Modern.az

İnamsızlıq bəlası

İnamsızlıq bəlası

Mədəni̇yyət

21 Noyabr 2011, 16:53

Bu günkü İnsanın bir bəlası var – İnamsızlıq!

İnamsızlıq İnsanın öz içində düşdüyü ən dərin quyudur.  

Onu bu quyudan kim çıxaracaq?

***
“İnam” dedikdə yalnız şəxsin özündəki böyüklüyə, İnsani imkanlara, İnsanlığa inamını nəzərdə tuturam. Bundan qıraqdakı bütün inamları insan üçün əlacsızlıqdan tapınma sayıram.

***
Gerçəklik adamları özündən elə ayırıb, uzaqlaşdırıb ki, özlərinə bütünlüklə yadlaşıblar. Adamların özlərinə, içlərinə doğru yolu bağlanıb. Ona görə də onlar öz içlərinə, mənəvi dünyalarına yol tapa bilmirlər.

***
Bu günün gerçəkliyini yaşamaq – günü yaşamaq deyil. Yalnız bugünün mahiyyətinə çatan, yetən – günü yaşayandır.

***
Adamlar bugünü yaşamadan sabaha can atırlar.

Sabah gəlir, onu da Bugünün gününə salırlar.

Ruhani, insani yaşam isə tələsməyi sevmir.

***
Bugünün, gerçəkliyin insani mahiyyəti çoxdan itib, ona görə toplum adam sürüsünə çevrilib.

Sürününsə heç bir insani, mənəvi qayğısı ola bilməz. Adamların mənəviyyata arxa çevirmələrinin nədəni bundadır.

***
Günümüzdə İnsan özünün İnsan olma səbəbini durmadan itirməkdədir. Biz deyirik ki, İnsan Ruhani varlıqdır. O, bunu bilsə də, doğrultmağa çalışmır. Çünki İnsan olmaq çətindir.

***
Körpə doğulur, toplum ona əxlaqlı, ləyaqətli, mənəviyyatlı Həyat təminatı verə bilmir. Ona görə də adam elə doğulanda Həyatın əxlaqsızlıq, mənəviyyatsızlıq, ləyaqətsizlik adlı quyusuna düşür və sonradan bunu təbii sayır.

***
Hamının içi qan ağlayır. Adamların bunca ümidsiz və fərəhsizliyi, özlərinə inamsızlığı ürək parçalayır.

Hərənin bir dərdi, dərdlərin də başı – İnamsızlıq!

Kimsə kimsəyə inanmır! Birinin İnamı başqasında yanılır, doğrulmur. Ona görə yaşamaq adamların gözündən düşür.

***

Yaşamaq – adamdan İnam istəyir. İnamlı olmaq isə hünər.

Özünə inanmayan həyatda yaşaya bilməz. Bunu anlamaq istəmirlər, ona görə də əzab çəkirlər.

***

Adamların gələcəklə bağlı təsəvvürləri korşalıb, yoxa çıxıb. Şəxs özünü sabahda, gələcəkdə görə bilmir – sarsılır. Ona görə ki, bugünü olmayanın sabahı yoxdur! Bugünü qurmadan sabahı qurmaq olarmı? Sabaha yol bugündən keçmirmi?

***
İnamsızlıq şəxsin içindən başlayır, özünə və başqasına yanaşmada gerçəkləşir.

Adam özünə inanmırsa, başqasına yerli-dibli inanmır.

***

Beləcə toplumdakılar bir-birinə yadlaşır. Başqasına yad olan isə özünə doğma ola bilməz. Ona görə ki, şəxsin başqasına münasibətinin özülündə özünə münasibəti durur.

***
İnamsızlıqsa bəşərin belini qırır. İnsanın, toplumun içi, eləcə də ailə, ev, iş – hər yer İnamsızlıq yuvası,  bəlası!

***
 Yerdə adam yanındakı adama inanmır, güvənmir, Göydəki Allaha inanır, güvənir. Bununla adam Allahı da aldadır, ona dönük çıxır. Bilmir ki, Allah yalnız qarşılıqlı insani münasibətlərin ilahiliyində, gözəlliyində, müqəddəsliyində yaşayır. Allahsızlıq isə İnsani münasibətlərin olmadığı yerdə baş verir.

***

İnamsızlıq İnsansızlıqdan yaranır. Ona görə də o, yalnız İnsanlaşma ilə yox ola bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi