Modern.az

Ziyafət Əsgərov çeçenlərlə davadan danışdı: “Rusiyada bunu qızışdıran qüvvələr var”

Ziyafət Əsgərov çeçenlərlə davadan danışdı: “Rusiyada bunu qızışdıran qüvvələr var”

16 Fevral 2019, 20:11

Milli Məclis Sədrinin birinci müavini, Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov  fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentlə bağlı məsələyə münasibət bildirib.  Modern.az xəbər verir ki, Ziyafət Əsgərov Demokrat.az-a açıqlamasında yaranmış vəziyyətin təxribat xarakteri daşıdığını bildirib.

 

"Ümumiyyətlə, Azərbaycan xalqı ilə Şimali Qafqaz xalqları, o cümlədən çeçenlər arasında hər zaman mehriban dostluq və qardaşlıq münasibətləri olub. Azərbaycan və çeçen xalqları hər zaman dost olublar. Çox təəssüf ki, Rusiyadan bunu qızışdıran qüvvələr var. Ancaq çox istərdim ki, Moskvada yaşayan azərbaycanlılar və çeçenlər bu cür təxribatlara getməsinlər. Bu dostluq və qardaşlıq münasibətlərini hər zaman davam etdirsinlər. Bilirsiniz ki, cənab Prezident İlham Əliyevin həm Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə, həm də Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla dostluq və qardaşlıq münasibətləri var. Xalqlarımıza çağırışım da odur ki, həmin insanlar ölkə başçılarından nümunə götürsünlər və bu cür təxribatlara getməsinlər".

 

 

Birinci vitse-spiker qeyd edib ki, bu cür təxribatları yaradan insanlar əgər hesab edirsə ki, bununla Azərbaycan və çeçen xalqları arasında hər hansı narazılıq yarada biləcəklər, o zaman onlar çox yanılırlar: "Çünki bu dostluq və qardaşlıq əsirlərin sınağından çıxıb. Hesab edirəm ki, bu cür təxribatlar Azərbaycan və Çeçenistan arasında mövcud olan dostluq və qardaşlığa heç bir xələl gətirə bilməz. Mən bir daha Rusiyada yaşayan Azərbaycandan olan soydaşlarımıza və çeçen dostlarımıza müraciət edirəm ki, bu cür təxribatlara getməsinlər". 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi