Modern.az

Polis Akademiyasında magistratura oxumaq istəyənlərin NƏZƏRİNƏ!

Polis Akademiyasında magistratura oxumaq istəyənlərin NƏZƏRİNƏ!

Aktual

18 Yanvar 2019, 13:10

Polis Akademiyasının magistraturasında 2 illik təhsil üzrə əyani formada dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) Daxili İşlər Nazirliyinin təsdiq etdiyi  “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının magistraturasında təhsilə namizədlərin seçilməsi və müsabiqəyə buraxılması Qaydaları”na əsasən qəbul elan edir.

 

Bu haqda Modern.az-a DİN-dən bildirilib.

 

Artıq ikinci ildir ki, həyata keçiriləcək qəbul  hüquqşünaslıq ixtisasının “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizasi” ixtisaslaşması üzrə 10 namizədin qəbulu keçiriləcək.

 

Polis Akademiyasının magistraturasında təhsilə namizədlər daxili işlər orqanlarının hüquq ixtisası üzrə ali təhsilli, elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətə həvəsi olan, 45 yaşadək orta və böyük rəis heyəti sıralarından olan əməkdaşlar seçilir.

Əməkdaşların sənədlərinin qəbulu və tədris işlərinin tərtibatı onların xidmət etdikləri orqanda həyata keçirilir.

Seçim şərtlərinə uyğun gələn və təhsil almaq istəyən əməkdaş, sənədlərin qəbulu üçün müəyyən olunmuş müddətdə orqan rəisi (nizami polis hissəsinin komandiri) vasitəsilə Azərbaycan Respublikasının daxili işlər nazirinə raportla müraciət edir.

Naxçıvan Muxtar Respublikasının Daxili işlər Nazirliyi üzrə namizədlərin seçimi və sənədlərinin hazırlanması bu Qaydaların tələblərinə uyğun olaraq həmin orqanın müvafiq qurumları və müvafiq seçmə komissiyası tərəfindən  təşkil edilir. Namizədlərin sənədləri DİN-in Baş Kadrlar İdarəsinə təqdim olunur.

Namizədlərin seçimi DİN-in Baş Kadrlar İdarəsində yaradılan seçmə komissiyasında  həyata keçirilir və nəticələri müvafiq qaydada protokollaşdırılır.

Nazirlik tərəfindən seçilmiş namizədlər müsabiqədə yalnız Akademiyanın magistraturasına qəbul üçün iştirak edirlər.

Magistraturaya qəbul imtahanları Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na uyğun keçirilir.

 

Magistraturaya qəbul olunanlar Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə xidmət yerində tutduğu vəzifədə saxlanılmaqla Akademiyanın sərəncamına ezam edilirlər, onların əmlak və maliyyə təminatı tutduğu vəzifə üçün müəyyən olunmuş normalar həcmində saxlanılır.

 

Dinləyicilərin vəzifə və xidmət yerinin dəyişdirilməsinə, ştat ixtisarı ilə əlaqədar xidmətdən xaric edilməsinə yol verilmir. Təhsil müddətində dinləyicilər tutduğu vəzifə üçün müəyyən olunmuş həddə növbəti xüsusi rütbəyə nomenklatura aidiyyəti üzrə təqdim olunur, həmçinin Akademiya rəisinin səlahiyyətləri ilə mükafatlandırıla və ya intizam məsuliyyətinə cəlb edilə bilərlər.

Magistraturada təhsil proqramını (kurikulumu) mənimsəmiş, dövlət buraxılış imtahanlarından müvəffəq qiymət almış və magistr dissertasiyasını müdafiə etmiş dinləyicilərə “magistr” elmi-ixtisas dərəcəsi, təhsil haqqında dövlət sənədi (diplom) və döş nişanı verilir.

 

Qeyd etmək lazımdır ki, Dövlət İmtahan Mərkəzinin 19 dekabr 2018-ci il tarixdə rəsmi internet səhifəsində verdiyi elana əsasən, Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da keçiriləcəkdir. Birinci mərhələdə namizədlərin ümumi intellektinin (məntiqi təfəkkürünün) inkişaf səviy­yəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi yoxlanılır. Birinci mərhələdə namizədlərə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (45 test tipli, 5 açıq tipli), informatika üzrə 25 ( 20 test tipli, 5 açıq tipli) və xarici dil üzrə 25 (20 test tipli, 5 açıq tipli) test tapşırığı təqdim olunacaqdır. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt verilir.

 

İkinci mərhələdə isə namizədlərin ixtisas fənləri üzrə (Cinayət hüququ, Hüquq nəzəriyyəsi, Mülki və ailə hüququ, Konstitusiya hüququ və Beynəlxalq hüquq ) bilikləri yoxlanılır. Hər bir fənn üzrə 10 sual olmaqla ümumilikdə 2-ci mərhələdə namizədlərə 50 sual təqdim olunur (45 test tipli, 5 açıq tipli sual). İkinci mərhələdə sualların cavablandırılması üçün 1 saat 30 dəqiqə vaxt ayrılır.

 

Hər iki mərhələ üzrə sualların cavablandırlmasında səhv cavablar düzgün cavabların silinməsinə səbəb olmur və namizədlərin hər iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) topanılmaqla yekun nəticə əsasında namizədlər müsabiqəyə buraxılırlar. Müsabiqə Dövlət İmtahan Mərkəzi tərəfindən elektron qaydada təşkil olunur və  namizədlərə 20 ixtisas seçmə imkanı verilir. Hər iki mərhələ üzrə toplanmış balların cəminə uyğun olaraq namizədlər ixtisas seçimini həyata keçirir və 1 həftə ərzində müsabiqənin nəticələri rəsmi surətdə elan edilir.

 

Daha ətraflı məlumatı DİN-in Polis Akademiyasının  - (012) 454-34-57;                 454-13-85 və ya Baş Kadrlar İdarəsinin - (012) 590-98-16,18-16 (daxili) nömrəli  telefonları vasitəsi ilə ala bilərsiniz.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır