Modern.az

Bizimkilər - Ceyhun Əli: “Mənə “Səndə bu alınmayacaq” söyləyənlər də olmuşdu” - FOTOLAR

Bizimkilər - Ceyhun Əli: “Mənə “Səndə bu alınmayacaq” söyləyənlər də olmuşdu” - FOTOLAR

16 Fevral 2019, 10:25

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən - jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi proqramlar departamentinin aparıcısı , “AzerTelecom” şirkətində İctimaiyyətlə əlaqələr və Korporativ Kommunikasiya Departamentinin rəhbəri Ceyhun Əlidir.

Onu da nəzərinizə çatdıraq ki, bu gün sevilən teleaparıcının 35 yaşı tamam olur.

 

- Tanınmış aparıcını elə öz dilindən daha da yaxından tanıyaq…

 

- Ceyhun Əli - Əliyev Ceyhun Yusif oğlu

1984-cü ildə Salyan şəhərində doğulmuşam. Dünyaya gələndən 40 gün sonra Bakıya gətiriblər. (Gülür) Orta təhsili xüsusi təmayüllü İncəsənət Gimnaziyasında almışam. 2002-2006-cı illərdə Bakı Slavyan Universitetinin filologiya fakültəsində təhsil almışam. Tələbəlik illərim maraqlı keçib. Artıq 3-cü kursdan televiziyada təcrübəçi-diktor olaraq iş həyatına başlamışdım. İş və tələbəlik həyatının vəhdəti insanı fərqli şəkildə formalaşdırır. Bu gün məhsuldar bir iş həyatım var. Efir, spiker və aparıcısı olaraq çıxış etdiyim tədbirlərlə yanaşı, PR məsləhətçi və yeni istiqamət olan nüfuz menecmenti (reputation management) sahəsində məsləhətçi qismində müxtəlif şirkətlərlə əməkdaşlıq edirəm. Sevdiyim işlə məşğulam və bundan çox məmnunam.

 

- Necə oldu ki, istiqamətiniz aparıcılığa yönəldi?

 

- Artıq gimnaziyada təhsil aldığım dövrdən “Səhnə danışığı və nitq mədəniyyəti” üzrə dərslər alırdım. Uşaqlıqdan aşılanan keyfiyyətlər bu sahəyə olan marağımı artırdı. Tələbə olduğum dövrdə isə müxtəlif telekanallarda keçirilən müsabiqələrdə iştirak edirdim. Etiraf edim ki, bir neçə dəfə müsabiqədən kəsilmişdim. Hətta mənə “səndə bu alınmayacaq” söyləyənlər də olmuşdu. Amma nə istədiyimi bilirdim...

 

- Bu sahədə hansı məşhuru özünüzə örnək götürdünüz?

 

- Xalq artisti Rafiq Hüseynlini. İlk dəfə 19 yaşında tələbə qəzetinin müxbiri kimi onunla müsahibəyə getmişdim. Keçirdiyim həyəcanı indi sizə təsvir edə bilməyəcəyəm. Rafiq müəllim özünəməxsus təmkini və kübarlığı ilə bütün suallarıma ətraflı cavab verərək, tövsiyyələrini əsirgəmədi. Həmin gündən bizim münasibətimiz və daha sonra dostluğumuz başladı. O, bu sənəti bizə təmənnasız olaraq öyrətdi. Rafiq Hüseynli sonradan görmək istədiyi mədəniyyəti əvvəlcə özü aşılayırdı. Maraqlı məqamlardan biri isə budur ki, onun hər bir tələbəsinin özünəməxsus dəst-xətti var. Rafiq müəllim televiziyanın klassiki, peşəkar diktor məktəbinin görkəmli nümayəndəsi olmaqla yanaşı, həm də böyük pedaqoq idi.

 

- Həm aparıcı, həm də bir qurumun İctimaiyyətlə əlaqələr və Korporativ Kommunikasiya Departamentinin rəhbərisiniz. Bu iki işi eyni anda davam etdirmək çətin deyilmi?

 

- Asan deyil. Çünki, yaradıcı insan olaraq biznes və korporativ mühitdə fəaliyyət göstərmək xüsusi yanaşma tələb edir. Amma mən sevmədiyim işlə məşğul ola bilmirəm. Fəaliyyət göstərdiyim sahələrdə keyfiyyət göstəricisini ən vacib amillərdən biri hesab edirəm. 

 

- Özünüzdə dəyişiklik etmək qərarına gəlsəniz, nələrdən başlardınız?

 

- Nəyisə dəyişmək istəyi mövcud olduğun indiki vəziyyətin qənaətbəxş olmadığını hiss etdiyin hallarda yaranır. Dayanıqlı vəziyyətdə inkişafa nail olmaq çox çətindir. Bu baxımdan özümü müxtəlif formada rahatsız vəziyyətə salmağı bacarıram. Bu hal qarşıma qoyduğum məqsədlərə çatmaq baxımından mənim üçün əhəmiyyət daşıyır.

 

- Əgər sirr deyilsə, bu vaxta qədər evlənməməyinizin səbəbini deyə bilərsiniz?

 

- Sizcə gecdir ki? (Gülür) Mənim fəaliyyətim tamaşaçı və auditoriya, ictimaiytətlə birbaşa ünsiyyətlə bağlıdır. Bu səbəbdən atdığım addımların məsuliyyətini hiss edirəm. Şəxsi həyatımı bölüşməməyi tərcih edirəm. Ailə mənim üçün istehkamdır. Təbii ki, bu barədə düşünürəm.

 

- Televiziya və radio aparıcılarında hansı nöqsanları müşahidə ediriniz? Bu nöqsanların aradan qaldırılması üçün nələrə riayət edilməlidir?

 

- Daha çox məntiqi vurğu və intonasiya ilə bağlı nöqsanlar müşahidə olunur. Bu isə bilavasitə mütailə ilə bağlı məqamdır. Hər bir mətn özündə onu necə oxumaq lazım olduğunu “gizlədir”. Yəni rəvan və səlis ifa tərzinin “sirri” mətnin özündədir. Aparıcı televiziyadan kənarda hazırlanır. Teleməkan əldə etdiyimiz keyfiyyətləri püxtələşdirmək üçün bizə bu imkanı yaradır. Aparıcının formalaşması üçün ən azı 5 il vaxt lazımdır. Nöqsanların aradan qaldırılmasına gəldikdə isə nitqə mədəniyyət olaraq yanaşdıqda bu hal istər-istəməz aradan qalxır. Aparıcılıq və ya natiqlik sənət növüdür. 

 

- Gənclərə tövsiyəniz nədir, inkişaf etmək üçün hansı addımları atmalıdırlar?

 

- Məsləhətçi qismində çıxış etməyim doğru olmaz. Mən özüm də bu gün aparıcı olaraq öyrənməyə davam edirəm və bundan məmnunam. Qazanılan bilik və bacarıqları təcrübədə tətbiq etmək imkanı mühüm amillərdən biridir. 

 

- Sizi televiziya ekranlarından, spikeri və aparıcısı olduğunuz tədbirlər, forum və qala-gecələrdən tanıyır, diksiyanızı, efir mədəniyyətinizi bəyənirlər. Yəqin ki, ictimai yerlərdə əsasən xanımlar sizinlə şəkil çəkdirmək istəyir. Bunu necə qarşılayırsınız, asanlıqla razılıq verirsiniz, yoxsa bundan narahat olduğunuz anlar olur?

 

- İstər teleaparıcı, istərsə də spiker olaraq fəaliyyətim tamaşaçılar və auditoriyaya xidmət etməyə istiqamətlənib. Tamaşaçıların diqqətini hər zaman hiss etmişəm və bu diqqət üçün onlara ehtiramımı ifa edirəm. Sualınıza gəlincə, bunu normal qarşılayıram və çalışıram ki, ekrandan kənarda da göstərilən diqqətə qarşılıqlı olaraq müsbət cavab verim. Sosial şəbəkələrdə də ünvanlanan məktubları vaxtaşırı cavablandırıram.

 

- Oxuduğunuz kitablardan danışmağınızı istərdik. Elə bir kitab olubmu təkrar oxumusunuz?

 

- Herman Hessenin “Yalquzaq” əsəri. Kitaba münasibətim fərqli səslənə bilər. Amma mənim üçün önəmli olan oxuduğun kitabın keyfiyyəti, tərkibi, əsərin oxucuya kömək etməsindədir. Öz kitabını tapmaq oxucu üçün çox vacibdir. Kitab insana yaşamağa kömək edir. İnsan özü bunu istəyirsə...

 

- Nə zamansa ekranlardan getməyi düşünürsünüz?

 

- Bunun üçün konkret yaş məhdudiyyəti yoxdur. İstər efirdə, istərsə də səhnədə tamaşaçı ilə ünsiyyətin kökündə işə olan sevgi dayanır. Sevginin tükənməməsi sənin özündən asılıdır. 

 

- Qazandığınız uğurun formulu nədir?

 

- Öz üzərində çalışmaq...

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi