Modern.az

İtaliya vətəndaşının adı Azərbaycanın “qara siyahı”sından çıxarıldı

İtaliya vətəndaşının adı Azərbaycanın “qara siyahı”sından çıxarıldı

14 Fevral 2019, 09:58

İtaliya Respublikasının vətəndaşı Culiyano Bifolkinin  adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb.

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, İtaliya Respublikasının vətəndaşı Culiyano Bifolki  XİN-ə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib. 

 

Məktubunda o, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini bildirərək, Ermənistan vasitəsilə ölkəmizin ərazilərinə səfərinin niyyətli olmadığını qeyd edib. 

 

C.Bifolki Azərbaycanın ərazilərinə səfərinin bu bölgədə yaradılmış və uzunmüddətli münaqişənin nəticəsindən başqa bir şey olmayan qanunsuz rejimin təşviqinə heç bir halda xidmət etmədiyini müraciətində xüsusilə vurğulayıb. Azərbaycan hökumətindən və xalqından icazəsiz səfərinə görə üzr istəyən C.Bifolki gələcəkdə belə səfərlərdən çəkinəcəyini, adının “Arzuolunmaz şəxslərin siyahısı”ndan çıxarılmasını xahiş edib. 

 

C.Bifolkinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi