Modern.az

Cenevrədə Azərbaycanın təklifləri dəstəklənib

Cenevrədə Azərbaycanın təklifləri dəstəklənib

14 Dekabr 2009, 15:55

İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının əmtəə nişanları, sənaye nümunələri və coğrafi göstəricilər üzrə daimi komitəsinin növbəti iclası keçirilib. Toplantıda Azərbaycandan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Dövlət Komitəsinin mətbuat xidmətinin Modern.az-a verilən məlumata görə, iclasın əsas müzakirə mövzusu bütün növ nişanların qeydiyyatının aparılması üçün əsas meyarlar olub.

ABŞ-dan gələn nümayəndələr öz təcrübələrini bölüşərək deyiblər ki, ölkələrində səsli və iyli nişanların qeydiyyatı da aparılır. Amma Avropa və MDB ölkələrində yalnız qrafik təsvirli nişanlar qeydiyyata alınır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri bütün növ nişanlarda rənglərin qorunmasının vacibliyini qeyd ediblər, bu təklif dünya ekspertlərinin diqqətini çəkib.

İkinci müzakirə mövzusu dövlət adlarının nişanlarda təsviri forması ilə bağlı olub. Avropalı ekspertlər ölkə adının tam və ya qısaldılmış şəkildə təsvirini önə çəkiblər. Azərbaycan tərəfi dövlət adının iki hərflə qeydə alınmasının mümkünlüyünü təklif edib və bu fikir də dəstəklənib.

İclasın sonunda “Bütün növ nişanların qeydə alınması üçün əsaslar” adlı praktiki sənədin hazırlanması qərara alınıb. Sənəd gələn ilin aprel ayında qüvvəyə minəcək.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI