Modern.az

Deputat Jalə Əliyeva: "Bu festivalla gəncləri vətənpərvərliyə doğu yönləndirdik..."

Deputat Jalə Əliyeva: "Bu festivalla gəncləri vətənpərvərliyə doğu yönləndirdik..."

2 Dekabr 2011, 16:43

Milli Qəhrəman Mübariz İbrahimov adına I Ümumrespublika Teatr festivalı yekunlaşıb. Uzun müddətdən bəri üzərində hazırlıq işləri davam edən festivalın yekunları və əsas məqsədi, qayəsi barədə ideya müəllifi, millət vəkili Jalə Quliyeva Modern.az saytına danışıb.

Festivalın ilkin mərhələrindən danışan deputat burada əsas məqsədin bu günə qədər sənətdə populyarlıq qazanmayan, sözünü deməyən, ilk addımını atan yaradıcı gəncləri tanıtmaq olub.

“Dörd ay öncə Milli Qəhraman Mübariz İbrahimov adına gənclərin I Ümumrespublika Teatr festivalı start götürüb. Avqust ayından etibarən xəbər portallarında təşkilat komitəsində ssenarilərin qəbulu haqqında elan verilmişdi. Təqdim olunan 20-dən artıq ssenari içərisindən 12 ssenari seçildi. İkinci mərhələdə bu ssenarilər gənc truppalar arasında paylanıldı. 12 ssenarinin 8- i Bakı şəhərində, digər 4-ü isə Azərbaycanın bölgələrində-Zaqatala, İsmayıllı, Mingəçevir və Ucarda qəbul edildi. İki  ay ssenarilər üzərində iş getdi və noyabr ayının 25-dən etibarən 120-ə yaxın gənc Gənclər və İdman Nazirliyinin Şüvəlandakı gənclər düşərgəsində yerləşdi”.

Jalə Əliyeva həmçinin bildirib ki, üç gün ərzində düşərgədə art-komplar təşkil edilib.
“Bu Azərbaycan teatr tarixində ilk dəfə olan bir hadisədir. Yaradıcılığa yeni başlayan gənclərə yol göstərən ustad sənətkarlar gəldilər, onlar üç gün ərzində gənclərimizə dərslər keçdi. Noyabrın 28-dən etibarən isə Gənc Tamaşaçılar Teatrında festivalın açılışı oldu. 3 gün ərzində 12 tamaşa oynanıldı. Hər gün dörd tamaşaya nüfuzlu münsiflər heyəti- xalq artisti Amalya Pənahova, tanınmış diktor Nərgiz Cəlilova, sənətşunaslar qiymət verdi. Dünən də yekun tədbir keçirildi və qaliblər elan edildi”.

Jalə Əliyeva deyir ki, bu teatr festivalı gənclər arasında vətənpərvərliyi, dövlətə sədaqət, vətənə, torpağa məhəbbət hisslərini daha da gücləndirilməsinə xidmət göstərib. Eyni zamanda festival teatr sənətinin inkişafına müəyyən mənada xidmət edib.

“Məqsədimiz şou və ya ucuz sənət dalınca gedən gəncləri daha ciddi istiqamətə yönləndirməkdir və göstərmək istəyirdik ki, heç də deyildiyi kimi, teatr inkişaf edən dünyada iki və üçüncü plana keçmir. Bu baxımdan biz yola çıxaraq bu ideyanı ortaya qoyduq. Bundan əlavə, Azərbaycan torpaqlarında 20 ildən çoxdur müharibə gedir. Və təbii ki bu ölkənin gəncləri öz ölkəsinin qəhrəmanlarının tərcümeyi-halını yaxşı bilməlidirlər və onların xatirisini yaşatmalıdırlar. Mübariz İmrahimov da Azərbaycanın XXI əsr qəhrəmanlıq tarixinin hələlik ən yüksək zirvəsində dayanan bir neçə qəhrəmandan biridir”.

Deputatın sözlərinə görə, festivalda I, II, III yerlər, eyni zamanda ən yaxşı aktyor, ən yaxşı aktrisa və iki də həvəsləndirici yer nəzərdə tutulmuşdu.
“İki həvəsləndirici yeri iki məktəbliyə verdik. Biri 11 yaşlı Bakı şəhər 7 saylı orta məktəbin şagirdi Ayla Qasımzadə, digəri isə Zaqatala rayonundan olan 12 yaşlı Elnur Aslanovdur.

Ucar mədəniyyət evinin təmsilçisi Elçin Aslangil “Mühakimə” tamaşasındakı roluna görə, “Ən yaxşı aktyor işi” nominasiyasında qalib olub. Larisa Məmmədovanın xatirəsinə həsr olunmuş “El axtarışında” tamaşasındakı roluna görə, Yuğ Teatrının nəzdində fəaliyyət göstərən Gənc Təşəbbüslər Mərkəzinin üzvü Lamiyə Xəlilova “Ən yaxşı aktrisa işi” nominasiyasına layiq görülüb. Azər Cəfər “Ən yaxşı ssenari müəllifi” seçilib.

“Q.A.T.A.R” yaradıcılıq studiyası “Qisasın rəngi” tamaşası ilə müsabiqənin birincisi (1500 AZN) elan olunub. Bakı Slavyan Universitetinin “Totem” yaradıcılıq studiyası ikinci (1000 AZN), Mingəçevir xalq yaradıcılıq teatrı isə üçüncü yerə (750 AZN) layiq görülüb. 

Festivalın əsas informasiya dəstəkçisi isə Azərbaycan Dövlət Telviziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti olub”.

Jalə Əliyeva festivalın sonunda festival iştirakçıları ölkə prezidentinə müraciət qəbul etdiklərini də vurğulayıb.

Müraciətin mətni aşağıdakı kimidir:

Möhtərəm Prezident!

Sizin rəhbərliyiniz altında Vətənimizin qazandığı uğurlar hər birimizin qəlbində böyük iftixar hissi doğurur, xalqımızın işıqlı gələcəyinə ümidlərimizi artırır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin uğurla davam etdirilməsi
nəticəsində Azərbaycan dinamik inkişaf yoluna çıxaraq, Cənubi Qafqazda  aparıcı
mövqeyə malikdir. Azərbaycan müstəqil dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə və beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilmişdir.

Gənclərlə ünsiyyət zamanı, çıxışlarınızda dəfələrlə “Gələcək gənclərə məxsusdur” – fikrini ifadə etmişsiniz. Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən, ölkəmizin mədəniyyətini inkişaf etdirmək üçün töhfələrini ortaya qoyan, dövlətimizin müasirləşməsində,
modernləşməsində iştirak edən gənclik Sizin əməllərinizdən ruhlanır.

Ölkədə gənclərlə bağlı siyasətin fəlsəfəsi, məntiqi ondan ibarətdir ki, gənclər yüksək səviyyədə təhsil alsın, onların qabiliyyətləri aşkara çıxarılsın və inkişaf etdirilsin, eyni zamanda gənclərimizin potensialından maksimum şəkildə istifadə edilsin. Gənclər bu gün ölkə
əhalisinin say tərkibində yüksək çəkiyə malikdirlər. Təxminən 20 il ərzində Azərbaycanın əhalisi 2 milyon nəfər artıb. Bu bir tərəfdən Azərbaycan cəmiyyətinin böyük gələcəyindən xəbər verir, digər tərəfdən isə böyük bir inkişaf potensialını ifadə edir. Bu gənclik Sizin rəhbərliyiniz  altında
modernləşən Azərbaycanın ən layiqli sakinləri olacaqlar.

 Cənab Prezident!

Sizin səsləndirdiyiniz "Azərbaycanın qarşısında bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən başqa heç bir ciddi problem qalmamışdır"  - fikri bizim üçün yol göstərən mayakdır. Biz bu problemin həlli yönümündə atdığınız addımları tam dəstəkləyirik. Çox
istərdik ki, Gənclərin II Ümumrespublika Teatr Festivalını qloballaşan dünyamız üçün çox əhəmiyyətli olan ekologiya mövzusuna həsr edək.

Festival iştirakçıları ölkənin yaradıcı gənc potensialı kimi daim Sizin yanınızda olmağa, vətənimizin inkişafı naminə atdığınız xoş əməllərin layiqli davamçısı olmağa tam hazır olduqlarını bəyan edirlər.

Hörmətlə,
Təşkilat komitəsi və festival iştirakçıları adından  millət vəkili Jalə
Əliyeva
Bakı şəhəri, 1 dekabr 2011-ci il

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər