Modern.az

Ərdoğan Maduronu dəstəklədi: “Yanındayıq!”  

Ərdoğan Maduronu dəstəklədi: “Yanındayıq!”  

24 Yanvar 2019, 09:32

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Twitter hesabından verdiyi açıqlamada Venesuelada parlament sədri Xuan Quaydonun özünü "müvəqqəti prezident" elan etməsinə münasibət bildirib.

Modern.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki,  İbrahim Kalının sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan Venesuelada istefası tələb olunan ölkə başçısı Nikolas Maduroya zəng edərək, Türkiyənin ona dəstəyini ifadə edib.

Ərdoğan “Maduro qardaşım! Dik dayan, yanındayıq” deyib. İbrahim Kalın deyib ki, Türkiyə Prezident Ərdoğanın liderliyi müddətində bütün dövlət çevrilişi cəhdlərinə qarşı prinsipial mövqeyini qoruyub saxlayacaq.

Qeyd edək ki, ötən gün Venesuelanın paytaxtı Karakasda əhali prezident Nikolas Maduronun istefası tələbilə ayağa qalxıb.

Aksiyaçılar qarşısında çıxış edən parlamentin sədri Xuan Quaydo prezident səlahiyyətlərini öz üzərinə götürdüyünü elan edib.

Hazırda etirazları davam etdirən xalq Maduronun hakimiyyətdən əl çəkməsini tələb edir.

Ölkənin bütün bölgələrini əhatə edən aksiyalar zamanı azı 16 nəfər ölüb.

Artıq ABŞ Venesuela müxalifətinin lideri, parlamentin sədri Xuan Quaydonu qanuni prezident kimi tanıyıb.


ABŞ-ın ardınca Argentina, Çili, Ekvador, Paraqvay, Kolumbiya, Kosta Rika, Braziliya, Cənubi Amerikanın bir sıra dövlətləri də Xuan Quaydonu qanuni prezident kimi tanıyıb. Kanada və Fransa isə daha əvvəl yeni prezidentə dəstək verib.


Rusiya, Meksika və Boliviya isə istefası tələb olunan Maduronu ölkənin qanuni lideri hesab edir.

Avropa Şurasının prezidenti Donald Tusk da Venesueladakı olaylarla bağlı bəyanat verib. O, “Twitter”də status paylaşıb.

D.Tusk bildirib ki, bütün Avropa Venesuelanın demokratik hərəkatına dəstək verməlidir: “Madurodan fərqli olaraq, Milli Assambleya (parlament) və onun sədri Xuan Quaydo Venesuela vətəndaşlarının seçkidə verdiyi mandata sahibdir”.


Tusk bütün Avropanı Venesuelanın “demokratik hərəkatına” dəstək verməyə çağırıb.

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini isə “Twitter”də belə yazıb:

"Vətəndaş hüquqları, Milli Assambleya üzvlərinin hamısının azadlıq və təhlükəsizliyinə, onun sədri də (Xuan Quaydo) daxil olmaqla diqqət və ehtiram göstərilməlidir. Kobud müdaxilə, təhlükəsizlik qüvvələrinin aşırı müdaxiləsi tamamilə qəbuledilməzdir. Belə hallar böhrandan çıxmağa kömək etməyəcək. Venesuela xalqının haqqı var ki, sülh şəraitində nümayiş keçirsin, azad şəkildə öz liderlərini seçsin və öz gələcəyi ilə bağlı qərara versin".



A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?