrlər Azərbaycan tarixinə aid iqtibaslar. Ərəb dilindən şərhli tərcümə. Bakı, «Elm», 1981; Əbülqasim əz-Zəhravi. Cərrahiyyə və alətlər haqqında traktat. Ərəb dilindən şərhli tərcümə. M., «Nauka», 1982; Yaqut əl-Həməvi. Mü`cəm əl-buldan. Azərbaycan haqqında məlumatlar. Ərəb dilindən şərhli tərcümə. Həmdullah Qəzvini. Azərbaycan haqqında məlumatlar İngilis dilindən tərcümə. Bakı, «Elm», 1983; Abbasqulu Ağa Bakıxanov. «Gülüstani-İrəm». Müqəddimə, şərhlər və qeydlər. Bakı, «Elm», 1991.

Ziya müəllimin elmi axtarışları təkcə orta əsrlər dövrü ilə məhdudlaşmırdı. Alimi Vətənin yaxın keçmişi də maraqlandırırdı. O, əsrin əvvəlində Azərbaycanda baş verən hadisələr, ADR-in fəaliyyəti, Bakı kommunası və sair mövzulara bir sıra məqalələr həsr edib. 30-cu illərin repressiyaları isə alimin «Qırmızı terror» adlı kitabında (Bakı, 1993) işıqlandırılıb. Kitab bilavasitə çoxsaylı arxiv sənədləri əsasında yazılıb.

Ötən əsrin 90-cı illərin əvvəllərindən başlayaraq Ziya müəllimin elmi fəaliyyətinin bir istiqaməti də xalq tərəfindən islam dininin doğru-dürüst öyrənilməsinə yönəlmişdir. Alim professor V.Məmmədəliyevlə birgə müqəddəs «Qurani-Kərim»i dilimizə çevirir, ona şərhlər yazır. Sonra «Dinlər, təriqətlər, məzhəblər» adlı irihəcmli soraq kitabı hazırlayır. «İndi xalq öz dininə qayıdır, lakin dininə, imanına qayıtması üçün nə dərsliklər, nə elmi ədəbiyyat, nə soraq kitabçaları, nə də başqa vəsait vardır», - yazan müəllif yaranmış boşluğu bu kitabla aradan götürməyə çalışır. Kitab alimin vəfatından sonra 1997-ci ildə ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində işıq üzü görmüşdür.

Alim 1990-cı ildə «Qurani-Kərim»in tərcüməsinə görə H.Z.Tağıyev adına mükafata, 1993-cü ildə A.A.Bakıxanovun «Gülüstani-İrəm» əsərinin şərhli nəşrinə görə A.A.Bakıxanov adına mükafata layiq görülmüşdür.

Bir çox beynəlxalq elmi məclislərin iştirakçısı olan akademik Z.Bünyadov Azərbaycan elmini ləyaqətlə təmsil edib. Türk Tarix Qurumunun VI-XII konqreslərində, Bağdadda tarixçilərin Beynəlxalq konqresində, Tokioda şərqşünasların XXXI Beynəlxalq konqresində, İranda Təbərinin 1100 illiyinə, Füzulinin 500 illiyinə həsr olunmuş beynəlxalq konfranslarda, Misirdə məşhur tarixçi əs-Süyutinin yubileyinə həsr olunmuş Beynəlxalq konfransda iştirak edərək sanballı məruzələrlə çıxış etmişdi.

İnstitut direktoru kimi Ziya müəllim böyük elmi-təşkilati iş aparırdı. O, Azərbaycan şərqşünaslıq elminin tərəqqisi, institutumuzun keçmiş İttifaqın digər şərqşünaslıq institutları və xarici ölkələrin şərqşünaslıq mərkəzləri ilə elmi əlaqələrinin möhkəmlənməsi və genişlənməsi üçün qüvvə və bacarığını əsirgəmirdi.

Akademik Z.M.Bünyadov Şərqşünaslıq İnstitutunun rəhbəri kimi Yaxın və Orta Şərq ölkələri probleminə həsr olunmuş bir sıra Beynəlxalq və regional elmi konfransların təşkilatçısı olmuşdur: «Şərqşünasların II Ümumittifaq konfransı» (1983), «İslamın aktual problemləri» (1985, 1987, 1992), «Fars körfəzi problemi» (1988), «Zaqafqaziyanın gənc şərqşünaslarının I konfransı» (1989), «Atatürkün anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq konfrans» və s. O, ömrünün sonunadək «Vətən tarixi», «Ümumi tarix» və «Din tarixi və nəzəriyyəsi» ixtisasları üzrə birləşmiş müdafiə şurasına sədrlik etmişdir.

1992-ci ildə, Azərbaycanın ən çətin dövründə Z.M.Bünyadov özünün siyasi seçimini edir. Onu Yeni Azərbaycan partiyasına sədr müavini seçirlər.

1993-cü ildə «Astaranın fəxri vətəndaşı», 1994-cü ildə isə «Göyçayın fəxri vətəndaşı» adına layiq görülmüşdür.

12 noyabr 1995-ci ildə Z.M.Bünyadov Milli Məclisin deputatı seçilir.

Akademik Z.M.Bünyadovun Vətən qarşısında xidmətləri dövlət rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilmişdir: o, SSRİ-nin bir sıra orden və medalları, Oktyabr inqilabı ordeni ilə təltif edilmişdir. 1983-cü ildə ona elmin inkişaf etdirilməsində əldə etdiyi nailiyyətlərə görə SSRİ XTNS-in gümüş medalı, 1985-ci ildə isə faşist Almaniyası üzərində Böyük Vətən müharibəsinin 40 illik qələbəsi münasibətilə I dərəcəli Vətən Müharibəsi ordeni verilmişdir.

21 fevral 1997-ci ildə Sovet İttifaqı qəhrəmanı, Milli Məclisin deputatı, akademik Ziya Musa oğlu Bünyadovun həyatına faciəli şəkildə son qoyuldu. O, öz evinin astanasında vəhşicəsinə qətlə yetirildi.

Həmin mənfur gündən bizləri on bir ilə yaxın zaman kəsiyi ayırır. Bu vaxt ərzində Ziya müəllimin elmi irsi, həyatı və işıqlı şəxsiyyəti haqda bir çox fikirlər söylənilib, məqalələr yazılıb. Onların hamısının fövqündə, əlbəttə ki, akademik Z.M.Bünyadovla vida mərasimində ulu öndərimiz Heydər Əliyevin söylədiyi nitq durur: «Ermənistanın millətçi və separatçı qüvvələri tərəfindən Qafqaz tarixinə aid, o cümlədən Ermənistan-Azərbaycan tarixinə aid cürbəcür və tariximizi təhrif edən, saxtalaşdıran, Ermənistanda meydana çıxmış müxtəlif yazıların, məqalələrin əleyhinə ilk dəfə səsini qaldıran və onlara əsaslı, dəlilli və tarixi mənbələrə istinadla cavab verən, onların qarşısını alan alim Ziya Bünyadov idi.

O vaxtlar Sovet İttifaqı mətbuatında, Ermənistan mətbuatında, onların kitablarında, elmi yazılarında, Azərbaycan və Moskva mətbuatındakı məqalələrdə gedən mübahisələr çoxlarının yadındadır. Hər tərəfdən dəstə ilə alimlər, yaxud da alim adı daşıyan cürbəcür adamlar Azərbaycan tarixinə o vaxtlar təcavüz edirdilərsə, bu tərəfdən Ziya Bünyadov, yenə də deyirəm, öz iradəsi, biliyi ilə, elmi əsərləri ilə onlara layiqli cavab verirdi və Azərbaycan tarixinin doğru-düzgün olduğunu dünyaya sübut edirdi və onu qoruyurdu.

Buna görə də erməni millətçiləri, erməni separatçıları və ümumiyyətlə, Azərbaycana mənfi münasibət göstərən cürbəcür xarici qüvvələr Ziya Bünyadovu özlərinə düşmən kimi qəbul edirdilər.

...Xatirimdədir, 60-cı illərin ikinci yarısında Azərbaycanın 150 il öncə Rusiyaya könüllü surətdə qəbul olunması haqqında elmi mübahisələr gedirdi. Məlumdur ki, 1964-cü ildə qərar qəbul edilmişdi ki, 150 il öncə Azərbaycan könüllü surətdə Rusiyanın tərkibinə daxil olmuşdu.

Amma Ziya Bünyadov bir alim kimi heç nədən qorxmayaraq, heç kəsdən çəkinməyərək öz elmi fikirlərini söyləyirdi. Xatirimdədir, 67-68-ci illərdə Ziya Bünyadov bu barədə artıq bir neçə dəfə açıq bildirmişdi ki, doğrudur, Azərbaycan Rusiyanın tərkibinə daxil olubdur. Amma bu, könüllü olmayıbdır. Odur ki, tarixi həqiqəti demək lazımdır.

O vaxtkı siyasi mühit, siyasi konyunktura bunu qəbul etmirdi. Ziya Bünyadov hətta buna görə günahlandırılırdı, onu hətta cəzalandırmaq istəyirdilər. Sonralar, əvvəlki bütün tarix araşdırıldıqdan sonra hamı bu fikrə gəldi ki, o vaxtlar Ziya Bünyadov doğru deyirdi. Həqiqət bunda idi. Həqiqəti Ziya Bünyadov deyirdi, öz yazılarında göstərirdi».

1998-ci ildə Ziya Bünyadovun vəfatından sonra Azərbaycanın ən yüksək mükafatı – «İstiqlal» ordeninə layiq görülmüşdür.

Görkəmli alimin zəngin biliyi, geniş dünyagörüşü, hədsiz zəhmətsevərliyi və böyük tədqiqatçı istedadı onun qələminə məxsus hər bir əsərdə özünü büruzə verir.

Alimin saysız-hesabsız məqalələrindən hər biri, onun istər orta əsr yaşayış məntəqələrinin müəyyən edilməsinə və geneoloji cədvəllərin dəqiqləşdirilməsinə, istərsə də Azərbaycanın ilafət dövrü mərhələsinin və qonşu ölkələrlə əlaqələrinin öyrənilməsinə, və ya bütün orta əsrlər müsəlman dünyasının siyasi, sosial-iqtisadi və mədəni tarixinə həsr olunmuş hər bir tədqiqat əsəri və ya tibb, astronomiya, seysmologiya və s. sahələrə aid orta əsr qaynaqlarından əxz edilmiş məlumatların şərhinə, yeni məxəzlərin üzə çıxarılması və əldə olunmuş məlumatların elmi dövriyyəyə daxil edilməsinə yönəldilmiş tədqiqat işi gərgin axtarışların, tükənməz səbr və əməyin nəticəsidir. Bütün bunlar akademikin dərin düşüncə tərzinin, dəqiq və mükəmməl təhlil metodunun, incə və sərraf tədqiqatçı məharətinin göstəriciləridir.

Z.M.Bünyadov ixtisaslı şərqşünas kadrların hazırlanmasında da böyük xidmətlər göstərmişdir. O, Azərbaycanda mediyevist tarixçi ərəbşünaslar məktəbinin banisi və rəhbəri olmuşdur. O, İraq və Suriya Ərəb Respublikaları üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynamışdır. 27 namizədlik işinin rəhbəri və məsləhətçisi, 12 doktorluq dissertasiyasının opponenti olmuşdur.

İllər ötəcək, Azərbaycan xalqının böyük oğlu, ölkəmizin cəfakeş vətəndaşı  Z.M.Bünyadovun əziz xatirəsi qədirbilən xalqımızın, gələcək nəsillərin yaddaşında əbədi yaşayacaqdır. Onun insanlara bilik, ziya bəxş edən ölməz əsərlərindəki ruhu qəlbləri təlatümə gətirəcək, hər kəsi vətəndaşlıq borcuna – Vətəni sevməyə, ona vicdanla və sədaqətlə xidmət etməyə çağıracaq. Son nəfəsədək! Ziya Musa oğlu Bünyadov kimi!


Gövhər Baxşəliyeva,
Milli Məclisin deputatı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək
20.03.2019, 15:10

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək

Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edildi
20.03.2019, 14:43

Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edildi

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA
20.03.2019, 14:24

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər
20.03.2019, 14:08

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər

Xızıda qida üçün yararlığı şübhə doğuran çoxlu sayda toyuq aşkar edilib
20.03.2019, 14:04

Xızıda qida üçün yararlığı şübhə doğuran çoxlu sayda toyuq aşkar edilib

Dünyanın ən bahalı şəhərləri - SİYAHI   
20.03.2019, 13:28

Dünyanın ən bahalı şəhərləri - SİYAHI  

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  
20.03.2019, 13:14

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı   
20.03.2019, 12:25

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı  

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ   
20.03.2019, 12:22

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ  

Türkiyənin “Sultan Novruzu”
20.03.2019, 12:17

Türkiyənin Sultan Novruzu

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...
20.03.2019, 12:10

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək
20.03.2019, 12:03

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi
20.03.2019, 11:59

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi

ADU-da “Multikultural Novruz bayramı” 
20.03.2019, 11:57

ADU-da “Multikultural Novruz bayramı” 

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI
20.03.2019, 11:51

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı
20.03.2019, 11:47

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır
20.03.2019, 11:32

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir
20.03.2019, 11:24

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı   
20.03.2019, 11:20

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı  

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu
20.03.2019, 11:07

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR
20.03.2019, 10:56

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”
20.03.2019, 10:53

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib
20.03.2019, 10:51

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib

Evində narkotik bitki yetişdirən şəxs saxlandı
20.03.2019, 10:47

Evində narkotik bitki yetişdirən şəxs saxlandı

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
20.03.2019, 10:43

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”
20.03.2019, 10:18

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək
20.03.2019, 10:16

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO
20.03.2019, 10:08

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO

Ermənilər cəbhədə təxribatlara davam edir
20.03.2019, 09:49

Ermənilər cəbhədə təxribatlara davam edir

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu
20.03.2019, 09:20

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib
20.03.2019, 09:09

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü
20.03.2019, 00:46

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü

20.03.2019, 00:25

"Azərpoçt" bayram günlərində də işləyəcək

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
20.03.2019, 00:07

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir
19.03.2019, 23:57

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir

Azərbaycan nefti bahalaşıb
19.03.2019, 23:42

Azərbaycan nefti bahalaşıb

Bakı sakini özünü 8-ci mərtəbədən atdı
19.03.2019, 23:29

Bakı sakini özünü 8-ci mərtəbədən atdı

Sərnişin təyyarəsində yanğın
19.03.2019, 23:12

Sərnişin təyyarəsində yanğın

Türkiyədə Koroğluya abidə ucaldıldı
19.03.2019, 22:55

Türkiyədə Koroğluya abidə ucaldıldı

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi
19.03.2019, 22:36

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi

Bayramlaşma...
19.03.2019, 22:35

Bayramlaşma...

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb
19.03.2019, 22:24

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb

Zurabişvili azərbaycanlıların kəndinə gəldi
19.03.2019, 22:07

Zurabişvili azərbaycanlıların kəndinə gəldi

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO
19.03.2019, 21:51

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO

Şəkidə itkin düşən şəxs Bakıda tapıldı
19.03.2019, 21:34

Şəkidə itkin düşən şəxs Bakıda tapıldı

İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”
19.03.2019, 21:19

İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu
19.03.2019, 21:05

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu

Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb
19.03.2019, 20:51

Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb

“BMW”dən Türk dili qadağası
19.03.2019, 20:33

“BMW”dən Türk dili qadağası

“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev
19.03.2019, 20:16

“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev

ARXİV