Modern.az

Allah peşman eləməsin!!!

Allah peşman eləməsin!!!

Parlament

31 Yanvar 2019, 17:51

Bahar Muradova,

Milli Məclis sədrinin müavini, 
parlamentin İnsan hüquqları komitəsinin sədri
 

 
Modern.az saytı Milli Məclisin vitse-spikeri Bahar Muradovanın Facebook-da paylaşdığı fikirləri təqdim edir:

- Türkiyədə artıq sınaq yayımlarına başlamış “Luys Tv” adlı sadəcə erməni icmasını hədəf aldığını bəyan edən yeni xəbər kanalı Ermənistanın istər Türkiyəyə, istərsə də Azərbaycana yönəlik ərazi iddialarına da dəstək verəcəkmi?!

 

Biz bu gün haqlı olaraq Avropada fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların postsovet məkanında gedən proseslərə selektiv yanaşmaya söykənən münasibətlərindən narazılıq edir, bir halda dəqiqləşdirilməmiş, yaxud doğru olmayan informasiyalar əsasında qərəzli bəyanatlar, təzyiq, diktə və hikkə dolu qətnamələrin qəbul olunmasını, digər hallarda isə təcavüzkar siyasətlər nəticəsində yaranmış status-kvonun möhkəmlənməsi, separatçılığı, bölücülüyü, etnik və dini dözümsüzlüyü daha da körükləyən cinayətkar rejimlərə dəstək olan “siyasətləri” müşahidə etməkdəyik.

Heç uzağa getməyək...

Azərbaycanda müşahidə olunan dinamik inkişaf, İqtisadi, sosial və hərbi qüdrətin artırılması istiqamətində əldə olunan və beynəlxalq reytinq afentliklərinin də hesabatlarında əksini tapan nailiyyətləri həzm edə bilməyən, Türk və Azərbaycan birliyinin ortaya qoyduğu əzmkar mövqeyi özləri üçün qarşısı alınmaz reallıq kimi qəbul edən bəzi erməni maliyyəsinə və maraqlarına bağlı Avropa siyasətçilərinin çirkin niyyətlərinə alət rolunda çıxış edən Avropa Parlamentinin bir qrup üzdəniraq üzvlərinin 2019-cu ilin yanvar ayında Azərbaycanla bağlı qəbul etdikləri qətnamə buna əyani sübutdur.

Necə olur, Ermənistanda 10 ildən artıq siyasətdə özünəməxsus yeri olan bir partiyanın rəhbər şəxsi, informasiya resursunun rəhbəri, fəal siyasi mövqeyi olan bir şəxs 52 gün ərzində aclıq aksiyası keçirməklə özünün həbsinə etiraz edərək həm Ermənistan ictimaiyyətinin, həm beynəlxalq aləmin diqqətini özünə, eləcə də Paşinyan hakimiyyətinin antihumanistliyinə cəlb etmək istəyir, amma nəinki buna nail olmur, hətta həbsxana divarları arasında ömrünü onu ittiham edən yeni “demokratik” rejimə bağışlaması belə nə yeni hakimiyyətin, nə erməni cəmiyyətinin, nə hüquq müdafiəçilərinin, nə də beynəlxalq təşkilatların vecinə də olmur. Süd məhsulları ilə “aclıq” aksiyası daha cəlbedici olur, nəinki əsil insan faciəsi.

2018-ci ilin dekabrın 5-dən, 2019-cu ilin yanvarın 23-dək sürən bu hadisə insan hüquq və azadlıqlarını mövcudluqları, siyasi karyeraları və iqtisadi təminatları naminə vasitəyə çevirənlər üçün heç bir maraq kəsb etmir. Bu cinayətkar susqunluq mənə Azərbaycanın Qarabağ bölgəsi və onun ətrafındakı rayonlarda gedən işğalçılıq, bəşəriyyət əleyhinə və hərbi cinayətlərə dair göstərilən susqunluğu xatırladır. Səbəb – erməni təəssübkeşliyi, xristian həmrəyliyi, islam düşmənçiliyi. Hər iki halda Ermənistanın cinayətkar mövqeyinin müdafiəsini, onun imicinin qorunmasına yönəlmiş beynəlxalq himayəçiliyi görməkdəyik.

Bəs beynəlxalq prinsiplər, bəs fundamental insan hüquqları, xalqların və dövlətlərin bərabərliyi, dini və etnik dözümlülük harda qaldı, onları qorumaq yalnız bir qrup ölkələrə münasibətdəmi yada düşür?

“Təxirəsalınmaz müzakirələr” və onların nəticəsində meydana çıxan qətnamələrin obyekti hər zamanmı türk-müsəlman ölkələri olmalıdır?

Özü də o ölkələr ki, yalnız öz iqtisadi sərvətlərinə, insani, təbii və elmi resurslarına söykənərək ərazisində yaşayan bütün xalqların və etnik qrupların dostluq və qardaşlığına, min illərin mehribançılığına, sabit, tolerant və vətəndaş məsuliyyətinə əsaslanan cəmiyyətlərə malikdirlər. Beynəlxalq hüquq əsasında vəzifə və öhdəliklərinə sadiqlik nümayiş etdirirlər.

Bu gün dünyanı ağuşuna alan bir çox təhlükələrin önlənməsinə, müharibə və qarşıdurmadan əldə olunan nəticələrin, insan faciələrinin və humanitar fəlakətlərin aradan qaldırılmasına açıq və kəskin münasibət sərgiləyirlər. Malik olduqları iqtisadi və hərbi potensialı çox səxavətlə bu gün miqrant adlandırılan milyonlarla didərgin ordusunun ehtiyaclarının qarşılanmasına yönəldirlər.

Konkret halda Türkiyədən, qardaş ölkədən danışmaq istəyirəm.

Bunu hər kəs bilir ki, bu günkü Türkiyə demokratiyasının uzun illərin ənənəsinə söykənən tarixi vardır. Burada yaşayan çoxsaylı xalqlar və etnik qruplara Türkiyə tarixinin bütün dönəmlərində iqtidarda olan hakimiyyətlər tərəfindən diqqət və qayğı ilə yanaşılmış, onların dili, dini, mədəni dəyərləri qorunmuş, ölkənin siyasi həyatlarında iştirakı üçün heç bir maneələr yaradılmamışdır, əksinə onlar hərtərəfli müdafiə olunmuşlar.

Mənə elə gəlir bunun bu gün də belə olduğunu Türkiyə höküməti və xalqının Suriya qaçqınlarına qucaq açması, milyonlarla insanı öz vətəndaşı kimi hərtərəfli qayğı ilə əhatə etməsi faktı bir daha təsdiq edir.

Amma taleyin ironiyasına baxın ki, həm tarixən, həm də günümüzdə bu coğrafiyada yaşayan çoxsaylı xalqlar içərisində bütün bu münasibətlərə rəğmən xəyanət yoluna baş vuran, əhəmiyyətli dönəmlərdə arxadan zərbə ilə öz düşmən xislətini nümayiş etdirən yenə də beynəlxalq erməniçilik və ona xidmət edən dairələr olmuşlar.

Bu siyasət bu gün də davam edir. Soyqırım cinayətləri iddialarından əl çəkməyən erməni diasporu və onun maliyyəsinə bağlı beynəlxalq dairələr dünya miqyasında Türkiyənin, onun hakim elitasının gözdən salınması üçün illər ərzində türk kimliyi altında gizlənərək xarici təzyiqlərə, qarayaxmalara daxildən dəstək verərək türk-müsəlman düşmənçiliyinə əsaslanan dağıdıcı fəaliyyətlərdə hər cür iştirakı məqbul sayan etnik ermənilərdən istifadə etməkdədirlər.

Yenə də vurğulamaq lazımdır ki, Türkiyə dövlətinə və xalqına qarşı törətdikləri saysız-hesabsız cinayətlərə rəğmən bu ölkədə yaşamağa davam edən, sıraları Ermənistandakı fəlakətli durumdan xilas olmaq və normal həyat şəraiti əldə etmək üçün Türkiyəni seçən soydaşları hesabına getdikcə genişlənən etnik erməni kökənli Türkiyə vətəndaşları bu ölkədədki mövcud tolerant, demokratik mühitdən maksimum yararlanmaqdadırlar. Onlar həm rəsmi dövlət orqanlarında, Böyük Millət Məclisində, bələdiyyə və biznes qurumlarında vətəndaş cəmiyyəti orqanlarında eləcə də, çap və onlayn media quruluşlarında qədərincə yer tutmaqdadırlar. Onların bir çoxu yenə də babalarının “irsini” davam etdirərək ölkəni içəridən laxlatmağa, xarici təzyiqlər və qarayaxma kampaniyalarının təşkilində həm maddi, həm də fiziki mənada yaxından iştirakla Türk dilli dövlətlər və topluluqlara qarşı yönəlmiş “layihələrin” içərisində yer alaraq, Türk-Azərbaycan qardaşlığına daha çox zərbə vurulması üçün gecə gündüz çalışırlar.

Hər halda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin son 30 ilə yaxın tarixi ərzində Türkiyə və Azərbaycanda baş verən olaylar zamanı erməni kökənli vətəndaşlarımızdan bənzər davranışları müşahidə etməkdəyik.

Fərqli yanaşmaların olacağına isə çox az ümidimiz vardır.

2018-ci ilin sonlarında və bu ilin ilk ayında danışıq tərəfləri arasındakı hərəkətlənmələr ciddi maraq doğurmaqdadır. Ən diqqət çəkən məqam ondan ibarətdir ki, Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan Respublikalarının Xarici işlər nazirləri və hətta iki ölkənin rəhbərləri Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan əhalinin sülhə hazırlanması məsələsində yekdil fikirlər səsləndirməyə başlamışlar. Media orqanlarında bu istiqamətdə oxşar açıqlamalar yer almaqdadır.

Bu prosesin içərisində Türkiyə, eləcə də buradakı media və ictimai mühit də az əhəmiyyət kəsb etmir. Çünki heç kəsə sirr deyil ki, Ermənistanın Türkiyəyə soyqırım və ərazi iddiaları obyektiv olaraq Türkiyə dövləti və cəmiyyətinin Azərbaycanla bir sırada yer almağa, özlərinə qarşı yönəlmiş iddialarla bərabər Azərbaycana qarşı törədilən təcavüzkar siyasət və onun nəticələrini də aradan qaldırılması üçün ikitərəfli və çoxtərəfli əsasda fəaliyyətlərimizi və beynəlxalq erməniçilikdən qaynaqlanan təhlükələrə qarşı qüvvələrimizi birləşdirməyə sövq edir.

İndiki halda ictimai rəyi formalaşdıran və yönəldən media quruluşları və onların fəaliyyəti kifayət qədər vacibdir. Nəzərə alsaq ki, Türkiyə mediasında Ermənilərin özləri tərəfindən yaradılan, maliyyələşdirilən belə qurumlar kifayət qədərdir. Bu qurumların bu üç ölkə arasında problem qaynağı kimi çıxış edən ərazi iddialarından sülh, təhlükəsizlik və normal qonşuluq naminə vaz keçilməsi işinə töhfə verəcəklərinə ümid etmək nə dərəcədə doğrudur?

Türkiyədə artıq sınaq yayımlarına başlamış “Luys Tv” adlı sadəcə erməni icmasını hədəf aldığını bəyan edən yeni xəbər kanalının Ermənistanın istər Türkiyəyə, istərsə də Azərbaycana yönəlik ərazi iddialarına dəstək verməyəcəyinə də az inanmaq olar.

Onu da vurğulamaq lazımdır ki, bu kimi hallar bir daha qardaş Türkiyəmizdə insan və vətəndaş azadlıqlarına olan sayqının, demokratik dəyərlərin ənənəvi olaraq uca tutulmasının bariz nümunəsi olmaqla yanaşı, ermənilərin tarixi türk düşmənçiliyinin qarşılığında nümayiş etdirdikləri səbr və dözümlülükdən irəli gəlir. Etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin fəaliyyət azadlığına yaradılan bərabər şəraitin nümunəsidir.

Nə deyim? Allah peşman eləməsin!!!

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi