Modern.az

“Avropa İttifaqı Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır” - Henrik Hololey 

“Avropa İttifaqı Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır” - Henrik Hololey 

19 Fevral 2019, 20:16

“Azərbaycanla Avropa İttifaqı arasında aviasiya sahəsində sazişin imzalanmasından hər iki tərəf qazanacaq”. Modern.az “Report”a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey jurnalistlərə bildirib.

 

Azərbaycanın hava nəqliyyatı sahəsində geniş klasteri yüksək qiymətləndirən və Bakıdakı müasir və rahat Heydər Əliyev Beynəlxalq Hava Limanını da bunun ifadəsi kimi dəyərləndirən diplomat Azərbaycanla Avropa İttifaqı arasında aviasiya sahəsindəki sazişə dair altı ildir danışıqlar getdiyini qeyd edib.

 

“Son bir-iki il ərzində danışıqlarda elə bir irəliləyiş olmasa da, son vaxtlar müəyyən tərəqqi hiss olunur”, - deyə vurğulayan baş direktor danışıqların növbəti mərhələsinin gələn ay keçirilə biləcəyini də diqqətə çatdırıb.

 

“Hələlik müzakirələr davam etdirildiyindən təfərrüatlara varmaq istəmirəm. Hər danışıqda tərəflər nəticədən razı qalmalıdır. Danışıqların bu il başa çatdırıla biləcəyinə ümidvaram, amma əsas məsələ keyfiyyətdir”, - deyən H.Hololey hazırkı səfər çərçivəsində keçirilən görüşlər zamanı Azərbaycan tərəfinin sözügedən məsələdə maraqlı olduğunu hiss etdiyini bildirib.

 

Henrik Hololey  bildirib ki, Avropa İttifaqı Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığın inkişafında maraqlıdır: “Azərbaycana səfərimin əsas məqsədi Azərbaycanla Aİ arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun bu gün keçirilən ilk iclasında iştirak etməkdir. Görüşlər zamanı nəqliyyata aid bütün məsələləri, o cümlədən müxtəlif nəqliyyat dəhlizləri ilə bağlı istər mövcud vəziyyəti, istərsə də gələcək planları müzakirə etmişik”.

 

Avropa Komissiyasının rəsmisi Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Heydər ƏliyevBeynəlxalq Hava Limanı kimi, iri nəqliyyat layihələrinə Azərbaycanın sərmayələr yatırdığını xatırladıb: “Mövcud infrastrukturdan daha səmərəli istifadə etmək üçün qonşu Gürcüstan və Türkiyə ilə əməkdaşlıq vacib şərtdir".

 

H.Hololey Lapis-Lazuli, Şimal-Cənub kimi mühüm regional nəqliyyat dəhlizlərinin Azərbaycandan keçdiyini, Aİ ilə Azərbaycan arasında yol təhlükəsizliyi sahəsində də əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi