Modern.az

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - Modern.az-ın ictimailəşdirdiyi HADİSƏ - FOTO

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - Modern.az-ın ictimailəşdirdiyi HADİSƏ - FOTO

17 Yanvar 2019, 16:53

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətiAzərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən barelyefini oğurlayan şəxslərin yaxalandığını bildirib.


Nazirlikdən Modern.az-a verilən açıqlamada deyilir ki, yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evindən  rayon Polis İdarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış və Məhəmməd Əmin Rəsulzadəyə məxsus barelyefin naməlum şəraitdə oğurlandığı bildirilib.

      
“Polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və zəruri araşdırmalar aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

      
Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqlərindən aşkar olunaraq maddi sübut kimi götürülüb”.

        
Faktla bağlı Abşeron RPİ-də araşdırmalar davam etdirilir.

Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev "Qafqazinfo"ya deyib ki, təqsirkar qismində iki nəfər saxlanılıb. Onlar hazırda Abşeron rayon Polis İdarəsində saxlanılır: “Emin Məmmədov qardaşı ilə birlikdə bu əməli törədib. Ancaq barelyef kəsilmiş halda tapılıb. Yararsız vəziyyətdədir. Ona görə də bələdiyyə tərəfindən yeni barelyefin hazırlanması barədə sifariş verilib”.

Xatırladaq ki, yanvarın 15-nə keçən gecə baş vermiş hadisəni ilk olaraq Modern.az saytı ictimailəşdirmişdi.

Hadisədən sonra Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli faktın araşdırıldığını demişdi:

“Novxanı bələdiyyəsinə yeni baralyefin hazırlanıb yerinə asılması ilə bağlı göstəriliş verilib. Yaxın günlərdə yeni baralyef asılacaq”.



Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir. 


Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.

Xatırladaq ki, ötən illərdə bəzi tanınmış simalar dəfələrlə müvafiq qurumlar qarşısında Rəsulzadənin doğulub, boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər. 

 





Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub