Modern.az

Azərbaycanda 31 prokurorluq işçisi CƏZALANDIRILIB  

Azərbaycanda 31 prokurorluq işçisi CƏZALANDIRILIB   

Aktual

7 Fevral 2019, 17:32

Ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində ötən il 31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.


Modern.az-ın məlumatına görə, bu barədə fevralın 7-də Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında məlumat verilib.


Bildirilib ki, həmin prokurorluq işçilərindən 16-na töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 8 nəfər vəzifədən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric olunub. 

Uzun illər ərzində aparılan islahatlar nəticəsində prokurorluq orqanlarında şəffaflığın təmin edilməsi, neqativ hallara yol vermiş şəxslərin ifşa edilməsi istiqamətində çox mühüm işlər görülməklə prokurorluğun demokratik və hüquqi cəmiyyətdəki rolunun möhkəmləndiyini qeyd edən Baş prokuror Zakir Qaralov, bu işlərin davamı olaraq ötən il prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verdiklərinə, qanunvericilikdə nəzərdə tutulan səlahiyyətləri çərçivəsindən kənar  fəaliyyətlə məşğul olduqlarına, həmçinin formalaşmış nizam-intizam qaydalarının tələblərinə riayət etmədiklərinə görə bir sıra prokurorluq işçiləri barəsində ciddi tədbirlər görüldüyünü, o cümlədən İsmayıllı rayonunun sabiq prokuroru Ü.Abbasov və rayon prokurorunun sabiq böyük köməkçisi F.Quliyevin qabaqcadan əlbir olmaqla 2 sahibkardan külli miqdarda rüşvət alması ilə əlaqədar sonuncuların həbs olunmalarını və müvafiq məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzalarına məhkum edildiklərini bildirib.

Eyni zamanda, hesabat dövründə prokurorluq orqanlarında dövlət qulluqçusu kimi işləyən bəzi şəxslərin onlara həvalə olunmuş vəzifələri layiqincə yerinə yetirməməklə səlahiyyət hüdudlarından kənara çıxmaları və  prokurorluğun nüfuzunu aşağı salan qeyri-prosessual münasibətlərə yol vermələri aşkarlanaraq barələrində müvafiq məsuliyyət tədbirləri görülüb.

Baş Prokurorluğun əlaqədar  struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması  məsələlərində  prinsipiallığın  daha da  artırılması tələb olunmaqla, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması   hesabat ilinin  əsas vəzifələrindən biri kimi qeyd edilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub