Modern.az

Qənirə Paşayeva Avropa təşkilatlarını ittiham etdi

Qənirə Paşayeva Avropa təşkilatlarını ittiham etdi

24 Yanvar 2019, 11:09

AŞPA-da “İşəgötürmədə ayrıseçkilik”, “Əlilliyi olan inkluziv işçi qüvvəsi üçün” adlı qətnamə layihələri müzakirəyə çıxarılıb.

Modern.az saytının məlumatına görə,  Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva Azərbaycan torpaqlarının işğalı nəticəsində əlil olan minlərlə vətəndaşımızdan danışıb.

Deputat Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib:

"Dəyərli həmkarlar. Mən ilk öncə məruzəçiyə çox önəmli bir mövzuda yüksək səviyyədə hazırladığı məruzəsi üçün təbrik edirəm. Əlilliyi olan şəxslərin təhsili, onların işlə təminatı istiqamətində bütün üzv ölkələr çalışmaları daha da artırmalıdır. İlk öncə, əlilliyi olan şəxslərin təhsili, onların hər hansı bir peşəni yüksək səviyyədə öyrənməsinə dəstək proqramları gücləndirilməlidir. Bu onların işlə təminatını asanlaşdıran başlıca faktorlardan biridir.

 

Mən məruzəçinin məruzəsində üzv ölkələrə edilən çağırışları dəstəkləyərək vurğulamaq istəyirəm ki, bu mövzular  Azərbaycanda xüsusi diqqət mərkəzindədir. Əlilliyi olan şəxslərin təhsili, işlə təminatı, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində həm qanunvericilik, həm də hökumət səviyyəsində ciddi addımlar atılır. Bilirsiniz ki, Azərbaycanda əlilliyi olan şəxslərin sayının artmasında Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində minlərlə insanın öz sağlamlığını itirməsi böyük rol oynamışdır.

 

On minlərlə insan bir neçə il ərzində  öz sağlamlığını itirərək əlilə çevrilmişdir. Əlillərin işlə təminatı üçün qanunvericilikdə  bir sıra önəmli dəyişikliklər həyata keçirilmişdir. Belə ki, dövlət və özəl sektor olmasından asılı olmayaraq, hər 25 işçidən birinin əlil olması, əlillər üçün həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı qanunlarda öz əksini tapmış, işəgötürənlərin üzərinə ciddi məsuliyyət qoyulmuşdur. İşçilərin sayı və ştatı ixtisar edilərkən ixtisas dərəcəsi eyni olduqda həmin müəssisə və təşkilatda əmək şikəstliyi almış və peşə xəstəliyi nəticəsində əlil olmuş işçilərin işdə saxlanmaq üçün üstünlük hüququ vardır. Məşğulluq haqqında Qanun və Proqramlarda da əlillərin işlə təminatı məsələsi ən önəmli prioritetlərdəndir.

 

Hər il Qarabağ müharibəsi əlilləri də daxil olmaqla, yüzlərlə əlilə dövlət tərəfindən pulsuz mənzil verilir. Məruzədə üzv  ölkələrə edilən çağırışlar arasında bu mövzuda əhalinin maarifləndirilməsi, təbliğatın rolu xüsusi vurğulanır ki, biz bunu dəstəkləyirik. Doğurdan da əlillərin əmək bazarında iştirakının təşviqində  qeyri-hökumət təşkilatlarının oynadığı önəmli rolu nəzərə alaraq bu cür təşkilatların maliyyə vəsaiti ilə dəstəklənməsi artırılmalıdır”.

O qeyd edib ki, Azərbaycan məruzədə qeyd olunan bu məsələyə xüsusi diqqət yetirir.

 

“İlk öncə əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatları yaradaraq əlillərlə bağlı çalışması dəstəklənir. Eyni zamanda əlillərin yaratdığı təşkilatların və əlillərlə bağlı layihələr həyata keçirən təşkilatların fəaliyyətinə maliyyə dəstəyi göstərilir. Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurası, Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsi ilə hər il  əlillərlə bağlı yüzlərlə layihənin həyata keçirilməsi üçün qeyri-hökumət təşkilatlarına dəstək göstərilir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi