25 mart 2019, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - “Sənan haqqında sağlığında olduğu kimi danışırıq” - Şəhid polkovnik-leytenantın XANIMI+FOTOLAR  
“Sənan haqqında sağlığında olduğu kimi danışırıq” - Şəhid polkovnik-leytenantın XANIMI+FOTOLAR   +
21.02.2019, 08:23

Dostunu xilas edib, özü şəhid olan Sənan Axundovun həyat HEKAYƏTİ

1992-ci ildə Sənanın atası Tahir Axundov da könüllülər batalyonuna yazılıb, o da həmyerliləri kimi gecə-gündüz ermənilərin işğalı səbəbindən doğma torpaqlarımızda yaranmış sərhəd məntəqələrində keşik çəkməyə  gedirdi. Vətən darda idi. Hər gecə atılan top, mərmi səslərindən onsuz da Füzuli rayonunun kəndlərinin  sakitliyi, firavanlığı pozulmuşdu. Ruslar, xarici qüvvələr ermənilərin köməyinə gəlirdi. Azərbaycanlıların Vətənin müdafiəsi üçün yaratdıqları batalyonların isə kənardan  köməyi çox az idi. İnsanlar əlində olan  yaba, balta, tüfənglə öz el-obasını qoruyurdular. Yenicə müstəqillik qazanmış bir xalqın Rusiya Ordusunun qanlı hücumlarına qarşı gücü haradan olacaqdı ki?  Bütün əsrlərdə və siyasi oyunlarda  hakimlərə, padşahlara, siyasətçilərə alət ola bilən erməniləri Azərbaycanın müstəqilliyini  viran etmək üçün də məqsədli şəkildə Qarabağ oyununda istifadə etmişdilər. Ermənilər də belə oyunlara adətkərdə olduqlarından, oyunun bütün şərtlərinə gedirdilər. Təki oyun olsun. Erməni oyunda alət, biz isə müstəqilliyə və Vətəni qorumağa iddialı. Bəzən Tanrı da düşmənə aman verir. Amma Vətəni qoruyanlar, elindən-ocağından ayrılmaq istəməyənlər də elə bilirdilər ki, HAQQ səslərini eşidəcək.


13 yaşlı Sənan da güllə səsləri altında dərsə gedir, axşamlar evdə atasını gözləyirdi. Bəzən səhərə kimi yatmırdı. Onda Azərbaycanın yaxın-uzaq guşələrindən insanlar axın-axın vətəni düşməndən qorumaq üçün düşmənlə həmsərhəd rayonlara köməyə gəlirdilər. Vətəninin uzağı-yaxını, yadı-doğması olmur ki. Vəziyyət gündən günə gərginləşir, Füzulinin kəndləri də boşalırdı. Belə günlərin birində Sənanın atası  hər iki övladını - qızını və oğlunu Bakıya bacısıgilə göndərdi. Sənan getmək istəmirdi.  Rayondan ayrılana qədər boynu arxaya burulu qaldı.  Cığırları, yolları, dalanları, bulaqları, biçənəkləri, dağları gözlərinə yığdı. 

Modern.az saytı “Vətəni qibləgah edən şəhidlər” silsiləsindən növbəti yazını təqdim edir.


Sənan Axundov şəhər həyatına heç cür öyrəşə bilmirdi.  Gözü elə yollarda idi. Günlərin bir günü,  avqust ayının 23-ü səhər yuxudan oyananda eşitdi ki, qarı düşmən ana yurdunu, doğma ocaqlarını da ələ keçirib. Yenə Füzulini qorumaq üçün orduya, batalyona kömək gəlməyib. Eşitdiyi xəbər Sənanın dünyasını darmadağın etmişdi. Əli heç nəyə çatmırdı. Bir küncə çəkilib o ki var ağladı.  Əslində ətrafında olan bütün qohumlar ağlayırdı. Vətən, yurd əldən getmişdi. Sənan toppuş əllərini Vətənə  sarı uzadıb, qan dolmuş gözlərindən qan-yaş tökə-tökə dedi: “Mən bu qisası düşməndə qoymayacağam”.


...Sonra bir il ötdü, iki il ötdü, üç il ötdü... 1994-cü ildə atəşgah haqqında saziş imzalandı. Sənan artıq böyük oğlan idi. Çox həqiqətləri anlayırdı. Bilirdi ki, daha torpaqları geri almaq çətindir.  Azərbaycanda Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə saziş imzalanandan sonra vəziyyət daha da gərginləşdi. Azərbaycan gücləndikcə, düşmənləri də çoxalırdı. Hər tərəfdən düşmənlər  meydanda tək qalan qartala bənzəyən Ana yurdumuza  qanlı caynaqları və gözləri ilə  qəfil hücuma hazır idilər.  Həm siyasi, həm də geosiyasi baxımdan o qədər əngəllər yaradırdılar ki...

Belə günlərin birində Sənan Axundov Bakıda oxuduğu 144 saylı orta məktəbi əla qiymətlərlə  bitirdi. Atası onunla dost idi. Yenə xəlvətə çəkilib məsləhət-məşvərət etdilər. Tahir Axundov mavi gözlü, uca boylu oğlu ilə qürur duyurdu. Atası ondan soruşdu: 

- Sənan, indi özün de, sən haranı seçsən, mən yox deyən deyiləm. Bax gör də...


Sənan əllərini başının arxasına aparıb, xısın-xısın gülümsədi. Bütün üzünə işıq yayılmışdı. Sevinci gözlərindən oxunurdu:


- Ata, hərbiyə getmək istəyirəm. Bizim dövlətimizə indi savadlı hərbçilər lazımdır.

Tahirin gözləri yaşardı. Ürəyi titrədi. Durub oğlunun alnından öpdü. Oğlu onun fikirləşdiyini etmişdi. Savadlı hərbçi olmaq. Doğru seçim idi:

- Sənan, gözümün işığı, ürəyimin taqəti, sən başqa yol seçə bilməzdin. Doğru seçimdir! Get yolun açıq olsun. Biz bacarmadıq, qisası sizə saxladıq. Gərək belə olmayaydı. Ancaq sən bu günsən, gələcəksən, biz isə artıq keçmişik.



Elə həmin 1996-cı ilin yayında Sənan Axundov Bakı Ali Hərbi Məktəbinə daxil oldu. 2001-ci ildə bu məktəbi əla qiymətlərlə bitirdi. Hələ hərbi məktəbdə dərsə başlayandan sonra hərbçi geyimində evə gələndə anası Roza xanım başına duz çevirərdi:

“Üzzəriksən havasan,

Hər bir dərdə davasan.

Üzərriklər çatdasın,

Balama dəyən,

Yaman gözlər partlasın”...

Roza ana üzərliyi üç dəfə oğlunun başına dolandırıb, sonra yanan ocağa atardı. Sənan da deyib-gülən zarafatından qalmayan idi. Hər dəfə də anasına deyirdi ki, ay ana bir dəfə evi yandıracaqsan bu üzərliklərlə.


Günlərin birində, daha doğrusu 2000-ci ildə anasına dedi ki, bir qız sevib, qohumların toyunda.  Bir neçə gündən sonra, elçi gedib Sənanın sevdiyi  qızın “hə”sini aldılar.


2001-ci ildə Sənan Axundov Ali Hərbi Məktəbi leytenant rütbəsi ilə bitirib, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində kəşfiyyatçı olaraq Ağstafa-Qazax zonasında çalışmağa başladı.

Bura qədər yazdıqlarım  aprel döyüşündən az sonra (2016-cı ilin 18 aprelində)  Lələtəpə istiqamətində bərkitmə işləri görən zaman, mövqelərimizin hansı vəziyyətdə olduğunu öyrənmək üçün ərazini yoxlamağa gedərkən, minaya düşən hərbçi həmkarını xilas edib özü də həlak olan  şəhidimiz, polkovnik-leytenant Sənan Axundovun baş leytenanat rütbəsinə qədər yüksəldiyi ömür səhifəsindən geri qalanlar idi. 


Buradan o tərəfini isə övladları və xanımı Nəcibə Axundova danışacaq. 

Soyuq fevral axşamı  Şəhidlər Xiyabanının  yaxınlığında yerləşən evlərinə getdim. Nəcibə xanımın dediyi yerdə dayanıb, balaca Tahiri gözlədim. Sözün həqiqi mənasında mən  deyilən  yerdə balaca bir Tahir gözləyirdim. Bir az sonra bir gözəl, hündürboylu, enlikürək, üzündən işıq axan oğlan mənə tərəf yaxınlaşdı. Ətrafda çox adam olsa da, o məni, mən də onu seçmişdik. Gənc bir oğlan.  Ala gözlü bir cəngavər. Bənizi ağappaq. Üzündə dünyanın işığı. Axşamın yollarını işıqlandırırdı elə bil. 

- Ayyyy, sən nə gözəl oğlansan... - dedim.


Susdu. Sakit təbəssümlə üzümə baxdı.  Neçənci sinifdə oxuduğunu soruşdum. Dedi ki, 11-ci sinifdə oxuyur.

Soruşdum: - Çətindir?!

Cavab verdi: - Bəli, çətindir.

- Nə çətindir? - Atasızlıq, yoxsa dərs oxumaq, imtahana hazırlaşmaq?

- Elə hər ikisi çətindir. Atasızlıq isə ən böyük imtahandır.


Boğazım qəhərləndi. Səsim titrədi: - Tahir...  

Sözümün ardını gətirə  bilmədim. İkimiz də susduq. İndi Tahirin gözlərinə baxırdım. O mavi gözlərdə kədər və ağırlıq gizləndiyinin bir daha fərqinə vardım. Dayanacaqdan evlərinə qədər danışmadıq.

Qapını Nəcibə xanım özü açdı. Yanında gözəl bir qız var. Elə qapıdan evlərinə girəndə bir işıq seli axdı üstümə.  Qonaq otağına keçdik. Çox sadə və işıqlı bir otaq… Otağın baş tərəfində  adını uca tutub gəldiyim polkovnik-leytenant  Sənan Axundovun divardan asılmış portreti, portretin altında isə... ömür yolunun uğur səhifələrindən qalan çərçivəyə salınmış təltiflər, şərəfnamələr... Tahir atası Sənanın eyni idi ki, qarşımda dayanmışdı.



- Nəcibə xanım, evinizdən ürəyimə bir işıq axdı. İstəyirəm ki, bu gün göz yaşı, qüssə-kədər olmadan danışaq. İstəyirəm bu işığı itirməyim. 

- Aida xanım, necə doğru deyirsiniz. Siz inanırmısınız ki, biz Sənan haqqında hər gün sağlığında olduğu kimi danışırıq. Ata getdi, ata gəldi, ata göylərdən baxır, ata bilir ki... bizə də onu belə xatırlamaq xoşdur.  Çünki Sənan çox pozitiv idi. Bu mənzilə iki il idi ki, köçmüşdük. Evin hər yerində onun  təbəssümü, pozitivliyi qalır. Mən bəzən qayğılı, kədərli, hirsli ola bilərdim, ancaq biz bir dəfə də onu evdə  kədərli, hirsli görmədik.


- Nəcibə xanım, Tahir dərsə hazırlaşacaq. Olarmı əvvəlcə onunla söhbət edim.


Anası Tahiri səslədi. Əsgər kimi gəlib anasının qarşısında dayandı. Dedim gəl yanımda otur, oğul. Bir az atandan danışaq. 

- Atama deyirdim ki, mən hərbçi olacağam. Deyirdi “mən çox təpik döymüşəm. Sənin də əvəzinə xidmət etmişəm. Kim olursan ol, kişi ol!”.
Yadımdadır, bir dəfə məni Bakıdakı iş yerinə də apardı. Oradan qayıdanda çox qürurlu idim. Hərbçi yoldaşları onun qabağında dayanıb, hərbi salam verir, farağat dayanırdılar. Atamın otağında divar boyu xəritələr var idi. Mahiyyətinə varmırdım. Atam kabinetindən çıxanda, surqucla açar yerini bağladı, möhürlədi. Oradan qayıdanda çox sevinirdim. Dedim ki, ata sənin maraqlı işin var. Bəlkə səninlə işləyim. Yenə də dedi ki, yox, sənin yolun başqadır. O mənim həkim olmağımı istəyirdi. Hara gedirdisə, mənə müxtəlif dillərdə kitablar gətirirdi. Mən məktəbin rus dili bölməsində təhsil alıram. Alman, ingilis  dillərində sərbəst danışıram. Onun gətirdiyi kitabların özü məndə hərbə maraq yaratmışdı. Bir də filosofları çox oxuyub müzakirə edirdik. 
Yuxularıma tez-tez gəlir. Mənə çətin olanda, hər hansı bir sualın cavabını tapmayanada, həmin gecə peyda olur yuxularımda. Sağlığında olduğu kimi, oturub söhbət edirəm onunla. Başımı sığallayır, məsləhət verir. Elə bil ki, yanımdadır. Ötən yay Almaniyaya yay tətili məktəbinə gedirdim. Ailə dostlarımız var Köln şəhərində. Ata gecə yuxuma gəlib dedi ki, sən narahat olma, get Ziqi və  Martina ilə görüşəcəksən. Onlar səni qarşılayacaq, kömək edəcək. El bil ki, yol xəritəmi cızmışdı.  Onun dedikləri kimi oldu. Tək buradan uçdum Frankfurta, oradan da Haydelberqə, oradan da Kölnə, dostlarımız  məni qarşılayıb evlərinə apardılar. Nə vaxt ki mənə çətindirə, qərarsızam, gəlir yol göstərir, sonra da yuxu kimi yox olur gözlərimdən... Bir sözünü heç vaxt unutmayacağam: “Dostunu yanında saxla, düşmənini lap yaxında saxla!”.  


...Yenə Tahirin ala gözlərinə baxıram. Kədər var, ağırlıq var orda. Lap dərindədir. Tahir yaşından əvvəl böyüyb. Tahirin gözlərinə diqqətlə baxanda onu da bilirsən ki, o, həm də müdrik bir gəncdir. Atasızlıq onu tez böyüdüb. Axı indi Tahir Nəcibə xanımın həm dostu, həm yoldaşı, həm oğlu, həm də evinin böyüyüdür. Tahir də bu qədər məsuliyyəti hiss etdiyindən, Tanrının yükünə çiyin verib.


Tahirin səsindəki ahəng, dəqiq nitqi, danışıq qabiliyyəti, üzündəki gizli zabitəsi - bunların hamısı onu artıq hərbiləşdirib. O, özündən asılı olmayaraq oxuduğu kitabların, baxdığı hərb filmlərinin cazibəsinə düşüb.  Tahir hərbçi ailəsində hərbçi olmaq üçün formalaşıb. Elə arzusu da hərbi həkim olmaqdır.  Qarabağ  savaşından, dünyanın siyasi mənzərəsindən, filosoflardan danışdıq. Sonra belə bir sual etdim:


- Sən filosoflar Ərəstundan, Əflatundan, Konfutsidən xəbərdarsan.


- Konfutsidən bir neçə ibrətamiz fikir deyə bilərəm:  
1. “Hazırlıqsız insanları müharibəyə göndərmək gedənlərə xəyanətdir”
2. “Yayından atılan ox bizə  doğrunu göstərir. Əgər atıcının oxu hədəfə dəymirsə, bilir ki, bu onun günahıdır, özgədə günah axtarmır”
3. “Tələbəsi Konfutsidən soruşur: “Ruhları necə yad etmək olar? Müəllim cavab verir: “Sən  insanlara xidmət etməyi bilmirsən, ruhlara necə xidmət edəcəksən?”. Belə olduqda  tələbəsi ondan ölümün nə olduğunu soruşur. Müəllim cavab verir: “Sən hələ həyatın nə olduğunu bilmirsən, haradan biləsən ki, ölüm nədir?”.


- Tahir, çox gözəl. Bu qədər imtahan yükünün içərisində fəlsəfəni unutmamağın çox təqdirəlayiqdir. Yəqin beynəlxalq təşkilatların Qarabağ savaşı ilə bağlı son bəyanatlarını sən də eşitmisən. Deyirlər ki, xalqı sülhə hazırlamaq lazımdır. Necə baxırsan bu məsələyə?


- Mən sülh olsa da, itkisiz sülhə razıyam...  Onu deyə bilmərəm. Ancaq... mən erməni ilə qapıbir  qonşu yaşaya bilmərəm. İnanıram ki, torpaqlarımızı qaytaracağıq. Hansı yolla hələ bilmirəm. Onlar mənim atamı öldürüblər.  Qarı düşmən dost olmaz. Konfutsidən soruşdular:  “Doğrudurmu ki, pisliyə qarşı yaxşılıq etmək lazımdır?”. Müəllim cavab verdi: “Bəs yaxşılığın əvəzini nə ilə verəcəksən?  Pisliyin qarşılığını ədalətli şəkildə ödəməlisən, yaxşılığa isə yaxşılıqla cavab ver”. Mən belə düşünürəm.



Tahir öz otağına çəkiləndən sonra, bizi diqqətlə dinləyən  7-ci sinif şagirdi Nəzrin başladı atasından danışmağa: 

“Atama zəng gəldi. O burada, divanda oturmuşdu. Kiminləsə telefonla danışırdı.  Birdən atamın qışqırtısını eşitdim. Sevinclə çığırdı. Qaçıb bizi qucaqladı. Çox möhkəm qışqırdı. Və kiməsə dedi ki, məni diqqətdə saxla. Oralar mənim torpağımdır. Sonra dərhal formasını geyinib getdi...  Bir neçə gün atamı görmədim. Mən dərsə olanda da atamdan mesaj gəlirdisə, tez çıxırdım dəhlizə, atama cavab yazırdım. 

…Nəzrin udqunur, istəyir ki, qəhərini boğsun.  Boğur qəhərini, yenə də danışmağa başlayır:

“Ad günündə bizimlə gəzməyə gedəcəkdi... Alınmadı...  İşdən çağırdılar onu... 
Yenə udqunur Nəzrin, yenə qəhərini boğur, gözlərindəki yaşı da gizlədir, hiss edirəm ki, anasından gizlədir. Kədərini, ağrısını anasına bildirmək istəmir.


- Atama axırıncı dəfə 18 apreldə saat 16:01-də yazdım ki, “ATA, SALAMAT QAL!”. Bilmirəm niyə yazdım, bilmirəm. Onda mən 4-cü sinifdə oxuyurdum.

Nəzrinin qırıq-qırıq xatirələrini danışmağa gücü bu qədər çatdı, bu qədər  danışa bildi. Sonra o da getdi öz otağına. Yəqin ki, öz otağında oturub anasından gizlətdiyi göz yaşlarını axıdırdı.


Söhbəti Nəcibə xanım davam etdirir:
 


- Çox mistik bir hadisə olmuşdu. Həmin gün Nəzrin  oturduğu yerdə  16:01-də atasına mesaj yazıb ki, “ATA, SALAMAT QAL!”. Həkimlər isə saat 16:00-da Sənanın ölümünü fiksasiya ediblər. Ölüm kağızında həmin saat yazılmışdı.

Çətindir , mənim üçün çox çətindir. Deyirlər ki, şəhidlər ölmür, yaşayırlar.  Göylərdə?  Bəs onda biz neyləyək? Axı biz ovuna bilmirik. Hər gün özümüzü aldadırıq.  Mən hər gün ölürəm. Təkcə onlar şəhid olmurlar, şəhidlər öləndə onların  doğmaları da, yarları da ölürlər. Mən də bir şəhidəm. Mən əslində yox kimiyəm.  Boş sözlər mənə təsəlli vermir.  
Tahirin uğurlarına sevinən, Nəzrinlə nəfəs alan, Nəzrinin ətrini ciyərlərinə çəkən Sənan indi yoxdur.  Bilirsiniz Nəzrini necə sevirdi? Alırdı qucağına, gedib yatağında uzanırdı, ətrini ürəyinə çəkirdi, bağrına basıb qoxlayırdı, deyirdi ki, Nəzrinin ətrindən doymur. Nəzrin indi də  qəbul etmir atasının yoxluğunu. O bir dəfə atasıının adına açılan yas məclislərinə girmədi, bir dəfə də olsun onun qəbrini ziyarət etmədi. İndi Nəzrini Sənan kimi bağrına basan, ətrini onun kimi ürəyinə çəkəni yoxdur. Mən Sənan ola bilmirəm.


Elə qadınlar var ki, hərbçinin kim oldğunun ağırlığını anlaya bilmir. Hərbçi ilə ailə qurur, bir ildən sonra bu həyat, gözləmələr xoşuna gəlmir. Ayrılıb gedir. Əsl hərbçi qadınları üçün həyat yoldaşları komandir, özləri isə əsgər olmalıdır. Biz Sənanla bir toy məclisində tanış olduq. Bir il nişanlı qaldıq. O, Ali Hərbi Məktəbi bitirən ili toyumuz oldu. İyun ayında evləndik, bir aydan sonra da onun təyinatını Qazax-Ağstafa zonasına verdilər. Getdik Ağstafada ev tutduq. Çətin idi. Mən heç vaxt rayonda yaşamamışdım. Ancaq Sənana görə dözürdüm. 2002-ci ildə  oğlumuz dünyaya gəldi. Ağstafadan Bakıya  3 saata gəlib çatmışdı. Necə sevinirdi. Uşağa atasının adını verdik.  Sonra 2005-ci ildə Nəzrin gəldi dünyaya. 2007-ci ildə Sənanı bacarıqlı və alman dilini bilən zabit kimi Almaniya Federativ Respublikasında  Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil almağa göndərdilər.  Almaniyada  xeyli dostlar qazandıq.  2009-cu ildə təhsilini başa vurdu. Qayıtdıq Vətənə. O gündən sonra  Almaiyada olan dostlarımızı Bakıya dəvət edirdik. Bizim evimiz Şəhidlər Xiyabanının yaxınlığındadır.  Bizə gələn qonaqların şəhərimizlə tanışlığı Şəhidlər Xiyabanından başlayırdı. Bakının küçələrində, meydanlarında baş vermiş hadisələri, Sovet Ordusunun qarşısına çıxan 20 yanvar şəhidlərini göstərirdi qonaqlara.  Onlara orada yatan şəhidlərimizi göstərib deyirdi ki, onun  üçün Vətən, Bakı buradan başlayır.


- Baş Kəşfiyyat İdarəsində çalışdığı dövrdə peşəkarlıq nümayiş etdirərək Qarabağ  ərazilərində yerləşən işğalçıların hərbi obyektlərinin kartoqrafik sxemlərini işləmişdi. Baş Kəşfiyyat İdarəsində kapitan rütbəsindən polkovnik-leytenant rütbəsinə qədər yüksəlmişdi. 

2009-cu ildə isə ikinci ixtisas kimi Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdi. Arzuları böyük idi.  2012-2015-ci illərdə Almaniyaxda keçdiyi  müxtəlif  kəşfiyyat təlimlərində və görüşlərində iştirak etdi. Hər iki dövlətin hərbi əməkdaşlıq sahəsində əlaqələrinə nə qədər əməli töhfələr vermişdi. 2012-ci ildə Türkiyədə hərbi təlim keçdi. Oradan da uğurla qayıtdı.  


Bir dəfə Almaniyadan yenə hansısa tədbirdə iştirak etmək üçün nazirliyə dəvət gəlmişdi. Kimisə başqa mütəxəssisin adını iştirak üçün göndərmişdilər. Tədbirin başlanmasına bir neçə gün qalmış, Almaniyadan tədbirin təşkilatçıları sorğu göndərib demişdilər ki, bizim orada yetişdirdiyimiz mütəxəsis var - Sənan Axundov. Bu sahə üzrə onu göndərin. Yenə məcbur olub Sənanı göndərdilər.


Xoşbəxt idik. Nə biləydik ki, qədərimizdə bu da var imiş.  Birlikdə yaşadığımız 15 ilin hər günündə onun Vətən həsrətini hiss etdim. Elə bil ki, o düzənləri, o cığırları əli ilə qoyub gəlmişdi.  Doğma yurdunu, uşaqlığının keçdiyi yerləri elə gözəl təsvir edirdi ki, bəlkə də özümüzdə olsaydı, onun danışdığı nişanələrlə mən də gedib tapardım.
 Sənanın ata babası Davud Axundov  müharibə veteranı olub. Həm də sonralar ömrünün  ahıl vaxtına kimi Azərbaycanın müxtəlif rayonlarında milis rəisi işləyib.  
Sənan babasına oxşayırdı. Hər cəhəti ilə. Babası da Bakıda rəhmətə getdi. Aparıb Beyləqanda dəfn etdilər.


Heç bilmirəm xatirələrimi harada bitirim. Apreldə Ordumuz düşmənin təxribatının qarşısımnı alanda o, çox narahat idi. Əslində üzünü az-az görürdük. Həmin vaxtlar idi. Bir gün gördüm ki, əlində bir qırmızı parça gəldi. Adətən bu parçaya ölən zabitin ulduzlarını, orden və medallarını düzürlər. Gətirib öz medallarını düzdü oraya. Dedi ki, bundan sonra medalları bu parçanın üzərində qalsın. Dəyməyin onlara. Aprel döyüşlərinə ara veriləndən sonra o, bir neçə dəfə rəhbərliyə raport yazıb, ön cəbhəyə getmək istədiyini inad etdi. Onu kəşfiyyat rəisi təyin edirlər. Axşam vaxtı  yol çantasını hazırladım, qapıdan onu yola salanda çox həyəcanlandım. Gözlərim doldu. Heç vaxt belə olmamışdı. Mənim həyəcanımı görüb  ayaq saxladı, mənimlə üzbə-üz oturdu. 
“Bax, Nəcibə, sən narahatsan, mən narahat deyiləm. Bilirəm ki, sən evi də idarə edəcəksən, uşaqları da böyüdəcəksən. Sən güclü qadınsan” - dedi. O  belə danışanda hirsləndim, söylədim ki, niyə belə deyirsən? Nə baş verir? Sonra söhbəti dəyişib zarafata keçdi. Və getdi...


Aprelin 18-i səhər o başdan  səsə oyandım. Eyvandan səs gəlirdi. Elə bildim ki, namazın vaxtın ötürmüşəm. Baxdım ki, bir göyərçin qonub eyvanın məhəccərinə. Elə hey döyəcləyir dəmir məhəccəri. Sanki deyirdi ki, aç pəncərəni girim içəri.  Axşamdan xeyli keçmiş, zəng vurub dedilər ki, Sənan yaralıdır. Vertolyotla Mərkəzi Hospitala gətirəcəklər. Uşaqları da yığıb qohum-əqraba ilə yola düşdük. Və gedib Beyləqandakı Peyğəmbər Pirinə çatdıq. Orada bildim ki, Sənan şəhid olub...


Sonrasından xəbərim olmadı. Mən tamam özümə gələndə anladım ki, onu Beyləqanda çox sevdiyi babasının yanında dəfn ediblər. Özümdə olsaydım, nə baş verdiyini anlasaydım, qoymazdım orada dəfn olunsun.  Hər vaxt yanına gedə bilmirik.  Sənan üçün darıxanda  buradakı Şəhidlər Xiyabanına gedirik. Neyləyək? Başqa əlacımız  yoxdur. O şəhidlər də Sənan qədər bizə əziz və doğmadır.


Sonradan bildim ki, Sənan təzə təyin olunduğu  Lələtəpədə kəşfiyyat işləri aparmaq, növbəti döyüş tapşırığını yerinə yetirmək üçün qarşı önə gedib. Ərazidə öz işlərini görüb geri qayıdırmış. Birdən mina partlayışının səsi gəlir. Sənan bir an da düşünmədən geri dönür. Çünki bilirdi ki, arxada polkovnik-leytenant olan hərbçi yoldaşı var. Bilib ki, partlayışa düşən hərbçi yoldaşı  polkovnik-leytenant Vüqar Əbdüləzimovdur.  Ağır yaralanmış döyüş yoldaşına yardım edir. Belindəki dəri kəməri açıb onun yarasına bağlayır ki, qanaxmanı kəssin.  Və yaralı dostunun həyatını təhlükədən xilas edir.  Onu xilas edib, özü geri qayıtmaq istəyəndə minaya düşür. Sənan hərbçi yoldaşını darda qoymur.  Bu əhvalat səhər o başdan baş verir. Mənim eyvanıma göyərçin qonan vaxt. Sən demə göyərçin mənə deyirmiş ki, Sənan üçün dua edim ki, Tanrı onu qorusun.  Onsuz da hər zaman onun üçün dua edirdim. Nə bilim? Nə idi günahımız? Bax beləcə, öz dostunun həyatını xilas edir. Əslində Sənan medallarını qırmızı parçaya düzəndə, mənimlə son dəfə vidalaşıb çıxanda haraya getdiyini yaxşı bilirmiş... 
Sonra onu Əhmədbəyli kəndindəki  hərbi hissənin kiçik hospitalına çatdırıblar. Bilmirəm orada nələr olub, nə baş verib. Bizə heç nə danışmadılar. Heç nədən xəbərim olmadı. Harasından yaralanmşıdı? Son sözü, son istəyi nə oldu? Demədilər bizə...


İndi Sənanı unutmurlar. Adına turnirlər keçirilir, oxuduğu 144 nömrəli tam orta  məktəb, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb, özümün direktor olduğum Nərimanov rayonu 45 nömrəli tam orta məktəb, Tahirin təhsil aldığı İlyas Əfəndiyev adına Elitar Gimnaziya, Nəzrinin  təhsil aldığı Bakı Avropa Liseyində Sənanın xatirəsini uca tuturlar.

Sənan evdən çıxanda demişdi ki,  hər şənbə günü gələcək evə. Sənan bu dəfə sözünü tutmadı....



Niyə uzaq saldın yolunu bizdən,

Elə bil inciyib, küsüb getmisən.

Qəfil gedişinlə, ayrılığınla,

Dünyama bir ağır dərd gətirmisən.
 


Getdiyin yollardan dönəsən deyə,

Getdiyin yollara su çiləyərdim.

Qapıdan çıxandan dönənə kimi,

Səni həsrət ilə mən gözləyərdim.

 

“Dönərəm”- demişdin, sonuncu dəfə,

Dönmədin, gözlərim yollarda qaldı.

Sözünü tutmadın, tutmadın Sənan,

Səni Tanrı alıb hara apardı?!  (Aida Eyvazlı  Göytürk.)

Bu şeiri şəhid polkovnik-leytenant Sənan Axundovun həyat hekayətini yazarkən qələmə aldım. Bu şeir Göy Tanrının yanında ən uca məqamda oturan o gözəl, mavi gözlü, işıq selində yanan Sənana bir Tanrı payı idi.

Nəcibə xanım deyir ki, Sənan “Küçələrə su səpmişəm” mahnısını çox sevərdi. Sənanın həyat hekayətini yazmağa başlayandan səhərə kimi  göylərdən yerə nur damcıları yağırdı. Nədənsə mənə elə gəldi ki, bu yağışı Sənan istəyib Göy Tanrısından. Axı Tanrı Şəhidləri öz yanında ən uca mərtəbədə saxlayır. Yəqin ki, bu yağan yağış da Sənaın çatmadığı  arzularını  göyərdəcək.

Aida Eyvazlı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bağdadi ilə bağlı yeni iddia
25.03.2019, 00:37

Bağdadi ilə bağlı yeni iddia

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO
25.03.2019, 00:28

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO

Azərbaycanın rəqibləri xal qazandı
25.03.2019, 00:01

Azərbaycanın rəqibləri xal qazandı

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu
24.03.2019, 23:40

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü
24.03.2019, 23:23

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü

Rusiya Qazaxıstana şans vermədi
24.03.2019, 23:01

Rusiya Qazaxıstana şans vermədi

NATO baş katibi  Gürcüstanda
24.03.2019, 22:44

NATO baş katibi  Gürcüstanda

Goranboyda azyaşlının üstünə qaynar su töküldü
24.03.2019, 22:20

Goranboyda azyaşlının üstünə qaynar su töküldü

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi öldü
24.03.2019, 22:03

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi öldü

“Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir” – İcma sədri
24.03.2019, 21:37

“Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir” – İcma sədri

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür
24.03.2019, 21:15

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür

“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov
24.03.2019, 21:01

“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov

Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi
24.03.2019, 20:46

Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi

Finlandiyada Novruz bayramı qeyd edildi - FOTO
24.03.2019, 20:34

Finlandiyada Novruz bayramı qeyd edildi - FOTO

Bakıda dənizdə batan şəxs xilas edildi
24.03.2019, 20:19

Bakıda dənizdə batan şəxs xilas edildi

Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı
24.03.2019, 20:02

Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı

Gözlər yoldan yığılarmı... - XII YAZI   
24.03.2019, 19:47

Gözlər yoldan yığılarmı... - XII YAZI  

Millimizin baş məşqçisi: “Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı”   
24.03.2019, 19:31

Millimizin baş məşqçisi:Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı”  

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  
24.03.2019, 19:19

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  

Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ   
24.03.2019, 19:03

Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ  

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi   
24.03.2019, 18:54

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi  

Mir Şahinin 1 yaşlı “Real”ı
24.03.2019, 17:27

Mir Şahinin 1 yaşlı “Real”ı

Finlandiya XİN rəhbərinə hücum etmək istəyiblər
24.03.2019, 17:25

Finlandiya XİN rəhbərinə hücum etmək istəyiblər

Gürcüstanda yaşayan azərbaycanlı icra başçısı vəzifəsinə namizəddir
24.03.2019, 17:09

Gürcüstanda yaşayan azərbaycanlı icra başçısı vəzifəsinə namizəddir

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019, 17:02

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar
24.03.2019, 16:06

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar

Əli İnsanov: “Cənab prezident! Qarşınızda xəcalət çəkirəm” - MÜRACİƏT
24.03.2019, 15:44

Əli İnsanov: “Cənab prezident! Qarşınızda xəcalət çəkirəm” - MÜRACİƏT

Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ
24.03.2019, 15:38

Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ

Postsovet məkanından olan 3 veteran terrorçunu ölüm haqladı
24.03.2019, 15:35

Postsovet məkanından olan 3 veteran terrorçunu ölüm haqladı

Məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edildi
24.03.2019, 15:22

Məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edildi

Almaniyalı alim: “Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb”
24.03.2019, 14:47

Almaniyalı alim: Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb

Nazarbayev yenidən prezident ola bilər
24.03.2019, 14:36

Nazarbayev yenidən prezident ola bilər

Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib
24.03.2019, 14:30

Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..."
24.03.2019, 14:19

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..."

Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var
24.03.2019, 13:47

Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq
24.03.2019, 13:20

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq

Çin Pakistana 2,1 milyard dollar kredit verir
24.03.2019, 13:12

Çin Pakistana 2,1 milyard dollar kredit verir

Zakir Həsənov ABŞ-a gedir
24.03.2019, 13:03

Zakir Həsənov ABŞ-a gedir

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 
24.03.2019, 12:10

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı
24.03.2019, 11:43

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
24.03.2019, 11:29

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı
24.03.2019, 11:04

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı

ABŞ-da atışma: 1 ölü, 3 yaralı
24.03.2019, 10:49

ABŞ-da atışma: 1 ölü, 3 yaralı

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb
24.03.2019, 10:35

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

Atəşkəs 23 dəfə pozulub
24.03.2019, 10:14

Atəşkəs 23 dəfə pozulub

Bu gün Avro-2020-nin 10 oyunu keçiriləcək - TƏQVİM   
24.03.2019, 10:05

Bu gün Avro-2020-nin 10 oyunu keçiriləcək - TƏQVİM  

İndoneziyada 6 bal gücündə zəlzələ
24.03.2019, 09:55

İndoneziyada 6 bal gücündə zəlzələ

Bəndin dağılması zamanı ölənlərin sayı 212-yə çatıb
24.03.2019, 09:50

Bəndin dağılması zamanı ölənlərin sayı 212-yə çatıb

Bu yol Qarabağın Ermənistana birləşdirilməsinə aparır
24.03.2019, 09:42

Bu yol Qarabağın Ermənistana birləşdirilməsinə aparır

Avro 2020 yolunda növbəti matçlar - NƏTİCƏLƏR
24.03.2019, 09:29

Avro 2020 yolunda növbəti matçlar - NƏTİCƏLƏR

ARXİV