Modern.az

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ

18 Yanvar 2019, 17:08

Musiqi mədəniyyətimizi vətəndən uzaqda, xarici ölkələrdə təmsil etmək çox məsuliyyətli işdir. İstedadlı gənclərimizin bu işin öhdəsindən məharətlə gəlməsi çox qürurverici və sevindirici bir haldır. Musiqimizi bir çox xarici ölkələrdə və ABŞ-da uğurla təmsil edən istedadlı skripka ifaçılarından biri də Azər Dəmirovdur.

Gənc və istedadlı skripka ifaçısı, sənətşünaslıq namizədi Azər Dəmirov Rusiya Federasiyasının Samara şəhərində anadan olub. Musiqi təhsilini Samara şəhərində bitirdikdən sonra P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində Akademik Musiqi Kollecində davam etdirib. Daha sonra ABŞ-nın bir neçə universitetinə öz ifalarından ibarət videoyazı göndərmək qərarına gəlib. Filadelfiya şəhərində (Pensilvaniya ştatı) yerləşən Temple Universitetindən “Artis diplom” proqramı üzrə təhsil alma təklifini dəyərləndirərək ona göndərilən dəvəti qəbul edib. Bu proqramı başa vurduqdan sonra orada 1 il bakalavr və 2 il magistratura təhsili alaraq, doktorantura pilləsinə yüksəlib. Hazırda isə Boyer Musiqi və Rəqs Kollecində təhsil alır və çalışır. Eyni zamanda doktorluq dissertasiyası üzərində işləyir.

Azər Dəmirov Allis Tully Hall (Lincoln Center, New York), Kimmel Center (Philadelphia), Walt Disney Hall (Los Angeles), John Kennedy Center (Washington), Carnegie Hall (New York) kimi nüfuzlu konsert salonlarında solist qismində çıxış edib. Eyni zamanda Böyük Britaniya, Almaniya, İtaliya və başqa ölkələrdə keçirilən beynəlxalq musiqi festivalları və ustad dərslərində iştirak edib və laureat adını qazanıb.

Modern.az-da Azər Dəmirovla müsahibəni təqdim edirik.

- Azər bəy, musiqiyə olan sevgi sizdə haradan qaynaqlanır?

- Anamın sayəsində. Səkkiz yaşım olanda məni musiqi məktəbinə aparıb, adımı violin sinfinə yazdırdılar. Başqa çıxış yolu yox idi, yalnız skripka...

- Bəs niyə məhz skripka alətini seçdiniz?

- Anam skripkanı çox sevirdi. Sovet ittifaqı zamanı televiziya kanallarında Koqanı çox göstərirdilər. Hər dəfə onun ifasında “Karmen” fantaziyasını maraqla dinləyir və mənim də bir gün onun kimi bu əsəri ifa edəcəyimi arzulayırdı. Anamın bu sevgisi sayəsində mən musiqi məktəbinə daxil oldum və ilk 7 il mənə çox çətin oldu. Sonra özümdə potensial olduğunu anladım, hiss etdim ki, məndə bu alına bilər və musiqi təhsilimi davam etdirmək üçün 15 yaşımda Moskvaya getdim.

- Musiqinin həyatınızın ayrılmaz bir hissəsi olduğunu nə zaman anladınız?

- Elə 15 yaşımdan. O vaxta qədər tam anlamırdım musiqiyə olan marağı, sevgini...

- Böyük səhnəyə ilk çıxışınız nə vaxt və harada olmuşdur?

- Böyük səhnədə ilk çıxışım Samara şəhərində olmuşdur. 11 yaşımda ilk dəfə orkestrlə ifa etdim. Üç dəfə “Lalo” simfoniyasını və Vivaldinin “Qış fəslini” ifa etmişdim. Ondan əvvəl də uşaqlar üçün olan müxtəlif müsabiqələrdə iştirak edirdim.

- Hər bir insanın həyatında onu müəyyən peşəyə, sənətə sevdirən müəllimi olur. Sizi bu sənətə sevdirən hansı müəllimlər olub?

- Mənim ilk müəllimim Samarada Tatyana Petrovna İvanova olub. Sonra isə bütün professorlarım (Marina Kesselman, Marina Yaşvili, Valeri Vorona) mənim peşəkar musiqiçi olmağımda mühüm rol oynayıblar. İndi ABŞ-da professor Eduard Şmiederdən dərs alıram. O, görkəmli skripka ifaçısı, Oistrax və Vaymenin tələbəsi, beynəlxalq müsabiqələrin laureatıdır. Çox mükəmməl pedaqoqdur.

- ABŞ-dakı təhsil həyatından danışa bilərsinizmi? ABŞ ilə Rusiya təhsili arasında fərq varmı?

- Bəli, fərq var. Əlbəttə ki, ilk öncə həyat səviyyəsi orada tamam fərqlidir, insanlara qarşı münasibət də başqadır, Rusiya və Azərbaycanla müqayisədə mentalitet də çox fərqlənir. Klassik musiqiyə maraq orada daha yüksəkdir, daha çox hörmət edirlər. Bilirəm ki, Azərbaycanda da klassik musiqiyə yüksək dəyər verilir.

- ABŞ-na ilk dəfə gələrkən uyğunlaşmaq Sizə çətin oldumu?

- Əvvəlcə hava şəraitinə uyğunlaşmaq çətin oldu. Sonra dil problemi yaşadım. Çünki Amerikaya gələndə ingilis dilini heç bilmirdim. Bura gəldikdən sonra ingilis dilini təxminən 2 ilə öyrəndim. Uzun müddətdən sonra deyə bilərəm ki, ingilis dilinə artıq mükəmməl yiyələnmişəm. Nəzərə alsaq ki, müxtəlif məqalələr, esseləri məhz ingilis dilində yazıram, hətta dissertasiya işimi də ingilis dilində yazmışam.

- Musiqimizi ABŞ-da təmsil edirsiniz. Bizim musiqi orada necə qarşılanır?

- Amerikada Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunmuş konsertdə Fikrət Əmirovun muğam poemasını və tanınmış pianoçu Nərgiz Əliyarova ilə birlikdə Arif Məlikovun romansını ifa etdik. Amerikalılar çox böyük dəyər verirlər, sevirlər bizim milli musiqini, məmnuniyyətlə musiqimizi dinləyirlər, ümumiyyətlə, onlar müxtəlif ölkələrin folkloru ilə çox maraqlanırlar. Hətta Filadelfiya Simfonik Orkestri Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirovun əsərlərinə tez-tez müraciət edirlər. Yəni musiqimiz orada tanınır və çox sevilir.

- Gələcək planlarınızdan danışardınız.

- Gələcək planlarım – müəllim və professorlarımdan aldığım bütün biliklərimi tələbələrə öyrətmək, onlarla paylaşmaq istəyirəm. Əlbəttə ki, konsertlər vermək də planlarımda var. Müxtəlif festivallar təşkil edib, gənc musiqiçiləri dəvət etmək olar. Bu gələcək nəsillər üçün çox önəmlidir.

- Bir çox musiqiçinin həyatında sevimli bəstəkarı və əsəri olur. Sizdə bu necədir?

- Bir neçə belə bəstəkar və əsər var. Amma onu deyim ki, nədənsə romantik musiqini ifa etmək mənə daha rahatdır. Bilmirəm, bəlkə də bu məndə yaxşı alınır, ya da ürəyimə romantik musiqi daha yaxındır. Romantik bəstəkarlardan S.Raxmaninov, E.İzzai, P.İ.Çaykovski, İ.Brams və s. belə bir neçə sevimli bəstəkarın adını çəkə bilərəm.

- Uğurlarınıza görə kimə borclusunuz?

- Valideynlərimə. Onların dəstəyinə və öz zəhmətimə borcluyam...

- Nə vaxtsa fəaliyyətinizi Azərbaycanda davam etdirmək istərdinizmi?

- Böyük məmnuniyyətlə. Çox istərdim.

- Azərbaycanlı musiqiçilərlə birgə konsert təşkil etmək istərdinizmi?

- Əla olardı. Həmyerlilərimizlə birgə bir layihə hazırlamaq çox gözəl olardı. Bu barədə düşünmək lazımdır.

- Tanınmış skripka ifaçılarından daha çox kimləri dinləyirsiniz?

- Tanınmış violin ifaçılarından daha çox Yascha Heifetz, David Oistrax, Leonidas Kavakos, Maksim Vengerovun ifasını dinləyirəm.

- İkinci dəfə həyata gəlsəydiniz yenə də musiqi peşəsini seçərdiniz?

- Bəli. Çünki musiqi ilə həyat maraqlıdır. Musiqi təkcə skripka ifa etməkdən ibarət deyil. Musiqiyə aid kitablar oxuyub, müxtəlif məlumatlar əldə etmək, konsertlərə getmək... Bütün bunlar, bir sözlə musiqi insanı daha da yaxşı edir. Buna görə də yenə də musiqini seçərdim.

- Azər bəy, təşəkkürlər maraqlı müsahibə üçün. Sizə yaradıcılığınızda uğurlar arzulayıram!

- Çox təşəkkür edirəm! 

 

Ofelya İsgəndərova

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
Musiqişünaslıq fakültəsinin magistr pilləsi üzrə II kurs tələbəsi 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır