Modern.az

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...

20 Yanvar 2019, 13:32

Həyatda yarımçıq qalan çox qəribə talelər var. 20 Yanvar – o zülmət gecə Ağayevlər ailəsindən də yan keçməyib. Həmin gecə itkin düşənlər arasında Şövkət Ağayev də var. 1936-cı il 14 dekabrda Bakıda ziyalı ailəsində anadan olmuşdu. Bakıdakı 18 nömrəli məktəbi bitirib, sonra BDU-da hüquq fakültəsində təhsil alıb. 1983-cü ildə ailə həyatı qurub. Atası Həsən Ağayev 70-ci illərdə Tibb Universitetində göz xəstəlikləri kafedrasının müdiri olub. Anası Rəhimə xanım əslən Osetiyadan, atası isə içərişəhərli olub. Sövkət Ağayev Suraxanı rayonunda hakim işləyirdi. 

Həyat yoldaşı Həqiqət xanım o gecəni ürək ağrısı ilə xatırlayır. Xoşbəxtliyimiz yeddi il çəkdi. Bir gecənin içində həyatımız ömürlük qaraldı. Geriyə toz basmış xatirələr, solğun fotoşəkillər, bir də altı yaşlı qızcığazın ata həsrəti qaldı. Yanvarın 19-da mütləq meydana getməli olduğunu bildirdi. Başqaları necə, mən də elə. Vətənimi müdafiə etməliyəm! “Bu gediş son oldu.” Xeyli vaxt keçdi. Amma ondan xəbər çıxmadı. Gözüm qapıya dikili qalmışdı. Bir sual düşündürdü məni: ölüdü, ya diri. Ayları illər əvəzləyirdi. Zaman su kimi axıb gedirdi. O vaxdan Şövkət Ağayevin nə ölüsü, nə dirisi tapılıb. Həqiqət xanım danışdıqca yorğun gözlərindən acılı xatirələr, bir də illərin kədərli baxışları boylanırdı. Belə gözəl, səmimi, mehriban insan niyə məni tək qoyub getdi? Kaş ki, məni incidəydi,ondan küsəydim: Yaram bu qədər dərin olmazdı. Hər zaman onu tapacam deyə düşünmüşəm. 

Prezident İlham Əliyevin 1998-ci il 29 dekabr tarixli fərmanına uyğun olaraq, Ağayev Şövkət Həsən ­oğluna “20 yanvar şəhidi” fəxri adı verildi. Şəhidlər xiyabanında şəkili asıldı. Bu, sanki, ailəyə sakitlik gətirdi. Qızı Sevinc xanım hər il Şəhidlər xiyabanını ziyarət etdiyini deyir: “Atamın yoxluğunu hec vaxt qəbul edə bilmirəm. Amma bir ildi gedib o soyuq mərmərə ürəyimi boşaldıram. Şəklindəki isti baxışı mənə bəs edir. Elə bilirəm, atamın ruhu da, cismi də burdadı. Elə bilirəm, o burda hər gün məni gözləyir. 

Bir az atalı günlərimə qayıtmaq istərdim. Atamın yoxluğundan sonra hiss etmişəm ki, anam var. Həmişə məni atam aparardı baxçaya. İşi ilə əlaqədar boş vaxtları az olardı. Lakin mütləq mənə vaxt ayırardı. Anam da işləyirdi. İşdən gəldikdən sonra anam mənimlə oynamazdı, atam isə həmişə vaxt ayırardı mənə. Bəlkə, indi nəsə yediyimi soruşsanız xatırlamaram, amma atalı günlərimin hər anı yadımdadır. Çox sakit, mehriban ailə olmuşuq. Anamla atam arasında o qədər hörmət var idi ki, heç vaxt evdə səs ucalmazdı. Anam həmişə mənə deyirdi ki, tapılacaq, gələcək. Hər zaman düşünürdüm ki, atam məni qoydu getdi. Uşaq təfəkkürü idi. Olurdu ki, məktəb vaxtı uşaqlardan biri nələrinsə atasının aldığını söyləyirdi. Anama deyirdim ki, mənə bir şey al. Səhəri gedirdim ki, baxın, bunu mənə anam alıb. Atasızlığı ən çox ailə quranda hiss etmişəm. Bir də ailəmdən ayrılanda. 

Onkoloji xəstə idim. Anam məni həyata qaytarmaq üçün atamın nəfəsi duyulan evimizi satıb məni müalicə etdirdi. Kirayələrdə yaşamağımıza baxmayaraq, anam məni həyata qaytara bildi. Bilirəm ki, atam olsaydı, hər şey başqa olardı. Başqa taleyim olardı. Məncə, qız üçün atasızlıq yaman pis şeydi. Deyirlər, anasız qızın hörməti olmur, məncə atasız da hörməti olmur. Çünki mən bunu yaşadım. Bir oğlum var. “Kaş ki, o babasını görəydi”.Göz yaşlarına sahib ola bilmir, Sevinc xanım.

Sonra özünü toparlayıb sözünə davam edir: “29 il gözümüz yolda qalıb ki, bir gün qayıdacaq. Elə olub, deyiblər ki, yolda Şövkətə oxşayan birini gördük. Anam əlindəkini atıb qaçıb o yerə. Bəlkə, orada çarəsizdi, deyə düşünüb. Döyüblər, şikəstdi mən razıyam, qəbulumdu. İnterpola qədər axtarış verdik, nəticəsiz qaldı. Belə ümidlə biz 27 ili başa vurduq. İllərlə axtardıq. Onu deyim ki, biz xosbəxtik ki, azərbaycanlıyıq. Çox ölkələrdə belə humanizm, ədalət yoxdur. Ömrümün sonuna qədər ədalətli qərarına görə cənab Prezidentə və ailəsinə minnətdaram ki, 27 il sonra – 2017-ci ildə atama “20 Yanvar şəhidi” adı verdi”. 

Qazandığımız müstəqilliyin şanlı yolu şəhidlərin adı ilə bağlıdır. Azərbaycanın azadlığı uğrunda canını düşmən gülləsinə sipər etmiş şəhidlərimiz həmişə qəlblərdə yaşayacaq. 

 


Ülviyyə VAHİDQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır