Modern.az

İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı

İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı

Aktual

16 Yanvar 2019, 19:25

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri Azərbaycanda rəsmi səfərdədir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirlikdə hər iki ölkənin nümayəndə heyətinin görüşü keçirilib.

Əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyub.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi təşkil olunub. Qonaq fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq general-leytenant M.Baqeri “Şərəf kitabı”nı imzalayıb.

 

Tərəflər əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşüblər.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov İranın Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə əlaqədar bir daha başsağlığı verib.

 

General-leytenant M.Baqerinin Azərbaycana səfərini ölkələrimiz arasında dostluq əlaqələrinin yüksək göstəricisi kimi dəyərləndirən general-polkovnik Z.Həsənov bu münasibətlərdə qarşılıqlı etimadın yaradılması və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin xidmətlərini xüsusi vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə ciddi təhdid olaraq qaldığını qonağın diqqətinə çatdırıb. Nazir, həmçinin münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması istiqamətində səylərinə görə İran tərəfinə minnətdarlığını bildirib.

 

Xalqlarımız arasında dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, dövlətlərimizin bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə də əməkdaşlığı üçün geniş potensialın olduğunu deyən general-leytenant M.Baqeri İranın ölkəmizin ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini, eyni zamanda ölkəsi tərəfindən Azərbaycana hərtərəfli dəstək veriləcəyini xüsusi vurğulayıb.

 

Görüşdə Azərbaycan və İran arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, terrorizmlə mübarizə, regional təhlükəsizlik, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Yekunda tərəflər arasında görüşün protokolu imzalanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub