Modern.az

Dövlət Komitəsinin rəsmisi: “Bəzi valideynlər azyaşlı qızını öz yaşında olan kişiyə ərə verir” - MÜSAHİBƏ

Dövlət Komitəsinin rəsmisi: “Bəzi valideynlər azyaşlı qızını öz yaşında olan kişiyə ərə verir” - MÜSAHİBƏ

4 Fevral 2019, 08:58

Aynur Veysəlova: “2018-ci ildə Azərbaycanda 15-17 yaşlı gəlinlər 2421 uşaq dünyaya gətiriblər”


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova erkən nikahlarla bağlı Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Aynur xanım bu gün Azərbaycanda erkən nikahlar ailə institutunda əsas və narahatlıq doğuran problemlərdəndir. Statistika nə deyir, ölkəmizdə ən çox erkən nikahın qeydə alındığı illər hansılardır?

- İlkin olaraq onu deyim ki, bu gün Azərbaycanda qeydə alınan erkən nikahlar problem səviyyəsində deyil. Ölkədə erkən nikahlarda ən yüksək hədd 2011-ci ildə qeydə alınıb. Həmin il 18 yaşadək qızlar arasında nikaha daxil olanların sayı 5138 olub. 2017-ci ildə isə erkən nikaha daxil olan qızların sayı 317 nəfər təşkil edib. 6 il ərzində fərqin 4821-ə endirilməsi irəliyə doğru atılmış mühüm addımların nəticəsidir.

- Bir neçə il əvvəl 15-17 yaşlı yeniyetmələr tərəfindən doğulan uşaqların sayının yüksək olması ictimaiyyət arasında geniş müzakirələrə səbəb olmuşdu. Hazırda erkən nikaha girmiş gəlinlər tərəfindən doğulan uşaqlarla bağlı statistika necədir?

- Doğrudur, bir neçə il əvvələ qədər bu sahədə də ciddi narahatlıqlarımız vardı. Hazırda 15-17 yaşlı yeniyetmə gəlinlər tərəfindən doğulan uşaqların sayında da ciddi azalmalar var. Əgər 2011-ci ildə 15-17 yaşlı gəlinlər tərəfindən 4392 uşaq doğulmuşdusa, 2018-ci ildə bu rəqəm 2421 olub. 6 il ərzində erkən nikahlardan doğulan uşaqların sayı 2 dəfə aşağı düşərək, fərq 1971 təşkil edib. Bu iki rəqəm-həm erkən nikaha daxil olanlar, həm də onlar tərəfindən doğulan uşaqların sayı Azərbaycanda erkən nikahın-uşaq nikahının sayının azaldığını deməyə əsas verir.

- Azərbaycan qanunvericliyində yalnız 18 yaşında olan gənclərin rəsmi nikahına icazə verilir. 17 yaşında qız ailə qurmaq istəyirsə və hər iki tərəf razıdırsa, burada hüquqi məsuliyyət yaranırmı?

 

- Əslində Ailə Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra nikah yaşı həm qızlar, həm də oğlanlar üçün 18 olaraq müəyyən edilib. Lakin sosial və digər obyektiv səbəblər əsas gətirildikdə, qanunla İcra hakimiyyətləri tərəfindən nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilir. Belə bir icazə olmadıqda nikahın bağlanmasının əsas şərtlərindən biri olan yaş həddi gözlənilmədiyindən nikah rəsmi qeydiyyata  alınmır. Təbii olaraq da qanunun tələbləri pozulduqda məsuliyyət yaranır.

Ümumilikdə, beynəlxalq müstəvidə 15-17 yaşlı nikahlar uşaq nikahı adlandırılır. Azərbaycan o ölkələrdəndir ki, bu məsələdə ciddi dəyişikliyə nail olub. Bütün bunlara baxmayaraq, erkən nikah məsələsi hər zaman bizim gündəmimizdədir. Biz Komitə olaraq, digər aidiyyatı qurumlarla bərabər maarifləndirici kampaniyaları davam etdiririk.

- Aynur xanım, daha çox hansı bölgələrimizdə erkən nikahlar problem olaraq qalır? Bu baxımdan Komitə tərəfindən daha çox hansı regionlarda maarifləndirmə işlərinə ehtiyac duyulur?

- Bakı şəhərində, Gəncə-Qazax bölgəsində, Aran iqtisadi rayonunda, Dağlıq Şirvanda, Lənkəran iqtisadi rayonunda bu məsələ hələ də həssaslığını qoruyur. Bu baxımdan, həmin yerlərdə işləri daha da intensivləşdirmişik. Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən hər il təhlillər aparılır. Burada qız və oğlan uşaqlarının dərsə davamiyyəti, onların ali təhsil müəssisələrinə qəbulu üzrə statistika aparılır və təhlil edilir. Bu təhlillər deməyə əsas verir ki, ölkənin müxtəlif yerlərində az da olsa, erkən nikah gündəmdədir. Ona görə də rəqəmlər minimuma endirilənədək, maariflənmə işləri yüksək şəkildə davam etdiriləcək.

 

- Rəqəmləri minimuma endirmək üçün hansı addımlar atılır? Sırf maarifləndirmə işlərilə problemi həll etmək mümkündürmü?

- Əlbəttə, maarifləndirmə bu məsələdə çox böyük rol oynayır. İnsanların həyata baxışı, dünyagörüşünün dəyişməsində maarifləndirmə güclü silahdır. Burada iki məsələ var: birincisi uşaqların erkən nikaha münasibətinin dəyişməsi, ikincisi valideynlərin erkən nikaha münasibətinin dəyişməsidir. Biz quru sözlərlə maarifləndirmə aparmırıq. Söhbətlər təsirli videoroliklər, sənədli filmlərin nümayişi, real həyati faktlara söykənən müzakirələr əsasında təşkil edilir. Çalışırıq ki, valideyn problemin ciddiliyini dərk etsin. İnanın, bəzən elə valideynlərlə qarşılaşırıq ki, onları bu kimi fikirdən daşındırmaq olduqca müşkülə çevilir.

- Əksər valideynlər qızlarını erkən yaşda ərə verməklə bir növ özlərini “yük”dən azad olmuş kimi hiss etdiklərini deyirlər. Erkən nikahların əsasında hansı amillər dayanır?

- Araşdırmalar göstərir ki, erkən nikahlar müxtəlif sosial statuslu ailələrdə baş verir. İstər iqtisadi durumu aşağı olsun, istər yuxarı olsun. Erkən nikahlar iqtisadi durumla bağlı məsələ deyil. İqtisadi cəhətdən tam təmin olunmuş ailələr var ki, biz orada da erkən nikaha məcbur edilən qızların olduğunu görürük. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Əsas valideynlərin dünyagörüşüdür. Hətta bəziləri düşünür ki, qızı dünya görmüş, yaşlı kişiylə nikaha girsə, bütün problemləri həll olunacaq. Biz məlumat alan kimi birmənalı olaraq bu cür nikahların qarşısını alırıq.

Biz məktəblərdə iş aparırıq. Məktəblərdə iş aparan zaman şərt qoyuruq ki, heç olmasa gələn 30 valideyndən 10-12 nəfəri kişi olsun. Çünki kişilər uşaqların tərbiyəsində, şəxsiyyət kimi formalaşmasında ata kimi məsuliyyətlərini dərk etməlidirlər. Biz hətta qadın hüquqlarını müdafiəsilə bağlı görüşlərə də kişiləri dəvət edirik.

 

- Heç kimə sir deyil ki, erkən nikahlarda valideyn məcburiyyəti əhəmiyyətli dərəcədə təsiredici qüvvəyə malikdir. Maraqlıdır, qeydə alınan nikahlarda məcburiyyət hansı səviyyədədir? Erkən nikahlarda könüllük, yoxsa ailə basqısı  üstünlük təşkil edir?

- Təhlillər göstərir ki, bu məsələdə qeyd etdiyiniz hər iki səbəb var. Amma valideyn məcburiyyəti bir qədər üstünlük təşkil edir. Buna baxmayaraq, biz hər iki halı məqbul hesab etmirik. Yeniyetmələrlə iş apararkən bunun onların həyatında törədəcəyi fəsadları diqqətə çatdırırıq. İzah edirik ki, bu həm onların sağlamlığına, həm cəmiyyətdə özlərini təsdiq etmələrinə, həm hansısa peşə üzrə uğur qazanmalarına ciddi maneələr yaradacaq. Biz bunları çox asan başadüşülən dillə onlara izah edirik. Uşaqlara başa salırıq ki, onlar üçün təhsil almaq, gələcəyə hazırlıqlı olmaq, həyatda özünü təsdiq etmək əsasdır. Sizin də bayaq qeyd etdiyiniz kimi, böyüklərlə söhbət zamanı bir çox valideynlər qızın ailədə yükə çevrildiyini deyirlər. Biz onlara izah edirik ki, qız ata-ana üçün gözəl nemətdir. Bildiririk ki, qanunda valideynin vəzifə və borcları, öhdəlikləri var. İnanın bu cür söhbətlərdən sonra valideynlər həyata baxışlarında dəyişikliklər olduğunu etiraf edirlər. Bu çox sevindirici haldır. Hansısa valideynin uşağının erkən nikahdan çəkindirməsinə vəsilə olmaq böyük əhəmiyyətə malikdir.

- Azyaşlı qızların nikaha daxil olduğu tərəf də maraqlıdır. Əksərən qız uşaqlarının özlərindən qat-qat yaşlı kişilərə ərə verildiyinin şahidi oluruq. Hansı ki, bu nikah həmin kişilərin 2-ci, 3-cü evliliyi olur…

- Çox doğrudur. Təhlillər göstərir ki, bir çox hallarda qızlar özlərindən qat-qat yaşlı kişilərlə nikaha girir. Bu isə ailə həyatının sonrakı gedişində çox təzadlı formada, həm də problem olaraq özünü göstərir. Şəxsiyyət kimi yetişə bilməyən, dünyaya baxışı çox səthi və primitiv olan qız, yaşa dolmuş, formalaşmış, bəlli bir həyat təcrübəsi olan kişiylə ailə qurur. Təzadı təsəvvür etmək belə ağır gəlir. Bu qız artıq 18-20 yaşına çatanda başqa hislərlə, duyğularla yaşayır. Məhz bu yaşlarda hansı çətinliklərin, hansı riskin altında olduğunu dərk edir. “Mən nə etmişəm” deyə düşünəndə isə çox gec olur. Ona görə belə ailələrdə hər zaman konfliklər, anlaşılmazlıqlar, zorakılıqlar qeydə alınır. Bu cür ailələr uğurlu ailələr ola bilməz! Praktika da göstərir ki, olmurlar da. Bəzən valideyn öz yaşında olan kişiyə verir qızını. Biz bunlarla iş aparırıq. Bir uşaq düşünün, o atası yaşda kişiylə necə münasibət qura bilər? 


- Aynur xanım, heç olubmu ki, Komitəyə hansısa bölgədə, yaxud elə Bakının özündə erkən nikahın qeydə alınacağı ilə bağlı məlumat daxil olsun və siz bunun qarşısını alasınız?

- Bizim təsiredici layihələrimizdən biri də İcra hakimiyyətlərilə birgə aparılır. Biz İcra hakimiyyətlərinin təkibində zorakılıq və uşaqlara qarşı zorakılıqla bağlı monitorinq qrupları yaratmışıq. Erkən nikahlar məişət zorkılığının tərkib hissəsi olduğu üçün hansısa rayondan, kənddən belə bir fakt daxil olan zaman dərhal ona müdaxilə edirik. Monitorinq qrupunun üzvlüyündə İcra hakimiyyətlərinin müavini, həkimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri təmsil olunur. Bu cür məlumat daxil olan kimi, bütün adekvat addımlar atılır. Azyaşlı qız nəzarətə götürülür, onun təhsil alması, orta məktəbi bitirməsi tərəfimizdən təmin edilir. Bu cür qızların olduğu ailələr qeydiyyata götürülür və mütəmadi olaraq onlarla iş aparılır. Yəni ailə artıq başa düşür ki, bu kimi hallarda monitorinq qrupu dərhal müdaxilə edəcək. Həmçinin, Komitənin uşaq və ailələrə dəstək mərkəzləri də bu məsələləri diqqətdə saxlayır. O mərkəzlər də erkən nikah faktının qeydə alındığını, yaxud qeydə alınacağı ilə bağlı bizi məlumatlandırırlar.

- Erkən nikahların qeydə alınmaması üçün müdaxilə etdikdə, valideynlər, yaxud nikaha daxil olmaq istəyənlərin özləri Komitəyə etiraz ediblərmi?

- Əlbəttə olub. Bilirsiniz, burada həm stereotip məsələsi, həm də maraq, mənafe məsələləri müəyyən rol oyanıyır. Hansısa valideyn bizim müdaxiləmizi birmənalı qarşılamaya bilər, qarşılamayanlar da olub, amma bizim məqsədimiz elə onları doğru yola gətirməkdir. Biz hüquqi əsaslarla erkən nikahların qanunsuz olduğunu izah edirik. Cinayət Məcəlləsində göstərilib ki, yetkinlik yaşına çatmayan uşağı nikaha məcburetmə 2 ildən 4 ilədək həbs, yaxud 4 min manatadək cərimə deməkdir. Biz valideynlərə izah edirik ki, bu qədər məbləği ödəyə biləcəksən, yaxud qızını ərə verib həbsdə yatmaq istəyirsənmi? Biz deyirik ki, sabah bu nikah uğursuz olanda, sən qzının hüquqlarını müdafiə edə biləcəksənmi? Bax bu suallar valideynləri düşünməyə məcbur edir. Hər bir uşaq 10 yaşından sonra sərbəst fikir yürütmək hüququna malikdir. Bu hüquq da ilk növbədə valideynlər tərəfindən tanınmalıdır. Valideyn bizim fikirlərimizə şübhə ilə yanaşanda, özlərinin qərarlarına əsaslı sübutlar gətirmək istəyəndə, bizim izahlarımızdan sonra bundan çəkinirlər. Bilirsiniz, övladlar bizimdir, amma sahibləndiyimiz hansısa mülk deyil ki, onunla istədiyimiz kimi davranaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi