Modern.az

Ana “yükü”

Ana “yükü”

Ədəbi̇yyat

3 Fevral 2019, 16:15

Azadə Balayeva 

Yəqin ki, türk mediasını izləyənlər  bu günlərdə Trabzonun bir qəsəbəsində Gülsen Paslı adlı qadının evinin buldozerin qabağına qatılaraq yerlə bir edilməsi  xəbəri oxuyublar. Təbii ki , qışın günündə bir ailənin küçəyə tökülməsi dəhşətlidir. Amma iş burasındadır ki, bu vəhşiliyin səbəbi  nəticəsindən də dəhşətlidir. Qadın evinin qardaşları tərəfindən dağıdıldığını bildirib. Bəs, qardaşları bu cür insafsılığa sövq edən nədir?  - Ana “sevgisi”. Məhz dırnaqarası Ana sevgisi. Demək , 3 bacı - qardaş olan bu övladlar Analarına kimin baxmalı olduğuna dair razılığa gələ bilmirlər. Gülsən Paslı da Anasına sahib çıxmaqdan, onu  gətirib evində saxlamaqdan imtina etdiyinə görə digər qardaşlarının qəzəbinə tuş gəlib. Bir anlıq o Ananın vəziyyətini təsəvvür etməyə çalışdım. Hətta gözlərimin qarşısında bir animasiya filmi kimi canlandı: övlad üçbucağı arasında qalmış çarəsiz Ananı hərə bir tərəfə itələyir.  Halbuki O, nankor övladlarının bu gün bu Ananı görmək istəmədikləri evlərində rahat yaşamaları üçün Allah bilir hansı əziyyətlərə qatlaşıb. Bəlkə də Ana qızının evinin dağıdıldığını duyanda öz gününə ağlamağı unudub yenə də övladını düşünüb, onun üçün üzülüb, onun üçün gözyaşı töküb, qızı onu düşünməsə belə.   Bəli, təəssüf ki, nankorluq, eyni dildə danışmalarına baxmayaraq övlad və valideynlərin bir – birilərini anlamaması, bir çox hallarda yanlış anlaması bu günün üzücü reallıqlarındandır. Hər gün bu səpkili neçə xəbər oxuyur, çevrəmizdəki insanlardan bu qəbildən neçə üzücü hekayə eşidirik. Yeri gəlmişkən, bir rəfiqəm də  oxşar hadisə danışmışdı. Dediyinə görə, iş yoldaşı olan xanımlardan birinin Atası bir neçə il əvvəl vəfat edib. Ana da bu xanımın evli olan qardaşlarıyla qalırmış. Ataları vəfat edəndən bu zavallı qadın sözün birbaşa mənasında tənha qalıb. Kiçik gəlinə yüngülvari irad bildirməsi oğlunun xoşuna gəlməyib, acıq edib həyat yoldaşını da götürüb evi tərk edib. Böyük qardaş və gəlin də buna görə Ananı dindirmir. Zavallı qadının evdə bişən yeməkdən belə  dadmağa ixtiyarı yoxdur. Yaşlı, xəstə halıyla bazarlığını da özü etmək məcburiyyətindədir. İmkan düşdükcə rəfiqəmin iş yoldaşı olan xanım kömək etməyə çalışır. Amma o da iş şəraitinə görə çox vaxt Ananın dadına çata bilmir, mənzil şəraiti pis olduğundan, yalnız birotaqlı evdə yaşadığından onu yanına da gətirə bilmir. Qadın bu günlərdə deyibmiş ki, artıq intihar etməyi düşünürəm. Hər halda, intihar edib – etməsə də bu düşüncəyə gəlməsi övladlarının etinazsızlığı nəticəsində bu  Ananın mənən öldüyü anlamına gəlir.

 

Belə... biz türklər hələ valideynlərə ömrümüzün sonuna qədər borclu olduğumuza dair əsrlər boyunca  formalaşmış mədəni koda malik xalqıq. Ailə ənənələrinin zəif olduğu xalqlarda vəziyyət bu nöqteyi – nəzərdən daha acınacaqlıdır. Bu gün bütün dünya övladların valideynlərdən imtina etməsinin səbəblərini öyrənməyə çalışır. Tanınmış İsveç psixiatrı, “Uşaqların hakimiyyəti: liberal tərbiyənin qorxunc nəticələri” kitabının müəllifi Devid Eberxard bu problemin kökünü liberal tərbiyədə görüir. Onun fikrincə yalnız uşağa fokuslanmaq, onun bütün istəklərini yerinə yetirmək balacaların tərbiyəsində heç də uğurlu metod deyil: “Əgər bu belə olsaydı, onda uşaqlarımız bizi dünyada hamıdan  çox sevərdi. Amma tam əksinə, nə vaxt ki, yaşlanırıq, qocalıb əldən düşürük onlar bizi Qocalar Evinə atırlar”. Qocalar Evləri demişkən, Avropa və Birləşmiş Ştalarda bu cür evlər otellər, əyləncə mərkəzləri kimi biznes obyektləri sayılır (təbii ki, dövlətə aid pansionatlar da var). Yaşlıların özlərinin və ya övladlarının vəsaitləri hesabına mövcudluğunu saxlayan bu pansionatlar arasında ciddi rəqabət olduğundan hər müəssisə xidmətin keyfiyyətini yüksəltməklə daha çox müştəri cəlb etməyə çalışır. Normal ev şəraitindən heç nəyi ilə fərqlənməyən bu Qocalar Evlərində yaşlıların  geyim və yataq örtükləri hər gün dəyişdirilir, onlar hər gün duş ala, televizor izləyə, kitab oxuya, İnternetdən istifadə edə, pansionatın yaxınlığındakı ərazilərdə gəzə bilirlər. Eləcə də buradakı ahılların yaddaş və intellektual vərdişlərinin yox olmaması üçün məşğələlər təşkil olunur, onları sənət adamları, lektorlar ziyarət edir. Pansionat sakinlərinin qidalanması, sağlamlığı, dərmanlarını vaxtlı – vaxtında qəbul etmələrinə də xüsusi nəzarət həyata keçirilir. Araşdırmalara görə hazırda bütün dünya üzrə bu evlərin doluluq səviyyəsi 90 faizdir. Bir sıra ölkələrdə, məsələn, Fransada bu rəqəm hətta 98 faizə çatıb. Proqnozlar yaxın illərdə Qocalar Evlərinə tələbatın artacağını söyləyir. Planet sakinləri, xüsusilə də Avropada əhali sürətlə qocalır, yəni,  doğumun aşağı düşməsi səbəbindən yaşlı insanların sayı sürətlə artır, eyni zamanda insan ömrü uzanır. BMT-nin proqnozlarına görə, 2050-ci ildə dünyada 60 yaşdan yuxarı insanların sayı 2 milyarada çatacaq. Bu isə Qocalar Evlərinə tələbatın da yüksək olacağı deməkdir. Bu təbii ki, sosial təminat sistemi yüksək inkişaf etmiş ölkələrə aid məsələdir. Azərbaycanda isə hələlik bu sektorda hər hansı tərpəniş gözə dəymir. Əslində, mental nöqteyi – nəzərdən də bu normal sayıla bilər. Bizdə valideynin Qocalar Evlərinə atılması az qala faciə kimi qəbul olunur, cəmiyyət də Ata – Anasından imtina edən insanları qəbul etmir. Arqument də “valideyninə layiqli övlad ola bilməyən insandan xeyir gəlməz”, düşüncəsi olur. Amma bununla belə ahıl və kimsəsiz insanlarla bağlı müəyyən sosial layihələr həyata keçirilə bilər. Hansı ki, bir çox ölkələrdə tənha insanların həyatla bağlarının qopmamsı üçün müxtəlif aksiyalar reallaşdırılır. Ölkə üzrə onların siyahısı tutula bilər, müvafiq icra hakimiyyəti orqanlarında qruplar yaradılaraq ehtiyacı olanın bazarlığı edilər, tibbi yardıma ehtiyacı olana yardım göstərilər, kimsəsizlərin asudə vaxtlarının təşkili üçün tədbirlər həyata keçirilə bilər. Bu təbii ki, dövlətin görəcəyi işlər siyahısındadır. Valideynlərin övladlardan gözləntiləri isə daha bəsitdir: sadəcə dəyər və sevgi.

 

Bütün dünyada olduğu kimi, son illər Azərbaycanın ailə institutunda da müəyyən deqradasiya meylləri hiss olunur.  Bir vaxtlar ailə ierarxiyası vardı, ailə ənənləri daha güclü idi. Ata – Ana hər zaman haqlı idi, müqəddəs sayılırdı.  Amma yuxarıdakı misal, eləcə də hər gün mediadan, dost-tanışlarımızdan eşitdiyimiz onlarla misallar bu müqəddəsliyin yox olmaq üzrə olduğunu düşünməyə əsas verir. Ailə bağları, böyüklərə hörmət bizim ən çox qürur duya biləcəyimiz mental dəyərlərimizdəndir. Valideynlərimiz bizdən ayrı da yaşaya bilərlər. Amma onların ehtiyaclarını ödəmək, ən azından onları sevgi, qayğı ilə əhatə etmək, tənhalıq duyğusuna qapılmalarına imkan verməmək bizim borcumuzdur. Valideynlərimizin qayğısına qalmaqla biz yalnız onlara hörmətimizi ifadə etmirik, həm də övladlarımız üçün nümunə göstəririk. Başqa sözlə, gələcəyimizə mənəvi investisiya qoymuş oluruq.  Əgər uşaqlarımız görsə ki, biz valideynlərimizə yaxşı davranırıq, sonra onlar da bizə eyni münasibəti göstərəcəklər. Amma nədənsə, çoxları sabahkı günlərini göz önünə gətirmir. Anlamaq lazımdır ki, valideynlər yaşlandıqca övladları və nəvələrinin sevgisinə daha çox ehtiyac duyurlar. Valideynlərə hörmətin ən sadə ifadəsi isə  onlardan məsləhət istəməkdir. Kiçik sevgi ifadəsi, sarılmalar, öpmələr yaşlıların övladlarının həyatında önəmli olmalarının sübutu kimi qəbul olunur. Yaşlıların ömrünü ən çox qısaldan amil  isə onların heç kimə lazım olmadıqlarını düşünmələri, tənhalıqarıdır. Amerika Psixologiya Assosasiyasının 2017-ci ildə apardığı araşdırmalar belə qənaətə gəlməyə əsas verib ki, tənhalıq insan səhhəti üçün piylənmədən daha böyük təhlükə ifadə edir, hətta siqaretin təhlükəsiyə müqayisə olunacaq səviyyədədir. Onlar tənha insanların ölüm faizinin, sevgi ilə əhatə olunmuş insanlardan xeyli yüksək olduğunu müəyyən ediblər. Sevgi isə pulsuzdur. Bu sevgini nəinki doğmalara, hətta yadlara da səxavətlə paylayanlar var. Bu məqaləni yazarkən təsadüfən qarşıma Boluda Hacer Saltan adlı qadının çoxlarına ibrət olacaq hekayəsiylə qarşılaşdım. Bu qadın 7 ildir övladları, hətta həyat yoldaşının belə imtina etdiyi  əlil və alzheymer xəstəsi olan bir qocanı himayəsinə götürüb, ona az qala öz övladı kimi baxır, “ölənə qədər də baxacam” deyir. Bir anlıq qeyri – iradi bu xanımı məqaləmizin qəhrəmanı, Anasından imtina etdiyinə görə evindən olan Gülsen Paslı ilə müqayisə etdim. Demək Gülsen Paslı da qəlbinin pasını silərək yerində sevgi əkərdisə nə qışın soyuğunda küçədə qalar, nə də Ananı qəbul etməyən nankor övlad kimi xatırlanardı. Əksinə böyük savab sahibi olar, dəyəri heç bir şeylə ölçülməyəcək Ana alqışı, Ana duası qazanardı. Anaların duası isə ibadətin ruhudur deyirlər. Özünüzü bu ibadətdən məhrum etməyin.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar