Modern.az

Mübahisəli bəndlər qalmaqallı sənəddən çıxarıldı

Mübahisəli bəndlər qalmaqallı sənəddən çıxarıldı

18 Yanvar 2019, 15:46

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi artıq müzakirələrə tam hazırdır, sənəddəki bütün mübahisəli məqamlar tam aradan qaldırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.  

 

Deputatın sözlərinə görə, bu məsələ ilə bağlı hələ müddət öncə spiker Oqtay Əsədov onunla söhbət edib və sənədin nə yerdə olmasını soruşub:

 

“Mən Oqtay müəllimlə söhbətimdə bildirdim ki, bu sənəd ilk dəfə müzakirə olunanda hələ deputat deyildim, məsələnin gedişatından xəbərsizdim. Yəni, bu onu göstərir ki, bu məsələ daim parlament rəhbərliyinin diqqətində olub.

 

Onu da xatırladım ki, bu qanun layihəsi deputat həmkarımız Məlahət xanım İbrahimqızı tərəfindən hazırlanmış və onun tərəfindən məruzə edilmişdi. Ancaq o zamanlar həmin sənəd bəzi məlum məqamlara görə geri qaytarılmışdı. Bizim Səhiyyə komitəsi yaradılandan sonra isə bir daha bu məsələ ilə maraqlandıq və tam yeni qanun layihəsi hazırladıq”.

 

Ə.Əmiraslanov hesab edir ki, bu sənəd müzakirələrə tam hazırdır.

 

“Mən bu haqda artıq çox danışmaq istəmirəm, çünki bu barədə çox danışılıb, çox deyilib. Bəlkə də ikinci bir qanun layihəsi tapılmaz ki, haqqında bu qədər danışılmış olsun. Artıq hiss edilir ki, deputatlar da bu qanun müzakirəsinə və qəbuluna hazırdırlar, onların da etiraz edəcəyi bir məsələ qalmayıb. Bir sözlə, yaz sessiyasında bu qanun layihəsinin müzakirəsini nəzərdə tuturuq və gözləyirik”.

 

Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır