Modern.az

Heydər Əliyevin vəfatının 6-cı ildönümüdür

Heydər Əliyevin vəfatının 6-cı ildönümüdür

12 Dekabr 2009, 11:04

Dekabrın 12-də görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının altıncı ildönümüdür. Anım günü ilə əlaqədar ölkə vətənaşlarının mərhum eks-prezidentin Fəxri xiyabandakı məzarını ziyarəti başlayıb.
Gün ərzində hökumət rəsmiləri və parlament nümayəndələri də Fəxri xiyabanı ziyarət edəcəklər. 
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də ikinci dəfə Azərbaycanın Prezidenti seçildi. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina etdi.

Bir neçə ay ABŞ-ın Klivlənd klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub