Heydər Əliyev prospektində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaxınlığında piyadalar yolu keçməkdə çətinlik çəkir. Prospektdə sürət həddinin 110 saat/kilometr olduğunu nəzərə alsaq, piyadaların bəzən həyatı bahasına yolu keçmək məcburiyyətində qaldığını deyə bilərik.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda bu problemin həll edilmək üzrədir.
“Bakı şəhəri, Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi tikilir. Piyada keçidinin uzunluğu 57,4 p/m; eni 4, 4 metr, hündürlüyü 3,2 metrdir”.
A.Nəcəflinin sözlərinə görə, qeyd olunan piyada keçidi bağlı qazma üsulu ilə tikilir:
“Piyada keçidinin 2019-cu ilin sonlarında təhvil verilməsi nəzərdə tutulub”.
Şöbə müdiri deyib ki, hazırda daha 3 yerdə yerüstü piyada keçidi də inşa edilir:
“Yerüstü piyada keçidləri Moskva prospekti (Şamaxı yolu deyilən ərazi), Mərdəkan-Zağulba yolunda, Qala-Pirallahı yolunda inşa edilir. Ən uzun yerüstü piyada keçidi Şamaxı yolu adlanan ərazidə inşa olunacaq. Keçidin giriş-çıxışla birgə uzunluğu 227 metrdir”.
AAYDA rəsmisi qeyd edib ki, daha 6 yerdə piyada keçidlərinin tikintisi nəzərdə tutulub:
“Piyada keçidləri Ceyranbatan qəsəbəsi, Hökməli dairəsi, Bakı-Ələt yolunun 39-cu km-i, Tbilisi prospekti-Həsən Əliyev küçəsi ilə kəsişmə, Neapol küçəsi-Heydər parkının yanı və Zığ şossesində tikiləcək.
Ümumilikdə isə Bakı və Bakı ətrafı yolarda 100-ə yaxın ərazidə yeraltı və yersüstü piyada keçidlərinin tikintisi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Bu təkliflər əsasında 2016-cı ildən indiyədək 25-ə yaxın yeraltı və yerüstü keçid tikilib. Son illər isə Bakı və Bakı ətrafı yollarda 39 yerüstü, 60 yeraltı keçid inşa olunub”.