Modern.az

Anamı “cinayət işi” öldürdü

Anamı “cinayət işi” öldürdü

Aktual

17 Fevral 2019, 20:51

Azadə Balayeva

Gözəlliyi, zərifliyi ilə modeləlləri belə qısqandıracaq bir iş yoldaşım var. Güləndə daha gözəl görünür. Amma  deyir son vaxtlar sanki gülməyi unuduram. Bir də görürsən,  səbəbsiz yerə kədərlənir, depressiyaya düşür, ağlayıram. Nəhayət, bununla bağlı psixoloqa müraciət edib. Psixoloq da son 2-3 ildə həyatında hansısa dəyişikliyin baş verməsi ilə maraqlanıb. Deyir,  onda xatırladım ki, 3 il əvvəl sosial şəbəkələrə üzv olmuşam. Ona qədər yalnız “whatsapp”dan istifadə edirdim. Sosial şəbəkələrə qoşulduqdan sonra tez – tez  paylaşılan xəbərlərlə qarşılaşmağa başladım. Bu xəbərlərin çoxu da kriminal xarakterli – qətllər, zorakılıqlar, intiharlarla bağlı idi. Bu da istər-istəməz mənə təsir edirdi. Bəzən hətta elə zorakılıq xəbərləri olurdu ki, onları oxuduqdan sonra günlərlə yata bilmirdim.  Bu da sonunda gənc iş yoldaşımın  psixologiyasının pozulmasına gətirib çıxarıb. Əslində bu,  medianın  nə qədər təhlükəli bir silah olmasına dair növbəti sübut idi mənim üçün. 

Kriminal jurnalistikanın oxucu və izləyiciərə mənəvi zərbə vurması,  onları mərhəmət hissindən məhrum, cəmiyyətə qarşı etinasız və aqressiv etməsi ilə bağlı indiyə qədər çox mülahizələr səslənib. Daha təhlükəlisi isə odur ki, bu cür informasiyaların mənfi təsirinə ən çox gənlcər və uşaqlar məruz qalır.  Bütün bu neqativ təzahürlərinə baxmayaraq indiyə qədər heç kəs birmənalı şəkildə “kriminal xəbərlər yayımlanmamalıdır” demir.  İnsanların hələ də bu cür xəbərlərə maraq göstərməsi, eyni zamanda  kütləvi informasiya vasitələrinin “ölüm-itim xəbərləri”ndən  “çörək qazanmalarını”  nəzərə alasaq, nə yaxın, nə  uzaq perspektivdə bu xəbərlərdən imtina edilməsi  real görünür. Buna görə də mütəxəssislər cinayətlərlə  bağlı məlumatların xüsusi qaydalar çərçivəsində, insanlara zərər vurmayacaq səviyyədə yayımlanmasını vacib hesab edirlər.  Ekspertlərə görə, kriminal jurnalistikanın əsas vəzifəsi auditoriyanı baş vermiş hadisə ilə bağlı məlumatlandırarkən tamaşaçıları bu cür hərəkətlərdən  çəkindirmək, insanları tərbiyələndirmək, eyni zamanda hüquq – mühafizə orqanlarına kömək etmək olmalıdır. Kriminal jurnalistika üçün əsas tələblərdən biri də cinayətkardan qəhrəman düzəldilməməsi prinsipidir,  hansı ki, bu prinsip Azərbaycan mediasında kobud şəkildə pozulur. Əksər hallarda bu pozuntulara kriminal xəbərlərin cəmiyyət üçün ən təhlükəli, tərikedici forması olan intihar xəbərlərində  təsadüf olunur, nəticədə bir–birinin ardınca özünəqəsd  xəbərləri gəlməkdə davam edir. Bəlkə də, Hacıqabulda baş verən dəhşətli ər-arvad intiharında da medianın öz payı var. Onları intihara sürükləyən digər ciddi   səbəblər  olsa da, hər gün efirlərdən evlərinə soxulan özünəqəsd xəbərlərindən “ilhamlanmadıqlarını” da deyə bilmirik. 

İntiharlarla bağlı ölkəmizdə rəsmi statistika aparılmasa da, mütəxəssislər son 10-15 ildə Azərbaycanda belə hadisələrin 5-6 dəfə artdığını deyirlər. İnsanları bu addıma təhrik edəcək yüzlərlə səbəb var. Amma ağına–bozuna baxmadan, heç bir qayda, çərçivə gözlənilmədən intihar xəbərlərini  yayımlayan media da bu məsələdə müəyyən qədər məsuliyyət daşıyır. Mütəxəssislərin bildirdiyinə görə, intiharlar haqqında məqalələr, tv reportajları  “yoluxucu effekt”, və ya “Verter sindromu”na (İ.Hötenin “Gənc Verterin iztirabları” əsərindən götürülüb. Bu kitabın işıq üzü görməsindən sonra Avropanı intiharlar dalğası bürümüşdü. Buna görə də kitab bir sıra Avropa ölkəsində qadağan edilmişdi) yol açaraq intiharların təkrarlanma ehtimalını yaradır.  Ötən əsrin 70-ci illərində  “Verter sindromu” qəzet və televiziyaların kriminal reportajlarının  insanların suisidial aktivliyinə təsiri kontekstində  araşdırılıb. ABŞ, Avstriya, Almaniya, Macarıstan, Avstraliya və Yaponiyada aparılmış  araşdırmalar intihar xəbərləri ilə  bu hərəkətin əhalinin özünüqəsdə meylli qrupları tərəfindən təkrarlanması arasında bağlılığı təsdiqləyib.

Xatırladaq ki,  Merilin Monronun intiharından sonra bir çox gənc amerikalı özünəqəsdlə həyatına son qoymağa çalışıb. Eləcə də, məşhur “NIRVANA” qrupunun solisti Kurt Kobeynin intiharı da bir çox gənc üçün ölümə gedən yolda “ilham mənbəyi” olmuşdu.

 

Tədqiqat müəllifləri susidial hərəkətlərin “yoluxuculuğunu” artıran, intiharların artmasına təsir edən reportajların bir sıra spesifik xarakteristikasını ortaya qoyublar. Kütləvi  intiharların əsas mexanizmi intihar edənin şəxsiyyəti ilə onu təkrarlayanın  şəxsiyyətinin eyniləşdirilməsi göstərilir. 

 

Media ekspertlərinə görə, intihar xəbərlərinin manşetə yerləşdirilməsi, böyük şriftlərlə verilməsi, başlıqda intihar kəlməsinin işlədilməsi, hadisə yerindən şəkillərin paylaşılması, bir intihar hadisəsi ilə bağlı silsilə yazıların dərc  olunması, intihar edənin qəhrəman obrazının yaradılması və ya romantikləşdirilməsi, məhşur şəxslərin intiharının detallı təsviri “yoluxuculuq effektini”  bir qədər də gücləndirir. Dünyada  problemsiz insan, söz-söhbətsiz ailə yoxdur. Amma hər problemdən çıxış yolu da var, qəhrəmanlıq bu yolu tapmaqdır. Mediada bütün günahı intihar edən üçün problem yaradan tərəflərdə görmək, özünə qəsd edənin isə məsum obrazını yaratmaq onun kimi problemlərlə qarşılaşan yüzlərlə insanı potensial intihar qurbanına çevirir. Əslində isə intihara əl atanın zəif nöqtəsi iradə zəifliyi, həyatla mübarizədə “ağ bayraq”qaldırmasıdır.

Qeyd edək ki, məsələ Ümumdünya Səhiyyə Təşkilatının da diqqətindədir. Təşkilatın məlumatına görə,  hər il dünyada 800 min nəfər, yəni hər 40 saniyədə bir nəfər intihara əl atmaqla həyatına son qoyur.  Özünəqəsd  xəbərlərinin yayımlanmasında xüsusilə diqqətli olmağa çağıran beynəlxalq təşkilat artıq  bununla bağlı tövsiyələr də hazırlayıb.  “Zəif iradəli insanları intihara sürükləyən amillərdən biri intihar hadisələrinin mediada geniş işıqlandırılmasıdır”, - Ümumdünya Səhiyyə Təşkilatının KİV mütəxəssisləri üçün “İntiharların önlənməsi” adlı tövsiyələrində belə deyilir.  Avstriya və İsveçrədə aparılmış tədqiqatlar göstərib ki, bu tövsiyələrə riayət olnması özünəqəsdə  meylli əhali qruplarında intiharların gözgörəsi azalmasına gətirib çıxarıb. Hələlik görünür bu tövsiyələr Azərbaycana gəlib çıxmayıb, amma media strukturları heç olmasa intihar xəbərlərindən gələn reytinqdən imtina edib insanlıq naminə bu xəbərləri az da olsa məhdudlaşdıra bilərlər. Şəxsən öz adıma deyə bilərəm ki, xəbərlər proqramlarında rəhbər olduğum müddətdə imkanın daxilində intihar xəbərlərini efirə buraxmamışam, rəhbərliyin sevdiyi xəbərlər kateqoriyasına aid olmasına baxmayaraq. Çünki bunun mənfi təsirinin real sübutunu öz yaxınımın timsalında görmüşəm. Bir neçə il əvvəl, yaxın qohumum olan gözəl bir xanım çox böyük qəddarlıqla özünə qəsd etmişdi.

Yas mərasimində övladlarının “Anamı “Cinayət işi” (bir zamanlar ANS TV-də yayımlanan “Cinayət işi” verilişi nəzərdə tutulur) öldürdü, o cinayətlərə baxdı, özü də ölməyə “həvəsləndi”” fəryadı hələ də qulaqlarımdadır.

Nə bilmək olar,  bəlkə iş yoldaşım olan gözəl xanım da vaxtında psixoloqa müraciət etməsəydi, onu da hansı talenin gözləyə biləcəyini təsəvvür belə etmək istəmirəm...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!