Modern.az

Komitə sədrinin müavini: “Vəzifədə olmağımdan heç vaxt fərəhlənməmişəm” - MÜSAHİBƏ

Komitə sədrinin müavini: “Vəzifədə olmağımdan heç vaxt fərəhlənməmişəm” - MÜSAHİBƏ

Müsahibə

1 Fevral 2019, 08:38

Sədaqət Qəhrəmanova: “Gözlənilməyən cavabım Heydər Əliyevi çox təəccübləndirdi”

“Sırf ərə getmək xatirinə ərə gedirlər”

“İndi fahişəliyə meyllilik daha çox özünü göstərir”


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Modern.az saytına müsahibə verib.

- Sədaqət xanım, necəsiz? Nəsə fikirli görünürsünüz?

- Sizdən bir az qabaq tanınmış diktor Rafiq Həşimovun söhbətlərinə qulaq asırdım. O qədər səliqəli, rabitəli danışırdı ki!.. Zövq aldım. Doğrudan da, bu gün belə aparıcıların söhbətinə hər bir tamaşaçının ehtiyacı var. Rafiq Həşimovun söhbəti məni bir qədər uzaqlara apardı.

- Təəssüf ki, indi efirlərimizdə o cür aparıcılar çox azdır. Sanki bu gün dəyərlərimiz dəyişib.  Razısınızmı?

- Deməzdim, dəyərlərimiz dəyişib. O dəyərlərə münasibət dəyişib. Hər bir peşə sahibi öz sənətinə, öz peşəsinə hörmət etməli, dəyər verməlidir.  Mənim gəncliyimdə  mənəvi dəyərləri o qədər gözəl aşılayırdılar ki!. Bu, həm orta məktəbdən, həm də evdən başlayırdı. Dostluq, qardaşlıq, insanlıq  dəyərlərinə necə sahib olmağı  öyrədirdilər. Orta məktəbdə belə ənənə vardı. Pis  və yaxşı oxuyan şagirdi bir yerdə otuzdururdular. Nəticədə yaxşı oxuyan pis oxuyana təsir edib onu önə çıxarırdı. Ona görə də  insanların beyninə yaxşı ənənələri hopdurmağa çalışmalıyıq. Bu da hər bir insanın özünə olan münasibətdən qaynaqlanır.

- Yaxşı ənənələr müasir texnologiyanın axarına yol alıb gedir. Məsələn, bir çox həmkarlarınız iddia edir ki, boşanmaların səbəbi internet, mobil telefonlardır. Siz bu barədə necə düşünürsünüz?

- Boşanmaların səbəbi ailədəki və orta məktəbdəki tərbiyədən asılıdır. Bizə müraciət olunan faktların təhlil göstərir ki, boşanmaların əsas səbəbi həm də kənar təsirlə bağlıdır: belə ki, cütlüyün ailə üzvləri və ailə qurmaq xatirinə gerçəkləşən ailələr... Uşaqlar kənar təsirlər nəticəsində psixoloji stresə məruz qalır. Burdan da cəmiyyətdəki əhval-ruhiyyə nizamlanır. Cəmiyyətin daha çox aqressiv və  zorakı olduğunu deyirik. Şəxs evdə o qədər yüklənir ki, cəmiyyət içində dərhal hiss olunur. Ona görə də ailə institutu hər bir dövlət üçün çox vacibdir. Çünki ailədə olan münasibətdən dövlətin vəziyyəti müəyyənləşir. Erkən nikahlar, cinayətlər ailədən qaynaqlanır. O ailə ki uğursuzdur, bu zaman problemlər cəmiyyətə atılır. Ona görə də nizamlı ailəyə sahib olmalıyıq.


- Sədaqət xanım, Siz 10 il Şirvan şəhərində icra başçısı postunda çalışdınız. Bir qədər o illərə nəzər salmanızı istərdim. O dövrün cəmiyyət üçün xüsusi çətinlikləri vardı. Ailələr və onların taleləri bugünkü qədər cəmiyyətdə müzakirə mövzusu olurdumu?

- Ən ağır dövr idi. Məcburi köçkünlük, şəhid ailələri, Qarabağ əlilləri və onların problemləri... Dediyiniz ailələr və onların taleləri bu formada idi. Amma bu kəskinliklə müzakirə mövzusu deyildi. O zaman düşüncələr başımıza gələn Qarabağ müsibətləri ilə bağlı idi. Məhz bu nöqteyi-nəzərdən o zamanlar işləmək heç də asan deyildi.

- Bəzi qadınlar vəzifə başında olmalarından sui-istifadə edir. Açıq desək, mənəm-mənəmlik edirlər. İllərdir, vəzifə icra edən qadın kimi bu məsələlərə necə baxırsınız?

- Belə deyil. Vəzifədə olan, yaxud da işləyən qadın çalışır ki, işlədiyi üçün ona irad tutmasınlar ki, ailə öhdəliklərinin öhdəsindən gələ bilmir. Yeri gələndə, qadın hamıdan gec yatıb hamıdan da tez durur ki, üzərinə düşən işləri yerinə yetirə bilsin. Cəmiyyətdə belə düşüncə var ki, vəzifə icra edən qadın nə mətbəx işlərini bacarır, nə də ailəsinə vaxt ayıra bilir. Əksinə, bir çox işləməyən qadınlar üzərinə düşən ailə öhdəliklərini daha aşağı səviyyədə yerinə yetirir, nəinki işləyən qadınlar.  Vəzifəli qadın məsələsinə gəldikdə, həyat təcrübəmdən deyə bilərəm ki, vəzifə başında olan qadın hər bir məsələyə daha məsuliyyətli, həssas və diqqətli yanaşır. 39 illik rəhbər vəzifədə çalışdığım təcrübədən deyə bilərəm ki, heç vaxt vəzifə başında olduğum üçün fərəhlənməmişəm.

Ələxsus, bunu daha çox icra başçısı işlədiyim dövrdə hiss etmişəm. Başçı olduğum üçün yox, çətin vəziyyətdə olan ailələrə, xüsusilə də qadınlara kömək edə bildiyim üçün rahat olmuşam. Həmçinin o zamanlar ailə-məişət zorakılıqları yox idi. İqtisadi çətinlik, müharibə ilə bağlı problemlər vardı. Qapım bu insanların üzünə daim açıq olurdu. Hətta, bazar günləri problemi olanlar evimə gəlirdi.

- Maraqlıdır, 1990-cı illərdə əri, yaxud keçmiş əri tərəfindən döyülən qadınlar özlərində cəsarət tapıb dərdlərini söyləyə bilirdilərmi?

- Əksinə, o zamanlarda ərləri tərəfindən döyülənlər indikindən daha az idi. Çünki ölkədə müharibə gedirdi. Evlərə, kəndlərə qohumlara şəhid tabutları gəlirdi. İqtisadi çətinlik, Qarabağ əlillərinin qayğıları, gənclərin cənazələrinin gətirilməsi çox ağır hadisələr idi. İnsanların fikri ancaq siyasi məsələlərə yönəlmişdi. Ən böyük dərdimiz Qarabağla bağlı idi. O zamanlar uşaqlarım kiçik yaşlı idi. 4 uşağı qoyub Qarabağda döyüşməyə belə  hazır idim. O vaxt Şəhər Sovetinin sədri idim.


- Şəhər Sovetinin sədri olaraq hansı işləri görürdünüz?

- Şəhər Sovetinin sədri olmaqla yanaşı, Qarabağa Yardım Komitəsinin də sədri idim. Qarabağa nə köməklik lazım idisə edirdik. Yadımdadır, komitənin yenicə sədri seçilmişdim. Təklif etdim ki, nə qədər bacarırıqsa, pul toplayaq. Beləliklə,  hər işçinin əmək haqqından bir faiz hesaba köçürərək, Qarabağ yardım edirdik.  Bununla da  bir komissiya yaratdıq. Bütün rəhbər strukturların iştirakı ilə vəsaiti topladıq. İnanın, bir gecədə iki kisə pul yığıldı. Ərzaqdan başqa, toplanmış vəsaitin hesabına silah-sursat aldıq. Sovet qoşunları Azərbaycandan çıxanda silahları satanlar da vardı. Həmin vaxt 2 QRAD aldıq və onu cəbhə bölgəsinə göndərdik. Bayaq dediyiniz qadın-kişi zorakılığının o zamanlar yeri yox idi. Bütün insanların düşüncəsində Qarabağ vardı. Ailələrdə baş verən münaqişələr yaddan çıxmışdı.

- Siz danışdıqca hiss etdim ki, hadisələri uzaqdan izləməmisiniz. Bəs gənclərin döyüş ruhu necə idi?

- O qədər yüksək idi ki! Fabriklərə, zavodlara gedib gəncləri döyüşə ruhlandırırdıq. Gənclərimizi şəhərdəki  “Ana abidəsi” önündən döyüşə yola salırdıq. Hər dəfə gəncləri Qarabağa yola salanda özüm də iştirak edirdim. O anları danışdıqca,  bağrım yarılır. Təkcə subaylar deyil, ailəlilər də döyüşə gedirdi. Arada onlar evlərinə baş çəkməyə gələndə mənimlə də görüşə gəlirdilər. Görüşəndə bir sözü deyirdilər: “Bizə heç nə lazım deyil. Bizi gəlin, orada yoxlayın”.
Onlara mənəvi dayaq lazım idi. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün ərazilərdə döyüş ruhu daha da yüksəlmişdi. 1994-cü ildə Horadizi geri almışdıq. Yeni Azərbaycan Partiyasının bir qrup qadını olaraq maşınla dərman ləvazimatlarından tutmuş, ərzağa qədər alıb Horadizə yollandıq. Əli-Bayramlıdan, Hacıqabuldan olan uşaqlar Horadizdə döyüşürdülər. Qapını açıb gördük ki, səngərdən gələn döyüşçülərimiz taxtaların üstündə yatıblar. Səsimizi eşidib bir-bir yuxudan durdular. Bizi görüb çox sevindilər. O anları danışmaq mümkün deyil. Bəli, o zamanlardan bu günə qədər olan fərqi görürük. Bu gün Azərbaycan əsgərinin şəraiti müstəqil Azərbaycan dövlətçiliyindən, qüdrətli ordusundan xəbər verir.

- Həssas məqama toxunub sizi kövrlətdik.

- Dediyiniz məişət zorakılığı nə gəzirdi?  Torpaqlarımızı azad etmək tək amalımız idi. O illərdən danışanda təsirlənməmək olmur. Biz o cür ağır sınaqlardan keçmişik. Bunu başa düşməyən bu gün də başa düşmür. Təsəvvür edin, 18 yaşında gənc onurğasından zədə alır və əlil arabasına möhtac qalır.  Şəhərin rəhbəri, bir ana, qadın kimi onunla üz-üzə gəlməli idim. Çox ağır idi. Onu ovundurmalı idim. Qarabağ əlili vardı. Ailəsini belə yaxın buraxmırdı. Onunla dil tapmağa çalışırdım. Elə bir şəhid ailəsi yox idi ki, onların evində olmayım.
Bir hadisəni danışım.  2 il bundan qabaq bir qazimizin “Hilton” otelində doğum günü keçirilirdi. Dəvətli idim. Foyedə dayanmışdım. Gördüm kimsə əlil arabasında mənə yaxınlaşaraq salam verdi. Bu həmin İlham idi ki, onurğasından zədə almışdı. O zamanlar ona təsəlli verərkən məyus olmamağı məsləhət görmüşdüm. İllər sonra görüşəndə onun əhvalının yüksək olduğunu görəndə sevindim. Artıq o ailə başçısı idi. Həyata ümidlə baxırdı. Budur Azərbaycan gənci.

Təəssüf edirəm ki, müxalifət sayılan bir qrup insanlar meydanlara can atırlar. Keçmişdə insanları çətin vəziyyətə saldıqları məqamları çox tez unudublar.  Bəzən elə insanlar olur ki, həyatda müəyyən problemlərlə üz-üzə gəlir. Uğursuz həyatında günahkar axtarır. Halbuki,  problemi insan özü üçün yaradır. Bəzi vətəndaşlar bu gün problemlərdən, çatışmazlıqlardan danışırlar. Nəzərə almırlar ki, dağılmış, viran edilmiş ölkədə çox qısa müddətdə 1994-cü ildə atəşkəs əldə olunandan sonra Azərbaycanda ictimai-siyasi sabitliyin əldə olunması və iqtisadi inkişafa nail olmaq... Bu nə qədər müddətdir ki?! Bu gün ölkəmizdə dilə gətirilən problemlər uzun illər mövcud olmuş, inkişaf etmiş dövlətlərdə də var. Problem sadalayıb günahkar axtarmaq əvəzinə, qolunu çırmalayıb bu problemlərin həllinə girişmək lazımdır. Bu Azərbaycan, bu millət bizimdir. Yenidən burada qarşıdurma yaratmağa yol vermək olmaz.


- Qadın və vəzifə. Bunları bir arada daşımaq heç də asan deyil. Bəzi hallarda kişilər qadınlarının hansısa vəzifə daşımasını qəbul etmir.  Qadını seçim qarşısında qoyurlar. Sizin ailədə bu cür məsələlər necə tənzimlənib?

- Ailə həyatı quranda vəzifə başında idim.  34 yaşım vardı. Həyat yoldaşımla evlənməzdən öncə oturub söhbət etmişdik. Qadının işləmək mövzusu ortaya gələndə “belə bir işdə çalışıram. İşimdən də kənarlaşmaq fikrim yoxdur. Mənə evlənmək təklifi etməklə bunları da gözə alırsanmı? Çünki sabah desən ki, işindən ayrıl. Bu mümkün olmayacaq”. O zaman şəhər Partiya Komitəsinin ideoloji işlər üzrə katibi idim. Həyat yoldaşım qərarının qəti olduğunu və hər bir şeyi gözə aldığını söylədi. “Düşünərək bu addımı atıram” dedi.

- O zaman belə deyək, Siz ailə quranda yüz ölçüb bir biçmisiniz.  İndi bəzi gənclər ailə quranda bunları nəzərə almır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi olaraq fikirlərinizi eşitmək maraqlıdır.

- Doğrudan da belədir. Bugünkü boşanmaların sayını nəzərə alsaq, düşünülməmiş qurulan ailələrin nəticəsi hesab etmək olar. Komitəyə daxil olan müraciətlərin təhlilini apararkən 6 ay, 1 il, uzağı 2 il ailə həyatı qurub, boşananların sayı daha çoxdur. Bu nədən irəli gəlir?!

Quş quşluğu ilə yumurta salmaq istəyəndə özünə yuva qurur və sonra cücəsini çıxarır. İnsanlar isə evlənməyə qərara verərkən nə evləri, nə peşə sahibi, nə də maddi təminatı olur. Evlənirlər və evlənən kimi bir neçə uşaq dünyaya gətirirlər. O uşaqların günahı nədir ki, şəraitsiz şəkildə həyatlarını davam etdirsinlər?!.  Ona görə hər bir insan düşünməlidir ki, evlilik böyük məsuliyyətdir. Sıradan addım deyil.  

- Vəzifəli qadınlar və ailə münasibətləri... Vəzifəli qadın olaraq sizin ailədə problemləriniz nədən ibarət idi? Qısqanclıq səhnələri olubmu?

 - Təbii, ailə məsələlərində kişilər söz versələr də, zamanı gələndə sözlərinin arxasında durmurlar. Yəqin hər bir qadın bunu hiss edir ki, evlənənə qədər münasibətlər necə olur və evlənəndən sonra ayrı bir səhnə ilə qarşılaşırsan. Müəyyən qadağalar, kaprizlər... Belə hisslər məndən də yan keçməyib.

Əvvəlcədən aramızda müqavilə olsa da, işimə qarşı qısqanclıq olurdu. İşdən gec gələn zaman qaşqabaqla qarşılaşırdım. Mən də bunları normal qəbul edirdim. Çünki kişi psixologiyası deyə bir şey var və qadın bunu anlamalı, dərk etməlidir. İşdən gələndən sonra mətbəxə keçib qadına aid funksiyaları yerinə yetirdikdə qaşqabaq açılır və üz gülürdü. Yəni kişi psixologiyası belədir. Bu zaman qadın ustalığı lazımdır. Həmin vaxt mən də üstünə qalxsaydıım “bu nə hərəkətdi, biz şərt kəsmişdik” və sairə desəydim, o zaman ailə olmayacaqdı. Ailədə biri od olanda biri də su olmalıdır. Bu gün gənclər düşünmədən evlənirlər və düşünmədən də ayrılırlar. Evlilik müddətində bir-birini başa düşmək istəmirlər.


- Boşanmalar zamanı müxtəlif fikirlər ortaya çıxır. Tərəflər bir-birini zorakılıqda ittiham edir. Maraqlıdır, komitəyə kişilərin məruz qaldığı qadın zorakılığı faktları ilə bağlı da müraciətlər olurmu?

- Əlbəttə. Boşanmış qadınlar olduğu kimi,  boşanmış kişilər olur. Kişilər də bəzən məişət zorakılığına məruz qalırlar. Qadının ailəsi güclü olur və kişilər zorakılığa məruz qalırlar. Təbii ki, kişilərin zorakılıq halları qadınlara nisbətən az olur. Biz onlara yol göstərir, qayda-qanuna uyğun olaraq problemi nizamlamağa çalışırıq. Bu zaman fərqli mənzərə ilə rastlaşırıq. Böyüklər, məsələni düzəltmək əvəzinə daha da pisləşdirirlər. Komitə olaraq bizi narahat edən əsas problemlərdən biri də boşanmış qadınlarla bağlıdır. Belə ki, qadın öz aqresiyası ucbatından uşağı atasına göstərmir. Bu anormal  prosesdir. Siz bir-birinizlə yola getməyib ayrılmısınızsa,  uşaqların heç bir günahı yoxdur. Ata olaraq ata, ana olaraq ana qalıb, normal ayrılmaq olmazmı?  Əgər iki insan bir-birilə yola getmirsə, yaxud da xasiyyətləri üst-üstə düşmürsə, bu zaman ayrılmaları normaldır. Evlənəndə alınıb, indi alınmır. Belə olanda ən yaxşısı ayrılmaqdır. Çünki gün ərzində bir-birilə dava-dalaş şəraitində yaşamaları uşaqlar üçün ən böyük travmadır. Valideynlərin dava- dalaşından qorxub küncə sıxılaraq ya qorxaq bir insan kimi formalaşırlar, ya da aqressiv bir insana çevrilirlər. Hesab edirlər ki insanlar elə həmişə belə bir-biri ilə dalaşmalı və bir-birini döyməli, söyməli, vurmalıdır. Əgər insanlar yola getmirlərsə, şüurlu sürətdə, dost kimi ayrılıb və  övladlarını da dost kimi böyütsünlər.

Bir ailə tanıyıram. Xanım ictimai-fəaldır. Günlərin bir günü ailəsi haqda soruşanda ayrıldıqlarını öyrəndim. Səbəbini öyrənəndə “bir-birimizə uyğun adamlar deyilik. Tamam fərqli adamlarıq. Sonda başa düşdük ki, bu belə davam edə bilməz  və biz normal formada ayrıldıq. Hazırda o evlidir. Yoldaşı ilə bizə gedib-gəlir, biz uşaqlarla onlara gedib-gəlirik. Yəni normal formada ayrılmışıq, amma dost olaraq qaldıq”. Yəni bunu hamı bu formada  edə bilməzmi? 

Belə bir məqam da var. Çox təəssüf olsun ki,  istər təhsilli, istərsə də təhsilsiz xanımlarımız  bir yaşa çatdıqdan sonra ailə qurmadıqlarına görə narahat olurlar. Bu zaman  ailə qurmaq xətrinə ailə qururlar. Buna görə də ailələr dağılır. 21 yaşında evlənmə, 30, 35  ya da  40 yaşında ailə qur, amma özünə uyğun adamla   evlən. Ən narahatedici fakt isə qeyri-rəsmi nikahlardır. Ali təhsilli müəllimədir və nikahı yoxdur. Bu qadın adına təhqirdir, həmin şəxs səni qəbul etmir. Yaxşı, sən niyə razılaşıb özünü  alçaldırsan? Sırf ərə getmək xatirinə ərə gedirlər. Belə hallar da boşamalara səbəb olur.

- Xəyanətlər də boşanmalara səbəb olan faktlar arasındadır. Məsələn bir neçə gün əvvəl  kişi ona xəyanət edən həyat yoldaşının videosunu çəkib internetdə paylaşmışdı.

- Bu qəbuledilməzdir. Paylaşmaq ayıbdır. Kişinin illərdir bir yastığa baş qoyduğu  yoldaşının belə bir videosunu çəkib paylaşması yolverilməzdir. Bir haşiyə çıxım. Milli-mənəvi dəyərlər mövzusunda tədbir keçirilirdi. Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov gözəl fikir söylədi və o söz heç vaxt yadımdan çıxmaz: “Cəmiyyətdə vacib ifadə vardı. O unudulub. Bu da ayıbdır”. Doğrudan da bəzi insanlar heç nəyi ayıb bilmirlər. Bu hərəkətlə kişi nə demək istəyirdi?! Milli dəyərlərimizdə belə adət vardı. O vaxtlar kişi arvadı ilə boşanırdısa, papağını götürüb evdən çıxırdı. İndi isə heç arvadının gətirdiyi cehizi belə vermirlər. Boşanandan sonra qadını uşaqlarla birgə evdən çıxarıb, harada yaşayacaqlarının fərqinə varmırlar. Bununla yanaşı, üzərlərinə düşən alimenti də vermirlər. Bu, hansı dəyərlərə sığır?!


- Erkən nikahlar da çox zaman müzakirə mövzusu olur. Ən çox hansı bölgələrdə  erkən nikahlara rast gəlinir?

 - Düzü erkən nikahlar deyəndə daha çox Cənub bölgəsinin adı çəkilir. Hazırda bizi narahat edən əsas problem Bakı kəndlərində yaşanır. Bakı kəndlərinin əksəriyyətində belə problemlər olur. Aran rayonları da bu məsələdə geri qalmır. Belə deyək də, erkən nikahlar aktual olaraq qalır.

 - Bununla bağlı Təhsil Nazirliyi ilə hər hansısa formada işbirliyiniz olurmu?

- Təhsil Nazirliyi ilə birgə layihələrimiz olur. Biz birgə işləyirik, monitorinqlər aparırıq. Ancaq bu zaman beyinlərə, şüurlara təsir  edilməlidir. Mətbuatda danışan zaman bizə qulaq asan kütlənin kimliyini düşünməliyik. O təbəqədən olan insanlar bizi eşidirlərmi? Tədbir həyata keçirən zaman  hədəflərimizi düzgün seçməliyik. Biz rayonlarda qadın sahibkarlığıının inkişafı ilə bağlı layihə həyata keçiririk.  Ya evdar, ya  ailə zorakılığına məruz qalmış, ya da ünvanlı sosial yardım üçün müraciət edən qadınları sahibkarlığa cəlb edirik. Onlara biznes bacarığı öyrədirik, ailə bizneslərini yaratmağa kömək edirik.  Bu zaman düşüncə inkişaf edir, erkən nikahlar  azalır. Qadın tamam ayrı bir simaya çevrilir, heç nədən qorxmur, öz ayağı üstə dayanır, bu zaman ona zorakılıq edən ailə onun ətrafında cəmləşir və ona tamam ayrı hörmət və ehtiramla yanaşır. Çox danışıb buklet çıxarmaqdansa, belə bir addımın atılması daha təsirli olur. Bir ailənin, qadının hüquqlarını qorumaq, onu cəmiyyətdə bir şəxsiyyətə çevirmək bütün prosesləri dəyişir. Deməli yanaşma dəyişməlidir, hədəf düzgün seçilməlidir. Biz bu  baxımdan bütün dövlət qurumları ilə - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə  Nazirliyi, Gənclər və İdman Nazirliyi ən çox da yerli İcra hakimiyyətləri ilə əlaqə saxlayırıq. QHT-lərlə də çox işləyirik.

- Ara-sıra insan  alveri ilə də qarşılaşırıq. Bu sahədə vəziyyət necədir?

- İnsan alverinə məruz qalanların statistikasını Daxili İşlər Nazirliyi aparır. Bəzi rəqəmlər tam açıqlanmır. İnsan alveri dedikdə təkcə qadınlar yox, uşaqlar da kişilər də bura daxildir. Əsasən iqtisadi səbəblərdən bu cür hallar baş verirdi. Bu gün bu cür məsələlərə çox ciddi nəzarət edilir. İnsan alveri idarəsi ilə sıx çalışırıq. Qurbanlar kütləvi deyil ki, onlarla işləyək. Deməzdim ki, insan alveri geniş yayılıb. Əvvəlki illərdə daha çox idi. Demək olar ki tək-tək bu cür hallara rast gəlmək olar. İndi fahişəliyə meyllilik daha çox özünü göstərir. Belə faktlar daha çoxdur.


- Fahişəliyin çox olduğuna toxundunuz. Təbii ki, bir çox hallarda bəzi qadınlar savadsızlıqdan aldadılaraq pis yola düşür. Bu cür qadınlarla fərdi olaraq söhbətlər aparılırmı?

- İnsan alveri ilə bağlı müəyyən dövlət proqramı var. Onun çərçivəsində regionlarda maarifləndirici tədbirlər keçirilir. Ancaq bu bəlaya düşən qadınlar bizə müraciət edərkən cəmiyyətə inteqrasiya olunması istiqamətində söhbətlər aparırıq. Bu da bayaq dediyim kimi dövlət proqramları, layihələr həyata keçirməklə qarşısı alınır.

- Fahişəliyə məruz qalan qadınlar arasında müraciətlərin sayı nə qədərdir?

- Sayını açıqlaya bilməsəm də müraciətlər olur. Bu cür qadınlara iş tapılması, müəyyən peşənin öyrədilməsi baxımından yardımçı oluruq. Ailələrdə olan münasibətlər konteksində bu işlər ortaya çıxır. Əvvəllər kənd yerlərində bu məsələlərə münasibət ciddi idi. Qadınlar, qızlar ailələri tərəfindən daha çox nəzarətdə olurdular. Təəssüf ki, indi valideyn məsuliyyəti çox aşağı düşüb. Bunun isə kəndi, şəhəri yoxdur. Bəzi qadınlar şəhərə acgözlüklə yanaşır. Bayaq internetin zərərini qeyd etdiniz. Həmin internet vasitəsilə xəyallarında şəhər ab-havası yaradıb Bakıya gəlirlər. Xoş xəyallar ardınca gedərək bəlaya düşürlər. Valideyn məsuliyətinin artırılması ilə bağlı qanun gücləndirilməlidir. Valideyn bilməlidir ki,  uşağın pis yola düşməsinin məsuliyyəti onun üzərindədir və bundan ötrü cəzalanmalıdır.


- Sədaqət xanım, bir az da övladlarınızdan danışaq. Hansı sənətin sahibidirlər?

- 3 qızım, 1 oğlum var. Qızlarımın 3-ü də ailəlidir. Biri ixtisasca həkim, biri hüquqşünas, digəri də şərqşünasdır.

- Azərbaycan ənənələrində övladların ailə qurulmasına analar müdaxilə edir. Siz də bu ənənəyə sadiq qalmısınızmı?

- Heç birinin ailə qurmasına müdaxilə etməmişəm. Yəni “bu rəfiqəmin, yaxud da iş yoldaşımın oğludur. İstəyirəm onunla ailə qurasan” kimi hallar baş verməyib. Ailə qurmaq məsələsində sərbəstlik vermişik. Hər 3 qızım həyat yoldaşlarını sevərək ailə qurublar. Heç vaxt düşünməmişik ki, vəzifəli şəxsin oğluna qız verək, yaxud da oğlumuza qızını alaq. Əsas faktor o olub ki, doğru-düzgün insan olsun. Şükürlər olsun ki, qızlarımız ziyalı ailələrinə qismət olublar.

Düşünürəm ki, hər bir qız düşdüyü evdə bərqərar olmalıdır. Gözü ata qapısında qalmamalıdır. Oğlum da həmçinin. Kimi sevəcəksə, onunla da evlənəcək.

- İcra başçısı olduğunuz dönəmlərdə kənardan soyuqqanlı təsiri bağışlayırdınız. “Bu xanım iş üçün yaranıb. Evdarlıq buna yaramaz” düşüncəsində olanlar da vardı. Deyilənləri qəbul edirsinizmi?

- Qayğıların çoxluğundan idi. Bu boyda məsuliyyətli vəzifəni üzərinə götürən qadın rəhbər haqqında belə fikirlərin formalaşdırılması normaldır. Əslində, qadın olaraq qadın idim. Qadına məxsus işlərin içində ən sevdiyim mətbəxdir. Mətbəxdə dincəlirəm. Mətbəxə girəndə bir yox, bir neçə cür yemək bişirirəm. Bişirməkdən zövq alıram. Hətta bişirdiyim təamların dadına baxılanda reaksiya da mənim üçün önəmli olur. Yalnız icra başçısı işlədiyim vaxtlarda köməkçim olub. O zaman  işlərim ağır olduğu qədər uşaqlar da kiçik idi. İstəsəydim belə, fiziki cəhətdən buna gücüm çatmazdı. Ancaq bazar günləri özümü ailəmə uşaqlarıma həsr edirdim.

- Bu arada rəsmilərin qeyri-rəsmi tərəfləri mütləq olur. Ya yaxşı musiqi alətində çalmaq məharətləri, ya da gözəl rəsm çəkmək bacarıqları olur. Sizdə bunların hansı var?

- Əlbəttə.  Musiqi alətində çalmaq, yaxud da şəkil çəkmək bacarığım olmasa da, musiqini çox sevirəm. Musiqi mənim dünyamdır. Mütləq mətbəxdə zümzümə edirəm. Rəqs etməyi də sevirəm.

- Son olaraq bir sual da verəcəm: Müsahibə boyu bir məsələ məni düşündürürdü. Necə oldu ki, 1995-ci ildə icra başçısı oldunuz? Əvvəla, o dövrdə qadınların vəzifəyə təyinatı kütləvi deyildi. Üstəlik, deputat seçkilərinə qatılan qadınların da sayı az idi.

- Həyatımın bu zaman kəsiyi mənim üçün unudulmaz hadisəyə çevrildi. Heç gözləmədiyim anda Prezident Aparatından zəng gəldi və məni Heydər Əliyevin qəbuluna dəvət etdilər. Prezident Aparatında olanda sual etdim ki, “nə məsələdir?!”. Şirvan şəhərində Yeni Azərbaycan Partiyasının yerli şöbəsinin sədri idim. O vaxtkı şəhər rəhbərliyi mənim barəmdə bütün instansiyalara xoşagəlməyən məzmunlu müraciətlər göndərirdi. Məlum oldu ki, YAP mərkəzi qərargahından mənim adımı deputatlığa namizəd kimi irəli sürüblər.  Dedim ki, axı, məndən soruşmadan niyə namizdəliyimi irəli sürüblər?! Deputat olmaq imkanım yoxdur.  Nə isə... Qısası, axşam o böyük insan, ulu öndər Heydər Əliyevlə üz-üzə oturmaq xoşbəxtliyi nəsib oldu. Mənə deyəndə ki, “partiyadan deputatlığa namizədliyini irəli sürüblər. Buna necə baxırsan?!”. Cavabım çox qısa oldu. “Cənab prezident, çox pis baxıram”. Gözlənilməyən cavab prezident Heydər Əliyevi təəccübləndirdi.  Bu zaman izahat verməli oldum.  “Deputatlıq mənim üçün əlçatmaz zirvədir, böyük etimaddır. Lakin mənim deputat olmaq imkanlarım məhduddur. Birinci növbədə anayam və 4 övladım var. İkisi məktəbə gedir, ikisi isə körpədir.  Bu uşaqların məsuliyyətini üzərimdən atıb necə deputat ola bilərəm?!”.
Cavabım Heydər Əliyevi çox maraqlandırdı. Mənimlə düz saat yarım söhbət apardı. Səhəri gün bir də məni qəbul edib dedi: “Səni Şirvan şəhərinə icra başçısı təyin edirəm. Get, dövlətçiliyimizi qoru! Həm də ailənin üzərində ol!”. Bu addımı ancaq Heydər Əliyev ata bilərdi. Qadınlara yüksək münasibətdə olan dahi insan!



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi