Modern.az

Atasızlığa...  

Atasızlığa...   

Ədəbi̇yyat

5 Fevral 2019, 09:53

Fidan Z.Aslanova


Həyatda hər nəyi itirirsən itir, onunçun özünü ovudacaq səbəb-bəhanə tapa bilirsən. Onlar da olmadı, adına qədər-qismət deyib üstündən keçirsən.
Qədəri günahkar, qisməti mərdimazar, taleyi borclu çıxarıb, Tanrıya asi olduğun məqamdı Atanı itirmək...

***

Ağlım kəsəndən yadımdadı ki, fevral ayını heç sevməzdi Atam. Bu ayı salamat çıxana zaval yoxdu - deyirdi. 5 fevral 2013. Od düşdüyü yeri yandırır. 6 il... Heçmi insanın içindəki od soyumaz?!

***

Bir yaxın yoldaşdan kitab alacaqdım. Görüşüb xeyli söhbət etdik. Özümüzdən danışdıq. Atalarımızdan danışdıq. Atalı vaxtlarımızı xatırlayıb, Atasız halımıza baxdıq. Sonra ikimiz də bir ağızdan dedik ki: “Atalarımız dünyalarını tez dəyişdi. Nə özləri bir gün gördülər, nə də bizə bir gün ağladılar”. 
İkimizin də yaşı 30-u keçib...

***

Ağ gün demişkən...

Atam hər dəfə bizə nəsihət edəndə deyirdi ki, “Mən kömürçü Əminin oğluyam. Uşaq vaxtından ailəmdən uzaq düşüb (Kəndlərində tam orta məktəb olmayıb. 6-cı sinifdən rayonda qohumlarının evində qalıb məktəb oxumaq üçün), oxuyub, ali təhsil aldım. Mənim kimi saf kənd uşağı Əfqanıstanın od-alovundan, Bakı kimi əjdahanın (heç sevmirdi bu şəhəri) ağzından çıxıb, Zakir Sadatlı oldum. Siz də oxuyun, çalışın, özünüz-özünüzə bir gün ağlayın. Sizə mal-mülk qoyub gedən dədələrdən olmayacam. Amma adım gələn yerdə də siz xəcalət çəkən övladlardan olmayacaqsınız”.

Həyatda qızına sataşan ataların olduğunu eşidib, ailəsinə zülm edən, oğurluq, üzəduranlıq, şərəfsizliklə övladına çörək “qazanan”, “gün ağlayan” “atalar”ı gördükcə anladım ki, şərəfli, vicdanlı, ədalətli, mərd kişinin övladı olmaq, adı çəkiləndə fəxr duyulan sözlər eşitmək elə Dümağ günə çıxmaq imiş... 
Məsləhət edə bilmədiyin fikir, addım atmağa qorxduğun yol, arxanda hiss etmədiyin dayaq, çətinə düşəndə qolundan yapışmayan əl, başına çəkilməyən tumar, eşitmədiyin səs....-lər imiş... Bizim tamarzı qaldığımız, adına “Ağ gün” dediyimiz şey həyatda Atasızlığı hiss etdiyimiz, dərk etdiyimiz hər məqam imiş...

***

Olduğun yer cənnətdi, Ata. Bilirəm...

***

Zakir Sadatlı

Daha adamları sevib qurtardım,
Sevgidən, nifrətdən doydum, İlahi.
Üstündən ah çəkdim bir iki qullab
Onu da yarımçıq qoydum, İlahi.

Adamlar içini xaraba qoyub, 
Uçuq divarların dibiynən gedir.
Hərə öz başına bir noxta salıb
Bir zatı qırığın ipiynən gedir..

Otlar ac qarına çıxır torpaqdan
Sular birnəfəsə yürüyüb gedir.
Ağac basdırırsan göyərib çıxır,
Adam basdırırsan çürüyüb gedir...

Başın qarışıqdı başına dönüm,
Küfr olar, desəm ki, işin-gücün yox,
Səndən bəndələrin çörək istəyir,
Sən olan yerdə də əkin-biçin yox...

İlahi, səni də dişimə vurdum
Yerdən göy çağırmaz, göydən yer məni
İlahi, sən mənə yiyə durmadın,
Dədəmə, nənəmə apar ver məni! 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər