Modern.az

Bu il Milli Məclisdə qəbul edilən yeni qanun layihələri - SİYAHI

Bu il Milli Məclisdə qəbul edilən yeni qanun layihələri - SİYAHI

29 Dekabr 2018, 17:38

2018-ci ilin bitməsinə az qalıb. Bu il ərzində Milli Məclis bir sıra qanunlara dəyişikliklər edib, yeni qanun layihələri qəbul olunub.

 

Modern.az saytı Milli Məclisin 2018-ci il üçün işlər planına daxil olan və qəbul edilən qanun layihələrini xatırladır:

 

“Ələt azad iqtisadi zonası haqqında" yeni qanun layihəsi 5 fəsil, 30 maddədən ibarətdir. Azad Zonada hüquqi şəxslərin nizamnamə kapitalının və investisiya qoyuluşunun 100%-nin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri azad zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.

Layihəyə əsasən, Ələt azad iqtisadi zonasında Biznes Xidmətləri Mərkəzi yaradılacaq. Mərkəz Azad zonada bütün lisenziyaların, icazələrin, vizaların, təsdiqlərin və digər rəsmi sənədlərin verilməsinə məsul olacaq və "bir pəncərə" qaydasında işləyəcək.

 

“Texniki tənzimləmə haqqında” qanun layihəsi 4 fəsil, 18 maddədən ibarətdir. Qanun layihəsi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, ticarətdə texniki maneələrin aradan qaldırılması və malların rəqabət qabiliyyətinin artırılması məqsədilə mallar, onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləməninin məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edir.

 

“Standartlaşdırma haqqında” qanun layihəsi 6 fəsil, 27 maddədən ibarətdir. Sənəd “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanına əsasən hazırlanıb.

 

"Hesablama Palatası haqqında" qanun layihəsi 6 fəsil, 41 maddədən ibarətdir. Layihədə Hesablama Palatasının statusu, fəaliyyətinin hüquqi əsasları, idarəetmə və təşkilati strukturu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və effektiv istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri ilə və digər tərəflərlə münasibətlərini tənzimləyir. Qanun layihəsində maliyyə, uyğunluq və səmərəlilik auditi öz əksini tapıb. Yeni qanun kənar dövlət maliyyə nəzarəti orqanı olaraq Palatanın sərhədlərinin konkret müəyyənləşdirilməsi ilə dövlət vəsaitləri üzərində nəzarəti konkretləşdirir. Palatanın büdcə prosesində iştirakında konkret mərhələlər müəyyən olunub.

 

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir. Sənəddə əsas anlayışlar, əlilliyin müəyyən edilməsi, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, onların reabilitasiyası və abilitasiyası, məşğulluğunun təmin edilməsi, təhsili, peşə hazırlığı, əmək şəraiti, mənzil təminatı və digər məsələlər əksini tapıb.

 

“Psixoloji yardım haqqında” qanun layihəsi 6 fəsil, 22 maddədən ibarətdir. Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Layihə ilə Azərbaycanda ödənişsiz psixoloji yardım alacaq şəxslərin kateqoriyası müəyyənləşib. Qanunun 6-cı (Psixoloji yardımın maliyyələşdirilməsi) maddəsinə əsasən, psixoloji yardım dövlət büdcəsinin vəsaiti hesabına (ödənişsiz) və ya yardım alan şəxsin vəsaiti hesabına (ödənişli) həyata keçirilir.

 

“Peşə təhsili haqqında” qanun layihəsi 5 fəsil, 26 maddədən ibarətdir. Sənəddə Azərbaycanın təhsil sistemində peşə təhsilinin yeri müəyyənləşib, bu təhsili alanlara müəyyən güzəştlər nəzərdə tutulub. Qanun layihəsində peşə təhsili ilə orta ixtisas təhsilinin inteqrasiyası əsas götürülüb. Layihəyə əsasən, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilir. Bundan əlavə, ali məktəbə daxil olmaq istəyənlərə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir. Bu məktəbləri bitirənlərə həm də sahibkarlıq fəaliyyəti ilə bağlı xüsusi imtiyazlar təqdim olunur. Qanun layihəsində peşə təhsili müəssisələrinə birdəfəlik, müddətsiz lisenziya verilməsi, Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması ilə bağlı müddəalar da əksini tapır.

 

“Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisdə I oxunuşdan keçib. Yeni qanun layihəsi 5 fəsil 33 maddədən ibarətdir. Yeni qanun layihəsinin məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir. Sənədin Milli Məclisin 2019-cu ildə yaz sessiyasında qəbul edilməsi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir