Modern.az

20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX

20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX

20 Yanvar 2021, 01:48

“Şeyx həzrətləri, təklif edirəm ki, siz hakimiyyəti əlinizə alıb ölkəyə rəhbərlik edəsiniz!”

Bu, Yaxın Şərq ölkələri haqqında çəkilmiş hansısa filmdən sitat deyil.

Dünyada qorxunc, nəhəng atesit dövləti sayılan Sovet İttifaqının rəhbər şəxsi tərəfindən Azərbaycan SSRİ-nin din xadiminə etdiyi gerçək təklifdir.

Bu hadisənin kədərli bir tarixi var.

Hazırda dünyada “radikal islam təməlçiləri”, “müsəlman terrorçuları” ifadəsi böyük güclərin geopoitik maraqlarını yürüdən siyasətin əsas hədəfi kimi istifadə olunur.  

Azərbaycan isə belə idbar siyasətlə hələ 31 il əvvəl üz-üzə qalmışdı.

Yetmiş il ərzində dini əlindən alınmış, ateist prinsiplərin ən sərt tərbiyəsi ilə böyümüş sovet azərbaycanlılarına qarşı bu ittiham kimlər tərəfindən və niyə irəli sürülmüşdü?  

...Azərbaycan xalqının tarixində ən kədərli və eyni zamanda şanlı səhifə olan 20 yanvar qırğınının 31 ili tamam olacaq.

SSRİ rəhbərliyinin bütün ciddi-cəhdlərinə baxmayaraq 1990-cı ilin yanvarında Bakıda baş vermiş amanasız qətliamı dünyadan gizlətmək mümkün olmadı. 150 nəfərin ölümünə, 1000-ə yaxın dinc vətəndaşın yaralanmasına  səbəb olmuş bu hərbi təcavüzü ört-basdır etmək üçün SSRİ rəhbərliyinin bəyan etdiyi qəribə ittiham sadə azərbaycanlıları mat qoymuşdu:

“Sovet ordusu Bakıya Azərbyacanda islam fundamentalizminin qarşısını almaq üçün daxil olub”.

 

Moskva bu ittihamla ərazi bütövlüyünün pozulmasına qarşı mübarizəyə qalxmış Azərbaycan xalqını geopolitik oyunun qurbanına çevirmək məqsədi güdürdü. 

 

Cəmi 123 mollası olan 7 milyonluq ölkənin “islam təməlçiləri”

SSRİ-də islam dininə yanaşma spesifik idi. Tamamilə marginal vəziyyətə salınmış dindarlar cəmiyyətin “ikinci dərəcəli adamları” statusunda idi. Azərbaycan da bu baxımdan seçilmirdi.


Ölkənin dini cameəsi çox məhdud idi. 1985-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş cəmi 18 məscid və 53 dini icma fəaliyyət göstərirdi. 1982-ci ildə aparılmış rəsmi qeydiyyata əsasən, ölkədə cəmi 123 molla vardı. Onlardan yalnız 16 nəfərinin dini təhsili vari idi. Buxaradakı “Mir Ərəb” mədrəsəsinin və Daşkənd İslam Universitetinin məzunları olan bu ruhanilərin hamısı Qafqaz Müsəlmanlar İdarəsində və Bakı şəhərinin məscidlərində işləyirdilər.


Azərbaycan SSR-də dövlət aparatında rəhbər vəzifədə işləmiş hüquq elmləri doktoru Arif Quliyev yazır:
“İş zamanı əmin oldum ki, dini faktordan öz təxribatçı məqsədləri üçün istifadə etmək həmişə sovet sisteminin arsenalındakı vasitə olub. Mərkəzin siyasəti islam dininə etiqad edən əhalinin diskriminasiyasına istiqamətlənmişdi”.


Ciddi sovet ideoloji tezisləri ilə böyümüş Azərbaycan vətəndaşları üçün din daha çox nənə-babalarının  bağlı olduğu bir məsələ idi.  


Bəs sovet rəhbərliyi qondarma “islam təhlükəsi” yarlığından nə üçün istifadə etməyə can atırdı?


1988-ci ildə erməni separatçılarının başladığı Qarabağ hərəkatı Azərbaycanda çox böyük etiraz doğurdu. Xalq xain qonşuların tarixi torpaqlarımıza  həyasız iddialarına hiddətlə etirazını bildirdi. Lenin meydanından vüsət almış milyonluq etiraz mitinqləri bir ildən sonra Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin əsas bazasına çevrildi.


Ölkəmizdə milli ideologyanın sürətlə özünə dayaq tapdağını müşahidə edən Qorbaçov və SSRİ rəhbərliyi bu hərəkatın  genişlənərək bütün ittifaq dövlətinin qəbirqazanına çevriləcəyindən qorxmağa başladılar. Dindarından tutmuş sekulyarına qədər vahid ideya ətrafında birləşmiş xalq öz mütəşəkkil birliyini ortaya qoymaqla Azərbaycanı digər ittifaq respublikaları üçün də azadlıq mayakına çevirirdi.


Moskvanın Qarabağ probleminin həllində tutduğu birtəfəli və ədalətsiz mövqe xalqın səbrini tükəndirirdi. Belə situasiya isə getdikcə ciddi böhranın əsasını qoymağa başladı. Bakıda DTK tərəfindən təşkil olunmuş erməni talanları, SSRİ-İran sərhəddinin sökülməsi, Naxçıvan və Qarabağda erməni silahlılarının dinc azərbaycanlılara hucumları, 200 min soydaşımızın ata-baba torpaqları olan İrəvandan qovulması siyasi böhranı kəskinləşdirən detenator rolunu oynayırdı.


Küçələrə çıxan yüz minlərlə insan bu vəziyyətə etiraz edir, Sovet rəhbərliyini ədaləti qərar qəbul etməyə çağırırdı.

Sovet rəhbərliyi bu andan etibarən dalğanın qarşısını almaq üçün hərəkətə keçdi.  Kreml bunun üçün 1990-cı ilin yanvarında Bakıda yaranmış vəziyyətdən yararlanmaq qərarına gəldi. Moskva üçün əsas məsələ Azərbaycanda hakimiyyət böhranı yaradaraq prosesləri qanlı məcraya aparıb çıxarmaq, milli ideyanı dağıtmaq və digər respublikalara  dərs vermək idi.  


Bunun üçün nə qədər qəribə olsa da, islam faktorundan da istifadəyə cəhd etdilər.


Azərbaycanda “islam təhlükəsi” barədə iddialar elə xalq hərəkatının başlandığı vaxtdan etibarən səsləndirilirdi. Bu tipli ittihamlar hətta Mərkəzi Komitənin dəhlizlərində müzakirə olunurdu. Məsələn, Mixail Qorbaçovun köməkçisi olmuş Çernyayev özünün memuarlarında yazırdı ki, “Bakıda küçələrə yaşıl bayraqlarla və Xomeynin portretləri ilə çıxırlar”.  
Moskva beləcə Azərbaycandakı etirazlara dini rəng verməklə Qarabağ ermənilərinin “əlinə oynayır”, eyni zamanda respublikamızı SSRİ-də başlanmış demokratik hərəkatdan təcrid etməyə çalışırdı.

Tanınmış siyasi araşdırmaçı Tomas de Vaal özünün “Qarabağ” kitabında qeyd edir ki, Azərbaycan Kommunist Partiyasının ikinci katibi, Əfqanıstandan Bakıya bu posta gətirilən Viktor Polyaniçko siyasi manipuliyasiyaya meyilli idi və islam faktorundan istifadədən çəkinmirdi. Bir dəfə Polyaniçko AXC İdarə Heyətinin  iki üzvünü –Tofiq Qasımov və Zərdüşt Əlizadəni öz yanında görüşə dəvət edərək,  qəribə təkliflə onları təəccübləndirmişdi. Polyaniçko israr edirdi ki, AXC-nin proqramına radikal islam təməlçiliyinin prinsipləri də salınsın.  “Nyu York Tayms” qəzetinin müxbiri Bill Keller Tofiq Qasımovun bununla bağlı dediklərini yazmışdı: “Polyaniçkonun kabinetində Quran var idi. O kitabı vərəqlədi və dedi: “Quran yaxşı kitabdır”. Daha sonra bildirdi: “Bakı üçün avropasayağı hərəkətlər yaxşıdır. Amma kəndlərdə müsəlman inancı çox güclüdür. Siz gərək islam faktorun nəzərə alasınız”.

Kommunist məmurundan belə təklif qəribə və şübhəli idi.  

 

“Şeyxülislam Primakovun üstünə hucum çəkdi...”


Baş verənlər  20 yanvar ərəfəsində Azərbaycanda ciddi hakimiyyət böhranı yaranmışdı. Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirovun anlaşılmaz idarəçilik siyasəti respublikada siyasi vəziyyəti dalana dirəmişdi. Bakıda siyasi gərginlik getdikcə pik nöqtəsinə çatırdı. Yanvarın 10-dan sonra SSRİ rəhbərliyinin nümayəndələri və güc qurumlarının nazir müavinləri Bakıya gəlməyə başladılar. SSRİ Ali Soveti İttifaq sovetinin sədri Y.Primakov və Sov.İKP MK katibi A.Girenko, müdafiə naziri, marşal Yazov Mixail Qorbaçov tərəfindən Bakıya ezam edilmişdi.  


Tanınmış jurnalist Nadejda İsmayılova həmin günlərdə siyasi rəhbərliyin çarəsizliyini öz yazılarında qeyd edib. N.İsmayılova yazır ki, 14 yanvarda Ə.Vəzirov Mərkəzi Komitənin iclasını çağırdı. Axşama yaxın ikinci iclas Moskvadan gəlmiş Primakovun iştirakı ilə keçirildi. Primakov kəskin suallardan qaçaraq  çıxış edənlərin sözünü kobud formada kəsirdi.  Ali Sovetin sədri Elmira Qafarova bildirirdi ki, vəziyyət çox kritikdir. Spiker deyirdi ki, Xalq Dağlıq Qarabağ probleminin həllini tələb edir. Bu problem həll edilsə, qarşılqıı anlaşma əldə olunacaq. Primakov isə cavabında  “Dağlıq Qarabağdan danışmayın! Deyin görək Bakıdakı ekstremistlərlə nə edək?” soruşurdu. İclasda Büro üzvləri Primakova deyiblər ki, meydana çıxan xalqın yalnız bir tələbi var: Qarabağda vəziyyətin normallaşdırmaq. Primakov isə qəzəbli halda etiraz edib: “Onlar hakimiyyəti deviriblər. Nə üçün buna göz yumursunuz?”.

Buradan aydın görünür ki, Moskvadan göndərilənlər yerli hakimyyətlə situasiyanı müzakirə etməyə, çıxış yolu tapmağa yox, öz qanlı niyyətlərini həyata keçirmək üçün gəliblər.

17 yanvar 1990 –cı ildə  SSRİ Ali Soveti İttifaq sovetinin sədri Y.Primakov və Sov.İKP MK katibi A.Girenko partiya rəhbərləri, AXC nümayəndələri və ziyalılarla görüşürlər. Onlar görüşdə qoşunların şəhərə girməyəcəyi barədə vədlər verirdilər.

Mərkəz paralel şəkildə başqa vasitələrə də al atırdı. Sovet rəhbərliyi dünya birliyini çaşdırmaq üçün Azərbaycanda islamçı fundamentalistlərin hakimiyyəti ələ keçirməsi haqda məlumat yayırdı.

Yanvar ayından etibarən mərkəzi sovet mətbuatında azərbaycanlıların islam fundamentalizminə yuvarlandıqları barədə materiallar dərc olunmağa başladı.

Bu baxımdan  Primakovun QMİ sədri Allahşükür Paşazadəyə respublikada hakmiyyəti ələ alması təklifi də bu təxribatların tərkib hissəsi idi: 

“Primakov mənə belə bir təklif etdi ki, biz Qorbaçovla danışmışıq, məsləhət eləmişik, ançaq bir şərtlə biz bura girməyə bilərik. Əgər sən respublikaya rəhbərliyi öz üstünə götürsən, onda biz söz verirk ki, hər cəhətdən həm sizə dövlətinizi saxlamaq üçün köməklik edərik, həm də qoşunlar bura girməyəcək”, – deyə Şeyxülislam illər sonra verdiyi müsahibəsində qeyd etmişdi.

Allahşükür  Paşazadə  Primakovun bu təkilfini sərt şəkildə rədd cavabı verib: “Mən sizin  məqsədinizi  anladım, ona  görə  qəti  deməliyəm  ki, təklif  etdiyiniz  vəzifəni  tuta  bilməyəcəyəm. Mənim 2  rükət  namazım  sizin  təklif  etdiyiniz  hakimiyyətdən qat–qat  üstündür! Mən Buxaradakı  Mir-Ərəb mədrəsəsinə daxil  olmuşam, Moskvadakı Ali  Komsomol məktəbinə yox!”.
 


Xalq şairi Bəxtiyar Vahabzadə 1997-ci ildə “Respublika” qəzetinə verdiyi müsahibədə həmin görüş barədə ətraflı danışıb:

“Bir qrup ziyalı - rəhmətlik İsmayıl Şıxlı, mən, Nurəddin Rzayev, Şeyxülislam Allahşükür Paşazadə və Həsən Həsənov yanvarın 17-də Əbdürrəhman Vəzirovun yanına getdik. Kabinetə girəndə Primakovla Girenkonu da orada gördük. Mən dərhal Primakovun üstünə hücum çəkdim ki, bizdən nə istəyirsiz, niyə əl çəkmirsiz? Sizə nə pisliyimiz keçib?

Bunu görən Vəzirov qalxıb məni qucaqlayıb sakitləşdirməyə çalışdı. Bu zaman Allahşükür Paşazadə məndən də kəskin şəkildə Primakova hücum çəkdi və sərt şəklidə “xalqıma qarşı təhlükə olan yerdə mən heç kəsi tanımıram. Düzünü de görüm, ordu şəhərə girəcək? Qırğın olacaq, ya yox?” dedi. Onlar bizi sakitləşdirməyə çalışdılar ki, qırğın olmayacaq. Amma Vəzirov bilirdi ki, şəhərə hücum olacaq. Bunu biz də hiss etdiyimiz üçün kabinetdən çıxanda Həsən Həsənov dedi ki, qırğın olacaq. Şeyx də o fikirdə olduğunu bildirdi”.

Yanvarın 18-də Moskvadan gələn nümayəndələr başda olmaqla rəhbərlik Mərkəzi Komitənin qarşısında keçirilən mitinqə gəlib və Primakov mitinqçilər qarşısında çıxış edərək deyib ki, Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməyəcək və şəhər ətrafında toplanmış ordu Bakıya yeridilməyəcək. Eyni sözü həmin gün Sov.İKP MK milli münasibətlər şöbəsi müdirinin müavini V.Mixaylov respublika televiziyası ilə çıxışında təkrar edib.


Bu zaman artıq Zaqafqaziya, Moskva, Leninqrad və digər hərbi dairələrdən gətirilmiş 50 minlik ordu hissələri şəhəri işğal etmək üçün hərbi hazırlıq işlərini başa çatdırmışdı. Bütün qoşun növlərindən ibarət olan hərbi hissələr, DTK-nın 7-ci idarəsinin “Alfa” qrupu müxtəlif istiqamətlərdən Bakıya doğru hərəkət üçün start vəziyyətdə idi.


AXC İdarə Heyətinin üzvü Etibar Məmmədovun sözlərinə görə, 18 yanvar 1990-cı ildəki görüş zamanı onlara bildirilib: “Ordu ona görə lazımdır ki, biz Azərbaycanın SSRİ-dən ayrılmasının qarşısını alaq”.  

Kommunist Partiyasının Mərkəzi Komitəsinin partiya komissiyasının sədri Rauf Axundov həmin gecəni belə xatırlayırdı:

“19 yanvar 1990-cı il saat 23.30-da “Amerikanın səsi”dən eşitdim ki, bu gün Bakıya ordu yeridiləcək. Mən qaçaraq Mərkəzi Komitəyə gəldim. Artıq göyə siqnal fişəngləri atılırdı. Girişdə Mərkəzi Komitənin katibləri Həsən Həsənov və Telman Orucovla, şöbə müdirinin müavini Abdinovla və 1-ci katibin köməkçisi Sahib Quliyevlə  üz-üzə gəldim. Onlar əvvəlcə mənə inanmadılar.  Sonra hamımız işığı hələ də yanan Nazirlər Sovetinin sədri Mütəllibovun kabinetinə qalxdıq. Saat 23.45 idi. Mütəllbov da bizim dediklərimizə inanmadı. Bizim israrımızdan sonra o Primakova və Yazova zəng vurdu. Baş verənlərdən izahat istədi. Primakov televiziyada partlayış baş verdiyini bildridi. Bu zaman atışma başlandı. Biz başa düşdük ki, səylərimiz boşa çıxıb. Avtomobillə Lenin prospekitnə gəldik. Ağır texnikadan və avtomatlardan dayanmadan atəş səsləri gəlirdi”.

Gecə 00.00-da sovet ordusunun seçmə hissələri ağır texnikadan və avtomat silahlardan istifadə edərək Bakı şəhərinə daxil oldu. Yüzlərlə dinc sakinin qətli ilə müşayiət olunan bu qanlı qırğın SSRİ tarixində misli görünməmiş divantutma əməliyyatına çevrildi.

 


“Mən qoşunların Bakıdan təxirə salınmadan çıxarılmasını tələb edirəm”

Qanlı qırğından sonra yaranmış hakimiyyətsizlik nəticəsində Təzəpir Məscidi, Qafqaz Müsəlmanları İdarəsi  xalqın müraciət edə biləcəyi yeganə yerə çevrildi.  Həmin günlər heç bir rəsmi idarə, heç bir qurum işləmirdi. 20 yanvar günü səhər Təzəpir məscidinə ilk şəhid cəsədi  gətirilir. Sovet hərbi komandanlığının kütləvi dəfn mərasiminə yol verməmək, şəhidləri hərəsinin ayrı-ayrı qəbristanlıqda dəfn etmək cəhdi iflasa uğrayır. QMİ sədri Allahşükür Paşazadənin rəhbərliyi ilə 20 yanvar şəhidlərinin möhtəşəm dəfn mərasimi keçirilir.


Araşdırmaçıların fikirincə, yanvar hadisələri zamanı şəhidlərin dəfnin təşkili ilə QMİ sanki siyasi hakimiyyətlə kütlələr arasında əlaqəni yaradan əsas həlqəyə çevrilmişdi. Şeyxülislamın qanlı qırğınla bağlı Mixail Qorbaçovu ittiham edən bəyanatı onu ildırım sürəti ilə SSRİ-nin tanınmış ictimai xadiminə çevirdi. QMİ sədrinin SSRİ rəhbərini belə kəskin ittiham etməsi bütün dünyada böyük rezonans verdi. Bu, SSRİ tarixində din xadiminin sovet rəhbərini ittiham edən ilk belə bəyanat idi.


Allahşükür Paşazadə 30 yanvar 1990-cı ildə “Azərinform”a açıqlamasında  Sovet dövləti tərəfindən Azərbaycan xalqına qarşı irəli sürülən, qoşunların yeridilməsi üçün guya səbəb olan üzdəniraq “islam amili”ni “fitnəkar ittiham” adlandırmışdı:

“Zaqafqaziya müsəlman ruhaniləri siyasi mübarizədə və millətlərarası münaqişələrdə dini ideyalardan istifadə olunmasını yolverilməz hesab edirlər. Regionda vəziyyətin hətta ən gərgin anlarında biz zəkaya, dincliyə, mehriban qonşuluğa çağırmışıq. Məhz buna görə də sabitliyi guya “islam amilinin” pozduğunu iddia etmək xüsusilə hiddət doğurur. Açıq-aşkar görünür ki, bunu iddia edənlər tamamilə məlum bir niyyət güfürlər - müsəlmanları xristianlara qarşı qoymaq. Belə bir vəziyyət millətlərarası münaqişəni daha da şiddətləndirər. Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək mən qoşunların Bakıdan təxirə salınmadan çıxarılmasını tələb edirəm. Heç bir xalqla, o cümlədən Azərbaycan xalqı ilə silahla danışmaq olmaz”.


QMİ sədri SSRİ müdafiə naziri marşal Yazov və SSRİ daxili işlər naziri Bakatinlə görüşü zamanı bu qırğına görə onları sərt şəkildə tənqid edir və onlardan Azərbaycan xalqı qarşısında üzr istəməyi tələb edirdi. Allahşükür Paşazadə müsahibəsində bununla bağlı deyib:

“O vaxt çoxlu materialları, mənim çıxışlarımı yoxa çıxartdılar. SSRİ-nin daxili işlər naziri Vadim Bakatinin mənə üzrxahlıq məktubu vardı, onu da apardılar. Mən onu çox pis şəkildə təhqir etmişdim. Yazovdan “sən mənim xalqımı, millətimi pis günə qoymusan, üzr istəməlisən" deyə tələb elədim. O, həmin  an üzr istəməsə də, sonradan məktub vasitəsilə üzr istədi. Həmin o məktub, Heydər Əliyevin mənə ünvanladığı başsağlığı məktubu və bir çox başqa sənədlər oğurlandı. Xalqdan çox şey gizlədildi. Çünki çox faktların üstü açılmadı, çox sübutlar məhv edildi”.

 

Qorbaçova görə susan Qərb və qana bələnmiş Bakı


SSRİ rəhbəri Mixail Qorbaçovun Qərbdə populyar olması onun bu qanlı əməlinin dünya liderləri tərəfindən pislənməsinin qarşısını ala bildi.

Bakıdakı qanlı qırğınla bağlı Dövlət Departamentinin nümayəndəsi Marqaret Tatuayler ABŞ hökuməti adından bəyanat verdi ki, ABŞ Azərbaycanı dəstəkləmir və Bakıdakı yanvar hadisələrini şərh etməyi lazım bilmir.

Böyük Britaniya XİN-i bəyanat verərək, Azərbaycanda yaranmış vəziyyəti “SSRİ-nin daxili işi” kimi qiymətləndirirdi.

İtaliyanın xarici işlər naziri D. Mikels də bəyan etmişdi ki, Bakıda baş vermiş hadisələr SSRİ-nin daxili işidir. Onun dediyinə görə, SSRİ hökuməti öz milli mənafelərini qorumalı və Azərbaycan Xalq Cəbhəsinin radikal əhval-ruhiyyəli millətçilərinin qarşısını almalı idi.


Həmin günlər “Amerikanın səsi” radiosu məlumat yaymışdı ki, Bakıya qoşun yeridilməsi üçün Azərbaycanda islam fundamentalizminin baş qaldırması ilə qorxudulan ABŞ prezidenti Corc Buş iki gün ardıcıl olaraq Qorbaçovu müdafiə edib.


Həmin  ağır  günlərdə  Şeyxülislamın  səsinə ilk səs  verən, ona dayaq duran Azərbaycanın Moskvadakı nümayəndiliyində hadisə ilə bağlı mətbuat konfransı keçirən görkəmli dövlət xadimi Heydər Əliyev  oldu.  Siyasi  hakimiyyətin  bütün  maneələrinə  baxmayaraq  paytaxt  Moskvada mətbuat  konfransı  keçirən  Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun sabiq üzvü, SSRİ Nazirlər Soveti sədrinin sabiq birinci müavini Heydər Əliyev bu qanlı qırğına görə Mixail Qorbaçovu ittiham etdi.


Sovet rəhbərliyinin islam təhlükəsi barədə şişirdilmiş yalanı yerimədi. Bütün dünya az sonra Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin yeni səhifəsinin şahidi oldu.  “Qanlı Yanvar” hadisəsindən iki ay sonra Azərbaycanın SSRİ-dən ayrılması, dövlət müstəqilliyi uğrunda mübarizəsi başlandı. Bir il sonra - 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.


A.Səfərli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi