Modern.az

Dağıstanda sosial problemlər...

Dağıstanda sosial problemlər...

20 Yanvar 2019, 14:17

Şimali Qafqazın 2025-ci ilə kimi sosial-iqtisadi inkişaf strategiyasına nəzər salsaq, görərik ki, burada əsas məqsəd iqtisadi inkişaf və regional təhlükəsizliyi təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaqdır.

Bölgə strateji baxımdan əhəmiyyətli rola malikdir. Neft və təbii qaz ilə zəng olan Şimali Qafqaz Rusiya ilə yanaşı ABŞ–ın da diqqət mərkəzindədir. Geostrateji baxımdan şimaldan-cənuba, qərbdən-şərqə bir körpü rolunu oynayan Şimali Qafqaz Qərb bazarlarına açılmağa da imkan yaradır. Bölgə xüsusi ilə Xəzər neftinin Qərbə çatdırılmasında Rusiya üçün böyük əhəmiyyət daşıyır. Rusiya Federasiyasının cənub hissəsində yerləşən Şimali Qafqazın ərazisi 254.300 kvadrat kilometrdir. Bölgə Adıgey, İnquşetiya, Çeçenistan, Dağıstan, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Şimali Osetiya kimi 7 respublika və  2 Krasnodar, Stavropol diyarlarından ibarətdir.

Qeyd edək ki, son 5 ildə respublikanın sosial-iqtisadi şəraiti müsbət dinamika ilə xarakterizə olunur. Lakin əhalinin həyat səviyyəsi və keyfiyyətində müxtəlif ziddiyyətlər mövcuddur. Respublikanın iqtisadiyyatına nəzər salsaq, əsasən kənd təsərrüfatı və sənaye sahələri üzrə inkişaf etmişdir. Buna qida, istehlak malları, tikinti materialları, neft hasilatı, enerji istehsalını və s aid etmək olar. Yer altı mədənləri isə neft, yanar qaz, kuvars qumu, daş kömür, dəmirdən ibarətdir. Sənaye kompleksi yeyinti sənayesi, qeyri-metal məhsullar və neft məhsulları istisna olmaqla istehsalın bütün digər növlərini özündə birləşdirir. Heyvandarlıqda başlıca yeri isə qoyunçuluq tutur.

Sosial və iqtisadi baxımdan respublikanın inkişafı ilə bağlı müxtəlif istiqamətlər üzrə inkişaf strategiyaları iqtisadi komplekslər formasında müəyyən edilmişdir. Həmin komplekslər tikinti, yanacaq və enerji, sosial innovasiya, turizm, sənaye, aqro sənaye, ticarət, nəqliyyat və logistika kompleksidir.

Həmçinin qeyd edək ki, respublikasındakı sosial-iqisadi proseslər və urbanizasiya nəticəsində şəhər əhalisinin sayı artmaqdadır. 2010-cu ildə ki, göstəricilərinə nəzər salsaq, Dağıstan respublikasının əhalisi 2,919,200 idi. Bu isə 2002-ci ildə ki, göstəricilərə görə, 333 min nəfər artım deməkdir. 2011-ci ildə isə bu göstərici 2 762,1 min nəfər olmuşdur. 2016-ci ildə əhali 3.015.660 nəfər təşkil edirdi. Əhalinin 95%-i müsəlmanlardan, 4%-i isə  xristianlardan ibarətdir. Bölgənin belə qarışıq tərkibi bir növ rusların azalması isə müşahidə olunmuşdur. 1989-1994-cü illərdə rusların köç etməsi nəticəsində onların sayında 15% azalma baş vermişdir. 1989-cu ildən sonra isə bu proses daha da sürətlənmişdir.

Dağıstan Respublikasında sosial şəraitin inkişafı istiqamətində dövlət müxtəlif  sahələrdə işlər aparır. Əhalinin yaşam səviyyəsinin, sağlamlığının  yaxşılaşdırılması, ölüm sayının azaldılması, ailə quruluşunun möhkəmləndirilməsi, gənclərin özünü inkişafına şərait yaradılması Dağıstan Respublikasının sosial-iqtisadi inkişaf istiqamətində prioritet yer tutan məsələlərdir.

Bir xalqın təməlini təşkil edən təhsil sahəsinə nəzər salsaq dövlətin qarşısında əsas vəzifələrdən biri kənd yerlərində təhsil sisteminin keyfiyyətli olmasıdır. Bununla bağlı Dağıstan Respublikasının Təhsil və Elm Nazirliyi ilə birlikdə 2017-ci il “Kənd məktəblərinin vahid inkişafı” layihəsi əsas rol oynayır.Qeyd edək ki, bu istiqamətdə işlər hal hazırda da davam etdirilir. 2017-ci ilə nəzər salsaq ilin sonunda 1,8 min yerlik məktəbin tikintisi tamamlanıb. Tikilən bu təhsil müəssisələri müasir standartlara cavab verir. Burada məktəblilərin komfortlu təhsil alması üçün hər cür şərait yaradılıb. Həmçinin sağlamlıq vəziyyəti məhdud olan məktəblilərin təhsil alması və idmanla məşğul olması üçün də məktəblərdə şərait mövcuddur. Ümumiyyətlə Dağıstanda 400 min nəfərin təhsil aldığı 1.45 mindən artıq ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Həmçinin respublikada ümumi təhsilin 84,4%-ni kənd yerlərində olan ümumitəhsil müəssisələri təşkil edir.2017-ci ildə respublikada 11 məktəb Rusiyanın yaxşı məktəbləri sıralamasına daxil olub, onlardan 9-u 300 ən yaxşı kənd məktəbi sıralamsında da  yer alıb. Dağıstan Respublikası Rusiya Federasiyası subyektləri arasında dövlət və orta ixtisas müəssisələrində tələbə sayına görə 78–ci yerdədir. Lakin respublikanın təhsil sistemində bir çox problemlərdə mövcuddur. Respublikada müəllimlərin əmək haqqlarının aşağı səviyyədə olması təhsil sahəsində mütəxəssis çatışmamazlığına gətirib çıxarır çünki onları bu sahəyə cəlb etmək çətinləşir. Respublikada əsas problemlərdən biri ali təhsil sistemi ilə bağlı problemlərdir. Çoxlu sayda ali təhsil müəssisəsi olmasına baxmayaraq təhsil xidmətləri aşağı səviyyədədir. Həmçinin iş yerlərinin məhdud sayda olması yeni məzun olmuş insanların iş propblemi ilə qarşılaşmasına səbəb olur.  Belə ki,gənclərin qarşılaşdığı problemlərdən biri məşğulluq ilə bağlı problemdir. Çünki iş ilə bağlı onlara təklif edilən vakansiyalar şəffaf və real olmur. Bu problemlərin həlli üçün regionda fəaliyyət göstərən bir çox mərkəz yaranıb. Həmin mərkəzlər gənc nəslin sənaye sektorunda işə cəlb edilməsinə yönəlib. Həmçinin  tələbələr  üçündə iş yerlərinin açılması ilə bağlı respublika proqramları qəbul edilib. Belə işlər əsasən biznes sahəsi ilə bağlıdır. Çünki biznes sahəsi Dağıstanda gənclərin çalışa biləcəyi  yeganə sahədir və digər sahələrdə iş yerləri demək olar ki, fəaliyyət göstərmir. Fəaliyyətdə olan bəzi yerlərdə isə işə qəbul olmaq çətindir.

Qeyd edək ki, Dağıstan “Gənclər Siyasəti Komitəsi” biznes sahəsinə çoxlu sayda gənci cəlb etmək üçün “Ən yaxşı biznes layihəsi” adlı müsabiqə elan edib. Bu addım bir növ gəncləri bu sahədə ruhlandırmağa yönəlib. Bütün bunlar bu istiqamətdə müxtəlif işlər aparıldığının göstəricisidir.

Rusiya Federasiyasının 2020-ci ilə qədər nəzərdə tutulan sosial siyasətində ciddi işlər nəzərdə tutulub. Respublikanın sosial-iqtisadi inkişaf istiqamətində uşaqlı ailələrə ünvanlı sosial müdafiənin təmin edilməsinə, həmçinin uşaq doğumuna maddi yardım göstərilməsinə diqqət edilir. Belə ki respublikadavalideyin himayəsindən məhrum olan az yaşlı uşaqların problemlərinin həlli ilə bağlı sosial reabilitasiya mərkəzləri və sığınacaqlar fəaliyyət göstərir.

Respublikada təxminən 2000 ailəyə yaşlı ailə üzvləri nənə-baba başçılıq edir. Çünki belə ailələrdə valideyinlər uşaqların tərbiyəsi ilə məşğul olmurlar. Valideyinlər daha çox müxtəlif üsullar ilə öz maddi vəziyyətlərini yaxşılaşdırmağa çalışırlar. Onlar küçə ticarəti ilə məşğul olurlar, bağlarda işləyirlər həmçinin müxtəlif ölkələrə işləməyə gedirlər. Buna görə də valideyin himayəsindən uzaq olan uşaqların problemlərinin həlli üçün sosial reabilitasiya mərkəzlərinin və sığınacaqların olması vacibdir. Bununla yanaşı respublikada əlil uşaqlar üçün tibbi-sosial reabilitasiya mərkəzi, yetkinlik yaşına çatmamışlar üçün sosial reabilitasiya mərkəzi və sığınacaqlar fəaliyyət göstərir.

Respublikadakı problemli sahələrdən biri də səhiyyə sahəsidir. Son illərdə respublikada xəstəlik hallarının sayı artmaqdadır. 2009-cu ildən əhalidə xəstəlik hallarının sayı 2, 269 814-dən 2, 354, 586-a və ya 3,7%-ə yüksəlib. Əsasən ölümlə nəticələnən xəstəliklərin artdığı müşahidə olunur. Məsələn respublikada onkoloji xəstəliklərə yoluxma halları 6,5% artıb. Həmçinin qan dövranı sistemi xəstəlikləri də artan xəstəliklər arasındadı. Bu xəstəliklər ölüm hallarının səbəbi olmaqla yanaşı həmçinin əlilliyə səbəb olacaq amillər arasında da yer alır.

Qeyd edək ki, son illərdə xəstə doğulan uşaq sayında da artım müşahidə olunur. Təkcə 2011-ci ildə doğulmuşlar arasında 30,1%-i xəstə doğulmuş uşaqlardır. Rayonlarda şəhərə nisbətdə uşaq ölümləri 1,7% çoxdur. Lakin ən vacib məqamlardan biri odur ki, respublikada ölüm sayında 2013-cü ildə 3,4% təşkil edərək azalma müşahidə olunmuşdur. Uşaq ölümləri isə 16,4 % təşkil etmişdir. Həmçinin 2014-cü ildə uşaq ölümlərində azalma davametmişdir.

 Respublikada demoqrafik vəziyyətin yaxşılaşdırılmasına, qadınların və uşaqların sağlamlığının qorunmasına yönəlmiş qanunvericilik aktları və respublika məqsədli proqramlar qəbul edilmişdir. Bu da ana və uşaq sağlamlığı göstəricilərinin dinamikasına müsbət təsir göstərmişdir. Respublikada ana və uşaq ölümlərini azaltmaq üçün müxtəlif tibbi vəprofilaktika müalicə müəssisələrində hamilə qadınların monitorinqi də aparılır. Çünki səhiyyə sahəsindəki bütün bu problemlər hamilə qadınlar üçün təhlükə təşkil edir. Müalicəvi tədbirlərə baxmayaraq hamilə qadınların 72%-i doğuşa sağlamlığında bir çox problemlərlə daxil olur.

Respublikada 57 müstəqil poliklinika fəaliyyət göstərir. 107 binada yerləşən bu poliklinikaların 8 binası demək olar ki, təhkükəli binalardır. 16 bina  yeniləmə, 40 bina isə əsaslı təmir tələb edir. Həmçinin  müəssisələrin tibbi avadanlıqlarla təmin edilməsi də aşağı səviyyədədir. Kənd əhalisinin demək olar ki 80%-ı tibbi köməyə ehtiyac duyur çünki onların  müalicə olunmaq üçün şəhərə gəlməyə imkanları olmur. Digər tərəfdən də yollar və nəqliyyat sistemi ilə bağlı problemlər də buna mane olur.

Həmçinin  qeyd edək ki, idman və fiziki tərbiyə istiqamətində də ölkədə müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, hər il ölkədə 50 mindən çox insanın iştirak etdiyi 400-dən çox bədən tərbiyəsi və idman sahəsi üzrə tədbirlər baş tutur. Lakin respublikada əhalinin idman sahəsində ehtiyacları da tam olaraq qarşılanmır.

Mədəniyyət sahəsində də vəziyyət qənaətbəxş deyil. Qeyd edək ki, 2000-2013-cü illər ərzində respublikada 96 musiqi və incəsənət üzrə təhsil müəssisəsi fəaliyyət göstərir. 41 musiqi məktəbi, 13 rəsm məktəbi, 42 incəsənət məktəbi. Lakin mədəniyyət evlərinin, muzeylərin, teatrların, kitabxanaların şəraitində çatışmamazlıqlar var.

Gənclərin sosial həyatdakı rolu Rusiya üçün gündəmdə olan  mövzulardan biridir. Dağıstanda gənclərin həyata hazırlanmasına, müxtəlif problemlərlə qarşılaşdığı zaman həll etmək bacarığının formalaşması üçün əsasən yaşlı nəslin nümayəndələri öz təcrübələrini bölüşürlər. Lakin onlar bir məqamı unudurlar ki, müasir dövrün gənclərinin həyata baxışı ilə yaşlı nəslin nümayəndələrinin həyata baxışı fərqlidir. Yəni gənc nəsil qarşılaşdığı problemlərlə özü mübarizə aparmağı bacarmalıdır. Bunun ilə bağlı müxtəlif gənclər təşkilatları, komitələr, nazirliklər məşğul olmalıdır.  Həmçinin respublikada  gənclər arasında əsas problemlərdən biri narkomaniya ilə bağlıdır. Onlar arasında müxtəlif yaş, cins, ailə vəziyyətinə malik gənclərə rast gəlmək mümkündür. Respublikada bu problem ilə mübarizə üçün müxtəlif istiqamətdə işlər görülür. Bununla bağlı anti-narkomaniya komissiyası da yaradılıb.

Əlbəttə ki, gənclərin cəmiyyətdə öz mövqeyini tapması üçün müxtəlif sahələrdə elm, idman, incəsənət və s inkişaf olmalıdır. Bu zaman yeni həyata atılan gənc öz mövqeyini müəyyən etmiş olacaq və çalışdığı sahədə uğur qazanacaq. Bütün bu sosial problemlərinin həlli üçün respublika öz zəngin resurslarından istifadə edərək iqtisadi baxımdan yüksəlişə nail olması da buna kömək etmiş olacaq.

Bu gün zəngin tərkibə malik olan Dağıstanda etnik fərqliliklərdən irəli gələn problemlər bölgədə vəziyyəti çətinləşdirməkdə davam edir. Buna görə də Dağıstan Rusiyada terror hadisələrinin ən çox yaşandığı bölgədir. Rusiyanın mühafizə orqanları Qafqazda baş verən qarışıqlığların səbəbini əsasən dini ayrı-seçkilikdə görür. Lakin Qafqazdakı vəziyyət bunu göstərir ki, baş verənlərin mərkəzində iqtisadi çıxarlar, terror qruplaşmaları, müstəqil olmaq istəyi və s kimi proseslər durur. Həmçinin ermənilərin ümumilikdə Şimali Qafqazda mövcudluğu da qarşıdurmaları qaçınılmaz edir. Onlar əsasən Kuban, Stavropol, Rostov bölgələrinə də yayılıblar. Kubanda ermənilərin ən çox məskunlaşdığı şəhərlər Soçi, Armavir Adler və Novorossiyskdir. Onlar Kuban bölgəsinin şəhərlərində müxtəlif biznes strukturlarını da idarə edirlər.

 Belə ki, etnik gərginliklərin azalmasına bölgədə terror, sosial, siyasi, iqtisadi problemlərin həlli şərait yarada bilər. Yəni bölgənin müxtəlif tərəflərdən inkişafı, əhalinin yaşam səviyyəsinin və keyfiyyətinin yüksəlməsi üçün siyasi sabitliyin olması vacibdir.

Şahnaz Tağıyeva,
AMEA Qafqazşünaslıq İnstitutu  
Şimali Qafqaz şöbəsi, kiçik elmi işçi
 
 [email protected]

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...