Modern.az

Məleykə Abbaszadə imtahana girişdən DANIŞDI: Bu proqram, hətta əkizləri belə bir-birindən fərqləndirir

Məleykə Abbaszadə imtahana girişdən DANIŞDI: “Bu proqram, hətta əkizləri belə bir-birindən fərqləndirir”

13 Fevral 2019, 13:56

“Əvvəlki illərdə abituriyentin əvəzinə başqa şəxsin imtahan binasına daxil olmağa cəhd etməsi kimi hallarla rastlaşmışıq. Bununla bağlı ötən il də müəyyən faktlar aşkarlanaraq, araşdırma aparılıb və materiallar müvafiq orqanlara göndərilib. Bu faktlarla bağlı həmin orqanlar tərəfindən cinayət işi qaldırılıb. Çox təəssüf ki, bu işin təkanverici qüvvəsi əksər vaxt repetitorlar olur. Yeni layihələrdən, gələcək perspektivlərdəndanışmaq əvəzinə, məcburuq, qanun pozuntularından söz açaq”.

 

Modern.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O,  belə halların baş verməməsi üçün DİM-in pilot layihəyə başladığını vurğulayıb:

 

“Valideynlər və müəllimlər bu işə həddindən artıq həssas yanaşmalıdırlar. Bu cür halların aradan qaldırılması üçün 10 fevralda keçirilən sınaq imtahanlarında pilot layihə tətbiq etməyə başlamışıq. Bakı və Gəncə şəhərlərində bəzi imtahan binalarına giriş zamanı “FaceRecognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə edilib”.

 

Məleykə Abbaszadənin sözlərinə görə, abituriyent imtahana qeydiyyatdan keçən zaman onların şəkli avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) və ya DİM-in informasiya sistemlərindən götürülərək ayrıca elektron bazaya daxil edilir:

 

“İmtahana giriş zamanı proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. Bu proqram, hətta əkizləri belə bir-birindən fərqləndirir. Layihənin gələcəkdə bütün respublika üzrə qəbul imtahanlarında tətbiq olunması nəzərdə tutulur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı