Modern.az

Musa Urud - 50... "Hər şey nisbidi, qardaşım..."

Musa Urud - 50... "Hər şey nisbidi, qardaşım..."

26 Noyabr 2011, 12:45

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, şair Musa Quliyevin dünən 50 yaşı tamam olub. Modern.az saytı Musa Quliyevun (Urud) bir neçə şeirini təqdim edir.

Hər şey nisbidi, qardaşım,
Azadliq da nisbidi.
Burnu dünyasının divarına dirənib,
Şüşənin o üzündə ölümə dayanıb.

Nisbidi, bəzək balıqlarının
Akvarium azadlığı da,
Nisbidi, bəzək balıqlarının
Azad olmaq həsrəti də!

***
Adamsız adam yoxdu dünyada,
Kimsəsizlər qəribləridi dünyanın.
Buludlu gecənin ulduzu kimi
Qəribdi hamı dünyada.
Qəribliyini bilmir hamı
Dünyanın ən duru adamıdı
Ən qərib adamı.

***

Mənim sevgim köz kimidi,
Saxlaya bilməyəcəksən ovuclarında,
Gizləyə bilməyəcəksən
Əlindəki yanıq yerini!

***

Təyyarədən yerə baxıram,
Evlərə, yollara, çaylara.
Məndən aşağıda ölüm dayanıb,
Məndən yuxarıda Allah!

***

Tikan kimi
Ürəyimə batıb bu eşq,
Çıxardıram-qaynayır,
Çıxartmıram-ağrıyır!

***

Yazı gözləyən qaranquş kimi
Gözləyirsən məni.
Yollara baxınca,
Yağan qara baxsana...

***

Ruhumu sevdin, canımı yox,
Sözümü sevdin, dodağımı yox.
Lənət bizi ayırma!
Bir kimsə utanırmı, yox!

Gözüm qalan gilası sərçələr yedilər,
Gözüm qalan qızı dustaq elədilər,
Gözüm qalan torpaqda qəbiristan saldılar,
Gözümdən düşənlər...
...sağdılar, sağdılar, sağdılar!

***

Dənizdəki yelkən kimi
Tək tənhayam.
Ümidini mənə bağlayıb
Bir gəmi.
Bir gəmilik adam.
Görən bilirlərmi ki,
Yaxşı küləklərin əlində
Bir parça ağam.

***

Çıxıb getmək istəyirəm...
Ulamaq istəyirəm...
Seir yazmaq istəyirəm...
Səni tapmaq istəyirəm...
Ehtiyac qədər heç nə yatmır canıma.

***

Yaxşı ki, kürü tökmür,
Diri bala doğur balinalar.
Yoxsa,
Nə çoxdu burnundan irəlini görməyən
Adamlar.
Kürü ikən,
Bir uzaq əyalətdə akvariuma salıb
Qoymazdılar
Bəzək balıqlarından artıq böyüməyə
Balinaları.

***

Ömür quş kölgəsitək
Keçib getdi üstümdən
Səssiz-səmirsiz.
Saralmış otlar qədər
İzim qalmadı yurdda!

***

Otları nə tez uzandı
Əsir torpaqların.
Uşaqları nə tez qocaldı
Qaçqın ataların?
Sərgərdən ruhumuztək
Yurdumuz darmadağın.
Ahımız-
Zülmət gecədə
Bayquş qışqırığı-
Tənha, qorxunc, dərdli, ağır.

***

Senanın “Royal”ında,
Yuva quran göyərçin
Görən bilirmi dünyada
Araz çayı var,
Üstündə də Xudafərin.

***

Üzümüzə açılan pəncərələr
Dünyanın əlifba kitabıdı,
Açırıq hər səhər,
Örtürük hər axşam...
...Oxuya bilmirik axıracan.

***

Ay pişik,
Çıxma qarşıma yazıqsan.
Uğurum ağırdı, ayağım ağırdı.
Əllərim yüngüldü.
Əllərimi nəyin üstünə qoyurlarsa,
Aparırlar.

***

Təşnə torpaqlar üçün
Bir əlçim buluddan yağan yağışı
Qurutmağa nə var ki,
Bir içim su.
Eh, sənin üçün məni unutmağa nə var ki,
bir içim su.

***

Heç kəs çatlayıb ölmür,
Atlardan savayı.
Hərəni bir dərd öldürür,
Hərəni bir əcəl aparır.
Sonra sağ qalanlar,
Gözəl-gözəl nekroloqlar yazırlar,
Sağlığında sevmədikləri dostlarına.

***

Bilirəm, bu saat
Acımış xəmir kimisən
Təndirə yapılmağın həsrətində.
Bu taxta, bu oxlov.
Bu odun, bu təndir.
...Dincəldinmi?

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir