Modern.az

“Azərbaycanın hüquqi dövlət olduğu bir daha nümayiş etdirildi” - Deputat

“Azərbaycanın hüquqi dövlət olduğu bir daha nümayiş etdirildi” - Deputat

22 Yanvar 2019, 15:48

Həbsdəki bloger Mehman Hüseynov dünən - yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı müraciətdə barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunmasını xahiş edib.

 

Müraciətə dərhal reaksiya verən Prezident İlham Əliyev Mehman Hüseynov barəsində açılan yeni cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Baş prokurora tövsiyə edib.

 

Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq Baş prokuror tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib.

 

İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı, Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) nümayəndə heyətinin sədrinin müavini Tahir Mirkişili bildirib ki, Azərbaycan Prezidenti tərəfindən Mehman Hüseynovun işinin nəzarətə görürülməsi ilə bağlı verilən tapşırıq bu iş ətrafında ölkə daxilində və xaricində yaradılan süni canfəşanlığa son qoydu:

 

“Prezidentin humanizm siyasəti hər bir Azərbaycan vətəndaşı kimi Mehman Hüseynova da şamil edildi, onun müaricətinə müsbət cavab verildi. Azərbaycanı sevməyən və hər imkanda onu qaralamağa çalışan qüvvələrin səyi bu dəfə də boşa çıxdı. Azərvaycanın hüquqi dövlət olduğu və ölkədə hüquqla yanaşı humanizm prinsiplərinin hakim olduğu bir daha hər kəsə nümayiş etdirildi”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir