Modern.az

20 yanvar hadisələri beynəlxalq hüquq kontekstində  

20 yanvar hadisələri beynəlxalq hüquq kontekstində   

20 Yanvar 2019, 10:00

Səyyad Məcidov
hüquq elmləri üzrə fəlsəfə doktoru


Azərbaycanlılara qarşı son 100 ilin ən ağır beynəlxalq cinayətlərindən biri də 1990-cı il 20 yanvarında Bakıda baş vermiş sülh və insanlıq əleyhinə cinayətlərdir. Xüsusi qeyd etmək lazımdır ki, bu cinayətin törədilməsində sovet imperiyasının havadarlığı ilə ermənilər aktiv iştirakçı qismində çıxış etmişlər.

Ölkəmizin müstəqilliyi uğrunda mübarizə tarixinə milli qürur və qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələri tarixi-hüquqi, xüsusilə beynəlxalq cinayət hüququ müstəvisində qiymət verilməsi həm elmi-nəzəri, həm də siyasi baxımdan önəmlidir.

İlk növbədə bu hadisələri insanlıq əleyhinə cinayət hesab edərək bununla əlaqədar bəzi beynəlxalq hüquqi elementlərə diqqət yetirək. Beynəlxalq hüquq ədəbiyyatlarında bu terminin normativ-hüquqi cəhətdən ilk dəfə istifadə edilməsi isə Nürnberq tribunalının Nizamnaməsinə aid edilir. Belə ki, ilk dəfə “insanlıq əleyhinə cinayətlər” anlayışı Nürnberq Beynəlxalq hərbi Tribunalı Nizamnaməsinin 6-cı maddəsində öz əksini tapmış və onun tərkibini yaradan əməllər konkret göstərilmişdi. Nizamnaməyə görə Tribunalın yurisdiksiyasına aşağıdakı beynəlxalq cinayətlər aid edilmişdi:

– sülh əleyhinə cinayətlər – təcavüzkar müharibənin və ya beynəlxalq müqavilə, saziş və etimadnamələri pozmaqla müharibənin planlaşdırılması, hazırlanması, başlanması və ya yuxarıda sadalanan fəaliyyətin hər hansı birinin həyatakeçirilməsinə yönəlmiş ümumi planda və qəsdlərdə iştirak etmək;

– müharibə cinayətləri – müharibə qanun və ya adətlərini pozmaq, bu pozuntularla işğal olunmuş ərazinin mülki əhalisini öldürmək, işgəncə vermək, qula çevirmək və ya başqa məqsədlə aparmaq, hərbi əsirlər və ya dənizdə olan şəxsləri öldürmək və ya onlara işgəncələr vermək, girovları öldürmək, ictimai və ya şəxsi əmlakı talamaq, şəhər və kəndləri mənasız dağıtmaq, hərbi zərurətlə əlaqədar olmayan talançılıqvə başqa cinayətlər;

– insanlıq əleyhinə cinayətlər – müharibəyə qədər və ya müharibə zamanı adamöldürmə, işgəncə vermə, kölə vəziyyətinə salma, deportasiya və digər qeyri-insani hərəkətlər və ya siyasi, irqi və ya dini motivlərə əsasən, mülki əhalini təqibetmə.

Müasir beynəlxalq hüquqda isə insanlıq əleyhinə cinayətlərin anlayışı ən müfəssəl formada Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda (1998-ci il Roma Statutu) verilmişdir. Statutun 7-ci maddəsinə görə, “insanlıq əleyhinə cinayət” əgər bu cür hücum qəsdən törədilərsə, hər hansı mülki şəxslərə qarşı genişmiqyaslı və sistematik hücumlar çərçivəsində həyata keçirilən adamöldürmə, məhvetmə deportasiya, işgəncə və s. hərəkətlərdən birini ifadə edir. Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətlər kontekstində Statutda göstərilən tövsifedici elementlərlə tam mənada üst-üstə düşən əlamət məhz bu əməllərin mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik hücum çərçivəsində törədilməsidir.

Qeyd edək ki, məhz bu zərurət nəzərə alınmaqla insanlıq əleyhinə cinayətlərlə bağlı son illər Azərbaycan hüquq elmində də maraqlı və əhatəli araşdırmalar aparılır. Bunlardan professor Ə. Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil”, dosent R.K.Məmmədovun “Beynəlxalq cinayət hüququ və Azərbaycan Respublikasının cinayət qanunvericliyi”, dosent Ə.Allahverdiyevin “Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər” adlı kitablarını və digər əsərləri qeyd etmək olar.

20 yanvar hadisələrinə ilk növbədə Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar niyyətlərinə təkan verən və genişmiqyaslı kriminal planları kontekstində keçmiş SSRİ rəhbərliyinin havadarlığı və bilavasitə təşəbbüsü ilə Bakıya sovet ordusu hərbi hissələrinin yeridilməsi ilə nəticələnən silahlı təcavüz cinayətinin bariz nümunəsi kimi yanaşmaq lazımdır. Xüsusilə vurğulamaq istərdik ki, bu hadisəyə məhz beynəlxalq hüquqi nöqteyi-nəzərdən sülh və bəşəriyyət əleyhinə cinayətlərdən biri – təcavüz kimi yanaşma hadisələrin mahiyyəti və cinayətin obyektiv elementləri baxımından da məqsədəmüvafiq hesab edilə bilər. Çünki, universal əsaslı imperativ konvensiyanın hələ qüvvəyə minməməsinə baxmayaraq, təcavüz istənilən dövrdə beynəlxalq demokratik proseslərə təsir imkanlarına mailk olan hüquqi-siyasi problem olmaqla, törədilən hüquq pozuntusuna görə məsuliyyətin birbaşa dövlətlərin və onların rəhbər şəxslərinin üzərinə yönəldiyi transmilli, kriminal xarakterli konkret hərəkət və hərəkətsizlikdən ibarət olan ən ağır cinayət əməlidir. Bu mənada tam əminliklə söyləmək olar ki, 20 yanvar faciəsi Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş hərbi təcavüzdür. Qeyd edək ki, BMT Baş Assambleyasının Təcavüzün Tərifi haqqında 14 dekabr 1974-cü il 3314 saylı qətnaməsinə görə, təcavüz bir dövlətin digər dövlətin suverenliyi, ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə bu və ya digər şəkildə BMT Nizamnaməsi ilə bir araya sığmayan silahlı güc tətbiq etməsi hesab olunur. Göründüyü kimi, bu cinayətin obyektiv cəhətlərindən biri silahlı gücün tətbiqi, digəri isə həmin hüquqazidd hərəkət və hərəkətsizliyin dövlətin suverenliyi, ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə yönəlməsidir. Tərifə əsasən, təcavüzkar və təcavüz qurbanı qismində suveren dövlətlər tanınır. Keçmiş SSRİ Konstitusiyasına (81-ci maddə) və bu qurumun yaradılması haqqında müqaviləyə görə Azərbaycan de-yure suveren dövlət idi və belə bir hərbi intervensiya onun suveren hüquqlarının kobud şəkildə pozulması qənaətinə gəlməyə tam hüquqi əsas yaradır. Lakin qeyd olunmalıdır ki, o dövrdə sovet mətbuatı erməni diasporasının və “Daşnaksutyun” partiyası ideoloqlarının təhriki ilə ictimai şüura açıq-aşkar ideoloji təsir göstərir, ermənilərin separatçılığını sovet hakimiyyəti illərində guya Azərbaycan hökuməti tərəfindən törədilən sıxışdırmalara, təhqirlərə və ayrı-seçkiliyə qarşı məcburi etiraz hərəkəti kimi qələmə verirdi. XX əsrin axırlarında sovet rəhbərləri bir tərəfdən, ermənilərin ərazi iddialarının təmin olunması, digər tərəfdən azərbaycanlıları daha da sıxışdırmaq məqsədi ilə onların yaşadıqları ərazilərin kiçildilməsi siyasətinin davam etdirilməsi üçün cinayətkar məqsədli ardıcıl addımlar atdılar. Məhz buna görə 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR ilə “birləşdirilməsi” haqqında anti-konstitusion akt qəbul etdikdə Moskva buna göz yumdu. 20 yanvar faciəsinin Ermənistanda və Dağlıq Qarabağda baş verən hadisələrlə birbaşa əlaqəsi danılmazdır. Bu hadisələr azərbaycanlılara qarşı iki əsr ərzində davam edən soyqırımı, deportasiya, Azərbaycan ərazisinin zorla qoparılıb Ermənistana verilməsi siyasətinin məntiqi davamı kimi də səciyyələndirilə bilər. Çünki, xalq azərbaycanlıların qədimdən bəri yaşadıqları Ermənistanda onlara kütləvi surətdə divan tutulmasını, oradan zorakılıqla qovulmasını dayandırmağı və Dağlıq Qarabağın Ermənistana qatılmasına yol verməməyi tələb edirdi. Bu Azərbaycan xalqının öz konstitusion tələbi idi və sovet rəhbərləri 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə bu haqlı tələbə misli görünməmiş qəddarlıq və cinayətkarlıqla cavab verdi.


Qeyd olunan səbəblərə görə həmin dövrün hadisələrinə bütövlükdə sülh və bəşəriyyət əleyhinə cinayətlər – hərbi təcavüz, müharibə və insanlıq əleyhinə cinayətlərin baş verdiyi kompleks və genişmiqyaslı beynəlxalq hüquqazidd əməl kimi yanaşmaq da doğru olardı. Hadisələrin beynəlxalq hüquqa zidd olması haqqında fikirlər həmin dövrdə parlament tərəfindən qəbul olunmuş bir sıra aktlarda da öz ifadəsini tapmışdır. Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında Azərbaycan SSR Ali Sovetinin 22 yanvar 1990-cı il tarixli qərarının 1-ci maddəsində qeyd olunur: “Bakıda fövqəladə vəziyyət haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar 1990-cı il tarixli fərmanı Azərbaycan SSR-in suverenliyinə qarşı təcavüz, bu fərmanın Bakı və onun ətrafında kütləvi qırğına səbəb olmuş icrasına sərəncam vermiş SSRİ ali hakimiyyət orqanlarının və ali vəzifəli şəxslərin hərəkətləri isə Azərbaycan xalqına qarşı cinayət kimi qiymətləndirilsin”. 1990-cı il yanvarın 19-20-də Bakı şəhərində baş vermiş hadisələrin ilkin təhqiqi haqqında Azərbaycan SSR Ali Soveti İstintaq Komissiyasının 11 fevral 1990-cı il tarixli Bəyanatında isə qeyd olunurdu ki, İttifaq hakimiyyət orqanları ölkənin qanunlarını və beynəlxalq hüquq normalarını saya almadan, Azərbaycan SSR-in suveren hüquqlarına məhəl qoymadan, SSRİ-nin yaradılması haqqında müqavilənin şərtlərini, SSRİ Konstitusiyasını və Azərbaycan SSR Konstitusiyasını kobudcasına pozaraq, respublikanın ali dövlət hakimiyyəti orqanlarının razılığı və fövqəladə vəziyyəti tənzimləyən qanunvericilik aktı olmadan Azərbaycan Sovet Sosialist Respublikasına qeyri-qanuni surətdə qoşunlar yeritmiş və onun paytaxtı Bakı şəhərində fövqəladə vəziyyət elan etmişlər.

Bu hadisələr həmçinin, beynəlxalq humanitar hüququn ciddi və kobud şəkildə pozuntusunu təşkil etməklə, birbaşa 1949-cu il Cenevrə konvensiyalarına zidddir. Çünki, faciə zamanı qoşun hissələri və birləşmələrinin tanklardan, piyadaların hərbi maşınlarından və zirehli transportyorlardan, həmçinin partlayan gülləsi və ağırlıq mərkəzinin yeri dəyişdirilmiş kütləsi olan odlu avtomat silahlardan istifadə edilməsi beynəlxalq humanitar hüququn norma və sazişlərinin açıq-açığına pozulması deməkdir. Bundan əlavə, yaralılara xidmət etmək üçün təcili yardım maşınlarının gülləbaran edilməsi, habelə bu qanlı cinayətin əsl miqyasının dünya ictimaiyyətindən gizlədilməsi məqsədilə xarici ölkələrin respublikaya lazımi tibbi yardım etmək üçün göstərdikləri bütün cəhdlərin qarşısının qətiyyətlə alınması 1949-cu il Cenevrə konvensiyaları və onlara 1977-ci il əlavə protokollarında nəzərdə tutulan muharibə aparılması qaydaları ilə, habelə digər sazişlərlə tam ziddiyyət təşkil edir. Beynəlxalq hüquqa görə müharibə cinayətləri – silahlı münaqişə (beynəlxalq və dövlətdaxili silahlı münaqişə olmasından asılı olmayaraq) zamanı tətbiq edilən humanitar hüquq normaları və ya müharibə adət və qanunlarının pozulmasıdır. Bundan əlavə, Nürnberq Tribunalı Nizamnaməsinin 6-cı maddəsinə görə müharibə qanun və adətlərinin pozuntularına hərbi müdaxilə edilmiş ərazidə yaşayan mülki əhalinin öldürülməsi, onlara əzab verilməsi, ictimai və ya xüsusi mülkiyyətin qarət edilməsi, şəhər və kəndlərin mənasız dağıdılması, hərbi zərurətdən doğmayan talançılıq və s. aiddir.

20 yanvar hadisələri müasir dövrün insan hüquqları konsepsiyaları və bu sahədə qüvvədə olan beynəlxalq konvensiyaların müddəaları ilə tamamailə üst-üstə düşməyən elementlərlə zəngindir. Çünki, həmin dövrdə Bakıda dinc əhaliyə qanlı divan tutulması, yüzlərlə adamın öldürülərək yaşamaq haqqının əlindən alınması və yaralanması, digər şəxslərin informasiya blokadası şəraitində saxlanılmaqla baş verən hadisələr haqqında düzgün məlumat almaq imkanlarından məhrum edilməsi, onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirlməsi, eybəcər hala salınmış cəsədlərin qalıqları, qurbanlar arasında qadınlar, qocalar və uşaqlar, azərbaycanlılar, ruslar, tatarlar və yəhudilərin olması faktları beynəlxalq hüququn ən mühüm prinsiplərindən birinin – insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipinin kobud və kütləvi pozuntusu idi və bütün bunlara heç bir əsasla bəraət qazandırmaq qeyri-mümkün idi.

Maraqlıdır ki, həmin dövrdə bu acınacaqlı faktlara dünya ictimaiyyətinin də mövqeyi birmənalı olmamışdır. Bəzi Qərb ölkələri bu cinayətkar hərəkətləri SSRİ-nin daxili işi hesab edərək, baş vermiş insan hüquq pozuntularına öz siyasi maraq və mənafeləri prizmasından yanaşmaqla, laqeyd və seyrçi mövqedə dayanmışlar. Məsələn, Böyük Britaniya və İtaliyanın XİN-i bəyanat verərək, Azərbaycanda yaranmış vəziyyəti “SSRİ-nin daxili işi” kimi qiymətləndirirdi. ABŞ isə Dövlət Departamentinin nümayəndəsi Marqaret Tatuaylerin şəxsində bəyanat vermişdi ki, ABŞ Azərbaycanı dəstəkləmir və Bakıdakı yanvar hadisələrini şərh etməyi lazım bilmir. Dövlət Departamenti M. Qorbaçovu açıqca dəstəkləyərək hesab edirdi ki, onun səyləri azərbaycanlılarla ermənilər arasında silahlı toqquşmanın dayandırılmasına yönəldilmişdir. Əlbəttə, belə mövqelər həmin dövrün geosiyasi şərait və amilləri ilə sıx bağlı idi. Çünki, Qərb dövlətləri anlayırdı ki, bu cür millətlərarası münaqişələr SSRİ-ni daxildən zəiflədərək parçaladığı üçün, 20 yanvar hadisələri kimi anoloji faktlar onların “soyuq müharibə” planlarına və strateji məqsədlərinə tamamilə uyğun idi.

Eyni zamanda, 20 yanvarda baş verən faktların obyektiv cəhəti bu əməllərin insanlıq əleyhinə cinayət kimi tövsif olunması üçün də əsas verir. Beynəlxalq hüquqi sənədlərə görə insanlıq əleyhinə cinayət sistematik və geniş miqyasda törədilən, hökumət və ya istənilən təşkilat, yaxud qrup tərəfindən həvəsləndirilən və ya istiqamətləndirilən adamöldürmə, siyasi, irqi, dini və ya etnik motivlər üzrə təqib etmə, adamların zorakı itirilməsi, fiziki və ya psixi toxunulmazlığa, səhhətə və ya insan ləyaqətinə ciddi zərər yetirən digər qeyri-insani əməllər hesab olunur. Göründüyü kimi, bu cinayət əməli keçmiş sövet dövlətinin rəhbər şəxsləri tərəfindən həvəsləndirilməklə, sistemli şəkildə və geniş miqyasda törədilərək, kütləvi xarakter daşıyan qırğınlar və insanların qəsdən məhv edilməsi ilə müşahidə olunmuşdur.

Beləliklə, 1990-cı ilin 20 yanvar faciəsinin törədilmə motivləri və cinayət əməllərinin çoxsaylı obyektiv tərəfləri bir dövlətin daxili işi hesab olunmadan bu hadisələrin yuxarıda qeyd etdiyimiz faktiki və hüquqi əsaslar üzrə beynəlxalq hüquq norma və prinsiplərinin pozulmasına səbəb olmuş insanlıq əleyhinə cinayətlər hesab edilməsinə imkan verir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir