Modern.az

Hərənin öz həqiqəti var

Hərənin öz həqiqəti var

2 Dekabr 2011, 17:47

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki, tələbələrimizi universitetlərdə aldıqları təhsil qane edirmi..?
"Onlar universitetləri başa vurduqdan sonra aldıqları təhsillə Azərbaycanın inkişafında öz yerlərini müəyyənləşdirə bilirlərmi? Perspektivlərini müəyyənləşdirməkdə çətinlik çəkmirlər ki..? Bu məsələdə tələbələrin fikirlərini bilmək, təkliflərini eşitmək istəyirəm. Odur ki, tələbələrimiz “Aldlğınız təhsil Azərbaycanın inkişafında öz yerinizi müəyyənləşdirməkdə hansı rolu oynaya bilər?” mövzusunda fikirlərini açıq bildirsinlər”.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***

Təhsil vermək insana hansısa bilmədiyi bir şeyi çatdırmaq deməkdir. Bu bu tək elm, bilik, düstur, tərif öyrətmək deyil. Subyektiv bir insan fikri də nəsə öyrədə bilər.Amma mənim təhsilim azad deyil, hələ də kitablara bağlıdır. Bizdə təhsil məktəbəqədər təhsildən başlıyır.

“Bağça”-yadımdadır balaca olanda bu sözün baxça ya bağça olduğunu başa düşmürdüm. Onu da deyimki mən bağçaya getməmişəm, səbəbi yadımda deyil. Amma bacım bağçaya  getmişdi. Mən də 7-8 yaşım olanda həmişə ondan soruşurdum: orda neynirdiz?; orda top var ?; həyətə çıxırsız? Mənə elə gəlirdi ki, bağçanın bağı mütləq olmalıdır. Amma bacım deyirdi ki, yox bizə orda baxırlar ki, biz səs salmayaq, vaxtında yataq, dişlərimizi vaxtında yuyaq. Yəni, bizə baxırlar... Bəli yanımızda olan bağçanın həyəti, bağı yox idi. Ona görə də bu sözün bağça ya baxça olmağı mənim üçün qaranlıq qalırdı.

Bağça təcrübəm olmadan məktəbə getdim. 4 sinif ibtidai, 7 sinif yuxarı sinif deyilən bir bölgü var idi bütün məktəblər kimi 187 saylı məktəbdə də. 4 il hər gün eyni sima - Ellada müəllimə dərs deyirdi bizə. O vaxt hamı böyüyüb onun kimi olmaq istəyirdi, çünki 1 adam hər şeyi bilirdi. O bütün fənnlərdən dərs keçirdi: riyaziyyat, ana-dili, oxu, rus-dili, musiqi və s. Bu qadın yadımda o qədər də yaxşı qalmayıb. ”Birinci mənəm” fikrini yeridirdi balaca uşaqlara, sonradan öyrəndiyim diktator sözü uyğun gəlir ona. Həftənin 6 günü oxuyurduq, 2-3 günü isə səhər idmanı edirdik. Dəhlizdə 4-5 sinif birləşib idman edirdik. Bu günlərin birində müəllimənin sinif yoldaşım Elnura sillə vurmağı yadıma gəlir. Səbəbini sinif otağında bilmişdim: ”O qədər müəllimin içində sənə deyirəm sıraya dur, sıraya dur daa. Sonra da desinlər ki uşaqlar Elladanı saymir?!
”Riyazıyyatı yaxşı keçirdi bizə, çünki özü də deyirdi ki, ən sevdiyi fənndir. Oxunu məktəbə qədər bilirdim, o biri fənnlərlə isə evdə məşğul olurdular mənlə. Əmək dərsində tapşırılan işıqfor, sayma əməliyyatı üçün əyani vəsaitləri isə atam mənim üçün düzəltmişdi. Çünki bizə ancaq nümunələr göstərilirdi, düzəltmək qaydası  yox.

Məktəbdə 3-cü sinifdə oxuyanda paralel  musiqi məktəbinə də yazıldım. Deyirdilər ki, kimin musiqi duyumu olmasa, musiqi məktəbində oxuya bilməz, atam da məni “seçim turu”na aparmışdı. Amma nədənsə mənlə eyni gündə duyum yoxlatmağa gələn uşaqların hamısını məktəbdə görürdüm sonradan. 6 il kanon ixtisası üzrə musiqi təhsili aldım. Məktəbdə konsertlər, xor dərnəkləri təşkil edirdik, azadlığımız geniş idi. Musiqi məktəbində nəzəriyyə dərslərini azlığını sevirdim. Festival, musabiqələrə getmək zövq verirdi, burda təhsil daha azad və maraqlı təşkil olunmuşdu.

Orta məktəbdə 5-ci sinfə keçəndə  rəyimiz soruşulmadan bizim sinfə “riyaziyyat təmayüllü” sinif adı verdilər. Sadəcə ona görə ki, sinif rəhbərimiz riyaziyyat müəllimi idi. 11-ci sinfə qədər təhsildə belə bir dəyişiklik olmadı. İldən-ilə müəllimlər, fənnlər dəyişir, siniflər fond pulu hesabına ağardılır, anatomiya dərsində “lazımsız” səhifələr çevrilir, kimyəvi reaksiyalar bir qayda olaraq lövhədə aparılır, idman dərslərindən yola salınırdıq. 10-11 ci siniflərdə isə uşaqlar dərsə nadir hallarda gəlirdi. Mən dərsə gedirdim, amma abituriyent testi işləməyə. Bu illərdə məktəbdən umduğum yeganə şey attestat idi. Umduğumu məktəbdən ala bildim və 2 il repititor hazırlığı keçəndən sonra 563 balla BDU-nun jurnalistika fakültəsinə daxil oldum. 1-ci dəfə universitetə gələndə gözümə üstü yazılı qara bir daş dəymişdi, üstündə “burada ADR-in yaradıcısı M.Rəsulzadənin büstü qoyulacaq” yazılmışdı. Daş indi də var, məndən əvvəl də olub. İlk dərs günümüzdə bizi Zərdabinin qəbrini ziyarət eləməyə apardılar, onda orda danışan bütün müəllimlərə maraqla qulaq asırdım. Jurnalistikaya giriş dərsini bizə A.Rüstəmov C.Məmmədlinin eyni adlı kitabından keçirdi. O kitabla mən 2-ci kursun imtahanını da verə bildim. Ümumi götürdükdə isə fakültəmizdə müəllimlərin jurnalistika haqqında fikirləri müxtəlif cürdür. Bəziləri xəbər janrında təyini “xoşlamır”, bəziləri isə “bu təyin varsa, onu görürsənsə xəbərdə verməlisən” deyir. Bəziləri medianın əyləndirmə funksiyasını qəbul edir, bəziləri yox. Bizə də bu fikirlərdən özümüzə ortaq məxrəc çıxarmaq qalır, necə deyərlər: hərənin öz həqiqəti var fakültədə. Bununla yanaşı, otaqda qayib xatirinə deyil maqarlı olduğuna görə oturduğum dərslər də var. Q.Məhərrəmli, M.Mehdiyev, N.Yaqublu universitetin texniki imkanları imkan verməsə də, ibtidai üsullarla bizi bir sıra materiallarla tanış etməyə çalışırlar. Debatlar, oyunlar, fikir mübadiləsi diktə olunan mühazirə mətnlərindən daha maraqlıdır. Universitet illəri doğrudan da çox maraqlı imiş-Boloniya sistemini qəbul etmiş universitetdə dərsdə 1 kəlmə danışdığına görə mühazirə səhifəsinə dekan tərəfindən 0 yazılmasından tutmuş, proyektor olmadığına görə jurnalların üz qabığını bizə lövhədən A4 formatlı vərəqlər asmaqla gəstərən müəllimlər  gördüm.

Belə... Mənim üçün  təhsil müəllimlə qarşılıqlı anlaşma, özünə sənin insan olduğunu hiss etdirəcək mühitin yaradılması, fikrinə görə sözündən asılmayacağına əminlik hissi, dünyagörüşünün formalaşması üçün əsas deməkdir.

                                                                                                      
Nərminə Vəliyeva
BDU jurnalistika fakültəsinin tələbəsi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir