Modern.az

ABŞ-dan Azərbaycana gözlənilməz təklif: Vaşinqton İrana qarşı sanksiyalara qoşulmağı istəyib

ABŞ-dan Azərbaycana gözlənilməz təklif:  Vaşinqton İrana qarşı sanksiyalara qoşulmağı istəyib

Dünya

1 Dekabr 2011, 16:02

ABŞ rəsmi Bakıya İrana qarşı tətbiq edilmiş sanksiyalara qoşulmaq təklif edib.. Modern.az Rusiyanın xüsusi xidməti ilə yaxınlığı olan “NAMAKON” Strateji Araşdırmalar Mərkəzinə istinadən bildirir ki, Vaşinqton özünün Bakıya göndərdiyi emissraları vasitəsi ilə göndərdiyi mesajda ölkəmizin Tehran rejimi ilə iqtisadi və siyasi əlaqələrin məhdudlaşdırılmasını və bəzi strateji məsələlərdə ümumiyyətlə dayandırılmasını istəyib.
Azərbaycan hakimiyyəti isə məsələ ilə bağlı qəti mövqe bildirməyib və proseslərin gedişatını izləməyə üstünlük verib. 

Qeyd edək ki, ABŞ-ın Azərbaycandan İrana qarşı embarqo siyasətinə qoşulması barədə çaığırışlar brinci dəfə deyil ki, səslənir. İranın nüvə dosyesi ətrafında 2003-cü ildən başlanan kampaniya ərzində Qərb bir neçə dəfə bununla bağlı mövqeyini ifadə edib.

Ötən ilin oktyabrında Bakıda səfərdə olmuş ABŞ maliyyə nazirinin müavini Stüart Livi Azərbaycanda keçirdiyi görüşlər zamanı Tehran rejiminə qarşı nəzərdə tutulan sanksiyaları müzakirə etmişdi. Səfər zamanı Stüart Livi prezident İlham Əliyev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, xarici işlər naziri Elmar Məmmədyarov, maliyyə naziri Samir Şərifovla görüşmüşü. 

2010-cu il oktyabrın 19-da Bakıda mətbuat konfransı keçirərkən o açıqlamışdı ki,  keçirdiyi görüşlərdə "beynəlxalq öhdəliklərə riayət etməyən, nüvə və raket proqramlarını davam etdirməkdə olan" İrana qarşı sanksiyaların son raundu barədə müzakirələr aparılıb.

Levi bildirib ki, Bakıda olmağının məqsədi buradakı rəsmiləri digər ölkələrlə aparılan qarşılıqlı əlaqələrlə bağlı məlumatlandırmaq, beynəlxalq maliyyə sistemini İranın sui-istifadəsindən müdafiə etmək yönündə birgə işləmək yollarına dair məsləhətləşmələr aparmaqdan və BMT Təhlükəsizlik Şurasının 1929 saylı Qətnaməsinin mandatını icra etməkdən ibarətdir.

Amerikalı qonaq həmçinin əlavə edib ki, bu, “Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın maraqlarının bir araya gəldiyi sahədir”. Azərbaycanın maliyyə sistemini İran tərəfindən törədilən təhlükədən müdafiə etmək onun maliyyə sektorunun nüfuzunun qorunub saxlanmasına və nəticə etibarilə investisiyaların ölkəyə cəlb edilməsinə kömək edir”-deyə Livi bildirib. O, deyib ki, bu tip görüşlərdə əsas diqqət ABŞ-ın dünya üzrə tərəfdaşlarının İranın qanunsuz fəaliyyəti və beynəlxalq maliyyə sistemindən sui-istifadə etməsinə dair məsələlərə cəlb edilməsini gücləndirməkdən ibarətdir.

ABŞ-ın bir sıra analitikləri də Azərbaycanın İrana qarşı sanksiyalara qoşulmasını məqbul hesab edirlər.

Məsələn, Silahlara Nəzarət Assosiasiyasının baş analitiki, 25 il diplomat vəzifəsində və Senatın kəşfiyyat komitəsində çalışmış Qreq Tilman hesab edir ki, Azərbaycan sanksiya işinə böyük töhfə verə və İrana təsir göstərə bilər.

"Bu, Azərbaycanın İranla etnik və dini yaxınlığı, Avropa və ABŞ-la yaxşı münasibətləri ilə izah olunur. Azərbaycan İranın beynəlxalq ictimaiyyətlə əməkdaşlığa vadar edilməsi prosesinə yardım edə, Rusiya və ABŞ vasitəsilə fəaliyyət göstərərək İranın mümkün basqın və təzyiqlərinə qarşı müdafiəsini gücləndirə bilər", - deyə o bildirib. Analitikin sözlərinə görə, İranı inandırmaq lazımdır ki, əməkdaşlıqdan imtina ona çox baha başa gələcək: "Eyni zamanda böhranın diplomatik həlli üçün imkanları açıq saxlamaq lazımdır".

Ağ evin ABŞ-ın Milli Təhlükəsizlik üzrə Əməkdaşları Şurasının keçmiş üzvü və müdafiə nazirinin keçmiş şəxsi nümayəndəsi Raymond Tanter hesab edir ki, Azərbaycan mütləq İrana qarşı sanksiyalara qoşulmalıdır.

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Kler M.Lopes hesab edir ki, İrana qarşı qarşılıqlı beynəlxalq iqtisadi və digər sanksiyalar əbəsdir: "İran rejiminin hakimiyyətdə qalmasına real təhlükə olmasa, o, nüvə silahı istehsalı prosesini dayandırmayacaq".

Görünür İran ətrafında çevrə daraldıqca bu məsələlərdə manevr imkanları da tükənmək üzrədir. Bakının bu sanksiyalara qoşulub-qoşulmayacağı ilə bağlı məsələ isə ciddi müzakirələrə rəvac verən qərarların qəbulundan asılıdır.

X.Səfəroğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır