Modern.az

“Peşə birlikləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb

“Peşə birlikləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb

14 Fevral 2019, 16:54

Yeni hazırlanmış “Peşə birlikləri haqqında” qanun layihəsi peşə birliklərinin statusunu, yaradılması və fəaliyyəti qaydasını müəyyən edir.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında qanun layihəsinin müzakirəsi zamanı deputat Azay Quliyev deyib.

A.Quliyev qeyd edib ki, sənəddə göstərilib ki, peşə birliklərində sahibkarlıq və ya peşə fəaliyyəti subyektlərinin üzvlüyü könüllüdür.

 

“Müxtəlif növ sahibkarlıq fəaliyyəti və ya peşə fəaliyyətini həyata keçirən subyekt bir neçə peşə birliyinin üzvü ola bilər. Peşə birliyinin yaradılmasının ümumi prinsipləri Mülki Məcəllə ilə müəyyən edilir. Birlik dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs statusunu əldə edir. Peşə birliyi tərəfindən onun dövlət reyestrindən çıxarılması haqqında ərizənin verilməsi, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında  birlik ləğv oluna bilər. Peşə birliyinin idarəetmə orqanları onun üzvlərinin ümumi yığıncağı və idarə heyəti hesab olunur. Birlik öz fəaliyyəti ilə bağlı məlumatların kütləvi informasiya vasitələrində dərc olunmasını təmin edir. Layihədə peşə birliklərinin funksiyaları, hüquq və vəzifələri, onların üzvlərinin və vəzifəli şəxslərinin məsuliyyəti, intizam tənbeh tədbirlərinin tətbiqi, əmlakın formalaşma mənbələri ilə bağlı məsələlər yer alıb”.

 

O bildirib ki, qanun layihəsi müvafiq sahələr üzrə peşələrin inkişafını, peşə sahiblərinin qanuni maraqlarının qorunmasını təmin edir, peşə birliyi, onun üzvləri və üzvlərin mallarının (işlərinin, xidmətlərinin) istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir.

 “Qanun layihəsi 4 fəsil, 17 maddədən ibarətdir. Peşə birlikləri ilə bağlı fəaliyyət var. Sadəcə, mövcud ictimai münasibətlər qanunvericilik çərçivəsində tənzimlənmir. Bunu qanun formasına salıb təqdim etməyə ehtiyac var idi və biz bunu etdik. Bu qanun layihəsi həm dövlətin, həm də peşə birliklərinin maraqlarına uyğundur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir