Modern.az

DİM-in sektor müdiri: “Testlərimizdən yararlanıb, bizim  material adı ilə alver edirlər” - MÜSAHİBƏ

DİM-in sektor müdiri: “Testlərimizdən yararlanıb, bizim  material adı ilə alver edirlər” - MÜSAHİBƏ

24 Yanvar 2019, 12:20

“İnformatika fənni üzrə magistraturaya qəbul imtahanında “Windows 10” Əməliyyat Sistemi və “Microsoft Office 2016” proqramlarının tətbiqini növbəti tədris il üçün reallaşdırmaq hələ tezdir. Yalnız müvafiq ali təhsil müəssisələrinin ekspertləri ilə müzakirələrdən sonra, onların rəyi nəzərə alınmaqla və Təhsil Nazirliyi ilə razılaşdırmaqla bu addımı atacağıq. Çünki ali təhsil müəssisələrində həmin proqramlar tədris olunmalıdır ki, biz də tapşırıqları onun əsasında hazırlayaq”.

 

Bunu AzEdu.az-a müsahibəsi zamanı Dövlət İmtahan Mərkəzinin Magistratura üzrə sektorunun müdiri Məhəbbət Əkbərli deyib.

 

Modern.az Məhəbbət Əkbərli ilə müsahibəni təqdim edir:

 

-Məhəbbət müəllim, cari tədris ili və növbəti illər üçün nəzərdə tutulan, bakalavrları daha çox maraqlandıran istiqamətlərdən danışmazdan öncə, mümkünsə, magistraturaya qəbul imtahanları barədə ümumi məlumat verərdiniz...

 

-Ümumiyyətlə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanları son illər iki mərhələdə keçirilir. Qəbul imtahanlarının birinci mərhələsində bakalavrların məntiqi təfəkkürünün inkişaf səviyyəsi, informatika və xarici dil üzrə bilikləri yoxlanılır. Müəyyən olunan müsabiqə şərtini ödəyən bakalavrlar imtahanların ikinci – ixtisas imtahanı mərhələsinə buraxılırlar. İkinci mərhələ ixtisas üzrə biliklərin yoxlanılması – bəzi proqramlarda test tapşırıqlarının təqdim olunması, bəzilərində qabiliyyət imtahanı, bəzilərində isə yazılı imtahan (ixtisas üzrə sualların yazılı şəkildə cavablandırılması, inşa (esse) yazılması və yazılı tərcümə) yolu ilə həyata keçirilir. Bu il də, ənənəvi olaraq, magistraturaya qəbul imtahanı iki mərhələdə keçiriləcək; birinci mərhələnin fevralın 24-də, ikincinin isə mayın 26-da keçirilməsi planlaşdırılır. Hazırda DİM əməkdaşlarının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin professor-müəllim heyətinin, eləcə də AMEA əməkdaşlarının iştirakı ilə qəbul imtahanlarının məzmun və keyfiyyət standartlarının daha da yüksəldilməsi məqsədi ilə proqramların məzmunu üzərində işlənilir, yoxlama-ölçmə materialları  təkmilləşdirilir  və test bankları yeni tapşırıqlarla zənginləşdirilir.

Məlumat üçün bildirim ki, 2018-ci ildə keçirilən qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarını, elmi-metodik seminarlarda və mütəxəssislərdən ibarət işçi qruplarında müzakirə etmişik. Onların məzmun və forma baxımından daha da təkmilləşdirilməsi üçün xeyli işlər həyata keçirmişik. Bu proses ardıcıl olaraq davam etdirilir.

 

“Bu il magistraturaya qəbul imtahanlarının məzmun və formasında əsaslı bir dəyişikliyin edilməsi nəzərdə tutulmayıb

 

- Cari tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi ilə bağlı hansı yeniliklər nəzərdə tutulub?

 

-İmtahanın birinci mərhələsinin modelinə uyğun olaraq, fevralın 3-də sınaq imtahanı keçirəcəyik. Hazırda DİM–in internet saytında bakalavrlar sınaq imtahanına yazıla bilərlər. Son məlumata görə, artıq 1000-dən çox şəxs sınaq imtahanında iştirak üçün qeydiyyatdan keçib. Lakin  nəzərə alaq ki, sınaq imtahanına qeydiyyat 28 yanvara qədər davam edəcək.

Bu il magistraturaya qəbul imtahanlarının məzmun və formasında əsaslı bir dəyişikliyin edilməsi nəzərdə tutulmayıb. Birinci mərhələdə tətbiqi nəzərdə tutulan, üzərində hazırlıq işləri həyata keçirilən əsas proses xarici dil fənnindən dinləyib-anlama bacarıqlarının yoxlanılmasıdır.

Avropa Şurasının 2003-cü ildə qəbul etdiyi “Xarici dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi” üzrə Çərçivə Proqramı var: onun mahiyyəti bütün xarici dil öyrənənlərin dilbilmə səviyyəsinin Ümumavropa məkanında vahid meyarlar əsasında qiymətləndirilməsidir. Yəni, dil öyrənən hər kəs 4 dil bacarığına – danışma, dinləmə, oxuma və yazmaya mükəmməl yiyələnməyə çalışmalıdır. İndiyə qədər təşkil etdiyimiz imtahanlarda həm bakalavr, həm də abituriyentlərin leksik-qrammatik bilikləri və oxuma-anlama bacarıqları yoxlanılırdı. Artıq hər iki səviyyə üzrə qəbul imtahanları zamanı şəxslərin dil bacarıqlarının daha da təkmilləşdirilməsi və imtahan modelinin Ümumavropa standartlarına uyğunlaşmasına yönəlmiş addımlar üzərində işləyirik.

Dəyişikliyə görə, imtahan verən şəxslərə xarici dildə təqdim olunacaq audiomətnin başa düşülməsi onun əsasında hazırlanan suallarla yoxlanılacaq. Belə ki, hər bir xarici dil öyrənən şəxs həmin dildə öz fikrini ifadə edib, eşitdiyi informasiyanı adekvat şəkildə qavramağı bacarmalıdır.

Magistraturaya qəbul olunmaq istəyən şəxslər, artıq ali təhsilin birinci səviyyəsini başa vurublar və ya cari ildə başa vuracaqlar. Nəzərə alsaq ki, magistratura ali təhsilin ikinci səviyyəsi olaraq, müəyyən yaradıcı və elmi tədqiqatlarla məşğul olmağa yönəlik səviyyədir, deməli, burada xarici dilin öyrənilməsi üçün qoyulan tələblər də daha yüksək olmalıdır. Bu baxımdan, cari ildən xarici dil üzrə tətbiq olunan 25 test tapşırığından 5-i dinləmə qabiliyyətinin yoxlanılması üçün verilən çoxvariantlı suallardan ibarət olacaq. 5 test tapşırığındakı əsas istiqamət mətnin məzmununun  qavranılmasıdır; orada təqdim olunan faktların, informasiyanın bakalavr tərəfindən düzgün anlaşılıb-anlaşılmadığını yoxlamaq əsas hədəfdir.

 

-Mümkünsə, xarici dildən təqdim olunacaq dinləmə materialları barədə ətraflı məlumat verərdiniz: audiomətnlərin həcmi, səviyyəsi, forması və s.

 

-Magistraturaya qəbul imtahanında xarici dil fənnindən dinləmə mətnlərinin mövzusu müxtəlif olacaq. Xüsusi qurğularla səsləndiriləcək mətnlər bakalavrlara həm monoloq, həm də dialoq şəklində təqdim edilə bilər. Orta səviyyəyə yaxın (“pre-intermediate” və “intermediate” səviyyələrini əhatə edəcək) audio-mətnlər, təxminən, 150-200 sözdən ibarət olacaq. İmtahan iştirakçılarına dinləmə mətnlərinə 2 dəfə qulaq asmaq imkanı yaradılacaq: İmtahanın başlanğıcında 1 - 1.5 dəqiqəlik dinlənilən mətn, təxminən 2 dəqiqəlik fasilədən sonra yenidən səsləndiriləcək. Fasilə müddətində hər kəs test nümunələri ilə tanış ola biləcək. Ümumavropa çərçivə sənədinin, eləcə də xarici dil kurikulumunun tələblərinə əsasən, orta təhsili başa vuran məktəblilər dilə ən azı A1, A2, bakalavriaturanı başa vuranlar isə B1, B2 səviyyəsində yiyələnməlidirlər. Hazırda dinləmə mətnləri ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Qeyd edim ki, fərqli dillər üzrə bakalavrlar  ayrı-ayrı otaqlarda əyləşəcəklər. Texniki problemlərin yaranma ehtimalı nəzərə alınaraq, imtahan binalarında ehtiyat audioqurğular olacaq. Texniki problem üzündən imtahanın başlaması gecikərsə, imtahanın bitmə vaxtı da uzadıla bilər. Ümumilikdə, 2,5 saat davam edən imtahan fiziki məhdudiyyətlilər üçün yarım saat artırılır.

 

- İngilis və ya rus bölməsində təhsil almaq istəyən bakalavrlar nə etməlidirlər? Burada xarici dillər üzrə ixtisaslaşan şəxslər üçün hansı məhdudiyyətlər qoyulur?

 

- Birinci mərhələdə Azərbaycan bölməsinin bakalavrlarına xarici dil kimi ingilis, alman, fransız və ya rus dilini, rus bölməsindən olanlara isə ingilis, alman və ya fransız dilini seçmək hüququ verilir.

Filologiya və tarix istiqaməti üzrə ixtisaslaşmalara sənəd verən Azərbaycan bölməsinin bakalavrları ərəb və fars dillərini də seçə bilərlər.

Xarici dillər üzrə təhsil alanlar isə öz ixtisas dilini xarici dil kimi seçə bilməzlər. Məsələn, əgər tələbə filologiya, müəllimlik və yaxud da tərcüməçilik ixtisasını ingilis dili üzrə bitiribsə, deməli, imtahanda onu deyil,  digər xarici dillərdən birini seçməlidir.

Tədrisi ingilis və ya alman dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyənlər isə xarici dil kimi ingilis və ya alman dilini seçməlidirlər. Bu halda, artıq öz ixtisası da ingilis dili üzrə olan bakalavr, məhz ingilis dilindən imtahan verməlidir. Lakin ingilis bölməsində təhsil almaq üçün minimum 15 (ödənişli təhsil üçün), maksimum 20 və ya daha çox (dövlət sifarişli yerlər üçün) sualı düzgün cavablandırmalıdır.

 

“Məntiq və İnformatika üzrə heç bir əsaslı dəyişiklik nəzərdə tutulmur”

 

- Bakalavrlar, adətən, sınaqların qəbul imtahanından daha çətin tərtib olunduğunu deyirlər. Həmçinin, imtahan sualları çətinlik dərəcəsinə görə də ildən-ilə fərqlənir. Ümumiyyətlə, tapşırıqların səviyyəsi nəyə əsasən müəyyən edilir?

 

- Hər imtahandan əvvəl test bankları üzərində təkmilləşdirmə işləri aparılır. Bu addımdan öncə imtahan bitən kimi onda istifadə olunan test tapşırıqlarının elmi-metodik ekspertizasını keçiririk. Yəni, müvafiq sahənin mütəxəssisləri ilə birlikdə test tapşırıqlarında müşahidə olunan müsbət və mənfilər, yol verilən xətalar incəliyinə qədər araşdırılır. Bu il məntiq və informatika üzrə heç bir əsaslı dəyişiklik nəzərdə tutulmur. Testlər, demək olar, əvvəlki ildəki tapşırıqların modelini təkrarlayır. Yeri gəlmişkən, biz hər il “Magistr” jurnalının saylarında müəyyən məlumatları çap edib, bakalavrların istifadəsinə veririk. “Magistr” jurnalının 1-ci sayında qəbul qaydaları, məntiq,  informatika və xarici dillər üzrə qəbul imtahanı proqramları dərc edilərək, bakalavrların istifadəsinə verilir. Audiomətn əsasında test tapşırıqlarının bu ildən tətbiqini nəzərə alıb, onlara aid nümunələri DİM-in internet saytında yerləşdirmişik. Təxminən, yanvarın sonunda “Magistr” jurnalının 2-ci sayının nəşrini də planlaşdırmışıq. Orada test tapşırıqları modeli bakalavrlara təqdim ediləcək. Jurnalda zəruri elmi–metodiki, köməkçi materialları yerləşdirməklə imtahanda iştirak edəcək şəxsləri maarifləndiririk.

 

“Abituriyent və bakalavrlara tövsiyə edirəm ki, testləri əzbərləməsinlər”

Digər məsələyə gəlincə isə, ümumiyyətlə, bəzən uşaqlar arasında belə fikir formalaşır ki, jurnalda qəbul modelinin daha çətin versiyası, sınaq imtahanlarında orta, qəbulda isə asan tərtib olunanı təqdim edilir. Açığı desək, bunun heç bir əsası yoxdur. Çünki tapşırıqlar eyni bankdan götürülür və eyni parametrlər əsasında seçilir. Bizdə suallar çətinlik dərəcəsinə görə, asan, orta və çətin olaraq qruplaşdırılır. Jurnalda, sınaq və qəbul imtahanlarında da eyni parametrlər əsas götürülür. Abituriyent və bakalavrlara tövsiyə edirəm ki, testləri əzbərləməsinlər. Müvafiq bilikləri mənimsəsinlər ki, yeni formatlı tapşırıqlarla rastlaşanda çaşıb qalmasınlar. Prinsipcə, çətinlik dərəcələri arasında ciddi fərq yoxdur. Xarici dil üzrə test hazırlayarkən sadələrindən istifadə etmək məntiqsizdir. Xarici dil bilgisi olmayan insan necə elmi tədqiqat işi apara bilər?!

 

“Test nümunələrimizi götürüb, eyni modeldə tapşırıqlar hazırlayıb, bizim material adı ilə “alver edirlər”

 

- Məhəbbət müəllim, imtahanlarda  “listening”in tətbiq olunacağı ictimaiyyətə açıqlanandan sonra sosial şəbəkələrdə audiofayllarla bağlı bir sıra məlumatlara rast gəlinir: DİM-in dinləmə materiallarını satanlar, proqram tətbiq edənlər və s. Bu barədə nə deyə bilərsiniz?

 

-Bu, bizi də ciddi narahat edən məsələlərdən biridir. Qeyd edim ki, Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytı ilə yanaşı, Facebook səhifəsi də var. Orada bütün bakalavr və abituriyentlər onları narahat edən məsələlərlə bağlı müraciət edib dəqiq, birmənalı cavab ala bilərlər.

Təəssüf ki, sosial şəbəkələr haqda biz bunu deyə bilmirik. Elə son vaxtlarda da belə bir məsələnin şahidi olduq: şayiə yayıldı ki, guya DİM-in imtahanda istifadə edəcəyi audiomateriallar və onların əsasında olan test nümunələrini bir qrup şəxs müəyyən ödəniş müqabilində kimlərəsə satır. Onlar bu məsələ ilə bağlı Facebook-da qapalı qrup yaradıb, yalnız müəyyən adamları ora qəbul edirlər. Tanımadıqları və ya DİM-in əməkdaşı kimi bildikləri şəxslərin profillərinə blok qoyurlar ki, birdən kimsə bunun şəxsi maraq güddüyünü görüb qarşısını alar. Lakin əməkdaşlarımız həmin qrupa girib, 7 manat qarşılığında həmin materialları almağa nail oldular. Əldə etdiyimiz materialları yoxlayandan sonra məlum oldu ki, bu testlər heç də DİM-in yox, sadəcə hansısa ingilis dili müəlliminin müəyyən audiomətnlər əsasında yazdığı nümunələrdir. Test nümunələrimizi götürüb, eyni modeldə tapşırıqlar hazırlayıb, bizim material adı ilə “alver edirlər”. Təəssüf ki, bəzi işbazlar DİM-in nüfuzundan istifadə edərək daha çox pul qazanmaq məqsədilə belə addımlar atırlar.

Rayon məktəbində çalışan ingilis dili müəllimlərindən biri də DİM-in audiomətnlərini yığaraq Android platformalı telefonlar üçün mobil proqram hazırlayıb. Lakin nəzərə almaq lazımdır ki, Dövlət İmtahan Mərkəzinin hər bir məhsulu onun intellektual mülkiyyətidir. Burada müəllif hüquqları məsələsi var ki, bu da qanunvericiliklə qorunur. Həmin şəxslərlə bağlı bir neçə dəfə məhkəmə işi açılıb və inzibati qaydada cərimələniblər. İmtahana hazırlaşan bütün tələbələrə demək istəyirəm ki, işbazların toruna düşməsinlər, yəni, DİM-in rəsmi saytında və Facebook səhifəsində verilən informasiyalara istinad edib, İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb, suallarına cavab ala bilərlər. Məlumat üçün qeyd edim ki, təkcə sektorumuz tərəfindən 2018-ci il ərzində 2250-dən çox bakalavrın elektron müraciəti elektron poçt vasitəsilə cavablandırılıb.

 

- İnformatika fənnindən bəzi sualların hələ də Windows və Microsoft Office-in köhnə versiyaları əsasında hazırlanması bakalavrları narahat edir. Növbəti illərdə yeni versiyalardan istifadə nəzərdə tutulurmu?

 

-Qeyd etdiyim kimi, elmi-metodik seminarlarda və işçi qruplarında müzakirələr nəticəsində qərara almışıq ki, informatika üzrə proqramı müasir informasiya cəmiyyətinin tələblərinə əsasən təkmilləşdirək. Hazırda testlərin tətbiqində “Windows 7” Əməliyyat Sistemi və “Microsoft Office 2010” proqramlarından istifadə edirik. Test tapşırıqları da, əsasən, bu modellər üzərində qurulur. Artıq yeni versiyaların tətbiqi  istiqamətində araşdırmalar gedir. Lakin biz onsuz da hər zaman hansısa yeniliklərlə bağlı ictimaiyyəti qabaqcadan məlumatlandırırıq. Əvvəlcə. onun proqramını elan edirik ki, artıq növbəti ildə və ya 2 il sonra imtahan verəcək şəxslər onlara hansı məzmunda suallar təqdim olunacağını bilsinlər. Bu baxımdan, biz nəzərdə tuturuq ki, yaxın gələcəkdə “Windows 10” Əməliyyat Sistemi və “Microsoft Office 2016” proqramlarını (o vaxta qədər daha yeni versiya çıxmazsa) qəbula proqramına salaq. Amma bunun tətbiqini növbəti il üçün reallaşdırmaq hələ tezdir. Yalnız müvafiq ali təhsil müəssisələrinin ekspertləri ilə müzakirələrdən sonra onların rəyləri nəzərə alınmaqla və Təhsil Nazirliyi ilə razılaşdırmaqla bu addımları ata bilərik. Çünki ali təhsil müəssisələrində həmin proqramlar tədris olunmalıdır ki, biz də tapşırıqları onların əsasında hazırlayaq. Əgər, universitetlər hələ də yeni versiyalarla işləmirlərsə, imtahanlarda onları indidən tətbiq edə bilmərik.

 

- Ötən illərdə qəbul proqramında olub, lakin cari ildə imtahana salınmayacaq mövzular hansılardır?

 

-Bu il xarici dil üzrə test blokunu hazırlayarkən, dinləmə mətnləri əlavə etdiyimizə görə, orada müəyyən sualları çıxarmağı qərara aldıq. Məsələn, uzun illərdir ki, tətbiq olunan ana dilindən  xarici dilə tərcümədən ibarət cümlə, müəyyən sözlərdən cümlə tərtib edilməsinin tələb olunması kimi suallar artıq olmayacaq. İkinci tip suallar bəzən çətinlik yaradırdı, çünki söz sırasını bir qədər fərqli verməklə həm nəqli, həm də sual cümləsi qurmaq olurdu. Bəzən bu, mübahisəli məqamlara yol açırdı. Bunun qarşısını almaq üçün həmin bölmələri təxirə salmaq qərarına gəldik və nəhayət, cari  ildən belə tapşırıqlar olmayacaq. Məntiq fənnindən “mətnin məntiqi təhlili” mövzusu keçənilki kimi yenə də hər biri 3 sualdan ibarət olan 2 blokda veriləcək.

Əlavə edim ki, xarici dil fənnindən magistraturaya qəbul imtahanlarında açıq formalı test tapşırıqlarında düzgün variant yalnız rəqəmlərlə cavab kartına köçürülür. Bu il abituriyentlər üçün isə bu format dəyişdirilib. Belə ki, açıq formalı bəzi test tapşırıqlarında düzgün cavablar sözlərlə və ya cümlələrlə də yazıla bilər. Bu, kurikulumun tələbidir: şagirdlər orta məktəb proqramı çərçivəsində istənilən bir mövzuda fikirlərini sərbəst ifadə etməyi bacarmalıdır. Bu tip tapşırıqların qiymətləndirilməsi isə mütəxəssislər tərəfindən həyata keçiriləcək. Ola bilər ki, növbəti illərdə bu cür suallar magistraturaya qəbul imtahanının birinci mərhələsində də tətbiq edilsin.

 

- Hansı hallarda ümumi keçid balını toplayanlar üçün ayrı-ayrı fənlər üzrə bal məhdudiyyəti götürülə bilər?

 

-Hər il olduğu kimi, ötən tədris ilində də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi zamanı  bütün fənlər üzrə limit təyin olunmuşdu. Tələblərə əsasən, bakalavrlar məntiq fənnindən təqdim olunan suallardan ən 15-nə, informatika və xarici dil fənlərinin hər birindən isə ən azı 5-nə düzgün cavab verməlidirlər. Keçən il ümumi keçid balını digər fənlər hesabına ödəyib, hansısa fəndən keçməyənlərdən bal limitini götürdük ki, müsabiqə şəraiti yaransın. Bu il üçün isə tələblərimiz olduğu kimi qalır. Bakalavrların imtahan nəticələrinə əsasən, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası bu barədə müvafiq qərar qəbul edə bilər.

Tədrisi ingilis və ya alman dilində aparılan ixtisaslaşmalarda oxumaq istəyən tələbələrə isə xarici dildən belə güzəşt tətbiq edilmədi. Lakin fənlərdaxili test blokları üzrə belə bir məhdudiyyət qoyulmur: tutaq ki, dinləmə və ya oxu üzrə mətn bloklarından “ən azı 1 sual düzgün cavablandırılmalıdır!” tələbi irəli sürülmür. Ola bilər ki, bakalavr, dinləmə tapşırıqlarından heç birinə cavab verməyib, əsas odur ki, mütləq fənn üzrə minimal bal toplamalıdır. Fəndaxili limitlərin qoyulması məsələsi zamanla müzakirə oluna bilər, lakin indi gündəmdə deyil.

 

- Məhəbbət müəllim, tələbələrin səbirsizliklə gözlədikləri məqamlardan biri də imtahana qeydiyyat vaxtıdır. Magistraturaya qəbul imtahanına qeydiyyat hansı tarixdə aparılacaq?

 

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün bakalavrların qeydiyyatı 2019-cu il 1 fevral tarixində başlanacaq. Qeydiyyat prosesi 1 - 11 fevral tarixlərini əhatə edəcək.

DİM-in rəsmi saytında “Təqvim” bölməsində bütün tədbirlərin qrafiki yerləşdirilir. Hazırda bütün imtahan vaxtlarının dəqiqləşdirilməsi ilə bağlı işlər davam edir, çünki digər qurumlarla, misal üçün, Təhsil Nazirliyi, imtahanların təhlükəsizliyini təmin edən Xüsusi Dövlət Mühafizə Xidməti və digər aidiyyəti orqanlarla da razılaşdırmalar aparılır. Üstəlik, ölkədə keçiriləcək digər dövlət əhəmiyyətli tədbirlər də nəzərə alınır ki, imtahanlar onlarla üst-üstə düşməsin. Yaxın günlərdə DİM-in keçirəcəyi bütün imtahan və tədbirlərin dəqiq qrafiki saytımızda yerləşdiriləcək və ictimaiyyətə bu barədə məlumat veriləcək. Sonda bu il imtahan verəcək bütün iştirakçılara uğurlar arzulayıram.

 

Nəzrin CAVİD

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...