Modern.az

Bu gün tikilən, sabah sökülən yollar…

Bu gün tikilən, sabah sökülən yollar…

8 Dekabr 2009, 12:02

                                                       II yazı

 

Təbii resurslar tükənən olduğu kimi, onların gətirdiyi yüksək gəlirlər də daimi deyil. Eyni zamanda neft və qazın dünya bazar qiymətləri ayrı-ayrı dövrlərdə kəskin dəyişikliklərə məruz qaldığından dövlət gəlirlərinin həmin xammal gəlirlərindən asılılığının azaldılması zərurəti ortaya çıxır. Ona görə də həm bu ehtiyatlardan, həm də onların gətirdiyi gəlirlərdən istifadəni zaman baxımından düzgün planlaşdırmaq və ölkənin həm cari, həm də perspektiv sosial-iqtisadi inkişafına yönəltməyə nail olmaq lazımdır. Bəzi ölkələr bu məsələləri stabilləşdirmə fondlarının yaradılması yolu ilə həll etməyə çalışır. Belə fondlar adətən müəyyən dövrlərdə yüksək əlavə gəlirlər əldə etməyə imkan verən mənbələr (məsələn, neft və başqa xammal satışından gəlirlər, dövlət əmlakının özəlləşdirilməsindən gəlirlər və s.) hesabına formalaşdırılır. Hazırda dünyanın 15-dək ölkəsində belə fondlar fəaliyyət göstərir ki, təyinatından asılı olaraq onları 3 şərti qrupa ayırmaq olar: 1. Stabilləşdirmə fondları (Alyaska, Venesuela, Kolumbiya, Küveyt, Nigeriya, Norveç, Çili); 2. Gələcək nəsillər fondu (Alberta, Alyaska, Kiribati, Küveyt, Oman, Papua-Yeni Qvineya); 3. Büdcə rezerv (ehtiyat) fondları (Honkonq, Sinqapur, Estoniya, CAR). Azərbaycanda isə 1999-cu ildə Dövlət Neft Fondu yaradılıb. Fond dövlət büdcəsinin və milli valyutanın dar məqamda sabitləşdirilməsini təmin etmək, gələcək nəsillər üçün yığım formalaşdırmaq, həm də sosial-iqtisadi layihələrin həyata keçirilməsini təmin etməklə yuxardakı fondlardan fərqlənir.

Neft Fondunun mətbuat xidmətinin rəhbəri Cəmalə Əliyeva deyib ki, 10 ildə Fonda 25 milyard dollardan artıq vəsait daxil olub. Bu vəsaitin bir hissəsi gələcək nəsillər üçün toplanıb saxlanılıb, bir hissəsi isə mühüm sosial-iqtisadi layihələrə, bəzi problemlərin həllinə yönəldilib. Hazırda Fonddakı aktivlərin ümumi həcmi 13 milyard dollardan artıqdır. Yəni bu günədək 12 milyard dollar xərclənib. Lakin yuxarıda qeyd etdiyimiz kimi, fonddan maliyyələşən layihələrin bəzilərinin (Oğuz-Bakı su kəməri) başa çatdırılması üçün hələ çox vəsait lazım olacaq. İri infrastruktur layihələrin həm miqyası, həm də dəyəri tez-tez artılır. Elmə büdcədən ayrılan pul azaldığı halda tikilən yollar bir müddət sonra sökülərək yenidən qurulur. Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə elm sahəsinə ayrılan vəsaitin azlığından şikayətlənib: «2010-cu ilin dövlət büdcəsində elmi institutlara avadanlıqların alınması üçün cəmi 1,9 milyon manat ayrılırsa, biz hansı yenilikdən, hansı innavasion cəmiyyətdən, icadlardan, kəşflərdən, uğurlardan danışa bilərik. Bu vəsaiti nəinki yeni avadanlıqların alınmasına, heç AMEA-nın institutlarının laboratoriyaları arasında təmir üçün də bölüşdürmək mümkün deyil». Deputat Gülər Əhmədovanın isə həmkarının sualına cavabı həqiqəti ortaya qoyur:«Mən bilirəm bunun üçün pulu haradan tapmaq olar. Pul Bakının küçələrinə vurulan asfaltdadır. Pul bu gün asfaltlanıb, 15 gün keçəndən sonra qazılıb yenidən asfaltlanan, utanmazcasına yenə qazılıb, yenə asfaltlanan küçələrdədir». Həqiqətə nə deyəsən, hər şey göz qabağındadır. Neft gəlirləri bir sözlə havaya sovrulur. «Himayədar» Humanitar Tərəqqi İctimai Birliyinin rəhbəri Himayət Rizvanqızı neft pullarının lazımsız yerlərə xərcləndiyini bildirir: «Düzdür, bizə körpü lazımdır, amma körpünün mərmərdən olması lazım deyil. Çünki pul qurtaranda o mərməri söküb yeyəsi deyilik. Bu cür xərcləməklə 2016-cı ildə Neft Fondunun vəsaitləri tükənəcək». Deməli, hədəflərə nail olmaq üçün atılan addımlar və neft gəlirlərinin xərclənməsi səmərəsiz olub. Əgər vəsaitin bu cür xərclənməsi davam edərsə, Azərbaycanı gələcəkdə iqtisadi tənəzzül və yoxsulluq gözləyir. Norveçdəki kimi rifah halında yaşamaq əvəzində, Nigeriyada olduğu kimi səfalət halında yaşaya bilərik.

 

Klaster yanaşması

Beləliklə, makroiqtisadi stabillik, davamlı iqtisadi inkişaf və sosial rifah halının yaxşılaşdırılması baxımından neft gəlirlərindən səmərəli istifadə olunması uzunmüddətli dövrə hədəflənmiş, elmi bazaya və sistemli yanaşmaya əsaslanan bir konsepsiyanın hazırlanmasını zəruri edir. Himayət Rizvanqızının sözlərinə görə, bu məsələnin həlli istiqamətində rəhbərlik etdiyi qurumun apardığı tədqiqat mütərəqqi dünya təcrübəsində uğur qazanmış klaster yanşmasına əsaslanır: «Klaster yanaşması ölkənin daha çox rəqabət üstünlüyünə malik olan sahələrinin inkişaf etdirilməsini nəzərdə tutur». 2009-2025-ci illər ərzində Azərbaycanın çox klasterli inkişafa əsaslanan iqtisadi inkişaf modeli neft-qaz sahəsindən əldə olunan gəlirlərin investisiya şəklində Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda bəlli klasterlərin inkişafına yönəldiləməsini təklif edir. Bu sahələrin və bu sahələri təmin edən sahələrin inkişafı önə çıxarılır. Himayət Rizvanqızının sözlərinə görə, bu yanaşma iqtisadiyyatın neft və qazdan asılılığının qarşısını alır. Ortamüddətli dövrdə ölkənin davamlı inkişafının təmin olunmasını, insan potensialının məqsədyönlü inkişafını, neft gəlirlərinin nəsillər arasında ədalətli bölgüsünü özündə əks etdirir. Beləliklə, modeldə ölkədə istehsalı məqsədəuyğun sayılan rəqabət qabiliyyətli məhsullar və bu məhsulun hər birinin ətrafında digər məhsullar müəyyənləşdirilir ki, bunlar hamısı birlikdə bir klaster təşkil edirlər və onların inkişaıfı nəzərdə tutulur. Bunun üçün isə birinci növbədə qeyri-neft sektorunun inkişafına nail olmaq lazımdır. Maşınqayırma, kimya, yüngül sənaye, aqrar sektor və onlarla bağl sahələr prioritet sahələr olmalıdır. Bu yolla ölkədə məşğulluğun təmin olunmasına, etibarlı iş yerlərinin yaradılmasına, məhsulların dünya bazarına çıxarılmasına və ixrac məhsulları arasında nisbətin dəyişdirilməsinə nail olmaq olar. Nəticədə neft hasilatı və onun satışından gəlirlər azalanda büdcə problemlə qarşılaşmaz. Büdcə daxil olmalarında qeyri-neft sektoru əsas söz sahibi olar. Daha gözümüzü neft gəlirlərinə dikmərik və bu günkü kimi çətinliklə qarşılaşmarıq. 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vergi daxilolmalarında ciddi problem yaranıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov müsabələrinin birində bildirib ki, Vergilər Nazirliyinin xətti ilə büdcəyə 6 milyard 750 milyon manatın daxil olması nəzərdə tutulur. Lakin cari ilin 10 ayının yekununda cəmi 1 milyard 900 milyon manat vəsait toplanıb. Bu da göstərir ki, proqnoz yerinə yetirilməyəcək. Təbii, bunun başlıca səbəbi büdcənin neftdən birbaşa asılılığıdır. Neftin qiymətinin ötən ilin sonu - bu ilin əvvəlində aşağı düşməsi ilə büdcə gəlirləri kəskin şəkildə azalıb. Bütün bunlar da ilin sonunda büdcənin kəsirlə icra olunmasına səbəb olur. Ona görə də hökumət qeyri-neft bölməsinin ixracat gücünü artırmaq barədə düşünsə, daha yaxşı olar. Əks halda, 2012-ci ildə - neft hasilatı azalmağa başlayanda vəziyyət daha da pisləşəcək. Neft gəlirlərinin istifadəsinin gələcək effektini artırmaq üçün digər önəmli sahə insan kapitalının formalaşmasına elm, təhsil və səhiyyə sektoruna qoyulan investisiyadır. Azərbaycanda təhsilin inkişaf etdirilməsi, bu sahədə əməkhaqqının artırılması, elmi-tədqiqat işlərinə daha çox vəsaitin ayrılması, əhalinin sağlanmlığının qorunması, eləcə də qeyri-neft sektorunun inkişaf etdirilməsi və s. kimi qarşıya qoyulan məqsədlərə yeni inkişaf modelində mərhələli şəkildə nail olmaq öz əksini tapıb. Dövlət bu inkişaf modelinə biganə qalmamalıdlır.

Beləliklə,  neft-qaz gəlirlərinin səmərəli istifadə olunması və onun ölkənin sosial-iqtisadi inkişafın təmin olunmasına yönəldilməsi, iqtisadiyyatda neft gəlirlərinin yığıma və xərclənməyə gedən hissəsinin rasionallığının təmin olunması əsas məsələlərdən biridir.  Əks halda, neft hasilatı və ona uyğun olaraq gəlirlər azaldıqca, artım templəri də aşağı düşməyə başlayacaq və iqtisadi tarazlığın pozulması ehtimalı artacaq. Ona görə də bu məsələ  dövləti, ümumilikdə cəmiyyəti düşündürən aktual problemlərdən biri kimi qarşıya qoyulmalı və qisa müddət ərzində həllinə nail olunmalıdır. Bu, yoxsulluğun azaldılması və sosial rifahın yaxşılaşdırılması prinsip olaraq qəbul edilməlidir.

Pünhan Qarapapaqlı

Yazı “Himayədar” Humanitar Tərəqqi İctimai Birliyinin «Neft gəlirləri, ədalətli bölgü, yoxsulluğa son!» müsabiqəsinə təqdim edilir

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir