Modern.az

Bir qrupun MƏZUNLARI - Aydın Canıyev: “Qrup yoldaşlarımın başına oyun açan tələbə olmuşam”  

Bir qrupun MƏZUNLARI - Aydın Canıyev: “Qrup yoldaşlarımın başına oyun açan tələbə olmuşam”   

13 Fevral 2019, 08:21

"Mən elə “əclafam" ki, məndən küsmək olmaz!" 

Modern.az saytının “Bir qrupun məzunları” rubrikası davam edir. Bu dəfə tələbəlik illəri, tanınmış tələbə yoldaşları, ali məktəbdə oxuduğu dövrdə yaşadıqları xoş anlardan danışan müsahibimiz elə öz həmkarımız - tanınmış jurnalist Aydın Canıyev oldu.

Onun əməkdaşımızla maraqlı söhbətini təqdim edirik:

“Ali məktəbdə bir yox, iki qrupda oxumuşam”
 

- Əvvəl elə ali məktəbə qəbul olunmağımdan başlayaq. 1985-ci ildə - orta məktəbi bitirən kimi, Bakı Dövlət Universitetinin (qəbul olunanda S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti idi, oxuyanda Məhəmməd Əmin Rəsulzadə adına oldu, bitirəndə, sadəcə, BDU) Jurnalistika fakültəsinə sənədlərimi təqdim etdim və qəbul olundum. O zamanlar indiki kimi qəbul olunmaq rahat deyildi. Əksəriyyəti rüşvət verərək, ali məktəblərə daxil ola bilirdi. Mənim valideynlərim də mənə “rahat şərait” yaratmışdı və qəbul imtahanlarının çətinliyini görmədən ali məktəbə daxil olmuşdum.

Amma ifadə yerindədirsə, mənim tələbə həyatım yarımçıq qaldı. Çünki elə birinci kursda oxuyanda sovet hökuməti qərar çıxartdı ki, ali məktəbdə oxuyan oğlanlara hərbi xidmətdən möhlət hüququ ləğv edilsin. Əsgərliyə getməli oldum. Maraqlısı odur ki, hərbi xidmətdən qayıtdığım il həmin qərar ləğv edildi. El dilində desək, sovetin qəribə qərarı elə bizim başımızda çatladı.

Ali təhsilə başladığım ilk qrup 1018 olub. Hərbi xidmətdən qayıdanda isə artıq 1022-ci qrupda davam etdim.

Əslində mən jurnalistikaya qəbul olunan kimi fakültəni bitirmiş oldum. Bir söz var e, cənnət gözəldir, amma cənnətə düşmək çox çətindir. Xüsusi tələblərini yerinə yetirməlisən. Bax, jurnalistika fakültəsi də mənim üçün cənnətə düşməyə bərabər idi. Tələbə yoldaşlarım çox möhtəşəm gənclər idi. İlk kursda başa düşdüm ki, həqiqətən, Jurnalistika fakültəsi cənnət imiş.


Jurnalistika fakültəsini cənnətə çevirən müəllimlər

- Tək qrup yoldaşlarımın möhtəşəmliyi deyil, təbii ki. Jurnalistika fakültəsində bizə elə müəllimlər dərs deyirdi ki... Qulu Xəlilov, Xalid Əlimirzəyev, Məmmədbağır Həyatzadə, Akif Rüstəmov, Nəsir Əhmədli, Nəsir İmanquliyev, Tofiq Rüstəmov, Yalçın Əlizadə, Mahmud Mahmudov, Əliş Nəbili, Cahangir Məmmədli, Şirməmməd Hüseynov, Nəriman Zeynalov, Fidan Rzayeva, Ziynət Əlizadə, Raifə Həsənova, Qulamhüseyn Əlibəyli, Seyfulla Əliyev, Ceyran Əbdülkərimova və digərləri bizi əsl jurnalist kimi yetişdirməyə bacardıqları qədər çalışırdılar. Bacarırdılar da.

Amma müəllimlərin və tələbələrin yaratdığı bu cənnət məndən və digər 2-3 nəfərdən başqa bəzi qrup yoldaşlarım üçün cəhənnəmdən keçib gəlmək imiş. Çünki çoxları orta məktəbi bitirən kimi qəbul oluna bilməmişdi. Neçə il imtahan verib, kəsilib, yenidən hazırlaşmışdılar. Məsələn, Tamxil Ziyəddin oğlu Hacıyev – Azərbaycan Dövlət Televiziyasında çalışır, “Bütöv Azərbaycan” qəzetinin təsisçisi və baş redaktorudur, 28 yaşında ali məktəbə daxil olmuşdu. Mən isə onunla birlikdə təhsilə başlayanda natamam 18 yaşındaydım. Qrupda bir-birimizlə o qədər səmimi idik ki, ona çəkinmədən etiraf etmişdim: “Dayı, səni görəndə, jurnalistikaya qəbul olunmağıma utanıram”. Səbəb açıq idi. Ona görə yox ki, savadım çatmır, bu fakültədə oxumağa layiq deyiləm. Sadəcə, mən hesab edirdim ki, əgər orta məktəbi bitirən kimi ali məktəbə qəbul olunmuşamsa, daha bir Tamxil növbəti ilə qalıb. Yəni, özümü kiminsə yerini tutmuş kimi hiss edirdim.

"Qrup yoldaşlarımın heç biri bilmirdi ki, Aydın gələcəkdə kim ola bilər"

- 1018-ci qrupda 24 nəfər tələbə idik. Onların 22 nəfəri bilmirdi ki, Aydın gələcəkdə kim ola bilər?! Heç biri bugünkü Aydını – öz qrup yoldaşlarının bu qədər dəyişəcəyini ağlına gətirmirdi. Təsəvvür belə etmirdilər ki, sadə kənd uşağı olan Aydın bu qədər davakar, güclü, müxalifətçi, sözünü deyən ola bilər. Ancaq ikimiz – mən və Vahid Qazıyev bilirdik ki, Aydın kim olacaq. Vahid Qazıyev də Azərbaycanın tanınmış jurnalistidir və hazırda taleyinə düşən qaçqınlığın mühacirət dövrünü yaşayır. Vahid bilirdi ki, 22 nəfər qrup yoldaşı və mən gələcəkdə kim olacağam. Mən də bilirdim ki, Vahid Qazıyev və digər 22 nəfər qrup yoldaşım kim olacaq. Ali məktəbə “rahat” qəbuluma, sadəlövh bir kənd uşağı olduğuma görə, dostlarım məndən böyük nailiyyətlər, addımlar gözləmirdilər.

İlk qrupumda fəxr edəcəyim bir neçə imza var mətbuatımızda: Vahid Qazi, Himayət Rizvanqızı, Rəsmiyyə Rzalı, Ənvər Çingizoğlu, Sahib Alıyev, İlham Məmmədli...

 


“Görmədən təsvir etdiyim “dünyanın səkkizinci möcüzəsi””

- Fakültədə bizə rus dilindən dərs deyən Zara müəllimə var idi. Bir dəfə o, bizə “Dünyanın səkkizinci möcüzəsi” adlı esse yazmağı tapşırdı. Mən Göygölü görməmişdim, amma onu öz yazımda dünyanın səkkizinci möcüzəsi kimi elə ustalıqla təsvir etmişdim ki... Mənimlə eyni partada oturan qrup yoldaşım Sevinc Mirqədirova (jurnalist Rauf Mirqədirovun bacısı) essemi ruscaya çevirdi. Zara xanım yazımı oxuyanda heyrətlə üzümə baxdı ki, yəni sən yazmısan bunu? Etiraf etdik ki, mən azərbaycanca yazmışam, Sevinc xanım ruscaya çevirib. Qrupda bəlkə də istedadlı olduğumu üzə çıxaran, qələmimin nəyə qadir olduğunu göstərən ilk hadisə idi.

24 nəfərlik jurnalistika qrupunda cəmi bir neçə nəfərin imzası tanınır

- Qrupumuzda orta məktəbi bitirən kimi universitetə qəbul olunan tək mən deyildim. Vahid Qazi, Rəsmiyyə Rzalı (Qarayeva), Eldar Əsgərov, Tüccar Əliyev də eynilə 17 yaşında birinci kursa başlamışdılar. Eldar Əsgərovun atası 30 il “Kommunist” qəzetinin ədəbiyyat şöbəsinin müdiri işləmiş yazıçı-dramaturq, publisist Əfqan idi. Qrup yoldaşlarımız düşünürdülər ki, Eldar jurnalistikada qalıb neynəyəcək?! Tüccar Əliyev – Gürcüstandan gəlmişdi, BDU-ya orta məktəbi bitirən kimi daxil olmuşdu. Onun da jurnalistikada qalması təəccüblü olardı.

24 nəfərlik qrupdan hazırda jurnalistikada qalan, imzası tanınan jurnalistlər millət vəkili Sahib Alıyev, araşdırmaçı-jurnalist, Az.TV-nin əməkdaşı Ənvər Çingizoğlu və “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu (o da Az.TV-də müxtəlif vəzifələrdə çalışıb, indi də orada işləyir), filоlоgiyа üzrə fəlsəfə dоktоru İlham Məmmədli, baş redaktor olub iki dəfə, mühacirətdə olan tanınmış jurnalist, yazıçı-publisist Vahid Qazi, Bərdə rayonu İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Fəqət Şadlinskaya, mən və digər adını çəkmədiklərimdir.
Qalanlarının – Sevinc Mirqədirova, Züleyxa Rzayeva, Təranə Feyzullayeva, Südabə Məmmədova, Gülgəz Abbasova (Gülgəz Nur- red.), Arzu Quliyeva, Hikmət Əliyev, Sara Ağayeva sanki yadda qalmayan epizodik rollar oldular - jurnalistika bu gün bu imzaları tanımır.

Yuxarıda adlarını çəkmədiklərimdən Aygün Ağamirzəyeva, İsmət Hacıyeva, Rasim Vəliyev (Nəsir Əhmədlinin bacısı oğlu) və digərləri jurnalistika ilə bir müddət məşğul olsalar da, sonradan bu sənətdən uşaqlaşdılar. Afaq Quliyeva qrup yoldaşımız olub, “Akkord” Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə qədər yüksəldi, qəzetdə baş redaktor olmuş iki xanım tələbə yoldaşımızdan biridir Himayət Rizvanqızıyla birgə. İndi ikisi də jurnalistikada deyil.

1018-ci qrupda yoldaşlarımın hamısı - 24 nəfər - normal sosial-ictimai vəziyyət olsaydı, sanballı jurnalistlər kimi mediada qala bilərdilər. 1985-ci ildə qəbul olunanlar 1990-cı ildə, ölkənin ən çətin dövründə bitirdilər. Vəziyyət o qədər qarışıq idi ki, heç kəs öz karyerası haqqında düşünə bilmirdi. Amma həmin çətin şərtlər Sahib Alıyev, Ənvər Çingizoğlu və digərləri üçün də var idi. Məsələ burasındadır ki, elə insanlar var, normal düzənin adamıdır, sakitlik dövrünün jurnalistidir. Onların cəmiyyətdə özünə yer edə bilməsi, ortabab karyera qurması üçün hər şey qaydasında olmalıdır, işə gedib, evə gəlməlidirlər. Təlatümlü dövrün adamı olmayanlar o dövrdən də uğurlarla çıxa bilmədilər.

Sözarası deyim ki, Nəsir İmanquliyev bizə ilk dərsdə sual verdi ki, siz doğrudan jurnalist olmaq istəyirsiniz, yoxsa adamınızın gücü sizi bura yerləşdirməyə çatdı? Bəlkə də, istəmədən jurnalistikaya gələn olardı, amma qrupumuzda jurnalistikaya istedadı çatmayan adam yox idi.


“Qrup yoldaşımın yazdığı, 34 ildir ki, yaddaşımda qalan şeir...”

- Qrup yoldaşlarımın içərisində şeir yazanlar da var idi. Amma şeir yazdığını ilk dilə gətirən, cəsarətini toplayıb, hətta yazdığı şeiri qrupda səsləndirən Ənvər Çingizoğlu oldu. İlham Məmmədli də, mən də, Vahid Qazıyev də şeir yazırdıq. Biz Ənvər qədər cəsarətli olub, şeirlərimizi qrupda oxumadıq. Utanırdıq... Ənvər hətta Zara xanımın yazdırdığı “dünyanın səkkizinci möcüzəsi” essesini Xudafərin körpüsünə həsr etmişdi, özünün “Xudafərin” şeirindən də bir bəndi ruscaya çevirmişdi. Onun 1985-ci ildə auditoriyada səsləndirdiyi şeiri indiyə qədər yaddaşımdadır:

Gül ol çiçək istəyənə,

Meh ol külək istəyənə,

Səndən ürək istəyənə,

De ki, ürək Ənvərindir.

Düzdür, Vahid Qazi məhrəm söhbətlərimizdə həm öz şeirlərini deyirdi, həm də sinif yoldaşı Yusif Rzayevin. “Pərdə” şeiri hələ də yadımda belə qalıb:

Tamaşaya baxıram,

sonunda pərdə!

Kitab oxuyuram,

sonunda pərdə!

Küçənizdən keçirəm,

Pəncərənizdə pərdə!

Pərdə, pərdə, pərdə...

Necə dözüm bu dərdə?!

O biri şeirin mahiyyəti və son misrası yadımda qalıb: İstədiyi qızın gözü qabağında görüşdüyü ağacın altında “rəqiblər”i tərəfindən döyülən lirik “Mən”in etirafı belədir –

... döydülər, döydülər,

ağacdan utandım,

qızdan utandım!

Cəmi bir il birlikdə olduğumuz qrupun üzvlərinin, demək olar, hamısı ilə mehriban idim. Jurnalistikanın digər humanitar fakültələrə nisbətdə özəlliyi odur ki, tələbələr bir-biri ilə tez ünsiyyət yaradır, bir-biri ilə tez dil tapırlar. Mənim Bakıda qohumum, əqrəbam yoxdur. Amma qrup yoldaşım Himayət Rizvanqızını böyük bacı əvəzi həmişə axtarıram. Hətta gərginlik yaşayanda, kədərlənəndə ona zəng edirəm: “Hini mama, problem var, danışaq”. Sağ olsun, dinləyir, yol göstərir.

Jurnalistikanın mənfi cəhəti də var. Jurnalist futbolçu kimidir, nə qədər “meydança”dasan – mətbuatdasan, alqışlar, yaxud qarğışlar olacaq. Elə ki, yazmadın, mediadan bir az uzaqlaşdın, nə alqış, nə də qarğış olmayacaq. İstəyirsən dünyanın ən yaxşı jurnalisti ol, bir gün yazmasan, unudulacaqsan. Hətta səndən sitat da gətirməyəcəklər. Kimsə səni pərakəndə xatırlaya, ya xatırlamaya...


“Növbəti – 1022-ci qrupum”

- 1988-ci ildə hərbi xidmətdən qayıtdım. Növbəti qrupla oxumağa başladım. Amma o qrupdan bu gün mətbuatda cəmi iki imza var: Vəsilə Vahidqızı və Gündüz Tahirli. Vəsilə xanım Az.TV-dən sonra uzun müddət İctimai Televiziyada çalışdı, hazırda Diaspor Komitəsinin mətbuat katibidir.

Gündüz Tahirli “Azadlıq”da baş redaktor işlədi və getdi: tikinti biznesinə.

Təzə qrupumla tanış olanda “öz savadı ilə qəbul olunan kəndçi” uşaqlar giley edirdilər ki, jurnalistikanın da zayı çıxıb, çoxu “papa uşağı”dır. Kimliklərini soruşanda dedilər ki, Sabirin nəvəsi Gündüz Tahirli, Həsən Məmmədovun qızı Aynur. Baxdım, baxdım, bircə kəlmə dedim: zalım balası, sən pianonu televizorda görəndə bilmirsən bu nədir, hardan yaxınlaşasan, adam dünya miqyaslı sənətkarları evində görüb, sən şeiri necə yazırlardan o yana keçməyibsən, Azərbaycanın ən möhtəşəm şairləri bu adamın gözü qabağında və evinin içində - əlli dəfə şahid olub ki, şeir necə yaranır və onu yazan kimdir, kimlərdir! Özü də Sabirin nəvəsi, Həsən Məmmədovun qızıdısa, kim müəyyən edib ki, səndən savadsız və sən layiq olduğun qədər layiq deyil? Doğrusu da, təzə qrupdakı yoldaşlarım bu ağlıma bir az hörmətlə yanaşmağa başladılar. Hətta zarafata salıb onlara dediyim illər sonra təsdiq olundu:

- Tibb İnstitutunda oxuyanları iki qismə bölürlər: həkim olacaqlar və baş həkim olacaqlar. Arxayın olun, Gündüz baş redaktor olacaq, odur ki, sizin yerinizi tutacağından narahat olmayın.

İllər keçdi, vaxtilə “papa uşağı” deyib qəbuluna dodaq büzənlər sonradan Gündüz Tahirlinin məhz onların tələbə yoldaşı olması hesabına bir xeyli müddət həyat yaşadılar!

Özümə gəldikdə isə, deyim ki, bütün təbəddülatlara baxmayaraq, düşünürəm ki, həm birinci, həm də ikinci qrupum üçün unudulmaz imza qoya bildim. İnanmıram ki, qrupumuzdan elə uşaq olsun ki, məni xatırlamasın. Çünki mən onların hər birini hər gün xatırlayıram. Yazılarımda, yaddaşımda saxlamışam, qalıblar. Bunu bəlkə də dönə-dönə qeyd etməliyəm ki, çox yaxşı qrup yoldaşlarım olub. Onsuz da jurnalistika elə sahədir ki, pis insan həmən üzə çıxır.

Bizim tələbəliyimizdən sonra kəskin dəyişən siyasi həyatın kataklizmləri içərisində utanacağım tələbə yoldaşım yoxdur. Hərəkətindən, davranışından, mövqeyindən onun qrup yoldaşım olduğuna görə utandığım adam yoxdur. Bəlkə qrup yoldaşlarımın hamısını danışdırsanız, kimsə deməz mən Aydını təqdir etmirəm. Ola bilər, “müxalifətçi, dəlixay həyatını qəbul etmirəm” desinlər. Amma “Aydın bizim üçün utancdır” - deyən qrup yoldaşım olmayacaq. Onlar artıq bilirlər: həm istedadlıyam, həm də cəsarətliyəm, həyatımı da ləyaqətlə yaşadım.

Qrup yoldaşlarımın heç biri dilinə gətirməz mənim haqqımda, amma özüm deyirəm: əgər “ən axmaq tələbə yoldaşı” nominasiyası üzrə yarış keçirilsəydi, şübhəsiz və qeyd-şərtsiz birinci yeri mən tutardım – iş, vəzifə, şans baxımından ən uğurlu jurnalistlərdən biri olmuşam, amma və lakin... hamısını kayb etmişəm! Ancaq mənim tələbə yoldaşlarım bu “səhvi” etməyiblər – anında yararlanıblar! Onlar, doğrudan da, ağıllı və “ağıllı” olublar. Həyatda istedadlı və savadlı olmaqdan da öncə, bir az “zəmanə ağıllısı” olmaq gərəkir!



“İkinci qrupun əksəriyyəti həyati ehtiyaclarını ödəmək üçün adına “biznes” dediyimiz alverə meyl etdi”

- Birinci qrupumda alverçi təfəkkürlü, biznes yönlü adam uzağı 3-4 nəfər oldu. Düzdür, həyat məcbur etdi,sonradan bizneslə məşğul olmağa can atdılar. Amma növbəti, 1022-ci qrupun əksəriyyəti həyati ehtiyaclarını ödəmək üçün adına biznes dediyimiz alverə qoşuldu. Mən hazırda xatırlamıram ki, sonrakı qrup yoldaşlarım - Faiq Quliyev, İznulla haradadır? Zöhrab Şərafəddinov (Ağçaylı), Səcarəddin Alməmmədov, İnqilab Mikayılov (Dağlı) və digərləri bir qədər mətbuatda işlədilər, indi isə harada olduqları, nə işlə məşğul olduqları bilinmir. Rəşid Əliyev də ali məktəbi bitirəndən sonra qısa müddət qəzetlərdə işlədi, indi jurnalistikada deyil, məncə. Mehman Qafarlı ta Moskadakı “Nezavisimaya qazeta”nın icmalçılığınacan gedib çıxdı, indi dövlət qulluğunda işləyir.

Lalə Əliyeva bilirəm ki, Az.TV-də bir müddət diktor kimi çalışdı, sonra evləndi və Praqaya köçdü. Amma o da istedadlı və savadlı jurnalistlərdən biriydi. Qubalı Lətafət xanımın, şəmkirli Arzu xanımın sorağını verən yoxdur! Bir ara Aynur Məmmədova “Panorama” qəzetində peyda oldu, sonra yenə görünmədi.

Fatimə Paşayeva yazılarını ancaq “Facebook”da paylaşır. Konkret bir iş yeri yoxdur. Ağdamlı qızlar Fəridə Əsədli, Raisa – ağlıma gəldikcə sadalayıram - heç biri jurnalistikada yoxdur. Qrup yoldaşlarımızın tamam başqa sahələrə getməsinin səbəbi ehtiyac oldu. Həyat məcbur etdi, hərəsi bir işin ucundan tutub, dolanmağa çalışdılar.

Azərbaycanın çətin dövründə, müharibə illərində hərə bir səmtə pərən-pərən olan vaxtda, qrup yoldaşlarımızın da hərəsi bir tərəfə dağıldı. Ərə gedib ailəyə sığınanları başa düşmək olar...

İki qrupumun ikisinin də ən məşhurları: deputat Sahib Alıyev, “Himayədar”ın rəhbəri Himayət Rizvanqızı, yazıçı-publisist Vahid Qazi, Ənvər Çingizoğlu, Tamxil Ziyəddinoğlu, İlham Məmmədli (üçü də redaktor və baş redaktor olub), “Azadlıq”ın baş redaktoru Gündüz Tahirli, “Akkord” Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva oldu və bir də mən – Bakıda və Moskvada baş redaktor olmuşam...

- Sadaladığım imzaların hamısı kasıb və imkansız ailələrin övladlarıdır və bütün uğurları öz istedadları, savadları və zəhmətkeşlikləri sayəsində qazanıblar. Heç birinin maddi imkanı yüksək səviyyədə olmayıb, savadından və zəhmətkeşliyindən savayı dəstəyi olmayıb. Hər biri özünün zəhməti ilə bir müddət televiziyada, müxtəlif mətbuat orqanlarında çalışıb, layiq olduğu yeri əldə edib. Təkcə Gündüz Tahirli imkan baxımından istisnadır – çox rahat şəkildə “Azadlıq”a baş redaktor keçməyi də onun savadına və istedadına şübhə salmamalıdır!


“Əsgərlikdən qaçıb, qrup yoldaşlarımı görməyə gəlirdim”

- Mən qrup yoldaşlarının başına oyun açan tələbə olmuşam. Hərbi xidmətdə olan vaxtı tez-tez qaçıb gəlirdim. Hətta bir şəklimiz də var, onu əsgərlikdən qaçdığım günlərin birində çəkdirmişik. Gəlirdim, dostlarımı görürdüm, yenidən hərbi hissəyə qayıdırdım. Ermənistanda hərbi xidmətdə olmağıma baxmayaraq, dostlarımı görmək üçün kefim istəyəndə qaçmağa cəsarət edirdim.

Elə günlərin birində tələbə yoldaşım İlham Məmmədlinin sonuncu pulunu da götürüb, “Naxçıvan” mehmanxanasında mənasız bir işə xərclədim. İlham tələbə vaxtı yataqxanada qalırdı. Hərbi xidmətdən qaçanda onun yanına sığınırdım. Amma dərsə getmirdim həmin vaxt. İlhamın otağında qalıb, yeni “oyunlar” düşünürdüm. Qarşı binada, yataqxanada qızlar qalırdı. Güzgünü günəşə tutub, işığını qızların otağına sarı salırdım. Mən çıxıb getdikdən sonra, səhər o qızların istədikləri, qohumları gəlib, hay qoparırdılar ki, siz niyə belə etmisiniz?

İlhamla çox yaxın olmuşam. Qardaşım da qardaşıyla oxuyub. Qardaşım qədər əzizdir. Mənə iki dəfə baş redaktor olmaq nəsib olub. Hər ikisində qrup yoldaşlarımı ətrafıma yığmışam. İlhamla tələbə vaxtı ən çox domino oyunlarımız mübahisəli keçirdi. Onun Natiq adlı yerlisi var idi. Qəşəng “xoruzquyruğu” gülməyi də vardı. İkisi bir-birinə tərəfdaş olurdu. Biri 8, digəri 6 daşla oynayır, məni və bizi həmişə udurdular. O qədər əsəbləşdirirdilər ki, qışqırırdım. Sonradan mənə “kukuş” gəlməklərinin üstü açıldı! Təbii ki, “qisasım” amansız oldu)))))

Bəlkə də qrupda ən çox nazı çəkilən, xətri istənilən olmuşam. Yadımdadır ki, birinci kursda idman dərslərində normativləri yerinə yetirə bilmirdim. Ənvər Çingizoğlu idman müəllimimiz Bekleyə dedi ki, müəllim, Aydının böyrəkləri nasazdı, o qaça bilmir, “zaçot” yazın getsin. Guya bu “xəstəliyi” özümə yaraşdırmadım, dedim “hər yerim sağlamdı, sadəcə, qaça bilmirəm”. O qədər “ponyatka”sız kənd uşağı olmuşam.

Qrup yoldaşlarım çox sonralar mənə dedilər ki, hərbi xidmətdə olduğum vaxt qrupdakı uşaqların 18-i dostluq mövzusunda esse yazanda məni nümunəvi dost kimi təsvir ediblər.

Qruplarımın qızları anam Bakıya gələndə qoymurdular mənimlə qalsın, aparırdılar yataqxanaya öz yanlarında saxlayırdılar, hətta onunla bir yataqda yatırdılar. Qardaşım gələndə, hər dəfə biri onu öz yanında oturdurdu.

Qrup yoldaşım Gülgəzlə qardaşım Şahəddin Universitetin qabağında rastlaşanda, salamlaşırlar, Gülgəz görür ki, qardaşım başını aşağı salıb, ona baxmır. Soruşur ki, Şahəddin, məni tanımadın? Deyir tanıdım. Gülgəzsən də. Qayıdır ki, bəs başını aşağı niyə salmısan, niyə baxmırsan üzümə? Şahəddin utana-utana deyir:

- Anam tapşırıb ki, qızlara baxma!

Elə həmin qardaşımı qruplarımın qızları-oğlanları – İlham, Himayət, Vəsilə, Züleyxa qəbul imtahanına hazırlaşdırıb, Sahib Alıyevə tapşırıb, otağına yerləşdirib qayıtmışam kəndə!

... Əsgərliyə getməzdən əvvəl, “xatirə dəftəri” düzəltmişdim. Hamıya verdim ki, qrup yoldaşlarım mənim haqqımda fikirlərini dəftərə yazsınlar. Bir nəfər yazmadı. Mən onun boş saxladığı səhifədə adının qarşısında qeyd eləmişdim: “Bu adam hesab edir ki, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Lenin Komsomol Gənclər İttifaqının ikinci katibi olacaq. Ona görə “xatirə dəftəri”ndə fikirlərini yazmayıb ki, birdən gələcəkdə mən bunu göstərib, onunla bir qrupda oxuduğumu deyərəm".

Hesab edirəm ki, bu layihədə danışdıqlarımla bir daha hər iki qrupdakı tələbə yoldaşlarıma sevgimi, məhəbbətimi ifadə edə bildim, onların hamısının ləyaqətli insan olmaqlarını çatdıra bildim. Nə olsun ki, çoxu jurnalistikada oxudu, amma jurnalist olmadı. Onların jurnalistikada boş saxladıqları yerləri jurnalistikada oxumayıb jurnalist olanlar doldurdu. Bax, təkcə buna görə incimişəm. Qalan bütün hallarda, onlar mənim əzizlərimdir! Heç birindən küsüb eləməmişəm. Lap belə küsdürsələr də, xətrimə dəysələr də, onların buna haqqı var: onlar Aydın Canıyevin tələbə yoldaşlarıdır axı!

Həə, işdi-şayət, tələbə yoldaşlarımı küsdürməyimi soruşsalar, deyə bilərsiniz: Aydın deyir ki, mən onların fəxr etməsi üçün Möhtəşəm və Möhtərəm bir imza gətirmişəm mətbuata. 30 il Sözün Sağ qalması və Sözün Sağlığına çalışmışam! Mən elə "əclafam" ki, məndən küsmək olmaz! Neyləsəm də!!! Amma, yox, istəsələr, küsə də bilərlər: ona görə ki, onların bu boyda sevgisi və dəyəri qarşılığında... mən özümə yaxşı baxmadım! Belə küsməyə haqları var!




Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır