Modern.az

Onun ölümünə teatrın divarları da ağlayırdı - Dahi Ələsgər Ələkbərovla bağlı maraqlı XATİRƏ  

Onun ölümünə teatrın divarları da ağlayırdı - Dahi Ələsgər Ələkbərovla bağlı maraqlı XATİRƏ   

16 Fevral 2019, 22:48

Mərhum aktrisa Vəfa Fətullayevanın sosial şəbəkədəki səhifəsi Azərbaycan teatrının ən nəhəng və qüdrətli aktyoru Ələsgər Ələkbərovla bağlı maraqlə xatirə paylaşıb. Modern.az Vəfa Fətullayevanın adından nəql edilən həmin xatirə yazısını təqdim edir.

- Ələsgər əmi əslən Bakının Buzovna kəndindən idi, ancaq şəhərdə dogulub boya-başa çatmışdı...Onlar ailədə 3 qardaş, 4 bacı olublar.. .Çoxları deyir ki, Ələsgər Ələkbərov kasıb ailədən oldugu üçün nənəm (Vəfa Fətullayevanın nənəsi-red.) anamı ona ərə vermək istəməyib...Bu yalan və uydurmadır...

Ələsgər əminin atası Hacıaga kişi tacir olub...Kuznetsovla dostluq edərmiş, onların istehsal etdiyi farfor servizləri Rusiyadan Orta Asiya və İrana daşınmasını həyata keçirib... Hacıaga kişi çox imkanlı insan olub...Onların Poluxin küçəsi ilə Pervomayskiy küçələrinin kəsişməsində ikimərtəbəli əzəmətli mülkü vardı...Ələsgər əmi, qardaşları və bacıları da həmin mülkdə dünyaya göz açıblar...

Deyirlər ki, guya o, anama (məşhur aktrisa Hökümə Qurbanova-red.) elçiliyə şəxsən özü gəlib və nənəm onu qapıdan qovub... Yox, bu da həqiqət deyil... Elçiliyə Ələsgər əminin anası Zibeydə xanım gəlib, nənəm ona "yox" cavabı verir və "Sənin oglun camahatın qabagına çıxıb mütrüflük edir, mən ona qızımı verə bilmərəm" söyləyir... Zibeydə xanım ikinci dəfə gələndə nənəm yenə ona "yox" cavabı verir və "Mənim qızım konservatoriyanın 3 cü kursunda oxuyur, onun hələ ərə getmək vaxtı deyil" deyir...
Bu dəfə Zibeydə xanım dözmür, əsəbi halda "Sən Hacı Soltanın qızına yox deyirsən?!" söyləyir...

Hacı Soltan Ələsgər əminin ana babası idi və Buzovna kəndinin ən hörmətli kişilərindən biri olub... Anam isə o biri otaqda aglayırmış, nənəmə deyib ki, “əgər məni Ələsgərə verməsən, kerosini üstümə töküb özümü yandıracam...”.

Nənəm axırda məcbur olub onların ailə qurmasına razılıq verib... Bu hadisəni bizə nənəm şəxsən özü danışıb... Nəhayət onlar 1933-cü ildə ailə qururlar bir il sonra bacım Nailə dünyaya gəlir... Ancaq bu ailənin ömrü uzun çəkmir, bir müddətdən sonra anam Ələsgər əmidən ayrılır...

Onda bacım çox balaca idi... Ələsgər əmi anamdan sonra Zoya adlı yəhudi qadınla evlənir və bu evlilikdən onların Ramiz adlı oglu dünyaya gəlir...

Tale Ələsgər əmini üçüncü dəfə sınaga çəkir və o, üçüncü dəfə Janna adlı tatar xanımla ailə qurur... 3-cü evliliyindən onun övladı olmayıb... Ələsgər əmi Janna ilə cəmi 3 ilə yaxın yaşayıb... O, 1963-cü ildə dünyasını dəyişdi...

Ələsgər Ələkbərov çox qüdrətli bir aktyor olub, onu heç kim əvəz edə bilmədi... Sonralar hətta nənəm də deyərdi ki, Ələsgər nəhəng artistdir...

Azərbaycan teatrının faciə aktyoru deyiləndə ilk növbədə Ələsgər Ələkbərov insanın gözü önündə canlanır... O çox böyük sənətkar idi... İnsan kimi də çox gözəl bir şəxsiyyət olub... Ətrafdan onun çox ciddi görkəmi vardı, ancaq xasiyyəti çox mülayim idi... Onun uşaq kimi qəlbi olub və çox kövrək insan idi...

Ələsgər əmi Hüsü Hacıyev küçəsindəki poçtun binasında yaşayırdı, evin altında çəkməçi vardı, boş vaxtı olanda həmişə gəlib o çəkməçinin yanında oturardı, söhbət edərdi... Çox sadə insan idi... Onun ölümünə nəinki dostları, qohumları, yaxınları, hətta teatrın divarları da aglayırdı...

Bu onun xoşbəxt ailə tablosudur… Şəkildəkilər Ələsgər Ələkbərov, 1-ci evlilikdən olan qızı Nailə, 2-ci evlilikdən olan oglu Ramiz və 3-cü həyat yoldaşı Janna xanım... Aktyorun qucağındakı nəvəsi Nazimdir.



Qeyd: Hər zaman ağır xarakterli, ciddi görkəmli dramatik rolların ifaçısı kimi tanınan aktyor Ələsgər Ələkbərovun kinodakı son işi Rüstəm kişi obrazını canlandırdığı “Böyük dayaq” filmi olub. “Böyük dayaq” filminin adını çəkməyimiz təsadüfi hal deyil. Deyilənlərə görə, filmin son kadrlarının çəkilişi zamanı baş verən xoşagəlməz hadisə sonradan aktyorun dünyadan köçməsinə səbəb olub. Belə ki, “Lal Hüseyn-Rüstəm kişi davası” çəkilərkən Ələsgər Ələkbərovun başına gerçəkdən dəyənək zərbəsi dəyir. Və Lal Hüseynin dəyənək zərbəsindən aldığı xəsarət sonradan Ələsgər Ələkbərovun həyatdan köçməsinə səbəb olur. 
Aktyora bu filmi görmək də qismət olmur.


hazırladı A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır