Modern.az

Qobustan həbsxanasında araşdırma aparılıb

Qobustan həbsxanasında araşdırma aparılıb

14 Dekabr 2009, 19:02

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, onun ünvanına daxil olmuş müraciətləri araşdırmaq məqsədilə Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan qapalı həbsxanasında olub, bir sıra məhkumlarla görüşüb, onların vəziyyətini öyrənib. Ombudsmanın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, digər məhkumlarla yanaşı, ömürlük həbs cəzasına məhkum olmuş və aclıq aksiyası keçirən Vüqar Əliyevlə də söhbət aparılıb. O, aclıq aksiyası keçirməsinə səbəb kimi, barəsində çıxarılmış hökmdən narazı qaldığını söyləyib. Araşdırma zamanı məlum olub ki, V.Əliyev 7 dekabr 2009-cu il tarixdən həbsxana rəisinə rəsmi olaraq ərizə ilə müraciət edərək aclıq aksiyasına başladığını bildirib. Məhkumun ərizəsi nəzərə alınaraq, o, təkadamlıq kameraya köçürülüb və aksiyanı davam etdirir. V.Əliyev Apellyasiya Məhkəməsinin hökmündən kassasiya şikayəti verməsi ilə bağlı məsələnin yubadılması səbəbindən hüququndan məhrum edilməsinə də etiraz olaraq aclıq keçirdiyini qeyd edib, bununla əlaqədar Baş prokurora ünvanladığı müraciətə cavab verilmədiyini söyləyib. Ombudsmanın nümayəndələri məhkumun məsələsi ilə bağlı müəssisədən lazımi arayışlar götürüb və onun ərizəsinin cavablandırılması məsələsinin araşdırılması ilə bağlı Müvəkkil tərəfindən Baş prokurora müraciət edilib.  Aparatın əməkdaşları bu məsələnin Müvəkkilin nəzarətində olduğunu bildirib, V.Əliyevin səhhətini nəzərə alaraq, aksiyanı dayandırmağı tövsiyə ediblər, lakin o, aclığı dayandırmayacağını söyləyib. Eyni zamanda müəyyən edilib ki, V.Əliyevin səhhəti həkim nəzarətindədir. Ombudsmanın nümayəndələri bu nəzarətin daha da gücləndirilməsini həkimə tövsiyə ediblər. Ömürlük həbs cəzasına məhkum olunmuş digər şəxslərin qaldırdığı bəzi məsələlər, o cümlədən sanitar-tibb hissəsinə yerləşdirmə, Penitensiar Xidmətin müalicə müəssisəsinə göndərilmə, kameranın dəyişdirilməsi məsələləri yerində həll edilib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?