Modern.az

Beynəlxalq olimpiadaların qızıl medalçısı: “Kimya mənim üçün hər şeydir”

Beynəlxalq olimpiadaların qızıl medalçısı: “Kimya mənim üçün hər şeydir”

Təhsil

30 Yanvar 2019, 13:37

Modern.az saytında bilik yarışlarının - beynəlxalq və fənn olimpiadalarının qalibləri ilə silsilə yazılara davam edirik.

Təhsil Nazirliyi ilə Modern.az-ın birgə layihəsinin məqsədi oxucuları bilikli məktəblilər və istedadlı gənclərin uğurları ilə tanış etməkdir.

Layihənin budəfəki qonağı Ramil Babazadədir. Ramil Babazadə Cənubi Koreyanın KAİST Universitetində kimya mühəndisliyi ixtisası üzrə təhsil alır.

“Təsadüf nəticəsində kimyanı seçdim”

Olimpiada qalibi deyir ki, kimyaya öncədən sevgisi olmayıb:

“2001-ci ildə Şəkidə anadan olmuşam. 3 yaşım olanda ailəm Bakıya köçüb. Ona görə də orta təhsilimi Bakıdakı 74 saylı məktəbdə almışam. Daha sonra isə 7-ci sinifdən 11-ci sinfə qədər “İstək” liseyində təhsilimi davam etdirmişəm. Olimpiadaya sevgim 7-ci sinifdən yarandı. Öncə olimpiadalara hazırlaşmağa başladım. Onu da deyim ki, kimya sahəsinə təsadüf nəticəsində gəlmişəm. Kimyaya hazırlaşdığım zaman bu fənn tədris olunmurdu. Elə alındı ki, hazırlaşan zaman limiti keçdim. Çünki şagirdləri bölüşdürmüşdülər. Mən də kimya sahəsinə düşdüm. Evimizdə kimya üzrə mütəxəssis də olmayıb ki, məni bu sahəyə istiqamətləndirsin. Sırf təsadüf nəticəsində bu sahəyə gəlsəm də, sonradan kimyanı çox sevdim. Hiss etdim ki, kimya mənim üçün hər şeydir”.

Qızıl medal qazanan məktəbli

Ramil Babazadənin sözlərinə görə, ilk olimpiadaya qatıldığı zaman çox həyəcanlı olub:

“2016-cı ildə 48-ci Beynəlxalq Kimya Olimpiadası Gürcüstanda keçirilirdi. Orada bürünc medal qazandım. Daha sonra Yeniyetmələrin 13-cü Beynəlxalq Təbiət Elmləri və 51-ci Beynəlxalq Mendeleyev Kimya olimpiadalarında bürünc medallar əldə etdim. 49-cu Beynəlxalq Kimya Olimpiadası və 2-ci Beynəlxalq Meqapolis Şəhərlərin Olimpiadasından isə qızıl medalla qayıtdım. 50-ci beynəlxalq kimya olimpiadasında nəsibim isə gümüş medal oldu.

2017-2018-ci illərdə Respublika fənn olimpiadası üzrə “birincilər birincisi” nominasiyası və qızıl medala layiq görülmüşdüm”.


“Ailəmin kaprizləri ilə qarşılaşmadım”

2 qızıl medal qazanan Ramil Babazadə ailəsinin ona dəstəyindən də söz açıb:

“Məni məcburi formada hansısa sahəyə yönəltməyiblər. Seçim azadlığıma hörmətlə yanaşıblar. Bəzi hallarda valideynlər uşaqlarının olimpiadalara qatılmasını istəmir. Çətin olduğunu əsas gətirirlər. Eləcə dərslərini normal oxumağı məsləhət görürlər. O baxımdan da bu məsələdə valideyn kaprizləri ilə qarşılaşmadım”.

“Olimpiadalara qatılmaqdan qorxmasınlar”

Olimpiada qalibi yeniyetmələrə bir neçə məsləhət də verib:

“Olimpiada sahəsi ilə məşğul olub uğur qazandığım üçün yeniyetmə və gənclərə bir neçə məsləhət vermək istərdim. Olimpiadalara qatılmaqdan qorxmasınlar. Çünki olimpiadalar uşaqların dünyagörüşünün formalaşmasına müsbət təsir edir. Eyni zamanda, olimpiadalara qatılanda digər ölkələrin uşaqları ilə tanışlıq və ünsiyyət olur. Bu da inkişafımıza təsir edir. Bu bir həftəlik ünsiyyət zamanı əcnəbilərin təmsil etdikləri ölkələrin mədəniyyətinə, adət-ənənəsinə bələd oluruq. Həm də bir orta məktəb şagirdinin beynəlxalq olimpiadada medal qazanması çox qürurvericidir”.


“Koreyaya daha tez uyğunlaşdım”

İki həftə ərzində Koreyaya uyğunlaşan tələbə heç bir çətinlik yaşamadığını deyir:

“Olimpiadalara hazırlaşan kiçik yaşlı şagirdlərə dərs keçirəm. Tətildə ölkəyə gələn kimi bildiklərimi öyrətməkdən çəkinmirəm. Olimpiada təcrübəmi onlarla bölüşürəm. Koreyaya gedib təhsil almağıma ailəmin heç bir etirazı olmadı. Sadəcə uzaq olduğunu dedilər. Konkret olaraq “getmə, burada oxu” kimi fikirlər söyləmədilər. Kənar adamlar Koreyaya uyğunlaşa bilməyəcəyimi deyirdilər. Özüm də Koreyaya necə alışacağım barədə fikirləşirdim. Amma heç də çətin olmadı. Yalnız iki həftə çətinlik oldu. O da Koreya mətbəxi ilə bağlı idi. İndi isə onların mətbəxinə alışmışam. Əsasən dəniz məhsulları, düyü, vermeşil yeyirlər. Bizim yeməklərdən fərqli olaraq Koreya mətbəxi ağır deyil”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi