Modern.az

Ərdoğan bələdiyyəyə parlamentdən çox önəm verir  

Ərdoğan bələdiyyəyə parlamentdən çox önəm verir   

Aktual

14 Yanvar 2019, 14:43

Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Demək olar ki, seçki kampaniyasına da start verilib, hazırda partiyalar öz namizədlərini irəli sürürlər. 
Maraqlıdır, Türkiyədəki bələdiyyə seçkiləri hansı dəyişikliklərə səbəb olacaq? Bu seçkilərin Azərbaycana hansısa təsiri gözlənilirmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyədə bələdiyyə seçkilərinə çox böyük önəm verilir:

“Çünki Türkiyədə bələdiyyələrin çox böyük səlahiyyətləri var, təəssüf ki, Azərbaycanda belə deyil. Azərbaycanda bələdiyyələr olsa da, Türkiyədəki qədər səlahiyyətə sahib deyillər. Türkiyədə bələdiyyələr bir çox yerli problemin həllində iştirak edir. Ona görə bütün partiyalar bələdiyyə seçkilərinə ciddi önəm verirlər. Çünki bələdiyyə yaxşı işləyirsə, insanların problemini həll edirsə, həmin bələdiyyə sədrinə və onun təmsil olunduğu partiyaya dəstək artır. Bu da özünü parlament və prezident seçkilərində göstərə bilər. Bunun üçün Türkiyədə hakim və müxalifət partiyaları çalışırlar ki, bələdiyyələrdə daha çox yerə sahib olsunlar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərinə o qədər önəm verir ki, parlament sədrini İstanbul bələdiyyə sədrliyinə namizəd göstərir. Buradan belə çıxır ki, Ərdoğan bələdiyyəyə parlamentdən daha çox önəm verir. Çünki İstanbulun bələdiyyə sədri hansı partiyanın nümayəndəsi olsa, həmin partiya digər seçkilərdə də irəli çıxa bilər. Düşünürəm ki, çox ciddi mübarizə gedəcək. Böyük ehtimalla hakim Ədalət və İnkişaf Partiyası (AKP) Milliyətçi Hərəkat Partiyası (MHP) ilə birlikdə rəqiblərini müəyyən qədər  üstələyə biləcək. İstanbul və Ankarada qələbə çalmaq iddiaları böyükdür. İzmir isə solçuların mövqeyinin güclü olduğu şəhər olaraq bilinir. İzmirdə yenə də Cümhuriyyət Xalq Partiyasının nümayəndəsi qələbə çala bilər”.

 

Politoloq bildirib ki, Türkiyədəki bələdiyyə seçkilərinin Azərbaycana ciddi təsiri gözlənilmir:

“Azərbaycanla siyasəti prezident və hökumət formalaşdırır. Bələdiyyələr xarici siyasətdə rol oynamır. Düzdür, səlahiyyətləri var, daxildə müəyyən işlər aparırlar, Azərbaycanın rayonları ilə müqavilə imzalamaq imkanları var. Amma təhlükəsizlik və xarici siyasət məsələlərində bələdiyyələrin rolu olmur”.

 

E. Şahinoğlu deyib ki, Azərbaycan Türkiyədən bələdiyyə sahəsi ilə bağlı örnək götürməlidir.

“Mənə elə gəlir ki, Azərbaycanda bələdiyyələrin rolu artırılmalıdır. Bizdə də bu il dekabr ayında bələdiyyə seçkiləri olacaq. Azərbaycanda da bələdiyyələrin statusunun artırılmasına ehtyac var ki, bu qurumlar insanların həyatında daha çox rol oynasınlar. Ona görə biz Türkiyə təcrübəsini öyrənib tətbiq etməliyik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!