Modern.az

Doğulandan ölənə qədər imtahan və ya ayının min oyunu  

Doğulandan ölənə qədər imtahan və ya ayının min oyunu   

13 Fevral 2019, 09:24

Aida Eyvazlı

Yəqin ki, çoxunuz tanımış olarsınız Napoleonu, yəni daha çox bizim nəsil, 20 il bundan əvvəl kitab oxuyanlar. Çünki indi qınadığımız məktəblilərin bədii kitablar oxumağa əlavə vaxtı olmur.  Sentyabrın 15-dən başlayaraq imtahana hazırlaşırlar. Hətta yay tətillərində də imtahana hazırlaşırlar. Bax o Napoleon adlı sərkərdə vardı haaaa... Onun bu dünyada qorxduğu bir nəsnə İMTAHAN idi. Soruşmuşdular, etiraf etmişdi.

Gəlin görək, hər birimizin başına gələn bu imtahanlar, sınaqlar Azərbaycanda  indi  hansı formada  aparılır.

Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi  üz-üzə dayanan bir quruma çevrilib. Tez-tez bir-birini təkzib etməklə məşğuldurlar. Əlifba dərsliyində keçdiyimiz “Tərs keçilər” kimi hər biri günahı qarşı tərəfdə görür. Nəticədə isə məktəblilər, tələbələr, hətta məmurlar belə bundan əziyyət çəkirlər. Bilirsiniz niyə? Bilirsiniz.  Məktəblilərin riyaziyyat, ana dili kimi fənnlərdən elan olunan imtahan nəticələrini görəndə, adamın dövlətinə yazığı gəlir. Axı dövlət bu qədər çabalar edir, yollar arayır, proqramlar qəbul edir ki, bu milləti bir araya çıxarsın, insanlar rahat və firavan yaşasın. Lakin bəzi sahələrdə, özümüz də bilmədən dövlət siyasətinə badalaq vururuq. Necə?

Deyim də... Təhsildə yaratdığımız süni problemlərlə. Əvvəlində çox problemlər var. Ancaq elə ki, məktəbdən başlamaq istəyirəm. Bizim çox gözəl sovetdənqalma təhsil sistemimiz var idi. Rəhmətlik Bəxtiyar Vahabzadə xəstəxanada müalicə aldığı vaxt müəlliminə, şairinə, incəsənət adamına dəyər verən, ümummilli lider Heydər Əliyev ona xəstənada baş çəkməyə gələrkən belə bir fikir söylədi: “Sabiq sovetlər dövründən bizə gözəl səhiyyə və təhsil qaldı”.

Tam doğru bir fikir idi. Həmin Sovet təhsil sistemində oxuyanlar, təhsil alanlar AMEA-nı işıqlandırdılar, bizi oxutdular. Neçə nəsil o sistemlə oxuyub –öyrəndik. Çox rahat halda imtahanlarımızı verib, sonra da ölkənin inkişafında iştirak etdik. Öyrəndiklərimizi bütün sahələrdə tətbiq etdik.

Bəs indi nə baş verir? Yazılan elmi işlər plagiat çıxır,  ölkənin təsərrüfatı, inkişafı üçün elə sahələr var ki, həmin sahələrdə daha elmi işçilər, kadrlar yetişmir. Məktəbdəki sonuncu sinif uşaqları dərsə getmirlər. Çünki Dövlət İmtahan Mərkəzinin  tələblərini yerinə yetirmək üçün repetitor yanına getməlidirlər. Oranın başqa test proqramı var axı. Elə buna görə də məktəblərdə keçirilən  imtahanların nəticələrinə baxanda ölkəmizin gələcəyinin təhlükədə olduğunu düşünürsən.

İndi nə baş verir? Son illər dünyanın bir çox ölkəsində olan pilot layihələri Azərbaycana gətirməklə, təhsilimizdə çox böyük zəlzələlər olur. Əfsuslar olsun ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi  bir araya gəlib, kənd məktəblərində keçirilməyən dərsləri, sinifində uşağı olmayan məktəblərin problemlərini  müzakirə edib  bir məxrəcə gəlməkdənsə, imtahan mübahisəsi edirlər.

Baxaq görək bu necə baş verir.

Təhsil Nazirliyinin məktəbdə keçirilən dərslər üçün məlum proqramı var. Bu proqram da dərs ilində şagirdlərə aşılanır.  Bu çox yaxşı və  təqdirolunası ənənədir.   Bu ənənəni  pozan isə  9, 10, 11-ci sinif şagirdləri  arasında keçirilən vaxtsız imtahanlardır. Onsuz da məktəbdə oxuyan şagird 10-11-ci siniflərdə ali məktəbə qəbul olunmaq üçün dəridən-qabıqdan çıxıb imtahanlara hazırlaşır. Lakin DİM bunun üzərindən  16-17 yaşlı uşaqların üstünə gələrək, yeni icad etdiyi çətin proqramlar və testlərlə uşaqları aprel ayında imtahana çəkir?  Əcaba... Aprel ayında dərs ilini bitirməyən şagird necə imtahan versin. Dədə-babadan görmüşük ki, adam oxuduğundan, bildiyindən imtahan verər. DİM isə özünün varlığını sübut etmək üçün  məktəbliləri əlavə olaraq özünü yazdığı və məktəblilərin dərs proqramında tədris olmayan əlavə test proqramları ilə yükləyir. Bu yazıq uşaq neyləsin? Nəticədə uşağın səhhətində, əsəblərində problem əmələ gəlir. Öz oxuduğu dərsləri və DİM-in məcburi dərslərini oxuyan uşaqların  müəllim və repetitor yanına getməkdən savayı, bir boş dəqiqəsi qalmır ki, oturub bir dəfə Şekspiri, Məmməd Arazı, Səməd Vurğunu, Lev Tolstoyu oxusun ki, cəmiyyətdə formalaşa bilsin. Axı, unutmaq olmaz ki, ədəbiyyat insanı formalaşdırır.  Ali məktəbə qəbul olmaq istəyən uşağın dərs və imtahan yükü ikiqat artır.


10-11-ci sinifləri yoxlamağa gələnlər, əksər hallarda bu sinifləri boş görürlər. Çünki həmin bu uşaqlar DİM-in qoyduğu tələblərdən keçmək üçün  məktəbi buraxıb, əlavə dərs məşğələlərinə gedirlər. Özü də ki, bu məşğələlərdə keçdikləri proqramların məktəb proqramına heç bir aidiyyəti yoxdur.   Paradoks ondadır ki, DİM-in imtahan prosesi zamanı qoyduğu suallar da şagirdin məktəbdə oxuduğu ilə uyğun gəlmir.  Şagird məktəbdə ancaq 11-in suallarını keçir. Məktəb tematik proqrama uyğun olaraq dərs keçir, uşaq isə DİM-in tələblərinə uyğun olaraq, hər gün oturub 5-ci sinifdən 10-cu sinfə qədər öyrəndiklərinin  təkrarlayır. İstəməyərəkdən əzbərçi olur, robot olur, özünə güvəni itirir.  Axı bizim məktəblərdə uşaqlara proqram çərçivəsində elm öyrədilirsə, DİM-in suallarına, imtahanına nə ehtiyac var. Halbuki, DİM-in verdiyi sualları  məktəbli, ali  məktəbə qəbul olunandan sonra öyrənməlidir.  Belə bir el məsəli var: “Ayı neyləsə də armud vaxtında yetişir”. Axı biz bu övladlarımızı niyə belə yükləyib bədbəxt edirik. Niyə qoymursunuz ki, uşaqlar əlavə yüklənməsinlər. Lazım olan bilikləri lazımi vaxtında alsınlar.


Və yaxud da ki, aprel ayında 11-ci sinif uşaqları gedib imtahan verir. Bir soruşan yoxdur ki, bu şagirdi niyə qoymursunuz ki, məktəb proqramını başa vurub, öz imtahanını versin.  Ötən ildən isə  ingilis  dili  də buraxılış imtahanlarının dərs yükünə salınıb. İngilis  və ya qeyri bir dili öyrənmək könül, seçim məsələsi olmalıdır. Biz bütün yükü öz ana dilimiz, Azərbaycan dilinin qrammatikasına verməliyik. Bəs gəlin görək, Azərbaycan dilinin qrammatikası dərsliyimiz haradadır? Bu dərslik ləğv olunub. Lakin, ali təhsil ocaqlarının qəbul imtahanlarında, dövlət qulluğu imtahanlarında  Azərbaycan dilinin qrammatikasından imtahan keçirilir.  Yetərincə keçmədiyiniz dərsin imtahanını  nəyə əsaslanıb  keçirirsiniz? Bir uşaq məktəbdə 6-7 imtahanı nəyə görə verməlidir? O əzbərçilikdən sonra, uşaqların beynində bilik qalmır. Uşaq robota çevrilir, instikntli hərəkətə öyrənir.


Bu halda uduzan məktəblilər və valideynləri, udan isə repetitorlar, əlavə  dərs keçən müəllimlər və DİM olur. Çünki hər birinə şagird pul ödəməlidir. Valideyn bilmir ki, uşağın yeməyini çatdırsın və ya onun əlavə dərs kitablarını, ayaqqabısını alsın, yoxsa ki, repetitor pulunu  versin. Elə buna görədir ki, indi kənd yerlərindən qəbul olunan uşaqlar çox azdır. Kənddə yaşayanlar deyir ki, onların DİM-in tələblərinə uyğun olaraq, uşaqlarını müəllim yanına göndərməyə, məktəb proqramından əlavə dərs öyrətməyə imkalları çatmır.  Niyə kənd məktəblərindən ali təhsil alanlar azdır? Sualının cavabı bax, beləcə çözülür.


Dünyanın inkişaf etmiş ölkələrindən olan Qazaxıstanda mayın 29-dan başlayaraq 11-ci siniflər arasında Dövlət Yekun Attestasiyası keçirir.  Keçirilmə forması  məktəbdə tədris olunan dərslərdir, imtahanlar da məktəbdə qəbul olunur. Məktəb imtahanları 4 imtahandan  dil və ədəbiyyat, riyaziyyat, Qazaxıstan tarixi və bir də ki, şagirdin özünün seçib müəyyən etdiyi ingilis, rus, alman və s. dil və ya hər hansı bir fənndən  olur. İkinci mərhələdə isə attestat alan abituriyentlər seçdikləri peşəyə yiyələnmək və ya ali məktəbə  qəbul olunmaq üçün imtahan verirlər. Buna bir neçə ölkəni misal çəkmək olar.


Rusiya Federasiyasında testlər və imtahanlar ildən ilə  sadələşdirildiyi halda, bizdə ildən ilə çətinləşir. Bəlkə elə buna görədir ki, həmin ölkələrin uşaqları öz fikirlərini və özgüvənlərini ifadə etməkdə daha hazırcavab, daha sərbəst olurlar. Daha Napoleon kimi imtahan sarsıntıları keçirmirlər. 


Bu məktəblilərin dərdidir. Bir də ki DİM-in  dövlət qulluğu imtahanları kimi ağır bir proses var. Bu məsələni izah etmzdən əvvəl onu demək istəyirəm ki, əvvəllər ali təhsil ocağını, texnikumu, texniki peşə məktəbini bitirən məzun  yönləndirildiyi iş yerinə gedəndə, ona gənc mütəxəssis kimi hörmətlə yanaşılır, 3 ay müddətində təyin olunduğu yerdə sınaq müddətini işləməyə imkan verilirdi. İndi isə repetitor yanına, müəllim yanına gedib, ali təhsil haqqında diplomunu alıb gələn gənc qalır qapılarda iş axtara-axtara. Hara gedirsə “İş stajın yoxdur”- deyərək, qapıları üzünə bağlayırlar. Əgər biz ölkəmizdə gənclər siyasəti aparırıqsa, o gənclərə də qayğı ilə yanaşmalıyıq. Gənclərə qayğı şüardan deyil, əməldən keçir. Yəqin ki, cənab Prezident İlham Əliyevin “Gənclər siyasəti Azərbaycan dövlətinin fəaliyyətində prioritet istiqamətlərdəndir” fikrini unutmamısınz.


Hər il mərkəzi icra hakmiyyəti orqanlarının işçiləri əvvəlcə işlədikləri orqanlarda attestasiya edilirlər. Əlbəttə bu çox  gözəl bir işdir. Çünki  texnologiyalar və innovasiyalar əsrində yaşayırıq. Buna görə qanunlar da dəyişir, dünyaya inteqrasiya edirik, bizə inteqrasiya olunan ölkələr var. Buna görə də qanunvericiliyə uyğun halda attestasiyanın keçirilməsi hər zaman alqışa layiqdir.


Gəlin belə bir məsələyə diqqət yetirək: 2009-cu ildə imtahansız dövlət qulluğuna qəbul olanlar dövlət qulluqçusu statusu alaraq, bunu təsdiq edən vəsiqəyə də sahib olublar.  İndi isə 11 ildən sonra  məlum olub ki, DİM bundan sonra həmin o dövlət qulluqçularını təkrar imtahana çağırır. Niyə? Nədən axı belə edirsiniz?


Belə çıxır ki, özünüzün verdiyiniz statusa şübhə ilə yanaşırsınız? Axı hər dəfə imtahana girmək stressdir, iş məhsuldarlığının aşağı düşməsidir. Həmin 2009-cu ildə dövlət qulluqçusu statusu alanlar, işlədikləri idarə və ya müəssisələrdə  hər il attestasiyadan keçirlər. Onların yenidən müəllim və repetitor yanına gedib DİM yükünü qaldırmağa gücləri çatmır axı. Olmazmı ki,  imtahandan bir dəfə keçən dövlət qulluqçusunu “etibarsız” etməyəsiniz.  Bu DİM-in özünü təkzib etməsi deyilmi? Axı hüquqda belə bir termin var. Qanunun geriyə qüvvəsi olmur. Nə qədər yeni qanun yazılsa da, əvvəlki qanun öz qüvvəsini şamil olduğu illər üçün itrmir. Dərindən düşünəndə baxıb görürsən ki, DİM həm qanunlarımızı, həm də  möhürlərimizi, ştamplarımızı şübhə altına atır.


Və orası da var ki, illərlə dövlət qulluqçusu kimi işləyən bir işçi yeni yazılmış və tərtib edilmiş test imtahanlarından keçmirsə, o iş yerində müqavilə ilə işləməli olacaq. Onun yerinə isə təzə birisi gələcək. Hansı ki, o təzə gələn kadr nə qanunları, nə də iş prinsipini özündən əvvəlki qədər bilmir. Və DİM-in qanunlarına  və təlblərinə görə insan doğulandan ölənə qədər imtahan verir. Əgər DİM-ə ödəniş lazımdırsa, həmin qulluqçular ildə bir dəfə dövlətə qulluğa görə ödəniş etsinlər, bununla da iş bitsin. 


Dövlət qulluğuna imtahan verənlər arasında çox savadlı və bilikli, təcrübəli kadrlar olur. Di gəl ki, hakimlik, vəkillik, ədliyyə, prokurorluq və s. test imtahanlarından keçmiş bu kadrlar DİM-in tərtib etdiyi testlərdəki qanunvericilik və ağır riyazi məntiq testlərini yaza bilmirlər. Baxmayaraq ki, Konstitusiyanı və qanunlarını əzbərdən və gözüyumulu bilirlər.


Məsələn bir maddəyə nəzər salaq. DİM-in test imtahanlarında proses belə gedir: “Konstitusiyanın  “Əsas, İnsan və Vətəndaş hüquqları və azadlıqları” fəslindən sual düşürsə, o zaman  imtahan verən şəxsi “bilavasitə, yalnız, qadağandır, məhdudlaşdırılır, yol verilmir, təminat verir” və s. sözləri ilə çaşdırırlar. Məsələn,  Konstitusiyanın 72-ci maddəsinin birinci hissəsi: “Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu konstitusiya ilə və ya qanunla qoyula bilər” maddəsindəki “bilavasitə” “yalnız”  “və ya” sözləri testin açar sözləri olacaq. Halbuki bu sözlər qanunun üzərinə elə bir yük qoymur, qanunun mahiyyətini dəyişmir. “Və ya” sözünü işlətməməklə heç nə dəyişmir. Vəkil və ya hakim olmaq istəyən çox savadlı bir kadrımız “bilavasitə”, “və ya” sözünü  düzgün işlətmədiyinə görə  dövlət qulluğu statusuna yiyələnə bilmir.


Bunlar bir yana qalsın. Axı bu imtahanları verən vətəndaşlarımıza da imtahana qədərki dövr asan başa gəlmir. Bəlli bir yaşda məlum olur ki,  bəlli bir şəxs gedib imtahan verməlidir ki, iş yeri, dolanışıq yeri əlindən çıxmasın. Buna görə o, 8-10 saat iş vaxtını başa vurandan sonra, hər biri 300-400 manalıq kurslara yazılır, 3-4 ay bu kurslarda dərs öyrənir. Elələri var ki, 1 il də dərs keçirlər.  DİM-in müəyyən etdiyi fənlər üzrə imtahanlara hazırlaşırlar. İşdən sonra 30-35 yaşlı adam gedib axşam dərslərini keçib, təqribən  gecə saat 10-da evinə çatır. Yenə oturub evinin qayğıları, uşaqları ilə məşğul olmaq əvəzinə dərs oxuyur. Gecə yuxusu pozulur. Səhər  çətinliklə yuxudan oyanıb işə gəlir. Sondakı nəticə nədir?!  Həmin adamın iş yerindəki yarıtmaz işi və ya əsəbi halı. Təbii ki, yorğun adamın iş əmsalı və əhval-ruhiyyəsi yuxarı göstəricidə ola bilməz.

Axı nəyə görə bizim ali təhsil ocaqlarının verdiyi diplomları bu qədər yarasız hesab edirsiniz? Ali təhsil müəssisəsini bitirən gənc dövlət orqanlarında işləmək üçün yenidən imtahan verir ki, hər hansı bir peşəyə sahib olsun. Axı o diplomunu alanda orada yazılır ki, hüquqşünas, müəllim, psixoloq, həkim... və s.  İnanın ki, belə süni imtahanlar bizim təhsil müəssisələrinin diplomlarını şübhə altına qoymaq və etibarsızlıqdan başqa bir şey deyildir. Çünki DİM-in dövlət qulluğu imtahanından keçməyən gəncin arzusu reallaşmır. Nəticədə gənc diplomunu lazımsız bir şey kimi atır evin bir küncünə.  Budurmu gənclərə qayğı?  Olmazmı ki, bu imtahanları bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi bir az asan edəsiniz? Kim imtahana girirsə, bu sözü deyir “ÇƏTİN!”. 

Elə bil, DİM qarşısına bir məqsəd qoyub ki, insanların işini çətinləşdirsin. Bütün dünya hər işin ASANına getdiyi halda, bizdə əksinədir. Belə getsə, imtahanların da ASAN-da aparılması üçün layihə hazırlanması arzusu ilə ölkə prezidentinə müraciət edəcəyik.

Mən demirəm ki, DİM test imtanahı keçirməsin. Keçirsin. Hər kəs işlədiyi sahə üzrə imtahan versə daha məqsədəuyğun olmazmı? Bitkin və peşəkar bir hüquqşünas hansısa dövlət müəssisəində işləyir, öz işini və peşəsini, qanunları yüksək səviyyədə bilir, qanunvericilik aktlarını, işlədiyi idarənin sənədlərini yüksək səviyyədə tərtib edir. Onun yenidən dövlət qulluğu imtahanında  az qala ancaq Lütfi Zadənin cavab verə biləcəyi riyaziyyat və məntiq testləri ilə sınağa çəkmək hansı məntiqdən xəbər verir? Bildiyimiz kimi məntiq elminin bir neçə növü vardır.  Burada isə əsas üstünlük riyazı məntiqə verilir. İmtahanda olan 30 məntiq sualından 18-i riyazı məntiqdən düşür. Sanki riyaziyyatçılar yetişdirirlər.


Ən acınacaqlısı odur ki, qanunvericiliklə bağlı suallarda, qanunun məğzini deyil,  qanunda işlənən sözlərlə bağlı  testlər tərtib olunur. Açıq suallar bilik səviyyəsinin yoxlanılmasını deyil, əzbərçilik öyrədir. Halbulki, dövlət qulluğuna qanunun mahiyyətini başa düşüb, tətbiqini etmək bacarığına malik olan kadrlar lazımdır, cümlə əzbərləyən əzbərçilər yox. İmtahanın  ötən illərə münasibətdə yeni formada olması onu göstərir ki,  hazır imtahan sualları peşəkar kadrların yetişdirilməsinə, dövlət qulluğuna gənc və savadlı şəxdslərin cəlb edilməsinə mane olur.


Dövlət qulluğuna imtahanla bağlı bu yazını araşdırarkən respondentlərimdən biri  test imtahanına düşən bir sualı misal çəkdi. Fikir verin: “Elektron sənəd və elektron imza haqqında”  Azərbaycan Respublikasının Qanunundan elementar bir sualı nəzərinizə çatdırıram:  “Elektron sənəd və elektron imza haqqında”  qanuna əsasən, elektron sənədi alan hesab edilir.
A) elektron sənəd dövriyyəsi vasitəsi istisna olmaqla , elektron sənədin ünvanlandığı fiziki və ya hüquqi şəxs
b) elektron sənəd dövriyyəsi vasitəçisi istisna olmaqla, elektron sənədin ötürüldüyü fizi və ya hüquqi şəxs, c) elektron sənəd dövriyyəsi vasitəçisi daxil olmaqla, elektron sənədin ünvanlandığı fiziki və ya hüquqi şəxs
d) elektron sənəd dövriyyəsi vasitəçisi istisna olmaqla, elektron sənədin ünvanlandığı fiziki və ya hüquqi şəxs—bu sualdakı söz oyunlarına diqqətlə fikir verin. 

Buna cavab yazmaq üçün əslində bütün cavablar düzdür, sadəcə imtahan verən, gərək d) variantını seçərdi. Yəni “ötürlmə” və ya  “ünvanlandığı”, “vasitəçi” və “vasitəçisi” sözləri ilə söz oynadırlar. Belə suallarda variantlar arasında elə seçim olmalıdır ki, imtahan verən şəxs bildiyi variantı seçə bilsin. Yuxarıda göstərilən variantlardan düz olanı seçmək üçün maddələri bir-bir əzbərləməlisən. Buna da işləyən adamın nə fiziki, nə də mənəvi gücü qalmır.

Və yaxud “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” AR Qanunun açıq suala düşmüş bir maddəsinə nəzər salaq: “Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir” maddəsindən "Dövlət qulluqçularının fəaliyyəti nəyə xidmət etməlidir?”  açıq sualına düşmüş bu maddədə çaşıb “təmin olunmasına, qorunmasına və müdafiəsinə” sözlərindən birini seçməsən açıq suala cavab verməmiş sayılırsan.

Demək olar ki, bütün suallar belə söz oyunudur, bilik yoxlanlılmır. Təki stress yaşasınlar.

Bundan əlavə İnformatika fənnindən tərtib olunan testlər də həmin şəxslərin sonrakı qulluq funksiyaları ilə bağlı olmayan və praktiki istifadə üçün gərəksiz olan mövzuları əhatə edir. “Elektron sənəd və electron imza haqqında” Qanunun bir neçə maddəsi qanunvericilik proqramına, bütövlükdə isə informatika proqramına salınır.

Məntiqin növlərinə gəldikdə, sadə məntiqi elementar suallar var ki,  hər kəs bilər. Riyazi məntiqdə isə sırf riyyaziyyatçı olmaq lazımdır. İndi bilmək olmur ki, DİM burada  mütəxəssisi yaşının bu çağında çevirib, riyaziyyatçımı edəcək? Belə çıxır ki, dövlət qulluğunda müqavilə əsasında işləyən, işini səlist bilən bir hüquqşünas riyaziyatı bilmirsə, deməli hüquqşünas deyil və dövlət qulluqçusu ola bilməz. Eləcə də informatika texnologiyaları mütəxəssisi bu qanunların çətin tərtib olunmuş suallarına cavab vermirsə İT işləyə bilməz, demək bu neçə ili universiteti boşuna oxuyublar.

Son nəticədə imtahandan əzbərçilər keçir.  Əzbərçinin isə biliyi olmayacaq. Ona görə də bəzən belə imtahanlardan gəlib keçib, dövlət qulluğunda  müəyyən işə sahib olanlar, vəzifələrinin öhdəsindən yetərincə gələ bilmirlər. Nəticədə işlədikləri yerdə balans pozulur. Savadsızlar savadlılara ağıl öyrədir. Unutmayın ki, əzbərçilərin şəxsi düşüncələri olmur. Şəxsi düşüncəsi, mütaliə qabiliyyəti olmayan kadr öz kollektivində heç bir nəticəyə nail ola bilməz. Söhbət apardığım respondentlərimin hamısı bir sözlə deyirlr ki,  DİM  imtahanları  ixtisaslaşdırmalıdır, hər kəs  öz ixtisası üzrə test imtahanlarından sınaq edilməli və yaxud köhnə qaydalar bərpa olunmalıdır. Köhnə qaydalarla universiteti bitirmiş bir tələbə əlavə repetitor yanına getmədən rahatlıqla imtahandan keçirdi. Barı  dövlət qulluğuna test imtahanı keçirən inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanın. İnsanlarımızı bu qədər stressə salmayın. 


Hələ bu harasıdır. Dövlət qulluğunu keçən adam hələ 2 dəfə 5 illik sertifikat almalıdır. Əgər 5 il işləyib ikinci sertifikatı almazsa, dövlət qulluğuna xitam verilir. İnsanı öz işində soyudur, işsiz adam da Azərbaycanı atıb gedir başqa ölkədə işə daha yayarlı olur. Belə adamlar xaricdə parlayanda deyirik ki, azərbaycanlımızdır. Ola  bilməzmiki bu insanları elə özümüz qoruyaq.


Mən hələ onu demirəm ki, bəxti gətirib testi keçənlərin müsahbəsi ikinci bir kabusdur. Dünya təxrübəsindən bildiyimiz qədər müsahibə əməkdaşla tanışlıq, onun hadisələrə yanaşma tərzini, öz fikirlərini necə ifadə etməsini və şəxsi keyfiyyətlərini öyrənməkdən ibraətdir. Lakin DİM-də ikinci pillə olan müsahibədə sahə üzrə ekspert olmayan şəxslər müsahibədə iştirak edir və  testi keçmiş şəxslərdən yenidən qanunvericilikdən əzbər suallar soruşur, dünya mətbuatından, işinə heç bir aidiyyəti olmayan xarici təşkilatlardan və tarixdən, ədəbiyyatdan elə çətin suallar verir ki, testi keçən şəxs keçməyinə peşman olur. Burdan bir daha belə qənaətə gəlinir ki, DİM-in məqsədi dövlət qulluqçusu olmaq istəyənləri stressdə saxlamaq, iş məhsuldarlığını aşağı salmaqdır.


DİM  ildən-ilə imtahanları çətinləşdirir. İmtahanlar və suallar sərtlləşdikcə mərkəzi icra orqanlarının imtahana gedən əməkdaşları arasında kəsilənlərin sayı çoxalacaq. İnsanlar iş yerlərini itirəcək və ailələrinə çörək apara bilməyəcəklər. Və bununla da cəmiyyətdə dövlətdən  narazı təbəqələr formalaşacaq. Məqsədiniz nədir?  Niyə insanların işini bu qədər çətinləşdirirsiniz?  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi