Modern.az

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir

Aktual

20 Yanvar 2019, 00:00

Azərbaycanın azadlıgı və ərazi bütövlüyü ugrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan qanlı 20 Yanvar hadisələrinin növbəti - 29-cu ildönümünü anırıq.

Modern.az xəbər verir ki, sovet hərb maşınının 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi  bu terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Hadisə 70 il ərzində sülhpərvər missiyanın daşıyıcısı kimi kimi təbliğ olunan Qızıl Ordu barədə düşüncələrdəki mifi alt-üst etdi.

 

29 il öncə ölkəmizə qarsı ərazi iddiaları irəli sürən Ermənistanın təcavuzkar hərəkətlərindən və kecmis SSRİ rəhbərliyinin onlara havadarlıgından hiddətlənərək Bakı  kucələrinə cıxıb buna qəti etirazını bildirən Azərbaycan xalqı azadlıq uğrunda mücadiləsini bütün dünyaya nümayiş etdirdi. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya göstərdi.

Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

Bakıya yeridilən Sovet Ordusunun 35 minlik xüsusi təyinatlı bölmələri, daxili qoşunları, Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlərinə ancaq əzmək, məhv etmək təlqin olunmuşdu. 

 

«Udar» («zərbə») şərti adı altında keçirilən həmin dəhşətli əməliyyat SSRİ-nin Müdafiə, Daxili İşlər nazirlikləri və Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanmışdı. Əməliyyatda əsas yer xüsusi təyanatlı «ALFA» qrupuna və DTK-nın təxribat qruplarına ayrılmışdı.

 

Bakıya yeridilmiş qoşun kontingentinə “doyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər (“Şit” təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından): "Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar".

Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.

Tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.



Gunahsız insanların qətli ilə nəticələnən olay Qorbacov basda olmaqla Sovet imperiyası rəhbərliyinin Azərbaycana qarsı bağışlanılmaz cinayətidir. Təəssüf ki, cinayət hələ də cəzasız qalır… 

 

«…O gecə tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər gördükləri bütün canlılırı güllə yağışına tuturdular. Qəfil ölüm insanları nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində belə yaxalayırdı...».

 

Qanlı yanvar gecəsinin canlı şahidləri müdhiş hadisəni belə xatırlayırlar.

 

1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan oğul və qızlarımız xalqımız azadlıq, müstəqillik qazanmasına yol açdılar. 

 

Artıq 29 ildir yanvarın 20-ni Ümumxalq hüzn günü kimi qeyd edirik. Yenə də Bakının ən yüksək nöqtəsində azadlıq uğrunda şəhid olan qəhrəman soydaşlarımızın uyuduğu Şəhidlər xiyabanına ümumxalq ziyarəti var.


A.Qorxmaz 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu