Modern.az

Rafiq Tağıya NEKROLOQ

Rafiq Tağıya NEKROLOQ

23 Noyabr 2011, 17:23

Azərbaycan Mətbuat Şurası bu gün dünyasını dəyişən yazıçı Rafiq Tağı ilə bağlı nekroloq yayıb. Modern.az Mətbuat Şurasının nekroloqunu təqdim edir.

- Bu il noyabrın 23-də günorta radələrində tanınmış yazıçı, jurnalist Rafiq Tağı dünyasını dəyişib. Dörd gün idi ki, onun həyatı uğrunda mübarizə gedirdi. Lakin amansız ölüm səhiyyə mütəxəssislərinin bütün səylərindən üstün oldu. İstedadlı qələm sahibi yaradıcılığının çiçəkləndiyi vaxtda - 61 yaşında əbədiyyətə qovuşdu.

O, 5 avqust 1950-ci ildə Masallı rayonunun Xoççobanlı kəndində dünyaya göz açmışdır Bəlkə Vətəni iki hissəyə bölən tikanlı sərhəd tellərinin müntəzəm müşahidəsi idi ki, gələcək yaradıcılığında Azərbaycançılıq, bütövləşmə aparıcı mövzularını təşkil edirdi.

R.Tağı həkim olmaq niyyəti ilə 1972-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdi. İ.M.Seçenov adına I Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında ixtisasını təkmilləşdirmişdi. Topladığı təcrübə və biliklər sayəsində Sabirabad rayonunun Yolçubəyli kənd ambulatoriyasının, Masallıdakı Həsənli kənd xəstəxanasının baş həkimi kimi neçələrinin şəfa tapmasına yardımçı olmuşdu. Ömrünün 11 ilini Rusiya Federasiyasının Moskva şəhəri və Kalinin vilayətindəki səhiyyə müəssisələrində həkim kimi insanların sağlamlığına həsr edən R.Tağı 1990-cı ilədən həyatının sonuna kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, paralel olaraq Mərdəkan qəsəbəsində yerləşən “KM” Müayinə-Müalicə Mərkəzində çalışmışdır.

Onun adı ictimaiyyətə yazıçı, jurnalist və publisist kimi daha yaxından tanış idi. Bədii əsərləri Masallının “Çağırış” qəzetində, “Ulduz” jurnalında və çoxsaylı kütləvi informasiya vasitələrində dərc olunmuşdu. Yaradıcılığına özünəməxsus orijinal yol və üslub xas idi. Yazıları bir qayda polemika doğururdu.

Azərbaycan Mətbuat Şurası Rafiq Tağının vaxtsız vəfatından kədərlənir, mərhumun ailəsinə və bütün doğmalarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir