Modern.az

Siqareti necə tərgitmək olar? – “Başlıca işimiz lazımi nöqtələrə iynə batırmaqdır” – MÜSAHİBƏ  

Siqareti necə tərgitmək olar? – “Başlıca işimiz lazımi nöqtələrə iynə batırmaqdır” – MÜSAHİBƏ    

Müsahibə

5 Yanvar 2019, 12:18

Zövq aldığımız siqaret bizə sonra çox baha başa gəlir. İnsanın  nəfəs yollarına , ağciyərə kəskin ziyan vurur , ürək xəstəliyi və insult riskini artırır. Çoxları bu ziyanlı əşyadan canını qurtarmaq istəsə belə, bunu bacarmır. Onun təsirindən çıxa bilmir.  Amma mütəxəssilər çox asan yollar təklif edirlər. Yəni bir növ bu bəladan qurtarmaq elə də çətin deyil. Elə nevropatoloq Azər Məmmədov  da siqaretdən  qurtulmağın asan yolunu təklif edir.

Modern.az saytı bu ixtisas üzrə  təkmilləşdirmə kurslarında iştirak edən və elə Çin təbabəti ilə məşğul olan nevropatoloqla müsahibəni təqdim edirik.

 

- Siqaretin ziyanından çox danışılır, amma ondan imtina etmək elə də asan başa gəlmir. Niyə?

 

- Bu gün dünyada  insan üçün ən ciddi problemlərdən biri tütündür. Bəli, gecə-gündüz tütün əleyhinə danışılır, maarifləndirmə aparılır, amma baxırıq ki, ondan istifadə azalmaq əvəzinə artır. Uzun illərdir ki, həkimlər həyacan təbili çalırlar ki,  siqaret ağciyər və ürək-damar xəstəliklərinin inkişafına, həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizema və bir çox xəstəliklərə səbəb olur. Hər il nikotindən 6 milyona yaxın insan dünyasını dəyişir.  2020-ci ildə isə bu rəqəmin 2 dəfə artacağı gözlənilir. Siqaret 1-ci nəfəs yollarına daxil olduğundan ona ziyan vurur.

Siqareti tərgitmək bir az səbr və inam tələb edir. Biz indi yeni bir üsulla bu bəladan qurtarmağın yollarını təqim edirik.  Bu yaxınlarda mən siqareti çox böyük həvəslə istifadə edən bir xanıma dedim ki, bu ziyanlı əşyadan istəsəniz sizi xilas edə bilərəm. Dedi: “Nə danışırsınız. Mən siqaretdən zövq alıram”.  Bir şey deyə bilərəm ki, bu nikotinin insan orqanizminə necə ziyan vurduğunu çoxları bilmir.

 

Siqaret daha çox hansı xəstəliyə səbəb olur? Bir də siqaretin səbəb olduğu və ürək əməliyyatı keçirən pasiyent yenə də siqaret çəkir və bundan  uzaqlaşa bilmədiyini deyir.  

 

- Siqaret ürək-damar  sisteminə mənfi təsir edir. Damar keçiriciliyini zəiflədir,  kapilyar damarlarda qanın axmasını pozur, yəni  hipoksiya əmələ gətirir. Siqaretin törətdiyi qorxulu xəstəliklərdən biri də infarktdır. Tütün məhsullarından istifadə edən şəxslərin  ürəyində qan dövranı azalır və ürəyin fəaliyyəti zəifləməyə başlayır. Nikotin qan təzyiqinə səbəb olur, nəticədə insan infarkt keçirir. İnfarkt keçirən xəstələrin əksəriyyəti siqaret çəkənlərdir. İndi təsəvvür edin ki, həmin insanlar əməliyyat olunub və yenidən siqaret çəkirlər. Bu nə deməkdir? Bu onların ömrünün qısalması deməkdir.  Xəstəliyin kəskinləməsi deməkdir.

 

- Siqaret çəkən adamın yanında da duran adam da elə bil ki, siqaret çəkmiş hesab olunur. Bu doğrudurmu?

 

- Bəli, tam doğrudur.  Biz buna passiv şəkildə yayılma deyirik. Siqaret çəkən şəxslə təmasda olanda  tütünün zəhərli maddələri insan orqanizminə daxil olur ki, bu da  passiv tütün çəkmə adlanır. Bundan ən çox əziyyət çəkənlər isə uşaqlardır. Siqaretin fəsadlarının nə demək olduğunu bilməyən uşaqlar onun tüstüsünü qəbul edirlər. Bu onların hələ tam formalaşmayan orqanizminə dəhşətli dərəcədə mənfi təsir göstərir. Gələcəkdə bir çox xəstəliklərin yaranmasını sürətləndirir. Əgər hər hansı valideyn siqaret çəkirsə, öz  övladı ilə təmasda olarkən nəfəs alanda belə uşağa mənfi təsir göstərir, onu infeksiyalara yoluxdurur.

 

- Hamilə qadınlar da siqaret çəkir. Onlar yəni bu qədər acizdirlər və anlamırlar ki, bətnlərindəki körpəyə bu ziyandır?

 

- Siqaret  kişilərlə müqayisədə qadınlara daha çox mənfi təsir edir. O ki qala hamilə qadınların siqaret çəkməsinə, bu, lap dəhşətdir. Əgər hamilə qadın siqaret çəkirsə və yaxud siqaret çəkən şəxsin yanında tüstünü passiv şəkildə qəbul edirsə, hormonlara güclü təsir edən zəhərli maddələr onun gələcəkdə dünyaya gətirəcəyi körpənin orqanizminə birbaşa daxil olur. Və formalaşmaqda olan orqanizmdə bir çox xəstəliklərin yaranmasının başlanğıcı olur. Hamilə qadınların hələ doğulmamış uşaqları ana bətnində zərər çəkir. Cılız, zəif uşaqların doğumu, hətta ölü doğuşların ehtimalı artır. 

Siqaret çəkən qadın uşağı əmizdirən zaman nikotin ana südü vasitəsilə körpəyə keçir. Hamilə qadın əslində özü yaxşı anlayır ki, nikotin onun bətnindəki körpəyə mənfi təsir edir. Sadəcə iradə zəifliyi onun siqareti tərgitməsinin qarşısını alır.

Əfsuslar olsun ki, iradə hər insanda eyni dərəcədə deyil. Hazırda zəif iradəli insanlar daha çox üstünlük təşkil edirlər. Onlar da əslində böyük istəklə deyirlər ki, siqaretdən azad olmaq istəyirlər, amma konkret işə gələndə bacarmırlar.

 

- İnsanları siqaretdən necə uzaqlaşdımaq olar?

 

- Siqaretlə mübarizədə təbii müalicə ilk dəfə qədim Çində yaranıb. Bu müalicədə heç bir qatqıdan, dərmandan, iynədən, kimyəvi maddələrdən istifadə olunmur. Bioloji aktiv nöqtələrə təsir etməklə nəticə əldə edilir.  Azərbaycanda ilk olaraq mən bu üsulla mülaicəyə başlamışam.

Biz nə edirik? Bildiyiniz kimi bioloji aktiv nöqtələr də ən təbii müalicə növü sayılır. Bioloji nöqtələrin baş beyinlə birbaşa əlaqəsi bir çox nevroloji xəstəliklərin müalicəsinə yol açır.  Bu terapiya tez bir zamanda baş ağrılarını və başqa ağrıları aradan qaldırır. Onların köməyi ilə beyin qabığı sahəsi aktivləşdirilir. Hansı ki orada neiromediatrlar ifraz olunur, bunlar da dopomin, serotin kimi maddələrdir.

 

Bu maddələr də sinir sisteminin siqnallarının ötürülməsində böyük rol oynayır. Bu nöqtələrə stimulyasiya etməklə siqnalların sinir hüceyrələrinə ötürülməsi yaxşılaşdırılır. Stimulyasiya siqnal keçiriciliyini yaxşılaşdırır, bununla da biz müsbət nəticələr əldə edirik. Palezlər, ifliclər aradan qaldırılır. Bundan başqa neyrometiratorlar psixi emosional vəziyyətdə də çox müsbət təsir göstərir. Buna görə də  bizim həyata keçirdiyimiz terapiya bir çox xəstəliklərin müalicəsində, nevroloji xəstəliklərin müalicəsində tətbiq olunur. Depressiya, nevroz, yuxusuzluq, qorxu, həyəcan, özünə qapanma, hətta yuxunun yaxşılaşdırılmasında da müsbət təsir göstərir. Ürək-damar, hərəkət-dayaq aparatı xəstəlikləri, əzələ, oynaq ağrılarında da effektiv üsuldur.

 

- Bəzən insanlar siqaret çəkməklə fikirlərini dağıdırlar axı.

 

- Bu, sizə elə gəlir.  Siqaret fikri dağıtmır və ya stressi aradan qaldırmır. Sadəcə olaraq insanlar psixoloji  düşünürlər ki, siqaret onların fikrini dağıdır. Həmin şəxslər düşünmürlər ki, bu yolla bədənlərini zəhərləyirlər.  

Doğrusu, birdən-birə siqaretdən azad olmaq da insanlara çətin olur. Onların bu zaman orqanizmində dəyişikliklər baş verir, sinir gərginliyi yaranır əsəbi, aqressiv olurlar. Bizim müalicə elədir ki, ümumiyyətlə bu hallar yaranmır və əgər yaranırsa onu tez aradan qaldırırıq.  Başlıca işimiz lazımi nöqtələrə iynə batırmaqdır. Bəli, siqareti tərgitmək elə də çətin deyil. Yetər ki, istək olsun.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı