Modern.az

Turan elinin Günay qızı - MÜSAHİBƏ

Turan elinin Günay qızı - MÜSAHİBƏ

29 Dekabr 2018, 19:07

Turan elinin, türk dünyasının tarixini türk qadınları toxuduqları xalçaları, vurduqları naxışları, qoşduqları bayatıları, yazdıqları yazıları ilə zənginləşdiriblər. Türk qadını, türk xanımı hər zaman xaqanlar məclisində baş olub, hörmətli olub. Çünki etibarlıdır, çünki Dədəmiz Qorqud demişkən, “Başım bəxti, evim taxtı” olub, həm də ocaq qoruyublar. Bu gün “Turan buradan başlayır” rubrikasının qonağı türk elinin müqəddəs ocaqlarından birinin qoruyucusu, odunu-ocağını közərdən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, səfir Günay Əfəndiyevadır.

 

Dosye: Günay Əfəndiyeva 11 sentyabr 2015-ci il tarixində Astanada keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V sammitində dövlət başçıları tərəfindən qəbul edilmiş qərara əsasən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti vəzifəsinə təyin edilib. Buna qədər isə, 2004-cü ildən Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun Konsulu, 2009-2015-ci illərdə Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının Birinci Katibi vəzifəsində çalışıb. G.Əfəndiyeva Azərbaycanda beynəlxalq tədbirlərin təşkilində fəal iştirak edib, YUNESKO-nun Baş Qərargahında və müxtəlif ölkələrdə keçirilən bir çox beynəlxalq konfranslarda Azərbaycanı şərəflə təmsil edib. Və bir də ki, vətənimizi diplomat kimi dünyanın xarici ölkələrində təmsil edən bu alagözlü zərif xanım həm də gözəl bir nəslin soyadını daşıyır. O Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin sevimli nəvəsi, xalq yazıçısı Elçinin isə qızıdır. 1  övladı var.

Günay xanım Əfəndiyeva ilə məqamı gözəl bir vaxtda görüşdük.  Qırğızıstandan, Çolpan-Ata şəhərində Türkdilli Xalqların Əməkdaşlıq Şurasının VI Sammitindən  yenicə dönmüşdü. Türkdilli dövlətlərin və türk sevdalılarının 3 ildən bəri gözlədikləri Zirvə görüşü çərçivəsində Günay Əfəndiyevanın rəhbəri olduğu  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sənədləri təsdiqləndi,  həyata keçirdiyi tədbir və layihələrin əks olunduğu Bəyannamə dörd dövlət başçısı İlham Əliyev, Nursultan Nazarbayev, SoornbayJeenbekov  və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalandı. 

Elə bu əhval-ruhiyyə içərisində Günay Əfəndiyeva ilə səfər təəssüratlarını bölüşdük və rəhbərlik etdiyi təşkilat haqqında maraqlı söhbət etdik.

G.Ə. - Türkdilli dövlətlər və xalqlar mədəniyyəti, dili, dini və adət-ənənələri ilə zəncirvari şəkildə bir-birinə bağlıdır. Bu xalqların məişətlərində, həyat tərzlərində müəyyən fərqlər  olsa da, doğma ruh və düşüncə tərzi, türk dünyasının zəngin irsi bu xalqları zaman-zaman bir-birindən ayıra bilməyib. Bütün sivilizasiyalar dövründə türkçülük və türk adət-ənənələri bir ehkam olaraq yaşayıb, türkdilli xalqlar bu xəzinəni qoruyub saxlaya biliblər. Bizim Fondun da məqsədi odur ki, hər gün dəyişən, çalxalanan qlobal dünyada bu zəngin irsi layiqincə təqdim edək, dünya ictimaiyyəti sahib olduğumuz irsimiz ilə yaxından tanış olsun, eyni zamanda türk dünyasının dahi mütəfəkkirlərini, yazıçı, şair, bəstəkar və rəssamlarını daha da geniş anlamda tanısınlar.

A.E. - Bildiyim qədər Qırğızıstanın Çolpan-Ata şəhərində sentyabr ayının ilk günlərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti haqqında dövlət başçıları da böyük məmnunluqla danışdılar. Yəni bu, sizin gördüyünüz işlərin nəticəsinin bəhrəsi idi, desəm, yəqin ki, yanılmaram.

G.Ə. - Çox doğru buyurursunuz. Mənim üçün böyük şərəfdir ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev çıxış edərkən Fondun fəaliyyətini yüksək qiymətləndirdi. 2015-ci ildən bu yana, fəaliyyətə başladığımız gündən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunmuş “Türk dünyası mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində" mövzusunda dəyirmi masada, V Bakı Beynəlxalq Humanitar Forumunda, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının 12-ci sessiyasında, BMT-nin  Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda, TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiyalarının 6-cı iclasında, 7-ci nazirlər konfransında “Asiyanın Qəlbi” - İstanbul Prosesi, Qoşulmama Hərəkatının nazirlər konfransı,  eləcə də yüksək səviyyəli dövlət rəsmiləri, tanınmış beynəlxalq təşkilatlar və diplomatik missiyaların rəhbərləri, görkəmli siyasət, elm, mədəniyyət nümayəndələri və dünyanın müxtəlif yerlərindən olan tanınmış ekspertlərin iştirakı ilə keçirilmiş bir sıra digər mühüm və əhəmiyyətli beynəlxalq tədbirlərdə Fond öz mövqeyi ilə çıxış edib. Biz bir sıra layihələr həyata keçirmişik. Və bu, sadəcə bir başlanğıcdır.

A.E. - Günay xanım, mənim belə bir fikrim var ki, kitab yazmaq, xalqın tarixini yazmaq Tanrı qarşısında ən böyük ibadətdir. Siz də kitab ənənəsi olan bir ocaqdan çıxmısınız. Göy türklərin xaqanı İlteriş Kaqan türk bəy və xanlarını  bir araya yığıb, Ötükəndə Bəngü daşa  63  tayfa başçısının tamğasını vurdurmuşdu. O daş kitab bu günə qədər yaşayır. Siz də zərif çiyinlərinizdə ağır bir sevdanı daşıyırsınız. Ulu babalardan qalma ənənəmizi davam etdirmək kimi bir missiya düşüb üzərinizə: Türk ellərinin mirasını qorumaq. Fond rəhbəri olaraq fəaliyyətinizdə diqqətimi cəlb edən çap etdirdiyiniz kitablar oldu. Bu kitabların  hər biri dəyərlidir. Xüsusi ilə də “Azərbaycan qadınlarının poeziya antalogiyası”. Baxıram ki, burada 12-ci əsrdən bəri türk dünyasında, Azərbaycanda səsi, sözü, imzası qalmış xanımlarımızın şerləri yer alıb.

G.Ə. - Bu kitab mənim üçün çox dəyərlidir. Klassik dövrdən etibarən dövlət xadimi olan qadınlarımızın, şairələrimizin, analarımızın, xanımlarımızın ürək ağrılarını, qəlb çırpıntılarını bir araya toplamış və ingilis dilinə tərcümə edərək nəşr etmişik. Bəzən bütöv bir kitabdakı sözü bir cümlə ilə dünyaya çatdıra bilirsən. Şerlər bu mənada böyük və güclü vasitədir. Bu şerlərdə bizim Qarabağımız, Vətənimizin bütün guşələri, tariximiz, beşiklərimiz, laylalarımız, elimiz-obamız, tarixi məkanlarımızın adları möhürlənib, tamğalanıb.  Bu şerləri kimsə dəyişə bilməz. Tarixi yaşadırlar. Bu şerlərdə Azərbaycan qadının, türk xanımının tərbiyəsi, ocağı var. Şeir sətirləri yaddaşlarda daşa həkk olan kimi yaşayır. Biz  Azərbaycan qadın şairələrinin şerlərini indi də italyan dilinə tərcümə etmişik. Kitab artıq işıq üzü görüb və kitabın təqdimatını bu yaxınlarda Romada keçirməyi planlayırıq. Hal-hazırda isə kitabın alman dilinə tərcüməsi üzərində işlər aparılır. Eyni zamanda ümumilikdə türk dünyası qadınlarının şeir antologiyası layihəsinin hazırlanması nəzərdə tutulub. 
 

A.E. - Günay xanım, istərdim ki, eyni zamanda Fondun dəstəyi ilə böyük zəhmət və əmək bahasına başa gəlmiş “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” kitabı haqqında geniş məlumat verəsiniz.

G.Ə. - Türkdilli xalqların tarixinin, mədəni irsinin qorunması, öyrənilməsi və təşviq edilməsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun məqsədlərindəndir. Bununla bağlı ilkin olaraq Fond AMEA-nın İnsan Hüquqları İnstitutu və YUNESKO üzrə Azərbaycan Respublikasınınn Milli Kommissiyası ilə birgə “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı kitab hazırlamışdır. Kitaba Azərbaycanın işğal olunmuş ərazilərimizdə qalan mədəniyyət və tarixi abidələrimiz, ocaqlarımız, pirlərimizin iki şəkli var: biri işğaldan əvvəlki, digəri isə işğaldan sonra dağıdılmış və uçurulmuş, məhv edilmiş, son aqibəti olan fotolar. Bu kitabda həm də işğal olunmuş ərazilərimizdəki abidələrin qədim tarixi haqqında geniş izah verilir. Oxucular Azərbaycandakı qədim yaşayış məskənləri, alban və türk abidələri haqqında da geniş məlumat ala biləcəklər. Bildiyimiz kimi, hazırda ermənilər işğal etdikləri Azərbaycan ərazilərində bütün alban dövrü abidələrini erməni abidələri kimi təqdim edirlər. Məsələn, təkcə  Kəlbəcər rayonunda 70  tarixi abidəmiz var: qayaüstü rəsmlər, daş at, qoç heykəlləri, məbədlər, qayaüstü təsvirlərimiz, mağara düşərgəmiz, nekropollar da bu siyahıya daxildir. Biz bu kitabla tarixi reallığı elmi müqayisələr və təhlillərlə işıqlandırmışıq. Qeyd edim ki, layihənin birinci mərhələsi artıq başa çatmışdır. İkinci mərhələ olaraq isə birinci kitaba sığmayan dağıdılmış və məhv edilmiş abidələrin, heç yerdə yayınlanmamış dağıntıdan öncəki və sonrakı fotoşəkillərin albom-kataloqda yerləşdirilməsinə başlanılmışdır. Kitab təkcə Azərbaycan və ingilis dillərində deyil, həm də rus və fransız dillərində də çap olunacaqdır. Bütün bu məlumatları iştirak etdiyimiz beynəlxalq təbirlərdə, səfərlərdə olduğumuz ölkələrdə geniş auditoriya ilə bölüşmüşük. Həmçinin Fond ümumilikdə türk dünyası üçün milli və beynəlxalq əhəmiyyət kəsb edən, tarixi və mədəni abidələrə vurulan zərər barəsində effektiv araşdırmalar aparmış və bu abidələrin reyestrini hazırlamışdır. 

Söhbət kitablardan düşmüşkən, qeyd etmək istərdim ki,  layihələrimiz içərisində “Türk düşüncəsində birlik ideyası” antologiyası da var. Layihəyə üzv ölkələrinin müxtəlif elm adamlarını cəlb etmişik. Kitaba layihənin icrası zamanı Bakı, Astana, Bişkek və İstanbulda elm və mədəniyyət mərkəzlərində keçirilən görüşlərdə türk düşüncəsi ətrafında səsləndirilən elmi, fəlsəfi fikirlər daxil edilmişdir. Kitabda türkdilli xalqların tarixdən günümüzə qədər düşüncə tərzindəki mifoloji, dini, sosio-mədəni baxımdan birlik, vəhdət və harmoniya problemlərini işıqlandırmağa çalışmışıq.

“Türk Dünyası və Böyük İpək yolu” - hələlik bu seriyadan “Azərbaycan Böyük İpək yolu üzərində” mövzusunda araşdırmalarımız davam edir. Etnoqrafların, tarixçi alimlərinin araşdımalarından ibarət kitab bu yaxınlarda işıq üzü görəcək.  Ortaya belə bir sual çıxa bilər ki, niyə məhz əvvəlcə Azərbaycandan başladıq?  Çünki müəyyən maliyyə problemləri səbəbi ilə Azərbaycandan çox da kənara çıxa bilmirdik, indi isə ümidvaram ki, TDƏŞ-nın VI Sammitindən sonra üzv ölkələrin dəstəyi əsasında bu tipli layihələrimiz Türk dünyasını əhatə edəcək. 

Bütün Türk dünyasının mifik qəhrəman obrazı olan “Koroğlu” dastanı ilə bağlı kitablar, sikkələr, markalar, illüstrasiyalar, heykəllərin fotoları, musiqilərin, bir sözlə məlumatların bizə göndərilməsi üçün üzv ölkələrə müraciət etmişdik. Bilirsiniz ki, türkdilli ölkələrin əksəriyyətində Koroğlu havası,  havacatı, mahnısı, hətta operası var. Biz bu məlumatları yığıb, hələlik Azərbaycan və ingilis dillərində kitab-albom nəşr etməyi, sonra isə üzv ölkələrin dillərinə və digər xarici dillərə çevrilməsini planlaşdırırıq. “Koroğlu havaları” adlı CD-də ozanların, aşıqların, musiqiçilərin oxuduqları, çaldıqları musiqilər yer alacaq.

A.E. - Və bir də ki, türk dünyasının söykəndiyi  böyük və zəngin irs Dədə Qorqud. Fondun yaratdığı türkdilli dövlətlərin musiqi alətləri və musiqiçilərindən ibarət orkestrin adını da “Dədə Qorqud” qoymusunuz.

G.Ə. - Bəli, Fondun himayəsi altında belə bir orkestr yaratmışıq. Orkestrin rəhbəri və dirijoru Azərbaycanın xalq  artisti Yalçın Adıgözəlovdur. Artıq fərqli ölkələrdən musiqiçilər müxtəlif beynəlxalq səhnələrdə Azərbaycan, türk, qazax, qırğız musiqilərini  ifa ediblər. Orkestrin ilk çıxışı isə Finlandiyanın İmatra şəhərində keçirilən 15-ci Beynəlxalq Ağ və Qara Teatr Festivalı çərçivəsində oldu.  Konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Bu il sentyabr ayında keçirilən ənənəvi Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakıda, Beynəlxalq Muğam Mərkəzində daha bir təqdimat edildi. Sonra isə orkestr Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Naxçıvanda Heydər Əliyev Sarayında konsert proqramları ilə çıxış etdi. Onu da qeyd edim ki, konsertlərin təşkili bu il təntənə ilə qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaradılmasının 100 illiklərinə təsadüf edir. Dədə Qorqud türk dünyasını sazla, sözlə, öyüdlərlə bir araya gətirir.  Bizim orkestr türk musiqisini, türk dəyərlərini və incəsənətini təbliğ edir. Orkestrin ifasında Üzeyir Hacıbəyov, Qara Qaryev, Fikrət Əmirov, Adnan Sayqun, Kaliy Moldobasanov, Abay Kunanbayev, Mustafo Bafoyev və digər türkdilli xalqların tanınmış bəstəkarlkarının əsərləri səslənir.


A.E. - Söhbətimizin əvvəlində qeyd etdiniz ki, dünyanın bir çox ölkələrində beynəlxalq konfranslar və forumlarda
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da iştirak edir. Ötən ilin oktyabr ayında Braziliya və Argentinada da milli irsimizi təqdim etmisiniz. Latın Amerikası ölkələrindən Azərbaycan və Türk dünyası necə görünür?

G.Ə. - Müxtəlif sivilizasiyaları bir-birinə tanıtmaq və göstərmək, Fondun üzərinə düşən məsuliyyətli bir vəzifədir. Bu məqsədlə üzv ölkələrin səfirlikləri və TÜRKSOY ilə birgə keçirilmiş “Türk və Latın Amerikası mədəniyyəti, tarixi  və ənənələri” adlı layihəni həyata keçirməyə nail olduq. Braziliya Milli Konqresi Federal Senatının, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarkenin dəvəti ilə hər iki sivilizasiyanın arasında  paralellər və oxşarlıqlar mövzusunda konfrans keçirildi. Konfrans çərçivəsində Parlament binasında “Braziliyada türk irsi” mövzusunda fotosərgi açdıq və konsert proqramı ilə çıxış etdik. Müxtəlif görüşlər çərçivəsində ədəbiyyatlarımızda, incəsənətimizdə bərabər oxşar cəhətləri axtardıq. Ən maraqlısı odur ki, görüşlərin birində mən onlara xitabən dedim ki, “Braziliya—okeanın bu tayı bizim üçün çox eqzotik ölkə kimi görsənir”. Və braziliyalılar da eyni sözü bizim ölkələrimiz üçün dedilər. Bütün bunlar insanlar arasında yaxınlaşmağa, mehribanlığa, dostluğa, bir-birini kəşf etməyə atılmış addımlardır. Hər hansı bir ölkənin tarixini, mədəniyyətinin təbliğini, həmçinin məktəblərdən başlamaq lazımdır. Uşaq yaddaşı ağ vərəqdir, onun beyninə yazılan pozulmur. Braziliyada Azərbaycan məktəbi olduğunu yəqin ki, bilirsiniz. Ziyarətimiz öncəsi həmin məktəbin şagirdləri arasında “18 oktyabr – Dövlət Müstəqilliyi Günü” mövzusunda inşa müsabiqəsini elan etdik. Uşaqlar  “Azərbaycan haqqında nə biliriəm” adlı inşalar yazdılar. İnşa yazan bütün məktəbliləri mükafatlandırdıq. Onlara Azərbaycan və türk dünyası ilə bağlı kitablar, suvenir hədiyyələr payladıq. Məktəb demişkən, belə bir fikrimiz də var ki, yaxın zamanlarda  türkdilli uşaqlar üçün bir məktəb düşərgə yaradaq. Bu düşərgədəki uşaqların hamısı ana dillərində danışaraq, gələcəkdə ortaq bir məxrəcə gələ bilsinlər, köklərimizə qayıdaraq ortaq dəyərlərimizi öyrənsinlər.

A.E. - Çolpan-Atada keçirilən Sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏS) iclasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun müəyyən fəaliyyəti yekun Bəyannamədə öz əksini tapdı. İndi həm imkanlarınız genişləndi, həm də üzv ölkələr və TDƏS-ə üzv olmaq istəyən Özbəkistan və Macarıstan da yəqin ki fonda  dəstəyini əsirgəməyəcək. Gələcək planlarınız nədən ibarətdir?

G.Ə. - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sırasına yeni türkdilli ölkələrin qoşulması da bizim xoş məramımızdan, dünyaya sülh arzularımızdan xəbər verir. Artıq bu dövlətlər arasında çox gözəl siyasi, iqtisadi, mədəni, humanitar əməkdaşlıq əlaqələri mövcuddur. Bütün bunlardan əlavə bizim bir-birimizə güclü inamımız mövcuddur. Məhz bu səbəbdən düşünürəm ki, türkdilli təşkilatlar olaraq biz ele işləməliyik ki, bəzi maraqlı qüvvələr bu birliyə mane ola bilməsinlər. Dövlət başçıları bir yerə toplandı, gözəl konstruktiv müzakirələr aparıldı, eyni zamanda Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun  fəaliyyətinə dair mühüm sənədlər imzalandı. Sammitdə dövlət başçıları tərəfindən imzalanmış Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaradılmasının 100 illikləri, türk dünyasının böyük oğlu, onun inkişafına, güclənməsinə hər zaman dəstək verən, türk dünyasına bütün ürəyi ilə bağlı olan Ulu Öndər Heydər Əliyevin 95 illiyi, eyni zamanda Qazaxıstan ədəbiyyatının görkəmli nümayəndəsi Maqcan Cumabayevin 125, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illiyi, Qırğızıstanın böyük yazıçısı Çingiz Aytmatovun 90 illiyinin keçirilməsi, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində qurulan “Dədə Qorqud” Kamera Orkestrinin yaradılması, digər türkdilli təşkilatlar ilə sıx əməkdaşlıq kimi təkliflərimiz və digər fəaliyyətlərimiz öz əksini tapıb.

TDƏŞ-nın  VI Sammiti çərçivəsində Qazaxıstan nümayəndəsi Bağdad Amreyev Şuranın yeni Baş katibi təyin edildi,  Macarıstan müşahidəçi statusunu aldı, hazırda isə Özbəkistanın Şuraya üzvlük məsələsi, ümumiyyətlə türkdilli  dövlətlərin inteqrsiyasının  konsepsiyası müzakirə olunur. Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı  ikinci müddətə təşkilata rəhbər təyin olundu və  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Sammiti 2019-cu ildə Bakıda keçirilməsi qərara alındı.   

A.E. - Rəhbəri olduğunuz Fond hazırda  kiçik bir binada yerləşir. İstərdim ki, köçməyə hazırlaşdığınız Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun o gözəl və möhtəşəm binası haqqında məlumat verəsiniz.

G.Ə. - Bəli, indi fəaliyyət göstərdiyimiz, sizinlə oturduğumuz bina müvəqqəti binadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq Fonda çox gözəl bir bina verilib. Binada indi təmir işləri tamamlanmaq üzrədir. TDƏŞ-in Bakıda   keçiriləcək Sammiti çərçivəsində bina öz qapılarını gələn qonaqların və ölkə vətəndaşlarının üzünə açacaq. Ən gözəl layihələrimizi dünya ictimaiyyətinə və qonalqarımıza həmin binada təqdim etməyi düşünürük. Yeni binada  türk dünyası irsini təbliğ edən kitabxana, arxiv, muzey  olacaq. Çox məmnunedici haldır ki, türk dünyası ilə maraqlanan alimlər, incəsənət nümayəndələri, sadə insanlar türk dünyası ilə bağlı kitabları, dərgiləri, öz kitabxanalarında topladıqları məlumatları bizimlə bölüşür, onları bizə bağışlamaq istəyirlər. Bu o deməkdir ki, yaradılmasından kiçik bir zaman keçməsinə baxmayaraq, biz insanların etibarını qazanmışıq. Bu məni çox sevindirir. Çünki insanların inamını qazanmaq böyük xoşbəxtlikdir, dəyərdir.

Bu yerdə mən bir cəhəti xüsusi qeyd etmək istəyirəm. Bizim qarşımızda önəmli bir nümunə var - Heydər Əliyev Fondu. Bu Fond ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qısa bir müddətdə böyük beynəlxalq nüfuz qazandı. Bu nüfuz, bu hörmət, əlbəttə, Mehriban xanımın şəxsi yorulmaz fəaliyyətinin, irudisiyasının və zövqünün nəticəsidir. Bu məqamda Heydər Əliyev Fondunun təcrübəsi bizim üçün çox qiymətlidir.

A.E. - Günay xanım “Turan burdan başlayır odası”nda Türk dünyasını birləşdirən bir çox dəyərlərdən danışdıq. Ancaq xatırlamaq istəyirəm ki, bizim “Discovery Azerbaıjan” dərgimiz həm də türk dünyasının dəyərlərini, gəzməli-görməli yerlərini təbliğ edir. Diplomat Günay Əfəndiyeva səyahət etməyi xoşlayırmı? Sizi Heyrətləndirən  ölkələr oldumu?

G.Ə. - Hər  ölkənin öz aurası var. Vaxtilə Türkiyədə yaşamışam, bu ölkə mənim üçün çox əzizdir. YUNESKO-da işlədiyimdən Fransada çox olmuşam, ora ilə bağlı unudulmaz xatirələr var. İndi Türk dünyası ilə işlədiyimdən daha çox türkdilli ölkələrə getməli oluram.  Hər ölkədən bir xoş xatirə, aura, mədəniyyət öyrənirəm. Sivilizasiyaların dəyişməsini görmək hər zaman maraqlıdır. Dünyanın bir çox ölkələrində, Latın Amerikası, Asiya ölkələri, Avropa ölkələri... harada oldumsa, məramım həmin ölkələri Azərbaycanla dost etmək oldu. Mədəniyyətimizi mədəni niyyətlə təbliğ etməyə çalışdım. İndi isə bütün türk dünyası ilə!

Beynəlxalq aləmdə çox böyük məclislərə, konfrans və sammitlərə ev sahibliyi edən Vətənimiz Azərbaycan gələn il qapılarınıTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinə açacaq. Artıq rəsmi Bakıda gələn il Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının iclasının qədim türk yurdu Azərbaycanda keçirilməsinə hazırlaşır. İnanıram ki, Odlar yurdu Azərbaycanda da Dədə Qorqud ənənələrinə uyğun olaraq çadırlar qurulacaq, mərəkələr başlayacaq,  TOY qazanları asılıb, od-ocaq yandıracaq!!! Çünki Turanın müasir yolu da Azərbaycandan başladı. Və o birlik o qədər möhkəm olacaq ki, dünyaya sülh-əmin amanlıq bəyanatları yenə Azərbaycandan veriləcək. Və bir gün də Türk Dünyasının Əməkdaşlıq Şurası Göy Türklərin təşəkkül tapdığı Ötükəndə bir araya gəlib, BİRLİKlərini elan edib Əbədi Bəngü daşa imzalarını atacaqlar!!!


Aida EYVAZLI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir