Modern.az

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...

19 Yanvar 2019, 09:35

Modern.az saytında “Art Time” rubrikasına davam edirik.  Bu dəfə də dünya şöhrətli aktyordan danışacağıq.

Onu professional aktyor edən İspaniyanın görkəmli aktyor nəslinin nümayəndəsi olması deyildi. Özünü inkişaf etdirmək bacarığı, bir də Allahın ona verdiyi xüsusi istedad sayəsində o, İspaniya və dünya kinosu tarixinə öz adını, öz aktyor üslubunu yazdıra bildi. Bəlkə də “Heç kimə bənzəməmək və heç kimi yamsılamamaq” düşüncəsinə sahib olması, onu ilk Oskar alan aktyor kimi İspaniyanın tarixinə salmışdı.

Ekspertlər isə məhz fərqli xarizması sayəsində onun çoxsaylı uğurlar qazandığını vurğulayırlar...

Xavier Angel Enkinas Bardem 1969-cu ildə İspaniyanın məhşur aktyor nəslinin nümayəndəsi aktrisa Pilar Bardemin ailəsində dünyaya gəlib. Atası isə Kuba əsilli iş adamı olmuşdu. Uşaqlıqdan teatrlarda və film çəkimlərində keçirdiyi vaxt, apardığı müşahidələr gələcəkdə aktyor plastikasının və təxəyüllünün formalaşmasında Xavierə çox kömək olacaqdı.

İlk dəfə anası ilə birlikdə İspaniyada epizodik bir rola çəkilən gənc Bardem, ispaniyalı rejissor Biqas Luna tərəfindən kəşf edilib. Biqas Lunanın 1992-ci ildə çəkdiyi romantik komediya filmi olan “Jamon Jamon”filmində oynadığı baş rol onun uğurlu aktyor karyerasının başlanğıcı oldu. Bu filmdə Xavierin tərəf müqabili İspaniyanın gənc və istedadlı aktrisası Penelopa Kruz idi. İlk debütündəki tərəf müqabilini gələcəkdə özünə həyat yoldaşı seçəcəyi Xavierin ağlının ucundan belə keçməzdi. Lakin həyat surprizlərlə doludur. Ardınca 1993-cü ildə gənc aktyor yenidən Biqas Lunanın “Qızıl Ball” filmində rol aldı.

Zaman həqiqi istedadı, çalışmaq əzmi olan insanların üzərindən heç zaman səssizcə keçib getmir. Kino dünyası da, Xavier kimi istedadlı bir aktyorun istedadına ötəri yanaşa bilməzdi. Xavier Bardemə xarici rejissorlar arasından ilk dəvət 1997-ci ildə Con Malkoviç tərəfindən gəlsə də, məlum səbəblərə görə Xavier bu təklifi qəbul edə bilmədi. İngilis dilində sərbəst danışa bilməməsi gənc Xavierin dünya arenasına çıxmasında tikanlı məftil rolunu oynayırdı.

Uşaqlıq arzusu onu məhvə apara bilərdi...

Uşaqlıqdan rəssam olmaq istəyi gəncliyində də Xavieri tərk etməmişdi. Uşaqlıqdan fərdi rəsm dərsləri alan Xavier Bardem, gənc yaşlarında aktyorluq edərək, qazandığı bütün pulları gözünü belə qırpmadan peşəkar bir rəssam olması üçün xərcləyirdi. Sərgi təşkil etməyi düşünən gənc Xavier bir gün öz müəllimi ilə qarşılaşır və ona rəsmlərini göstərir. Müəllimi isə ona təcili olaraq bu sahədən uzaqlaşmağını söylədikdə gənc Xavier ani qəbul etdiyi bir qərarla, karyerasını aktyor olaraq davam etdirmək qərarına gəlir.

“Təmiz canlı” filmi....

1997-ci ildə İspaniyalı rejissor Pedro Almadovarın rəhbərliyi ilə çəkilən “Təmiz Canlı” filmində Xavier Bardem baş rollardan biri olan David rolunda oynayırdı. Polis olaraq çalışan David, iş yoldaşı və yaxın dostunun arvadı ilə gizli eşq yaşayırdı. Bundan xəbər tutan dostu isə bunu Davidə bəlli etməyərək, əlinə fürsət düşdüyü tədqirdə onu öldürməyi hədəfləyir. Gənclik səhvinə görə bütün həyatını əlil arabasında keçirməyə məcbur olan David  rolundan sonra Xavier Bardem İspaniyanın müxtəlif bölgələrindəki gənc qızlardan eşq məktubları almağa başladı. Bu uğurlu işindən sonra Bardem Avropa Kino Akademiyasının “Tamaşaçı rəğbəti” mükafatını qazandı.

“İçimdəki dəniz”...

Yaxşı bir rejissorun ən böyük uğuru düzgün aktyor seçimidir. İspaniyada professional rejissorluğa gənc yaşlarında atılan Aleksandro Amenabar, çəkəcəyi yeni filmində baş rola Xavier Bardemdən başqa bir aktyoru təsəvvür etmirdi. Aleksandro Amenabar Xavier Bardemə filmində baş rolda oynamağı təklif edəndə vurğulamışdı ki, “Xavier onun təklifini qəbul etməsə, o, bu filmi çəkməyəcək”. Xavierin bu rolu qəbul etməsi isə illərdirki  sakit və sönük olan İspan kinosu tarixində əsl partlayışa səbəb olur. Filmdəki uğurlu aktyor işinin, filmin ideyası ilə vəhdət təşkil etməsi, məhz bu filmə 2005-ci ildə “Ən Yaxşı Xarici Film” nominatsiyası üzrə Oskar mükafatını qazandırdı.
Filmin əsas mövzusu Evantaziyadır (Sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və heyvanı həyatdan məhrum etmək). Ramon (Xavier Bardem) 26 yaşında ikən üzmək üçün qayalardan  dənizə atılarkən onurğa sütununu sındırır və ömürlük iflic vəziyyətinə düşür. 28 il sonra Ramon öz istəyi ilə ölmək üçün məhkəməyə müraciət edir. Məhkəmə bu iddianı qəbul etməsə də, Ramonun bu addımı media tərəfindən kütləviləşdirilir. Ramonun bu addımına xeyli sayda insan haqq qazandıraraq məhkəməyə qəti etirazlarını bildirir. Ramon onu sevən Rozanın köməkliyi ilə zəhər içib ölür. Ramon ölümü ilə itirdiyi azadlığı geri qaytaracağına inanırdı. Mükəmməl aktyor işini- beyin və vücudun vəhdəti, gözlərindəki ağrı, əzab və eyni zamanda da susqunluğu ilə özünü təsdiq etməyə çalışan sirli baxışları yalnız Xavier Bardem bu qədər yarada bilərdi.

Xavier Bardem istedadı dahi Miloş Forman yaradıcılığından da yan keçmədi...

Çəkəcəyi filmlər üçün aktyor seçimini bir neçə il öncə başlayan dahi Miloş Forman, 2006-cı ildə çəkdiyi “Qoyanın Kabusları” filmində qəddar, fırıldaqçı rahib Lorenzo roluna məhz Xavier Bardem estetikasını layiq görmüşdü. Həmin illərdə Xavier Bardemin ingiliscəsinin təkmilləşməsi, ona Amerika istehsalı olan filmlərdə oynamağa imkan verirdi. Mənfi obrazı məharətlə ekranda canlandıran Xavier Bardem,  bu rolu ilə əsl aktyor ustalığını nəinki Miloş Formana, bütün dünyaya sübut etdi. Əsl aktyorda məhz odur ki, mənfi və ya müsbət demədən, yaratdığı bütün obrazlarla qəlbləri fəth etməyi bacarsın.


“Yaşlılara yer yoxdur”...

Yəqin ki bu cür adlandırılan film haqqında olan fikirlərimi oxuyan yaşlı oxucularımız məndən inciməzlər. İncisələr də günahı  məndə yox, Coen qardaşlarında axtarmalıdırlar..

Dünya kinosunda Coen qardaşları imzasıyla çəkilən filmlər, zövqlü film seyr etməkdən anlayan bütün kinosevərlərə məlumdur. Dramatik- dedektiv filmi olan bu filmin qəhrəmanı cinayətkar Anton Çöqiş (Xavier Bardem) idi. Fərqli xarakterdə yaradtdığı bu obraz Xavier Bardemə karyerası ərzində arzuladığından daha çox uğur gətirdi. İstehsala buraxılan kimi filmin satışı Amerikada rekord həddə çatmışdı. Filmin çəkilişləri Xavier Bardem üçün kifayət qədər çətin olsa da, o, öz peşəsinə olan marağı, iti aktyor fəhmi ilə çətinliklərə sinə gəlməyi bacarmışdı. Büdcəsi 25 milyon dollar olan bu film Coen qardaşlarına 171,6 milyon dollar, Xavier Bardemə isə ardıcıl olaraq Bafta, Oskar və Qızıl qlobus mükafatlarını qazandırdı.


“Gözəl”... 


Gözəllik dedikdə çoxları zahiri gözəlliyi nəzərdə tutur. Daxili gözəllik anlayışı da uzun müddətdir ki, incəsənətin bütün sahələrinin diqqət mərkəzində olub. Bəs çirkin işlərlə məşğul olan insanın daxilində gözəllik axtarmaq necə? Yəqin ki, bu hal bir çox insanların fikrincə ağılsızlıq kimi düşünülə bilər. Bu amil üzərində filminin strukturunu quran ispaniyalı rejissor Aleksandro Qonzalesin gözəli də məhz belə bir gözəl idi. Qəlbi gözəl, əməlləri isə çirkin olan Uxball rolu bu dəfə də professional aktyor Xavier Bardemə həvalə olunmuşdu. Bitib tükənməyən aktyorluq istedadı, yaradıcı gücü, obraza birşaxəli deyil, çoxşaxəli baxış bucağı Xavier Bardemin ortaya qoyduğu başlıca özəllik idi. Xavier Bardem hansı rolda oynayırdısa obrazı özündə yox, özünü obraz daxilində tapırdı. Elə Uxbalın bu qədər təbiliyinin səbəbi də, Xavyerin özünü məhz bu obraz daxilində tapması idi. Qaçaq işlər görən Uxball əslində çox geniş və mərhəmətli bir qəlbə sahib idi. Sadəcə həyat onu qaçaq işlər görməyə məcbur edirdi. Bir də övladlarını sağlam və xoşbəxt böyütmək arzusu. Uxball qaçaq işlərdə miqrantlardan istifadə edirdi. Qaçaq olaraq tikintidə işlətdiyi Çin vətəndaşları zirzəmidə yatarkən ucuz və keyfiyyətsiz sobadan zəhərlənib ölürlər. Uxball isə o sobaları saf niyyətlə, miqrantların həyat mübarizəsində qalib olmaları üçün almışdı. Xavier Bardem estetikası fonunda yaradılan Uxballda hər şey təbii idi. Susqunluq da, göz yaşları da. Uxballın qaçaq olaraq çanta satdırdığı afrikalı zəncilər isə polis tərəfindən tutularaq deport olunurlar. Bir işçinin ac qalan arvadı və körpəsinə Uxball öz evində sığınacaq verərək, onları öz himayəsinə götürür. Keçirdiyi çətin həyat tərzi, qarşılaşdığı saysız problemlər, bir tərəfdən də, ona başağrısı olan polis qorxusu, Uxbalın prostat adenomasına yaxalanmasına səbəb olmuşdu. Son nəfəsində uşaqlarını və bütün pullarını boşandığı narkoman, əxlaqsız həyat tərzi keçirən keçmiş həyat yoldaşına deyil, təmiz qəlbli afrikalı qadına vəsiyyət etdi.

Xavier Bardem son illərdə Skyfall (2012), Silahlı adam (2015), Son üz (2016), Ana (2017),  Hamı bilir (2018) filmlərinə çəkilmişdi.
Hazırda aktyorluq karyerasını davam etdirməkdədir. Aktyor 2010-cu ildə uzun illər filmlərdə tərəf müqavili olduğu İspaniyanın dünya şöhrətli aktrisası Penelopa Cruzla evlənib. Cütlüyün bir qız və bir oğlan övladları var. Penelopa Cruzun kimliyi və aktrisalıq fəaliyyəti haqqında isə önümüzdəki günlərdə məlumat ala bilərsiniz...


Leyla Əsədullayeva

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir